AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas
(baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın
3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə
tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələrinə, 41-ci
maddəsinin I hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin l və ll
hissələrinə və 149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun
yoxlanılmasına dair
22 sentyabr
2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari
Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk
(məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VII hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində,
əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”nın 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili
Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə
tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, lll–V hissələrinə, 41-ci
maddəsinin I hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin l və ll
hissələrinə və 149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Tutayukun məruzəsini,
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
sorğusunu və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali
Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilən mütəxəssis mülahizələrini, ekspertlər Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq elmləri
doktoru A.Qədirovun, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin
Konstitusiya hüququ kafedrasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə
doktoru G.Cəbinin rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan
sonra – Nazirlər Kabineti) 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat
və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi
ilə tədrisin təşkili Qaydaları”nın (bundan sonra – 2013-cü il 24 dekabr
tarixli Qaydalar) 3.2.23-cü, 2013-cü il
26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili
müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın (bundan sonra
– 2013-cü il 26 dekabr tarixli Qaydalar) 3.2.24-cü və 2022-ci il 9 mart tarixli
72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək
texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili
Qaydası”nın (bundan sonra – 2022-ci il 9 mart tarixli Qayda) 3.2.25-ci yarımbəndlərinin
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci
maddəsinin I, lll-V hissələrinə, 41-ci maddəsinin I hissəsinə, 42-ci maddəsinin
I hissəsinə, 71-ci maddəsinin l və ll hissələrinə və 149-cu maddəsinin I, III və
V hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda qeyd olunur
ki, yuxarıda sadalanan Qaydaların müvafiq yarımbəndlərinə əsasən fənn üzrə
ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin
fəndən imtahana buraxılmır.
Belə tələbələr obyektiv
səbəblərə (COVID-19, qızılca, suçiçəyi və digər xəstəliklərə) görə ali, orta
ixtisas və peşə təhsili müəssisələrində auditoriya saatlarının 25 faizindən
çoxunda iştirak edə bilmədikləri təqdirdə də, onlara münasibətdə hər hansı güzəşt
nəzərdə tutulmadığı halda 2013-cü il 24 dekabr tarixli Qaydalarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma
komandaların üzvləri olan idmançı-tələbələr üçün güzəşt müəyyən edilmişdir.
Halbuki infeksiyaya
yoluxan tələbələrin müəyyən müddət ərzində müvəqqəti olaraq təhsil müəssisələrindən
təcrid olunaraq karantinə alınması və ərazi tibb müəssisələri tərəfindən tibbi
nəzarətə götürülməsi onların tezliklə müalicə olunaraq sağalmasına, həmçinin
digərlərinin yoluxmasının qarşısının alınmasına xidmət edir.
Sorğu verənin qənaətinə görə, ali, orta ixtisas və peşə təhsili müəssisələrində xəstəlik,
karantin və digər üzrlü səbəblərdən dərslərdə iştirak edə bilməyən tələbələrə
münasibətdə belə bir güzəştin tətbiq edilməməsi ayrı-seçkiliyə və nəticədə
onların təhsil hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Belə hallarda tələbələrin
bərabər təhsil hüququnu təmin etmək üçün müvafiq tədbirlər görülməli və məsələnin
həlli məqsədilə xüsusi yanaşmalar tətbiq edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda
göstərilən məsələnin düzgün həlli üçün təhsil hüququnun, onun kredit sistemi
əsasında təşkil və təmin edilməsinin mahiyyətinin və məqsədinin nəzərdən
keçirilməsini vacib hesab edir.
Konstitusiyanın
42-ci maddəsinin I, III və V hissələrinə görə, hər bir vətəndaşın təhsil almaq
hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət
minimum təhsil standartlarını müəyyən edir.
Bu hüquq, həmçinin
insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə məsələn, “Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi”nin 26-cı, “İqtisadi, Sosial və Mədəni Hüquqlar
Haqqında Beynəlxalq Pakt”ın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 2-ci maddələrində də öz əksini
tapmışdır.
Sosial hüquqlardan
biri olan təhsil hüququnun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən
biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və
layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki,
Konstitusiyanın 16-cı maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan dövləti mədəniyyətin,
təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini,
xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Təhsil hüququ insan
şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və
azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata
keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etməyə şərait yaratmaqla
cəmiyyətə fayda gətirmək imkanı verir (Konstitusiya Məhkəməsi Plenumunun
“Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun
bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I
hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 25 yanvar tarixli Qərarı).
