AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə
R A R I
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin və "Notariat haqqında”
Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair
12 may 2026-cı
il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Humay Əfəndiyeva (məruzəçi-hakim), Rauf Quliyev, Otari
Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən
ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin və "Notariat haqqında”
Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin
müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti,
Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq
üzrə fəlsəfə doktoru S.Süleymanlının və həmin kafedranın dosenti, hüquq
üzrə fəlsəfə doktoru Ş.Yusifovun rəylərini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə
Y Y Ə N E T D İ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “ilkin
müqavilə üzrə pul ödənişinin mümkün olub-olmadığına” münasibətdə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 402-ci maddəsi
ilə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Notariat haqqında” Qanun) 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə
şərh edilməsini xahiş etmişdir.
Müraciətdə qeyd edilir ki, Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin
müqavilə tərəflərin gələcəkdə əmlakın verilməsi, işlərin görülməsi və ya
xidmətlərin göstərilməsi barədə əsas müqavilə bağlamaq öhdəliyini müəyyən edir.
Bu normanın məzmununa və mülki hüququn ümumi prinsiplərinə əsasən ilkin
müqavilə mərhələsində hələ əsas müqavilə bağlanmadığı üçün pul ödənişi öhdəliyi
yarana bilməz.
Lakin “Notariat haqqında” Qanunun 74-cü maddəsinin dördüncü hissəsinə uyğun
olaraq ilkin müqavilə üzrə ödənilən məbləğlərin notariusun depozit hesabı
vasitəsilə həyata keçirilməsi təsbit edilmişdir ki, bu norma faktiki olaraq
notariuslar tərəfindən pul ödənişi nəzərdə tutan ilkin müqavilələrin təsdiq
edilməsinə şərait yaradır.
Bu baxımdan müraciətedən hesab edir ki, Mülki Məcəllənin 402-ci maddəsi ilə
“Notariat haqqında” Qanunun 74-cü maddəsinin dördüncü hissəsi arasında
ziddiyyət mövcuddur.
Bakı Apellyasiya Məhkəməsinin qənaətinə görə mövcud vəziyyət mülki
dövriyyədə mübahisələrin yaranmasına səbəb olur. Belə ki, barəsində sərəncam verilməsi mümkün olmayan
daşınmaz əşyalara dair "ilkin alğı-satqı müqaviləsi" adı altında
əqdlər bağlanır və belə əqdlərin
notarial qaydada təsdiqlənməsi və ödənişin rəsmi depozit hesabı ilə
aparılması əsası ilə vətəndaşlar mülkiyyət hüququ əldə etdiklərini güman edir.
Göstərilənlər baxımından qanunvericiliyin eyni qaydada tətbiqinə nail
olmaq, həmçinin hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl olunması və
şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra –
Konstitusiya) nəzərdə tutulmuş hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi
ilə Konstitusiya Məhkəməsinə müraciət edilməsi zəruri hesab edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin I, II və
III hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və
dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və
daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya
başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun
barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Eləcə də bazar iqtisadiyyatı şəraitində azad sahibkarlığa təminat verilərək
hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və
əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad
sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət
növü ilə məşğul olmaq hüququ tanınır (Konstitusiyanın 15-ci maddəsinin II
hissəsi və 59-cu maddəsi).
Konstitusiya ilə mülkiyyət toxunulmazlığına, azad sahibkarlıq fəaliyyətinə
verilmiş təminat, ilk növbədə, mülki dövriyyədə müqavilə azadlığının tanınması
ilə realizə edilmiş olur. Belə ki, şəxsin mülkiyyətində olan əmlakı ilə bağlı
mənafeləri əşyaya bilavasitə sahiblik etməsi, ondan sərbəst istifadə etməsi, o
cümlədən barəsində azad surətdə müqavilələr bağlaması ilə təmin edilir.
Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi
mövqeyinə görə, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin
tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin
toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi
statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların
hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin
müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi
prinsiplərinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin
460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul
tarixli Qərar).
