Qərarlar

19.03.26. AR Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri, 80-ci maddəsi və 149-cu maddəsinin I hissəsi baxımından AR CM 162-1-ci maddəsinin “Qeyd” hissəsinin AR İXM 192.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri, 80-ci maddəsi və 149-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

  

19 mart 2026-cı il                                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev (məruzəçi-hakim), Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və  33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri, 80-ci maddəsi və 149-cu maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Quliyevin məruzəsini, maraqlı subyektlər Gəncə Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

MÜƏYYƏN  ETDİ:

 

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 162-1-ci maddəsinin “Qeyd” hissəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin  (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 192.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Tovuz Rayon Məhkəməsinin 2025-ci il 20 may tarixli qərarı ilə “Billur Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti əmək müqaviləsi hüquqi qüvvəyə minmədən R.Orucovu operator işlərinin yerinə yetirilməsinə cəlb etdiyinə görə həmin hüquqi şəxsə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

Göstərilən qərardan verilmiş apellyasiya şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, qanunvericinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması ilə bağlı cinayət və inzibati məsuliyyətdən azad etməyə münasibətdə fərqli yanaşması ədalətlilik prinsipinin pozulması ilə nəticələnə bilər.

Belə ki, Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra – Əmək Məcəlləsi) ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilsə də, onunla oxşar və ictimai təhlükəliliyi daha az olan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş şəxsə münasibətdə eyni şərtlər daxilində məsuliyyətdən azad edilmə imkanı tanınmamışdır.

Müraciətdə o da göstərilmişdir ki, hazırkı məsələnin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq həll edilməsi istisna olunmamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin həlli ilə əlaqədar, ilk növbədə, cinayət və inzibati məsuliyyət institutlarının, həmçinin məsuliyyətdən azad etmə institutunun mahiyyəti, onların oxşar və  fərqli  cəhətləri, həmçinin 2017-ci il 20 oktyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin 162-1.2-ci maddəsinin “Qeyd” hissəsinə yeni məzmunda əlavə edilmiş 2-ci bəndin hüquqi təyinatı haqqında aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)  80-ci maddəsinə əsasən Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

Bu maddədə əks olunmuş “qanunla müəyyən edilən” müddəası məsuliyyətə səbəb olan əməlin və onun hüquqi nəticələrinin qanunda göstərilməsini, aydın və birmənalı şəkildə müəyyən edilməli olmasını nəzərdə tutur. Məsuliyyətlə bağlı hüquqi tənzimləmələr hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq elə şəkildə həyata keçirilməlidir ki, şəxs qabaqcadan üzərinə düşən öhdəlikləri görməklə davranışını tənzimləyə və əməllərinin hansı hüquqi nəticələrə səbəb olacağını proqnozlaşdıra bilsin.

Həmin maddənin tələblərindən irəli gələrək insan hüquq və azadlıqlarının təminatı məqsədilə qanunvericilikdə cinayət, inzibati xəta və digər əməllərlə bağlı mühafizəedici hüquq normaları müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2 və 228.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 23 yanvar tarixli Qərarı).

Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Cinayət məsuliyyəti cinayət törətmiş şəxsin dövlət adından mühakimə edilməsini, təqsiri müəyyən edilmiş şəxslərə cəza və digər dövlət məcburetmə tədbirlərinin tətbiqini nəzərdə tutur ki, bu da ictimai münasibətlərin qorunmasında, cinayətlərin qarşısının alınmasında, cəmiyyət üzvlərinə çəkindirici təsirin göstərilməsində mühüm vasitə rolunu oynayır.

Bununla belə vurğulanmalıdır ki, Cinayət Məcəlləsinin 11-ci fəslində və həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin “Qeyd” hissələrində cinayət məsuliyyətindən azad etmənin xüsusi halları müəyyən edilmişdir.

Cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 2022-ci il 25 iyul tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında göstərildiyi kimi, cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır. Bu zaman cinayət məsuliyyəti təqsirkara qarşı ictimai qınaqda, cəzada və digər cinayət-hüquqi xarakterli tədbirlərdə öz əksini tapmır.