Yalnız bilik əldə
etmək imkanı ilə məhdudlaşmayaraq şəxsin cəmiyyətdə layiqli mövqe tutmasına şərait
yaradan, fərdi inkişafı, eləcə də cəmiyyətin sosial-iqtisadi tərəqqisini təmin
edən əsas vasitə kimi təhsil hüququnun qorunması və təmin edilməsi hüquqi dövlətin
mühüm göstəricisidir.
Bu baxımdan, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) hazırkı sorğusu
vətəndaşların Konstitusiyanın 41-ci maddəsinin I hissəsində və 42-ci maddəsinin
I hissəsində təsbit olunmuş hüquqlarının
qorunmasına xidmət etməklə təqdirəlayiqdir.
“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanunu (bundan sonra – “Təhsil haqqında” Qanun) təhsil
hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil
fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən etməklə, təhsilin
ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul
edilməsində baza rolunu oynayır.
Həmin Qanunun
preambulasında göstərilmişdir ki, Azərbaycan Respublikasında təhsil insan
hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi
və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə
inteqrasiya olunaraq inkişaf edir.
Təhsil
qanunvericiliyinin əsas məqsədi kimi təhsil sahəsində vətəndaşların
konstitusiya hüququnun təmin edilməsi və qorunması, icra strukturlarının, təhsil
alanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin
düzgün müəyyən edilməsi, onlar arasında münasibətlərin tənzimlənməsi, təhsil
sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılması müəyyən
edilmişdir (“Təhsil haqqında” Qanunun 2-ci maddəsi).
“Təhsil haqqında” Qanunun 5.1 və 5.2-ci maddələrinə əsasən, dövlət hər
bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir
və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum
edilməsinə yol vermir. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən,
etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq
imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı
yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Göstərilən Qanunun
20.3, 21.3 və 22.6-1-ci maddələrində təsbit edilmişdir ki, orta ixtisas və peşə
təhsili təhsil müəssisələrində, eləcə də ali təhsil müəssisələrində bakalavriat
(əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri
üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur.
Qeyd edilməlidir ki, ölkədə kredit sisteminə keçid Azərbaycan
Respublikasının 2005-ci il mayın 19-da Bolonya
Bəyannaməsinə qoşulması ilə əlaqədar olmuş və təhsilin dünya təhsil sisteminə
inteqrasiyası məqsədini daşımışdır.
Azərbaycan
Respublikasının ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası
proseslərinin sürətləndirilməsi, ali təhsilin məzmununun Bolonya prinsiplərinə
uyğun qurulması, ölkə iqtisadiyyatının inkişaf meyllərinə müvafiq olaraq yüksək
hazırlıqlı kadrlarla tələbatın ödənilməsi, həmçinin əhaliyə müasir standartlar
səviyyəsində ali təhsil almaq imkanı yaradan səmərəli ali təhsil sisteminin
formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22
may tarixli 295 nömrəli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” (bundan
sonra – Dövlət Proqramı) təsdiq edilmişdir.
Həmin Dövlət
Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.32-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti tərəfindən 2013-cü il 24
dekabr, 2013-cü il 26 dekabr, 2022-ci il 9 mart tarixli Qaydalar təsdiq
edilmişdir.
Qeyd
olunmalıdır ki, təhsil krediti fənnin məzmununa və həcminə uyğun olaraq onun
mənimsənilməsinə ayrılan vaxtın ölçü vahidi kimi müəyyən edilmişdir (“Təhsil haqqında” Qanunun 1.0.41-ci maddəsi).
Eyni zamanda, yuxarıda
göstərilən Qaydaların tələbinə görə cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə,
habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə
də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən
kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır (2013-cü il 24
dekabr tarixli Qaydaların 3.2.14-cü, 2013-cü il 26 dekabr tarixli və 2022-ci il
9 mart tarixli Qaydaların 3.2.15-ci yarımbəndləri).
Həmçinin 2013-cü il
24 dekabr tarixli Qaydaların 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli Qaydaların
3.2.24-cü və 2022-ci il 9 mart tarixli Qaydanın 3.2.25-ci yarımbəndlərinə əsasən,
tələbə öz iradəsindən asılı olmayan obyektiv səbəbdən (bundan sonra – üzrlü səbəbdən)
fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etmədiyi
halda da həmin fəndən imtahana buraxılmayaraq müvafiq fənn (fənlər) üzrə
akademik borcu yaranır.