Qeyd olunan bu konstitusion göstərişlərə müvafiq olaraq mülki
qanunvericilikdə iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə və
tənzimləmələrinə yer verilmişdir. Belə ki, mülki qanunvericiliyə görə şəxslərin
mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı
əsaslarından biri də iki və ya bir neçə şəxs arasında sərbəst iradə ifadəsi
əsasında bağlanmış müqavilələrdir.
Belə müqavilələrdən biri kimi ilkin müqavilə çıxış edir. İlkin müqaviləyə
görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi,
işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə
(əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (Mülki Məcəllənin 402.1-ci
maddəsi).
Qeyd edilməlidir ki, ilkin müqavilə institutu Roma hüququndan qaynaqlanır.
“Pactum de pacto contrahendo”
(müqavilənin bağlanması haqqında müqavilə) adlanan belə əqdlər sonradan əşyanın
ötürülməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və s. barədə müqavilə
bağlanılacağını nəzərdə tuturdu.
İlkin müqavilə gələcəkdə bağlanılacaq müqavilənin şərtlərini və müddətlərini
müəyyən etməklə, əmlak hüquqları yaratmır, mövcud və ya gələcək “əşyanı” yüklü
etmir. Bir qayda olaraq ilkin müqavilə o
zaman bağlanılır ki, tərəflər hər hansı
hüquqi və ya faktiki səbəbdən həmin an əsas müqaviləni bağlamaq imkanına malik
olmur və müvafiq öhdəlik yaratmaqla sonradan müqavilənin bağlanmasını təmin
etmək istəyirlər.
İlkin müqavilə gələcəkdə müqavilə bağlamaq öhdəliyini və tərəflərə
kontragentindən ilkin müqavilə üzrə yaranan öhdəliyi yerinə yetirməyi tələb
etmək hüququnu yaradır. Tərəflərdən biri müqavilənin bağlanmasından imtina
edərsə, digər tərəf müqavilənin bağlanılması (icrası mümkün müqavilələr üzrə)
və ya müqavilə bağlamaq öhdəliyinin pozulması
səbəbi ilə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaqda
haqlıdır.
Burada xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 390.3-cü maddəsinə müvafiq
olaraq müqavilə bağlamaq vəzifəsinin bu
Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna
olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
Mülki Məcəllənin 402-ci maddəsi ilə nəzərdə tutulan ilkin müqavilənin
bağlanması isə həmin Məcəllənin 390.3-cü maddəsi ilə istisna hal kimi qeyd
edilmiş könüllü götürülmüş öhdəlik halını yaradır. Məhz bu səbəbdən mülki hüquq
nəzəriyyəsində ilkin müqavilələr müqavilə azadlığının subyektiv
məhdudlaşdırılması adlandırılır.
O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 402.3-cü maddəsinə əsasən
ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini
müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Qanunvericiliyin ilkin
müqavilədə əsas müqavilənin mühüm şərtlərinə dair aydınlığın təmin edilməsi ilə
bağlı tələbi tərəflərin mümkün sui-istifadəsinin qarşısının alınmasına, yarana
biləcək mübahisələrin həll edilməsinə, o
cümlədən müqavilənin bağlanmasına məcburetmə haqqında iddialar daxil olduğu
təqdirdə məhkəmələrin əsas müqavilənin şərtlərini müəyyən etməsinə xidmət edir.
