Qərarlar

10.04.26. AR CPM 74.3 mad. nəzərdə tutulan “axırıncı yaşayış yeri” və 522.6 mad. nəzərdə tutulan “sonuncu yaşayış yeri” anlayışlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 2, 3 və 5 mad. əlaqəli şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin  74.3-cü maddəsində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və 522.6-cı maddəsində nəzərdə tutulan “sonuncu yaşayış yeri” anlayışlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

10 aprel 2026-cı il                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov (məruzəçi-hakim), İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və 522.6-cı maddəsində nəzərdə tutulan “sonuncu yaşayış yeri” anlayışlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru F.Abbasovanın və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 74.3-cü maddəsində nəzərdə tutulmuş “axırıncı yaşayış yeri” və 522.6-cı maddəsində nəzərdə tutulmuş “sonuncu yaşayış yeri” anlayışlarının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 1, 2, 3 və 5-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, cinayət-prosessual qanunvericilikdə ibtidai araşdırma mərhələsində işlərin ərazi aidiyyəti məsələlərini ətraflı tənzimləyən müddəalar nəzərdə tutulmamış, Cinayət-Prosessual Məcəllənin 216-cı maddəsində isə yalnız ümumi şəkildə ibtidai araşdırmanın cinayətin törədildiyi yer üzrə aparıldığı qeyd olunmuşdur. Bu səbəbdən təcrübədə ibtidai araşdırma mərhələsində işlərin ərazi aidiyyətinin müəyyən edilməsi Cinayət-Prosessual Məcəllənin ərazi üzrə məhkəmə aidiyyətini nəzərdə tutan 74-cü maddəsinə əsasən həyata keçirilir. Bununla belə, qeyd olunan maddədə mövcud tənzimetmə hüquq tətbiqetmədə yaranmış qeyri-müəyyənliyin tam aradan qaldırılmasına imkan vermir.

Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinə istinadən Prokurorluq qeyd etmişdir ki, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə işə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.

Həmçinin həmin Məcəllənin 522.6-cı maddəsinə görə Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir.

Sorğuya əsasən göstərilən maddələrdə öz əksini tapmış “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışlarının özündə nəyi ehtiva etməsi ilə bağlı müxtəlif mövqelər mövcuddur.

Belə ki, bir sıra hüquq tətbiqedənlərin qənaətinə görə, şəxs bir neçə yaşayış yerində daimi və ya müvəqqəti yaşaya, eyni zamanda yaşayış yerini mütəmadi olaraq dəyişdirə bilər. Buna görə də, “axırıncı yaşayış yeri” və ya “sonuncu yaşayış yeri” qismində şəxsin yaşadığı yer kimi onun qeydiyyata alındığı yer başa düşülməlidir.

Digər yanaşma isə ondan ibarətdir ki, şəxsin yaşadığı yer üzrə harada qeydiyyata alınmasından asılı olmayaraq, faktiki olaraq sonuncu daimi yaşayış yeri “axırıncı yaşayış yeri” və ya “sonuncu yaşayış yeri” hesab olunmalıdır. Çünki bir sıra hallarda şəxslər daimi olaraq başqa ünvanda yaşasalar da, həmin yer üzrə qeydiyyata düşmürlər və qeydiyyatda olduqları yaşayış yerləri ilə faktiki olaraq hər hansı bağlılıqları və ya əlaqələri olmur.

Göstərilənlərlə əlaqədar Prokurorluq belə qənaətə gəlmişdir ki, qanunvericilik normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə sorğuda qeyd olunan normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh olunması zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli ilə əlaqədar aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Bu normada qeyd olunan “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. elementləri ehtiva edir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