Bu zaman akademik
borcu olan tələbə ödənişli əsaslarla fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən)
dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri
tam yerinə yetirməlidir. Təhsil haqqının ödənilməsi isə yuxarıda adı çəkilən Qaydaların
müvafiq bəndinin tələblərinə uyğun həyata keçirilir.
Göstərilənlərlə
yanaşı, cari semestrdə akademik borcu qalan tələbə həmçinin növbəti semestrdə təqaüddən
məhrum edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla)
(2013-cü il 24 dekabr tarixli Qaydaların 3.2.24-cü, 2013-cü il 26 dekabr
tarixli Qaydaların 3.2.25-ci və 2022-ci il 9 mart tarixli Qaydanın 3.2.26-cı
yarımbəndləri).
Bununla əlaqədar
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə uyğun olaraq,
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini
heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada
və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və
azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən
gözlənilən nəticəyə mütənasib olmalıdır.
Konstitusiyanın
149-cu maddəsinin I hissəsinə əsasən isə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə
(bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
Konstitusiya Məhkəməsi
Plenumunun qərarlarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş,
məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları
açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni
məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır (“Sosial
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci
hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr, “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə
dair” 2011-ci il 16 dekabr tarixli qərarlar).
Qeyd olunmalıdır ki,
“Təhsil haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əyani,
qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən
edilmişdir.
Qiyabi, distant (məsafədən)
və sərbəst (eksternat) təhsilalma formalarından fərqli olaraq əyani təhsilalma
formasında fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsi üçün təhsilalanın
dərslərdə iştirakı zəruridir. “Təhsil haqqında” Qanunun 33.3.2-ci maddəsində də
təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək təhsilverənlərin
vəzifələri sırasında göstərilmişdir.
Beləliklə,
qanunverici dərs materiallarının mənimsənilməsinin keyfiyyətliliyi baxımından tələbələrin
dərslərdə fiziki iştirakının zəruriliyi düşüncəsindən çıxış edərək fənn üzrə
ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin
həmin fəndən imtahana buraxılmadığını müəyyən etmişdir.
Bununla belə yuxarıda
qeyd edilən Qaydalarda fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən
çoxunda iştirak etməyən tələbənin təhsilini davam etdirmək imkanı istisna edilməmiş,
bunun üçün müəyyən alternativ vasitələr (fənni
yenidən dinləmək, yaxud yay semestrində iştirak etmək) nəzərdə tutulmuşdur. Həmçinin
qanunvericiliyə əsasən uzun müddət müalicəyə ehtiyacı olan tələbənin təhsil müəssisəsində
təhsilini müvəqqəti dayandırmaq (akademik məzuniyyət götürmək) hüququ da
vardır.
Qeyd olunanları nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2013-cü
il 24 dekabr tarixli Qaydaların 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli Qaydaların
3.2.24-cü və 2022-ci il 9 mart tarixli Qaydanın 3.2.25-ci yarımbəndlərində
auditoriya saatlarında iştirakla bağlı məcburi şərtin müəyyən edilməsi vətəndaşların
təhsil hüquqlarını məhdudlaşdırmamaqla Konstitusiyanın 41-ci maddəsinin I hissəsinin
və 42-ci maddəsinin I hissəsinin tələbləri ilə ziddiyyət yaratmır.
Lakin nəzərə
alınması zəruridir ki, yuxarıda qeyd edilən Qaydalarda fənn üzrə ayrılmış
auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməmənin səbəbindən asılı
olaraq fərqli tənzimlənmə nəzərdə tutulmamışdır.
Halbuki 2013-cü il
24 dekabr tarixli Qaydaların 3.2.14-cü yarımbəndində dərsə davamiyyəti olan,
lakin imtahanda iştirak etməmiş tələbəyə münasibətdə iştirak etməmənin üzrlü və
ya üzrsüz səbəbindən asılı olaraq ətraflı və fərqli tənzimlənməsi müəyyən
edilmiş, üzrlü səbəbdən imtahanda iştirak etməyən şəxslərlə bağlı güzəştlər nəzərdə
tutulmuşdur.