Müraciətdə qaldırılan ilkin müqavilənin əvəzli müqavilə kimi bağlanmasının
və ilkin müqavilədə əsas müqavilə üzrə
ödəniş şərtinin nəzərdə tutulmasının mümkünlüyü məsələsinə münasibətdə qeyd
edilməlidir ki, ilkin müqavilənin mülki hüquqi mahiyyəti və təyinatı yalnız
gələcəkdə əsas müqavilənin bağlanmasına dair öhdəliyin götürülməsindən ibarət
olub, hər hansı digər öhdəliyi özündə ehtiva etmir. İlkin müqavilədə əsas
müqavilənin predmeti və digər mühüm şərtləri göstərilməli olsa da, bu həmin
şərtlərin ilkin müqavilə əsasında icra edilməli olması anlamına gəlmir. Yəni,
ilkin müqavilədə əsas müqavilə üzrə alğı-satqı qiymətinin əvvəlcədən razılaşdırılması
tərəflərin həmin məbləği ödəmək öhdəliyini deyil, gələcək müqavilənin qiymətini
həmin məbləğdə müəyyən etmək öhdəliyini əmələ gətirir. Beləliklə, ilkin müqavilə gələcəkdə əsas
müqaviləni bağlamaq öhdəliyi əmələ gətirərək birbaşa əsas müqavilə üzrə hüquq
və öhdəliklərin əmələ gəlməsinə səbəb olmur. Odur ki, ilkin müqavilənin
bağlanması ilə əsas müqavilə üzrə öhdəlik yaranmadığına görə ilkin müqavilə
üzrə hər hansı ödənilən məbləğ əsas müqavilə üzrə öhdəliyin icrası mahiyyətində
olmur.
Bununla belə o da qeyd edilməlidir ki, ilkin müqavilə öhdəlik hüquqi
xarakter daşıdığından Mülki Məcəllə ilə nəzərdə tutulmuş öhdəlik hüququna dair
müddəalar bu müqaviləyə münasibətdə də tətbiq edilir. Bu baxımdan, ilkin
müqavilənin tərəfləri yaratmış olduqları
öhdəliyin (gələcəkdə müqavilə bağlamaq) icra olunmasının təmin edilməsi üsulunu
müəyyən edə bilərlər.
Mülki dövriyyədə bir qayda olaraq ilkin müqavilənin icra edilməsinin təmin
üsulu kimi dəbbə pulu qəbul edilir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə
dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən,
öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın
gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
Göründüyü kimi, qanun dəbbə pulunun verilməsini öhdəliyin icra edilməməsi və ya
lazımınca icra edilməməsi faktı ilə əlaqələndirir və bu növ təmin üsulu üzrə
ödəniş öhdəlik üzrə ödəniş funksiyası daşımır.
O da nəzərə alınmalıdır ki, öhdəliyin icrasının təmini üsulu növ etibarı
ilə “qapalı say” (numerus clausus) prinsipinə deyil, sərbəstlik prinsipinə
tabedir. Bu prinsip Mülki Məcəllənin 460.1-ci maddəsində məhz “bu Məcəllədə və
ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər” şəklində ifadə
edilmişdir. Bu baxımdan tərəflər ilkin müqavilənin mahiyyəti ilə uzlaşan
istənilən üsul barədə razılaşma ilə
ilkin müqavilə üzrə yaranan öhdəliyi təminat altına almaqda sərbəstdirlər. Lakin bu zaman, ilkin müqavilədə əsas
müqavilənin bağlanması öhdəliyinin icrasının təmini üsulu mahiyyətində müvafiq
razılaşma şərti olmalı və ya seçilmiş təminat üsulu barəsində ayrıca
müqavilə bağlanılmalıdır.