Cinayət Məcəlləsinin 11-ci fəslinin 7275-ci maddələrinin, habelə həmin Məcəllənin Xüsusi hissəsindəki maddələrin tərkib hissəsini təşkil edən “Qeyd” hissələrində göstərilən məsuliyyətdən azad etmə əsaslarından və şərtlərindən göründüyü kimi, qanunverici hər bir cinayətin xarakterindən, ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq,  cinayət məsuliyyətindən bir dəfə azad edilməyə əsas verən halları müəyyən edərkən cinayətlərin törədilməsinin və ya onların mənfi nəticələrinin qarşısının alınması, daha əhəmiyyətli ictimai münasibətlərin mühafizəsi və cinayət qanunvericiliyinin qarşısında duran digər fərqli məqsədlərdən çıxış etmişdir.

Oxşar hüquqi mövqeyi Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 7 iyul tarixli Qərarda da ifadə etmişdir.

Cinayət məsuliyyətindən azad etmənin əsaslarından biri Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 162-1.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əməli yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 1-3-cü bəndlərinə uyğun olaraq isə bu Məcəllənin 162-1.1-ci maddəsində “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur. Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu “Qeyd”in 2-ci bəndində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

Göründüyü kimi, cinayət məsuliyyətindən azad etmə Konstitusiyanın 35-ci maddəsində təsbit olunan əmək hüquqlarının  qorunmasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi təcrübəsinin aradan qaldırılmasına yönəlmişdir. Xeyli sayda işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi şübhəsiz ki, həmin şəxslərin əmək hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir, onları əmək müqaviləsi ilə əldə edəcəkləri təminatlardan məhrum edir.

Halbuki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri kimi qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”  2023-cü il 20 oktyabr tarixli Qərarı).

Qeyd edilən cinayət əməlinin törədilməsi, həmçinin sosial sığorta və vergi sisteminə, bununla da dövlətin maliyyə sabitliyinə xələl gətirə bilər.

Bununla yanaşı sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə sərt cəzanın tətbiqi bazar iqtisadiyyatı mühitində sosial-iqtisadi inkişafın səviyyəsinə mənfi təsir etməklə məşğulluq göstəricilərinin aşağı düşməsinə gətirib çıxara bilər.

Odur ki,  əmək qanunvericiliyinin tələblərinin pozulmasında öz əksini tapmış bu ictimai təhlükəli əməli törədən şəxsin müəyyən şərtlərlə (işçilər ilə əmək müqaviləsi bağlamaq, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəmək) məsuliyyətdən azad edilməsinə imkan verən Cinayət Məcəlləsinin 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi işəgötürəni müvafiq hərəkətlərin icrasına stimullaşdırmaqla iqtisadi maraqlar sahəsində baş verə biləcək ictimai təhlükəli nəticələrin vaxtında qarşısını almağa xidmət edən hüquqi vasitə kimi nəzərdən keçirilməlidir.

Bununla belə, bu kimi hallardan sui-istifadənin qarşısının alınması üçün qanunverici cinayət məsuliyyətindən azad etmənin yalnız bir dəfə tətbiq olunmasına dair məhdudiyyət müəyyənləşdirmişdir.

Cinayət Məcəlləsindən fərqli olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə müəyyən olunan inzibati xətanı törətmiş şəxsin məsuliyyətdən azad edilməsinin nəzərdə tutulmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri bilir.

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər (Konstitusiyanın 71-ci maddəsinin I və X hissələri).

Konstitusiyanın bu normaları cinayət, inzibati və s. məsuliyyətə səbəb olan əməllərin (hərəkət və ya hərəkətsizlik) və bu əməllərə görə cəzanın (tənbehin) tətbiqi ilə bağlı hüquqi normaların mövcudluğunu nəzərdə tutur.

Qeyd edilməlidir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsi).

Cinayət məsuliyyətindən fərqli olaraq inzibati məsuliyyətə səbəb olan hüquq pozuntusu daha az zərərli nəticəyə səbəb olduğundan, dövlət tərəfindən daha yüngül məsuliyyət tədbirinə məruz qalır. Müvafiq olaraq tətbiq olunan inzibati tənbeh inzibati xəta törətmiş şəxsin hüquqi vəziyyətinə qısamüddətli təsir göstərməsi ilə səciyyələnir.  