Lakin fənn üzrə
ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda
iştirak etməyən tələbənin (Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli
yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) imtahana
buraxılmaması ilə bağlı qanunvericilik normalarında bu halın üzrlü və ya üzrsüz
səbəbdən yaranmasından irəli gələrək hər hansı fərqli tənzimlənməsi mövcud
deyil. Bu isə üzrlü səbəblərdən dərslərin müəyyən hissəsində iştirak edə bilməyən
tələbənin imtahana buraxılmaması və növbəti semestrdə təqaüddən məhrum edilərək
ödənişli əsaslarla fənni yenidən dinləməli olması ilə nəticələnir.
Nəzərə alınmalıdır
ki, Konstitusiyanın 42-ci maddəsinin IV hissəsinə müvafiq
olaraq, maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam
etdirməsinə dövlət zəmanət verir.
Həmçinin dərslərdə iştirak
etməmənin üzrlü səbəblərdən də baş verə biləcəyinin mümkünlüyü nəzərə
alınaraq “Təhsil haqqında” Qanunun 32.5.1-1-ci maddəsi ilə məhz
üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verilməməsi təhsilalanların vəzifəsi
kimi müəyyən olunmuşdur.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, üzrlü səbəbdən auditoriya saatlarının 25
faizindən çoxunda iştirak etməyən tələbədən fənni yenidən dinləməsi üçün ödəniş
alınması Konstitusiyanın 42-ci maddəsinin I hissəsində təsbit edilən təhsil
almaq hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına səbəb olur.
Üzrlü səbəbə görə fənn
üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin
təhsil hüququnun təmin olunması məqsədilə yuxarıda
sadalanan Qaydalarda qeyd edilən məsələlərin aydın şəkildə və ətraflı tənzimlənməsi
Konstitusiyadan irəli gələn tələblərə cavab vermiş olardı.
Qanunvericiliyin təkmilləşdirilməsi
zamanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı tendensiyası nəzərə
alınaraq üzrlü səbəbdən dərsdə iştirak etməyən tələbələr üçün həmin dərslərə
onlayn formada qoşulma imkanı nəzərdən keçirilə bilər. Belə təcrübədən
koronavirus (COVİD-19) pandemiyası dövründə geniş istifadə olunmuşdur.
Bununla belə Nazirlər
Kabineti göstərilən məqsədə nail olmaq üçün digər hüquqi vasitələrin nəzərdə
tutulmasında sərbəstdir.
Belə ki, İnsan
Hüquqları üzrə Avropa Məhkəməsinin Katibliyi tərəfindən hazırlanmış “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1
saylı Protokolunun 2-ci maddəsi (təhsil hüququ) üzrə Təlimat”ın 5-ci
paraqrafında göstərilmişdir ki, təhsil hüququ mütləq xarakter daşımır, çünki
onun xarakteri dövlət tərəfindən tənzimlənməsini zəruri edir və bu səbəbdən ona
müəyyən məhdudiyyətlər tətbiq edilə bilər. Belə hallarda daxili hakimiyyət
orqanlarının mülahizə sərbəstliyi (“margin of appreciation”) tanınır.
O da xüsusilə qeyd
olunmalıdır ki, Bolonya təhsil sistemində dərsə davamiyyət (məcburi və ya
qeyri-məcburi olması, icazə verilən buraxılış faizi və sair) məsələləri mərkəzləşdirilmiş şəkildə tənzimlənmir. Bu məsələ
ayrı-ayrı dövlətlərin və konkret təhsil müəssisəsinin ixtiyarına buraxılıb. Bəzi
xarici ölkələrin qanunvericiliyində nəzəri və praktiki dərslərdə məcburi
iştirakla bağlı tələblər fərqlidir. Yəni praktiki dərslərdən fərqli olaraq nəzəri
dərslərdə məcburi iştirakla bağlı daha yumşaq tələblər müəyyən olunur.
Konstitusiya Məhkəməsinin
Plenumu idmançı-tələbələr üçün dərslərə davamiyyətlə bağlı müstəsna güzəştlərin
nəzərdə tutulmasının digər tələbələrə münasibətdə ayrı-seçkilik halı kimi qiymətləndirilməsi
məsələsi ilə bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Konstitusiyanın
25-ci maddəsinin I hissəsinə uyğun
olaraq, hamı qanun və məhkəmə qarşısında bərabərdir.