“Notariat haqqında” Qanunun 74-cü maddəsinin dördüncü hissəsinə gəlincə isə
qeyd edilməlidir ki, bu Qanun şəxslərin hüquq və öhdəliklərinin əmələ gəlmə
əsaslarını deyil, maddi hüquqa görə əmələ gəlmiş olan subyektiv hüquqların
həyata keçirilmə qaydalarını ehtiva edir. Odur ki, “Notariat haqqında” Qanunun
74-cü maddəsinin dördüncü hissəsi ilkin müqavilə üzrə barəsində razılıq əldə
edilmiş əsas öhdəliyin məhz icrası ilə bağlı ödənişin həyata keçirilməsinə dair
qaydanı nəzərdə tutmur. Həmin norma ilkin müqavilə üzrə, məsələn, öhdəliyin
icrasının təmini məqsədilə edilən ödənişlə bağlı rəsmiləşdirmə qaydasını
müəyyən edir. Eyni zamanda, ilkin
müqavilə ilə gələcəkdə bağlanılacaq əsas müqavilənin bağlanılmasının təşkil
edilməsi üçün zəruri olan xərclərin müəyyən edilməsi və buna yönəlmiş
ödənişlərin həyata keçirilməsi istisna edilməməlidir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
Mülki Məcəllənin 402-ci maddəsi ilə “Notariat haqqında” Qanunun 74-cü
maddəsinin dördüncü hissəsi arasında ziddiyyət mövcud deyil.
Müraciətdə qeyd edilən təcrübədə "ilkin alğı-satqı müqaviləsi"
adı altında əqdlərin bağlanılması ilə faktiki tikintisi başa çatmayan binanın
tərkib hissələrinə dair alğı-satqının
həyata keçirilməsi və şəxslərin bu müqavilə əsasında mülkiyyət hüququ əldə etdiyini
ehtimal etməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları
qeyd etməyi vacib hesab edir.
İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə
deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə
şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi
mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə
müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini
nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki
danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış
praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki
Məcəllənin 324.5, 404.1 və 404.2-ci maddələri) (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I
hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 20 iyun tarixli Qərarı).
Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz
təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin
mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə
uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi
bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə üzrə tərəflərin
həqiqi iradə ifadəsi olan digər bir müqavilənin pərdələndiyi halda (yalan əqd
halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir.
Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait
və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək
münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər.
Nəzərə alınmalıdır ki, əsas məqsədlərindən biri mülki dövriyyənin
inkişafını təmin etmək olan mülki qanunvericilik mülki dövriyyənin obyekti kimi
qeydiyyatsız daşınmaz əşyalar ilə bağlı əmlak mənafelərinin (sahiblik, istifadə
haqlarının), tələb haqlarının alğı-satqı,
vərəsəlik və s. əqdlər əsasında başqalarına keçməsinin mümkünlüyünü istisna
etmir. Mülki Məcəllənin hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə
edilməsini müəyyən edən 193-cü maddəsinə müvafiq olaraq güzəşt edilməsi mümkün
olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər.
Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
Tikintisi başa çatmamış binalarda tikintini həyata keçirən şəxslə ilk alıcı
arasında mənzilə dair bağlanan müqavilə üzrə podrat münasibətləri
yaranır və şəxsin bundan irəli gələn
tələb hüququ mövcud olur. Podrat münasibətində əldə edilmiş hüquq və
öhdəliklərin üçüncü şəxsə ötürülməsi mümkündür və bu halda podrat müqaviləsinin
tərəfi dəyişməlidir.
Təcrübədə “ilkin müqavilə” adı ilə rəsmiləşdirilən də məhz daşınmaz əşyaya
dair alacaq haqlarının (tələb hüquqlarının) ötürülməsi ilə bağlı olur.
Beləliklə, bu cür müqavilə üzrə alıcı qismində çıxış edən tərəf müqavilə
məbləğini ödəməklə satıcı ilə sonuncunun
malik olduğu tələb hüququnun (subyektiv hüququn) əldə edilməsi niyyətilə
razılığa gəlirlərsə, onlar arasında “ilkin müqavilə” münasibəti deyil, tələb
hüquqlarının güzəşti münasibəti yaranmış olur.
Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, mülki dövriyyənin davamlılığı və fasiləsizliyi, hüquqi müəyyənlik və hüquqi
etimad prinsiplərinin təmin edilməsi
baxımından bu qəbildən olan mübahisələrə baxılarkən ilkin müqavilənin
bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri hazırkı Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
araşdırılıb müvafiq nəticəyə gəlinməlidir.