Məhkəmə aidiyyəti məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş vacib təminatlardan biridir. Bu baxımdan məhkəmə aidiyyətini müəyyən edən normaların hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab verməsi mühüm əhəmiyyət kəsb edir. Aidiyyət qaydalarını müəyyən edən normaların dəqiqliyi hüquqi qeyri-müəyyənliyin, aidiyyət üzrə mübahisələrin qarşısını almaqla ədalət mühakiməsinə əlçatanlığı və işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, məhkəmələrin aidiyyət meyarları cinayət-prosessual qanunvericilikdə dəqiq müəyyən edilməlidir, əks təqdirdə məhkəmə, tərəflər və prosesin digər iştirakçıları qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə baxılmasını ləngidə, bununla da şəxsin işinə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılması hüququnu poza bilər. İşlərin aidiyyət qaydalarına riayət edilməməsi isə işlərə səlahiyyətli məhkəmə tərəfindən baxılması tələbini, eləcə də məhkəmə müdafiəsi hüququnu pozmuş olar (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2012-ci il 10 fevral tarixli Qərar).

Cinayət-Prosessual Məcəllənin aidiyyətlə bağlı normalarının təhlilindən əvvəl Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, qanunvericiliklə ərazi üzrə aidiyyət qaydaları formal yanaşma əsasında deyil, müvafiq mühakimə icraatının vəzifələrindən irəli gələn, proses iştirakçılarının hüquq və qanuni mənafelərinin real və effektiv təmin olunmasına yönəlmiş meyarlar əsasında müəyyənləşdirilir. Odur ki, cinayət-prosessual qanunvericiliyin aidiyyət qaydalarını müəyyən edən normaları, eləcə də bu normalarda istifadə edilən anlayışlar məhz cinayət mühakimə icraatının vəzifələri və prinsiplərinə xidmət edəcək məzmunda şərh və tətbiq edilməlidir.

Qanunvericiliyə əsasən ibtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır və cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır (Cinayət-Prosessual Məcəllənin 216.1 və 74.1-ci maddələri).

Cinayət-Prosessual Məcəllənin 74.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, həmin maddədə cinayət işinə “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan məhkəmə”də baxıldığı göstərilsə də, bu müddəa normayaratma texnikası baxımından tam uğurlu ifadə olunmamışdır. Belə ki, ərazi yurisdiksiyası hər hansı yerə deyil, məhkəməyə aid olmaqla, onun səlahiyyətlərinin şamil olunduğu ərazini ifadə edir. Bu baxımdan həmin normanın məzmunu cinayət işinə cinayətin törədildiyi yer üzrə yurisdiksiyaya malik olan birinci instansiya məhkəməsində baxılmalı olmasını nəzərdə tutur.

Məhkəmə və istintaq aidiyyətinin cinayətin törədildiyi yer üzrə müəyyənləşdirilməsinə dair ümumi qayda ondan irəli gəlir ki, cinayətin törədildiyi yer sübutların toplanması, şahidlərin dindirilməsi, cinayət işinin tam və hərtərəfli araşdırılması baxımından ən münasib yer olmaqla, ədalətli məhkəmə araşdırması hüququnun təmin olunmasına xidmət edir.

Bununla belə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənarda törədilən cinayət əməlləri ilə bağlı da ölkə ərazisində istintaqın aparılması və cinayət işinə yerli məhkəmələrdə baxılması mümkündür.

Xaricdə törədilməsi ehtimal olunan cinayətlər üzrə işlərə cinayətin törədildiyi yer üzrə baxılması mümkün olmadığından, bu cür işlərə dair, habelə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatlarla bağlı ərazi üzrə aidiyyət xüsusi qaydada tənzimlənmişdir və müvafiq şəxslərin sonuncu (axırıncı) yaşayış yerinə uyğun olaraq müəyyən edilir.

Bir çox normativ hüquqi aktlarda istifadə olunan və həmin aktlarla tənzimlənən münasibətlərin hüquqi məqsəd və xarakterindən asılı olaraq müxtəlif məzmun daşıyan “yaşayış yeri” anlayışı eyni zamanda prosessual hüquqi kateqoriya kimi çıxış edir. Bu anlayış, həmçinin digər qanunvericilik aktlarında, o cümlədən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda nəzərdə tutulmuş “şəxsin olduğu yer” anlayışından da fərqlənir. Belə ki, həmin Qanunun 2-ci maddəsinin birinci və ikinci hissələrinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binasıdır (özünün, qohumunun, tanışının və b.).