Belə ki, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehedici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu iki hüquq sahəsi müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqliliyi onların nisbətən yüngül ictimai təhlükəli əməllərin qadağan edilməsi ilə əlaqədardır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarı).

O da nəzərə alınmalıdır ki, inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir (İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsi).

Qeyd olunmalıdır ki, tətbiq edilən hüquqi təsir vasitələrinin səmərəliliyi hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasib olması, habelə inzibati və cinayət məsuliyyətinin və cəzanın (tənbehin) fərdiləşdirilməsi ilə sıx bağlıdır. İnzibati tənbehdən fərqli olaraq  cəza cinayətin hüquqi nəticəsi olmaqla, fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.

Cəzanın isə bir-biri ilə əlaqəli olan üç məqsədindən biri kimi sosial ədalətin bərpası əsasən cəzanın təyin olunması ilə bağlı olsa da, digər iki məqsədinə – məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına bilavasitə təyin edilmiş cəzanın icrası prosesində nail olunmağa çalışılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 18 iyun tarixli Qərarı).

Bununla da, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının müdafiəsinin əhəmiyyəti nəzərə alınaraq, qanunvericinin iradəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində inzibati məsuliyyətdən azad etmənin əsaslarının ayrıca müəyyən edilməməsi həmin normanın təminedici təsirinin qorunmasının ifadəsi kimi qəbul oluna bilər.

Göstərilənlər nəzərə alınaraq, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətdən azad etmənin istisna edilməsi Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinin, 80-ci maddəsinin və 149-cu maddəsinin I hissəsinin tələbləri baxımından, hüquqi mahiyyəti və təyinatı etibarilə sosial nizamın müdafiəsi, qanuna uyğun davranışın təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, şəxslərin iqtisadi maraqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısının alınması kimi məqsədlərə yönəlmiş hesab edilə bilər.

Müraciətdə qaldırılan və analoji vəziyyətlə bağlı olduğu zənn edilən Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 9 mart tarixli Qərarında ifadə edilən hüquqi mövqeyin Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin məsuliyyətdən azad edən “Qeyd” hissəsi ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi arasındakı mövcud “hüquqi kolliziya”ya tətbiq edilərək “qanundakı boşluğun” aradan qaldırılmasına dair yanaşma ilə bağlı aşağıdakılar qeyd edilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 9 mart tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən zərərçəkmiş şəxslə barışdıqdan və cinayət məsuliyyətindən azad olunduqdan sonra şəxsin İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsi eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin pozulmasına gətirib çıxarmır, çünki bu hüquqi vəziyyət həmin prinsipin tətbiq dairəsinə daxil deyil.

Bununla belə eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini tamamilə istisna etmək olmaz. Belə ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsifi zamanı həmin cinayət əməlinin obyektiv tərəfinin və inzibati xətanın eyni əlamətləri iki dəfə nəzərə alınır. Bu səbəbdən göstərilən şəxsin eyni zamanda həm İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi non bis in idem prinsipi baxımından yolverilməzdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən hüquqi mövqelərin hazırkı müraciətdə qaldırılan məsələyə bilavasitə aidiyyəti müşahidə olunmur.

 Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Gəncə Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin hazırkı mərhələdə mövcud qanunvericiliyin müvafiq normalarına, eləcə də bu Qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə uyğun həll edilməsi mümkün olduğundan, müraciət üzrə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən əlavə qərar qəbul edilməsinə ehtiyac görülmür.

Eyni zamanda Plenum qeyd edir ki, baxılan məsələ ilə bağlı hüquqi tənzimləmənin fərqli hüquqi yanaşmasının müəyyən edilməsi qanunverici orqanın səlahiyyətinə aid olduğundan, həmin münasibətlərə dair gələcəkdə əlavə və ya fərqli hüquqi mexanizmlər nəzərdə tutula bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69.2-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınsın.

2. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin müraciəti üzrə əlavə qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.

3. Qərardadın surəti 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin.

4. Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

 

 Sədr                                                                                            Fərhad Abdullayev