Konstitusiya Məhkəməsi
Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir
ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi
prinsipi Konstitusiyanın 25-ci maddəsində
əks olunmaqla, heç bir ayrı-seçkiliyə yol verilmədən dövlət tərəfindən hər kəsin
hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
Bu prinsipin əsas
mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan
edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni
zamanda bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni
olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə
olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli
rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya
qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bununla belə,
bərabərlik hüququ qanunverici tərəfindən ayrı-ayrı kateqoriyalı subyektlərə güzəştlərin
və imtiyazların tətbiq edilməsini inkar etmir. Bu cür fərqlər o zaman bərabərlik
hüququna zidd olar ki, onlar ağlabatan, obyektiv və mütənasib olmasınlar
(Konstitusiya Məhkəməsi Plenumunun “Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh
edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərarı).
Respublika və beynəlxalq
miqyaslı idman yarışlarına hazırlıq tədbirlərində və yarışlarda iştirak zamanı əsas
iş yerində orta aylıq əmək haqqını saxlamaq və təhsildən müvafiq müddətlərə
azad edilmək və qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən istifadə etmək “Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 42.1.5-ci maddəsində
idmançıların hüquqları kimi müəyyən edilmişdir.
Qeyd olunmalıdır ki,
milli yığma komandaların üzvləri olan idmançı-tələbələr beynəlxalq miqyaslı
yarışlarda ölkəni təmsil etməklə idmanın
inkişafında əhəmiyyətli rol oynayırlar. Bu baxımdan, idman yarışlarında iştirak
edən tələbələrə dərslərə davamiyyətlə bağlı güzəştlərin tətbiq edilməsi fərdi
imtiyazın müəyyən olunmasına deyil, ictimai əhəmiyyətli məqsədlərə xidmət edir.
Göstərilənlər belə qənaətə
gəlməyə əsas verir ki, fərqli rəftar (milli yığma komandaların üzvləri olan
idmançı-tələbələrə güzəştin müəyyən edilməsi) ilə qarşıya qoyulan qanuni məqsəd
(yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda ölkəni şərəflə təmsil
etməsi üçün lazımi şəraitin yaradılması) arasında ağlabatan mütənasiblik
olmaqla, həmin rəftar ayrı-seçkilik xarakteri daşımır.
Bu baxımdan, 2013-cü
il 24 dekabr tarixli Qaydaların 3.2.23-cü yarımbəndi ilə Gənclər və İdman
Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli
yığma komandaların üzvləri olan idmançı-tələbələrə güzəştlərin müəyyən edilməsi
təhsil alanlar arasında bərabərlik hüququnun pozulması kimi qiymətləndirilmə
bilməz.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- 2013-cü il 24
dekabr tarixli Qaydaların 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli Qaydaların
3.2.24-cü və 2022-ci il 9 mart Qaydanın 3.2.25-ci yarımbəndləri Konstitusiyanın
25-ci maddəsinin I, lll–V hissələri, 41-ci maddəsinin I hissəsi, 42-ci maddəsinin
I hissəsi, 71-ci maddəsinin l və ll hissələri və 149-cu maddəsinin I, III və V
hissələri ilə ziddiyyət yaratmır;
- Konstitusiyanın
42-ci maddəsinin I, IV hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələblərinə
və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü
səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda
iştirak etməyən tələbələrin təhsil
hüquqlarının təmin edilməsi üçün yuxarıda qeyd olunan Qaydaların təkmilləşdirilməsi
Nazirlər Kabinetinə tövsiyə edilməlidir.
Konstitusiyanın
130-cu maddəsinin VII hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65–67 və 69-cu maddələrini, Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348
nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə
tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi
ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72
nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki
peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın
3.2.25-ci yarımbəndləri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin
I, lll–V hissələri, 41-ci maddəsinin I hissəsi, 42-ci maddəsinin I hissəsi,
71-ci maddəsinin l və ll hissələri və 149-cu maddəsinin I, III və V hissələri
ilə ziddiyyət yaratmır.
2.
Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin I, IV hissələrinin və
149-cu maddəsinin I hissəsinin tələblərinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü
səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda
iştirak etməyən tələbələrin təhsil
hüquqlarının təmin edilməsi üçün bu Qərarın 1-ci bəndində göstərilən Qaydaların
təkmilləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə
edilsin.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad Abdullayev