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat
haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndindən irəli
gələrək vurğulayır ki, notariuslar tərəfindən ilkin müqavilənin təsdiqlənməsi
ilə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə
bağlı onların hüquq və vəzifələri, yaranacaq hüquqi nəticələr (xüsusilə ilkin
müqavilə əsasında mülkiyyət hüququnun əldə edilməməsi, reyestrdə qeydiyyatın
həyata keçirilməməsi) ətraflı izah edilməlidir.
Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, işin
xüsusi konstitusiya icraatı qaydasında baxılması zamanı təqdim edilmiş mütəxəssis
mülahizələrindən və ekspert rəylərindən müəyyən olunur ki, müraciətə səbəb olan
mübahisə qüvvədə olan qanunvericiliklə formalaşmış təcrübə arasındakı
ziddiyyətlərdən qaynaqlanır.
Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam
vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə
qeydiyyatı tarixindən əmələ gəlir.
Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli
Qanunu ilə Mülki Məcəlləyə dəyişikliklər edilərək, tikintisi başa çatmayan
binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri, torpaq sahəsi
barədə təminat qeydi, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində
tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat
münasibətlərində alış qiymətinin (muzd) ödənilməsi ilə bağlı tənzimləmə müəyyən
edilmişdir.
Mülki Məcəllənin 144-1-ci maddəsi
ilə çoxmənzilli binanın tikintisinin başlama mərhələsindən başa
çatdırılmasınadək, o cümlədən tikintisi başa çatmayan binaların torpaq
sahələrinə və onun tərkib hissələrinə dair hüquqların daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata alınması, həmin tərkib hissələrə (mənzil və
qeyri-yaşayış sahələrinə) dair sərəncam verilməsi üzrə əqdlərin bağlanması və
təminat qeydinin aparılması, habelə təminat qeydi aparılmış payların özgəninkiləşdirilməsini
ehtiva edən tənzimləmə nəzərdə tutulmuşdur.
Mülki Məcəllənin 144-1.3-cü maddəsi tikintisi başa çatmayan binanın tərkib
hissələrinə sərəncam vermək hüququnun yaranmasını müvafiq binanın bölünmə planı
əsasında torpaq sahəsində pay əşya hüququnun yaradılması və yaradılmış paylara
müvafiq tərkib hissələrinin müəyyən edilməsinə və daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınmasına bağlayır. Torpaq sahəsində paylara və tikintisi
başa çatmayan binanın müvafiq tərkib hissələrinə yaranan hüquqlara yalnız
notarial qaydada təsdiqlənən müqavilə ilə və daşınmaz əmlakın dövlət
reyestrində təminat qeydi aparmaqla sərəncam verilə bilər (Mülki Məcəllənin
144-1.4-cü maddəsi). Eyni zamanda Mülki Məcəllə sərəncam verən şəxsin öhdəlik
hüquq müstəvisində bağladığı müqaviləni Mülki Məcəllənin 178.8-ci maddəsində
Mülki Məcəllənin 39-cu fəslinə istinad edərək podrat münasibəti kimi müəyyən
edir.
Göstərilən tənzimləmənin bir məqsədi hələ tikilməkdə olan binanın tərkib
hissələrinə paylı əşya hüququ yaratmaqla onu torpaq sahəsinə bağlamaq və bu
müstəvidə hüquqi müəyyənlik yaratmaqdır. Digər məqsəd isə hələ mövcud olmayan
əşyaya (tikilməmiş binanın tərkib hissəsinə) münasibətdə mütləq hüquqa yaxın
bir hüquqi rejim (təminat qeydi vasitəsi ilə) yaratmaqdır.
Yuxarıda qeyd olunan mülki hüquq normaları ilə müəyyən edilən qayda
inzibati hüquq müstəvisində də əksini tapmışdır. Belə ki, “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.3-cü maddəsində
tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin
bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılması təsbit edilmişdir.