Göründüyü kimi, şəxsin olduğu yer müvəqqəti xarakter daşıdığı və tez-tez dəyişə bildiyi halda, yaşayış yeri onun daimi və sabit xarakter daşıyan faktiki bağlılığının  olduğu, daha çox yaşadığı məkandır.

Nəzərə alınmalıdır ki, qanunvericinin ərazi aidiyyətini tənzimləyərkən şəxsin olduğu yer deyil, bilavasitə yaşayış yeri anlayışından istifadə etməsi bir sıra mühüm prosessual və digər hüquqi məqsədlərlə şərtlənir. Belə ki, yaşayış yeri bir tərəfdən barəsində icraat aparılan şəxsin müdafiə hüququnun səmərəli təşkil və təmin edilə bildiyi, digər tərəfdən isə həmin şəxsin dövlət orqanları üçün əlçatanlığını təmin edən, məhkəmənin real nəzarət imkanlarına malik olduğu, cinayət mühakimə icraatının fasiləsiz şəkildə aparılmasına və ədalət mühakiməsinin effektivliyinə şərait yaradan ərazidir. Həmçinin belə tənzimetmə işin müxtəlif məhkəmələr arasında ötürülməsinin, mübahisələrin və icraatın süni şəkildə uzadılmasının qarşısını alır.

Yuxarıda göstərilənlər baxımından şəxsin daimi bağlılığının olduğu yaşayış yerinin hüquqi cəhətdən qabaqcadan müəyyən olması xüsusi əhəmiyyət kəsb edir ki, belə müəyyənlik məhz yaşayış yerinin qeydiyyatı vasitəsilə təmin edilir.  

Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan həmin şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

Həmin Qanunun 5-ci maddəsinə müvafiq olaraq yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək müvafiq ərizə-anketlə birlikdə həmin maddədə göstərilən sənədləri təqdim etməli, müvafiq icra hakimiyyəti orqanı isə yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalıdır.

Yaşayış yerinin hansı sənədlərlə  müəyyən edildiyi isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində öz əksini tapmışdır.

Nəzərə alınmalıdır ki, vətəndaşın (qanunla nəzərdə tutulmuş hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin) yaşayış yerinə dair dövlət orqanlarına məlumat verməsi və həmin məlumatın rəsmi uçota alınması mexanizmi olan yaşayış yeri üzrə qeydiyyat insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir.

Yaşayış yeri üzrə qeydiyyata alınma dövlətin idarəetmə funksiyalarının icrasına xidmət etməklə, Qanunda da göstərildiyi kimi icazə xarakteri daşımır və şəxslərin özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi çıxış etmir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı).

Belə qeydiyyatın əsas məqsədi şəxsin ölkə ərazisində daimi (və ya daha çox) yaşadığı yer barədə dövlət orqanlarında vahid və düzgün məlumatın formalaşdırılması yolu ilə hüquq münasibətlərində müəyyənliyin və sabitliyin təmin edilməsidir. Vətəndaşların yaşayış yerlərinin qeyri-müəyyən olması dövlət orqanlarının üzərinə düşən inzibati, nəzarət və digər vəzifələrin icrasında ləngimələrə və səmərəsizliyə gətirib çıxara bilər. Bu səbəbdən qanunvericilik yaşayış yerinin dəyişdirilməsi halında müvafiq qeydiyyata düşməyi vətəndaşın vəzifəsi kimi müəyyən edir. Qeydiyyatda olduğu ünvanla artıq daimi bağlılığı olmayan, lakin bu barədə müvafiq qaydada məlumat vermək vəzifəsini icra etməyən şəxs isə həmin uyğunsuzluqdan irəli gələn hüquqi nəticələrlə bağlı (o cümlədən aidiyyətin müəyyən edilməsi ilə) riski daşımış olur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələbi şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərar).

Odur ki, vətəndaşların yaşayış yerini dəyişərkən qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata düşmək vəzifəsini yerinə yetirməsi həm dövlətin inzibati funksiyalarının icrası, həm də şəxsin öz mənafeyi baxımından əhəmiyyətlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alındığı yaşayış yerini nəzərdə tutur. Şəxs hər hansı səbəbdən qeydiyyatdan çıxdıqda isə məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 2020-ci il 4 noyabr tarixli Qərarında da ifadə edilərək göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir.

