
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş
məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi
müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən
qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli
özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil.
Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının
aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci
ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust
2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə
qəbul olunmuş Azərbaycan Respublikasının “Konstitusiya Məhkəməsi haqqında”
Qanun, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.
Konstitusiyanın 86, 88, 102, 103, 104,
107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti
prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan
Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq
prinsipləri əsasında qurulur.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya
Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı
əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin
icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin
olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin
hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin Sədri və Sədr
müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.
Konstitusiya Məhkəməsi qanunların, qərarların
və digər normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin
müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına şərh
verir.
Konstitusiyaya müvafiq olaraq aşağıdakı
subyektlər Konstitusiya Məhkəməsinə müraciət edə bilər: Azərbaycan
Respublikasının Prezidenti; Azərbaycan Respublikasının Milli Məclisi; Azərbaycan
Respublikasının Nazirlər Kabineti; Azərbaycan Respublikasının Ali Məhkəməsi; Azərbaycan
Respublikası Prokurorluğu; Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; Məhkəmələr;
Vətəndaşlar; İnsan hüquqları üzrə Müvəkkil. «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun
hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə
pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər.
Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı
hallarda baxa bilər: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən
tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən
tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə.
Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə
edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi
andan altı ay müddətində və ərizəçinin məhkəməyə müraciət etmək hüququnun
pozulduğu andan üç ay müddətində verilə bilər.
Qüvvədə olan qanunvericilik aktı, icra
orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə qərarları insan hüquq və
azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə
tutulmuş proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır.
Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir
oluna bilməz.
Konstitusiya Məhkəməsinin aparatı
Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı
haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.
Konstitusiya Məhkəməsinin Aparatında
konstitusiya hüququ şöbəsi, insan hüquqları və təşkilat-analitik şöbəsi; cinayət
və inzibati hüquq şöbəsi; mülki hüquq şöbəsi; beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq
şöbəsi; vətəndaşların qəbulu və şikayətlər şöbəsi; ümumi şöbə; hüquqi təminat və
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi şöbəsi; protokol və
ictimaiyyətlə əlaqələr şöbəsi, məhkəmə qərarlarının icrasına nəzarət sektoru; məhkəmə
iclaslarının təşkili sektoru; Sədr və hakimlərin köməkçiləri və məsləhətçiləri
fəaliyyət göstərir. Aparata cari rəhbərliyi Aparat rəhbəri və onun müavini həyata
keçirirlər.
Bundan əlavə, Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi-texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin İşlər İdarəsi həyata keçirir.