Göstərilən hüquq normalarının tələblərindən göründüyü kimi, Mülki
Məcəllənin 144-1-ci maddəsi ilə müəyyən edilmiş tənzimetmənin tətbiqi üçün
müvafiq torpaq sahəsi məhz əşya (mülkiyyət) hüququ əsasında şəxsə məxsus
olmalı, torpaq sahəsi tikiləcək binanın tərkib hissələrinə mütənasib paylara
bölünməli və hər bir paya və bu paya bağlı olan tərkib hissələrinin hər birinə
mülkiyyət hüququ qeydə alınmalıdır. Bu
paylara sərəncam verilməsi halında müqavilə notariat qaydasında təsdiqlənməli
və əldə edən şəxsin xeyrinə təminat qeydi aparılmalıdır.
Lakin belə hüquqi tənzimetmə təcrübədə nadir hallarda tətbiq olunur ki, bu
da təminat qeydinin aparılması üçün torpaq sahəsi üzərində tikinti obyekti
satıcısının əşya hüququnun mövcudluğunun zəruri olması, torpaq sahələrinin
tikinti obyektlərinin inşası üçün isə bir sıra hallarda icarə müqaviləsi
əsasında ayrılması ilə əlaqədardır.
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi
mövqeyə görə əşya hüququ obyektiv hüquq olaraq şəxsə məxsus əşyaya bilavasitə
təsir etmək yolu ilə öz maraqlarını təmin etmək imkanının realizəsi ilə
əlaqədar yaranan münasibətləri tənzim edən hüquq normalarının məcmusundan
ibarətdir. Subyektiv hüquq olaraq isə əşya hüququ şəxsə məxsus əşya üzərində
onun birbaşa hakimiyyətini müəyyən edən hüquq olmaqla təmin etdiyi
səlahiyyətlərin həcmi baxımından tam əşya haqqı və məhdud əşya haqları kimi
təsnif edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin
əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 1 iyul tarixli Qərar).
Eləcə də “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci
hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair” 2023-cü il 16 iyun tarixli Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin
135.4-cü maddəsinin üçüncü cümləsinə, 135.10-cu maddəsinə, 190-cı maddəsinə
uyğun olaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququ eyni zamanda, həmin
sahənin tərkib hissəsinə çevrilən, yəni ondan dağıdılmadan, zədələnmədən və ya
dəyişdirilmədən ayrıla bilməyən daşınmaz əşyalar üzərində mülkiyyət hüququnu da
əhatə edir və bu səbəbdən onlar birlikdə vahid daşınmaz əşya, vahid mülkiyyət
obyekti kimi çıxış edirlər. Həmçinin həmin Məcəllənin 227.1 və 231.1.1-ci
maddələrinə uyğun olaraq yaşayış binasının yerləşdiyi torpaq sahəsi müvafiq
binanın tərkib hissəsinin mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə
məxsusdur.
Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı
həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından
vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni
əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu
hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın
dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin
həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının
bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və
qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət
orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər
hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət
hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq
məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci
maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı).
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir
ki, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib
hissələrin bağlı olduğu paylarla əlaqədar
təminat qeydinin aparılması şəxsin gələcəkdə mülkiyyət hüququnun
tanınması üçün mühüm hüquqi vasitə kimi
qəbul edilməlidir.
Burada nəzərə alınmalıdır ki, müvafiq qanunvericilikdə təminat qeydi
mexanizminin müəyyən edilməsi mülki dövriyyə iştirakçılarının tikintisi başa
çatmayan binanın tərkib hissələrinə sərəncam verilməsinin xüsusiyyətləri ilə
əlaqədar obyektiv və qanunla qorunan legitim gözləntisini yaradır. Təcrübədə bu
mexanizmin tətbiqi imkanının məhdud olması hüquqi müəyyənlik prinsipi ilə
uzlaşmamaqla yanaşı, yuxarıda qeyd edilən alternativ hüquqi vasitələrdən
istifadə etməklə hüquq münasibətlərini həyata keçirən mülki dövriyyə
iştirakçılarının hüquqlarının təmin olunmasının səmərəliliyinə xələl gətirə
bilər.