Belə tənzimetmə məhkəmə aidiyyətinin proqnozlaşdırıla bilən olmasına və onun cinayət prosesinin iştirakçıları tərəfindən öz istəklərinə görə əsassız dəyişdirilməsi imkanının aradan qaldırılmasına şərait yaradır. İstintaq orqanı tərəfindən şəxsin qeydiyyat ünvanı ilə faktiki yaşayış yerinin eyni olub-olmamasının müəyyənləşdirilməsi, fərqlilik aşkar edildiyi halda isə faktiki yaşadığı ünvanın və  həmin yerlə daimi bağlılığı faktının sübuta yetirilməsi məhkəmə aidiyyəti institutunun prosessual qənaət prinsipinin, işlərə məhkəmədə ağlabatan müddətdə baxılmasının, pozulmuş hüquqların qısa müddətdə bərpasının təmin edilməsinə yönəlmiş məqsədləri ilə uyğunsuzluq təşkil etmiş olardı.

O da qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) hüquqi müəyyənlik prinsipinin realizəsinə xidmət edən müddəalarına əsasən, normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalı, eyni terminlər bir mənada işlədilməli və vahid formaya malik olmalıdır. Normativ hüquqi aktın mətnində eyni mənada müxtəlif anlayışlar (terminlər)dan istifadəyə yol verilmir (25.5, 54.2 və 56.0.2-ci maddələr).

Şərh olunan maddələrdə əksini tapan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları isə eyni məna daşımasına baxmayaraq, müxtəlif ifadələrdən istifadə edilməklə formalaşdırılmışdır.

Odur ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun sadalanan normalarının tələbləri nəzərə alınmaqla terminoloji ardıcıllığın və anlayışların vahid formaya malik olmasının təmin edilməsi baxımından göstərilən maddələrdə müvafiq düzəlişlərin edilməsi məqsədəuyğun olardı.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsi ilə ərazi üzrə məhkəmə aidiyyətinin təqsirləndirilən şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yerinə görə müəyyənləşdirilməsinə baxmayaraq, bəzi hallarda təqsirləndirilən şəxsin (məsələn əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin) ölkə ərazisində ümumiyyətlə yaşayış yeri üzrə qeydiyyatı olmaya bilər. Bu kimi hallarda məhkəmə aidiyyəti məsələsi qeyri-müəyyən qalmaqla, qanunvericilikdə boşluq kimi qiymətləndirilməlidir. Belə boşluq isə məhkəmədə işlərə ağlabatan müddətdə baxılması prinsipinin pozulmasına səbəb ola, son nəticədə Konstitusiyada təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün məhdudiyyətlər yarada bilər.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin qanunvericilik qaydasında təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-  Konstitusiyanın 62-ci maddəsinin hüquqi təyinatından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.

- Konstitusiyanın 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:

        ·  təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Cinayət-Prosessual Məcəllənin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;

        · Cinayət-Prosessual Məcəllənin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan” ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

        Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 6567 və 69-cu maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin hüquqi təyinatından və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərindən irəli gələrək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3 və 522.6-cı maddələrində ərazi üzrə məhkəmə aidiyyətini müəyyən edən “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan sənədlərdə göstərilən yaşayış yerini ehtiva edir.

Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən edilir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin, hüquqi müəyyənlik prinsipinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:

- təqsirləndirilən şəxs Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyata alınmadığı halda xaricdə törədilməsi ehtimal olunan cinayətə dair işin ərazi üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü maddəsinin təkmilləşdirilməsi;

- Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.3 və 522.6-cı maddələrində nəzərdə tutulan “axırıncı yaşayış yeri” və “sonuncu yaşayış yeri” anlayışlarının, həmçinin 74.1-ci maddəsində əks olunmuş “cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan” ifadəsinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 25.5, 54.2 və 56.0.2-ci maddələrinin tələblərinə uyğunlaşdırılması məqsədilə həmin maddələrdə müvafiq dəyişikliklərin edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                           Fərhad Abdullayev