Bu baxımdan, artıq icrasına başlanmış layihələrdə və tikintisi başa çatmış,
lakin istismara qəbul edilməmiş binaların altındakı torpaq sahələrinin və ona
bağlı tərkib hissələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə
alınması mexanizminin mümkün olan qısa
müddət ərzində təmin edilməsi məqsədəmüvafiqdir.
Konstitusiya Məhkəməsinin Plenumu şəxslərin mülkiyyət hüququnun təminatı və
qanunvericilik normalarının tələblərinə riayət olunması zərurətindən irəli
gələrək yeni torpaq sahələrinin tikinti məqsədi ilə ayrılması və bu sahələrdə
tikintisi başa çatmamış binaların tərkib hissələrinə dair sərəncam verilməsi
təcrübəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsinin
vacibliyini vurğulayır.
Burada o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin “Torpaqların icarəyə və ya istifadəyə verilməsi” adlanan
37-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan və tikinti
məqsədləri üçün ayrılmış torpaqlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin
tikintiyə vərəsəlik hüququ ilə bağlı müddəaları tətbiq olunur.
Mülki Məcəllənin 250.1-ci maddəsinə əsasən, torpaq sahəsi elə yüklü ola
bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ -
özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan
şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, daşınmaz əmlak bazarının, sahibkarlığın
inkişafının, habelə bu sahədə tənzimetmənin müəyyənliyinin, mülki dövriyyə
subyektlərinin hüquq və mənafelərinin qorunmasının təmin olunması məqsədilə dövlət
və ya bələdiyyə mülkiyyətində olan torpaqların tikinti obyektlərinin inşası
üçün ayrılmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydada əşya hüququ
əsasında həyata keçirilməsi
məqsədəmüvafiqdir.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və II
hissələrinin, Mülki Məcəllənin 402-ci maddəsinin məzmununa və hüquqi
təyinatına, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş
hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 402-ci maddəsi ilə “Notariat haqqında”
Qanunun 74-cü maddəsinin dördüncü hissəsi arasında ziddiyyət mövcud deyildir.
İlkin müqavilə üzrə “Notariat haqqında” Qanunun 74-cü maddəsinin dördüncü
hissəsi ilə nəzərdə tutulmuş qaydada həmin müqavilə üzrə öhdəliyin icrasının
təmini xarakterli və ya əsas müqavilənin bağlanılmasının təşkil edilməsi üçün
zəruri olan xərclərə dair ödəniş həyata keçirilə bilər;
- ilkin müqavilə ilə bağlı mübahisələrə baxılarkən həmin müqavilənin bağlanılmasında
iştirak edən subyektlərin həqiqi iradə və niyyətləri hazırkı Qərarın
təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq
araşdırılıb müvafiq nəticəyə gəlinməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1.
Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin,
29-cu maddəsinin I və II hissələrinin, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 402-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə
edilmiş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin
402-ci maddəsi ilə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü
maddəsinin dördüncü hissəsi arasında ziddiyyət mövcud deyildir.
İlkin müqavilə üzrə “Notariat haqqında” Azərbaycan
Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsi ilə nəzərdə tutulmuş
qaydada həmin müqavilə üzrə öhdəliyin icrasının təmini xarakterli və ya əsas
müqavilənin bağlanılmasının təşkil edilməsi üçün zəruri olan xərclərə dair
ödəniş həyata keçirilə bilər.
2.
İlkin müqavilə ilə bağlı mübahisələrə baxılarkən həmin müqavilənin bağlanılmasında
iştirak edən subyektlərin həqiqi iradə və niyyətləri Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb müvafiq nəticəyə
gəlinməlidir.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev