Qərarlar

25.05.26. AR Konstitusiyasının 80-ci maddəsi baxımından AR CM-in 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və AR Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

  

25 may 2026-cı il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N   E T D İ:

  

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra –  Cinayət Məcəlləsi) 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – Cəzaların İcrası Məcəlləsi) 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə istinadən göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Həmin Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir (Cinayət Məcəlləsinin 79.2 və 79.3-cü maddələri).

Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsində isə göstərilmişdir ki, uşaq on dörd yaşına çatdıqda və ya uşaq vəfat etdikdə məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi məsələsini həll edir. Məsələyə baxarkən məhkəmə icra məmurunun mülahizəsini nəzərə alır.

Sorğuverən qeyd etmişdir ki, Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsində uşağın vəfat etməsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzaçəkmə müəssisələrinə göndərilməsi üçün əsas kimi nəzərdə tutulduğu halda, Cinayət Məcəlləsinin 79-cu maddəsində bu məsələ açıq qalmışdır.

Digər tərəfdən cəzasının çəkilməsi təxirə salınmış məhkumun hamiləliyinin pozulması halında cəzanın təxirə salınmasının hansı hüquqi nəticələrə səbəb olması məsələsi hər iki Məcəllədə öz həllini tapmamışdır.

Sorğuya əsasən hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması Cinayət Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulan humanizm prinsipinə əsasən hamiləlik zamanı dölün sağlam inkişafına, uşağın psixoloji, sosial və fiziki inkişafının qorunmasına xidmət edir. Odur ki, hamiləliyin pozulmasının uşağın on dörd yaşına çatması və ya ölümü ilə eyni hüquqi nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 6-cı maddəsində müəyyən edilən qanun qarşısında bərabərlik prinsipinə və həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə ziddir.

Sorğuverənin qənaətinə görə yuxarıda göstərilən məsələlərlə əlaqədar qanunvericilik normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin, o cümlədən şəxslərin Konstitusiya ilə bəyan edilmiş hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə müvafiq maddələrin şərh olunmasına zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərlə əlaqədar cinayət hüququnun mühüm institutlarından olan cəzanın çəkilməsinin təxirə salınması institutunun hüquqi mahiyyətinin, bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin bir daha nəzərdən keçirilməsini vacib bilir.

Cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək şəxsin cəzanı real olaraq çəkmədən də islah oluna biləcəyini nəzərə alaraq bu cinayət-hüquqi vasitədən istifadənin mümkünlüyünü müəyyən etmişdir.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 2021-ci il 8 dekabr tarixli Qərarında da ifadə edilmişdir.

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının tətbiqi əsasları kimi məhkum edilmiş şəxsi cəmiyyətdən təcrid etmədən cəzanın məqsədlərinə nail olmaqla yanaşı uşaqların maraqlarının qorunmasına dair konstitusion  prinsipin həyata keçirilməsi çıxış edir.

Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqları zəruri valideyn qayğısı və tərbiyəsi ilə təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2012-ci il 10 fevral tarixli Qərar).

Məlum olduğu kimi, valideynin tərbiyə prosesindən kənarlaşdırılması uşağın inkişafına və kiçik yaşda şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərməsi ilə nəticələnə bilər. Odur ki, bu institut məsuliyyətin labüdlüyü prinsipi ilə uşaq maraqları arasında ağlabatan tarazlığın təmin edilməsinə yönəlməklə cəzası təxirə salınmış valideyndə şəxsi məsuliyyəti (valideynlərin uşaqları tərbiyə etmək, uşaqların icbari ümumi orta təhsil almasını təmin etmək və uşaqları saxlamaq öhdəliyi) inkişaf etdirərək onun cəmiyyətə qaytarılması və uşağın maraqlarının qorunması məqsədi daşıyır.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 79.1-ci maddəsində “uşağı olan qadınlar” sözlərindən sonra, “habelə səkkiz yaşına (hal-hazırda on dörd yaşına) çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilmişdir. Cəzasının çəkilməsi təxirə salınan şəxslərin sırasına azyaşlı uşaqları təkbaşına böyüdən kişilərin əlavə edilməsi bu institutun qadının fizioloji vəziyyəti ilə yox, məhz uşaqların mənafeyi ilə bağlı olduğunu bir daha təsdiq edir.

Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin mənasına görə qanunverici cəzanın çəkilməsinin təxirə salınmasını müəyyən edərkən cəzası təxirə salınmış şəxsdə məsuliyyət hissini inkişaf etdirərək onun cəmiyyətə qayıtması, həmçinin valideynin məhkum olunmasından mənfi təsirlənən uşağın mənafeyinin qorunmasını rəhbər tutmuşdur.  Bununla da, məhkum olunmuş şəxs övladının böyüdülməsi və tərbiyəsi ilə məşğul olmağa təşviq edilir ki, nəticədə on dörd yaşına çatmamış uşaq ana və ata himayəsindən məhrum olmamaqla psixi və fiziki cəhətdən sağlam böyümək və təhsil almaq fürsəti əldə edərək sağlam mühitdə yetişir, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması ilə bağlı dövlətin sosial siyasətinin məqsədlərinə də nail olunur.  

Uşaqların müdafiəsi Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olmaqla Konstitusiyanın 17-ci maddəsinin VI hissəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi təsbit edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 23 aprel tarixli Qərarında da qeyd edilmişdir ki, uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Göstərilənlərlə yanaşı, Konstitusiyanın 17 və 34-cü maddələrində cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması təsbit edilməklə yanaşı, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu kimi müəyyən edilmişdir.

Konstitusiyada təsbit olunan həmin müddəalardan irəli gələrək Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsipləri əsasında valideyn və uşaqların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edir.

Belə ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələri).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 15 və 36-cı  maddələrinə uyğun olaraq  dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq və ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır.

Hamilə qadınlara və azyaşlı uşaqları olan məhkumlara cəzanın çəkilməsinin təxirə salınmasını tətbiq etməklə dövlət uşağın ailə mühitində tərbiyə olunması ilə bağlı maraqlarını, valideynin azadlıqda, birgə yaşayış və ümumi məişət şəraitində uşağını böyütmək imkanına malik olmasını təmin etməyə çalışır. Bununla da, ailə institutunun möhkəmləndirilməsi şəraitində uşağın ənənəvi ailə dəyərlərini mənimsəməsi təmin edilmiş olur.

Sadalananlar əsasında Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  qanunverici tərəfindən Cinayət Məcəlləsinin 79-cu maddəsində göstərilən şəxslərə münasibətdə xüsusi qaydanın müəyyənləşdirilməsi məhz uşaqların müdafiəsi, onların hüquqlarının realizəsinə  imkan yaradılması ilə bağlıdır.

Cəzasının çəkilməsi təxirə salınmış məhkumun hamiləliyinin pozulmasının hüquqi nəticələrinə dair cinayət və cəza-icra qanunvericiliyində hər hansı bir müddəanın göstərilməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.

Hamilə qadınların cəzasının çəkilməsinin təxirə salınmasında dövlətin güddüyü məqsəd məhz doğulacaq uşağın fiziki-psixi sağlamlığının təmin edilməsi olduğundan, hamiləliyin pozulduğu halda cəzanın çəkilməsinin təxirə salınma şərti aradan qalxmış olur və nəticədə həmin şəxs digər qadın məhkumlarla eyni hüquqi vəziyyətə düşür.

Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 2012-ci il 10 fevral tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir:

- bu institut ancaq hamilə qadınlara, müəyyən yaşa qədər uşağı olan qadınlara və həmin yaşda uşağı təkbaşına böyüdən kişilərə tətbiq edilir;

- şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir;

- şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır.

Cəzasının çəkilməsi təxirə salınmış məhkumun uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi hallar təxirə salınmanın ləğvi üçün əsasdır (Cinayət Məcəlləsinin 79.2-ci maddəsi).

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salındığı dövr üçün qanunvericiliyin əsas tələbi məhkumun uşağın tərbiyəsi ilə məşğul olması və yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır.

Belə ki, Cinayət Məcəlləsinin 79.3-cü maddəsində nəzərdə tutulan müddətə (uşaq on dörd yaşına çatanadək) cəzasının çəkilməsi təxirə salınmış məhkum yeni cinayət törətmədikdə və uşağın tərbiyəsi ilə bağlı yuxarıda qeyd edilən tələbləri pozmadıqda məhkəmə həmin şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir.

Həmin maddədə nəzərdə tutulan müddət ərzində (uşaq on dörd yaşına çatanadək) yuxarıda qeyd edilən tələblərin yerinə yetirilməsinin məhkumun üzərinə vəzifə kimi qoyulduğunu nəzərə alaraq həmin müddət “sınaq müddəti” kimi qiymətləndirilməlidir.

Lakin hamiləliyin pozulması nəticəsində uşaq doğulmadığı üçün uşağın tərbiyəsi ilə bağlı sosial məqsəd reallaşmamaqla yanaşı, cəzanın çəkilməsinin təxirə salınmasının əsas şərtlərindən biri olan uşağın tərbiyəsi ilə məşğul olma məsələsinin “sınaq müddəti”ndə qiymətləndirilməsi də mümkünsüz olur.  

Nəzərə alınmalıdır ki, cəzanın icrası prosesi cəzanın qanunauyğun surətdə çəkilməsinə və onun məqsədlərinin həyata keçirilməsinə xidmət etdiyindən, həvəsləndirici normaların tətbiqi cəzanın icra mexanizminin tərkib hissəsi kimi çıxış edir. Təsadüfi deyildir ki, məhkəmə məhz məhkumun davranışını və uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq, onun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi məsələsini həll edir.

Odur ki, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi məsələsinə münasibətdə hamiləliyin pozulmasının uşağın on dörd yaşına çatması və ya vəfat etməsi ilə bərabər tutulması cəza siyasətinin mahiyyəti, cinayət qanunvericiliyinin başlıca prinsipləri olan qanunçuluq, ədalət prinsipləri və Konstitusiyanın 80-ci maddəsindən irəli gələn məsuliyyətin labüdlüyü prinsipi ilə uyğunsuzluq təşkil etmiş olar.

O da qeyd edilməlidir ki, məsuliyyətin labüdlüyü prinsipi cəzadan yayınmaq üçün istifadə edilə bilən “leqal sxem”in olmasını istisna edir. Əks yanaşma hamiləliyin pozulmasından sonra “cəzanın çəkilməmiş hissəsindən azad etmə”yə yol açmaqla sui-istifadə riskini artırmış və bununla da cəzadan yayınmaq üçün şərait yaratmış olar. Belə ki, bu sxemdən istifadə edərək hətta ağır və xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş qadın bir neçə ay “hamilə” statusunda qalmaqla ona təyin edilmiş cəzadan yayına bilər.

Qeyd edilməlidir ki, bir sıra xarici, o cümlədən Avropa ölkələrində hamiləliyə görə azadlıqdan məhrum etmə cəzasının təxirə salınması sui-istifadə hallarına səbəb olduğundan qanunvericilikdə və məhkəmə təcrübəsində bu amil vaxtaşırı nəzərdən keçirilir. Belə ki, 2024-cü ildə İtaliya Respublikası cinayət qanunvericiliyində dəyişiklik edərək hamiləliklə bağlı qadınların azadlıqdan məhrum etmə cəzasının məcburi təxirə salınması institutundan imtina etmişdir.

Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 8.1 və 41.2-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 18 iyun tarixli Qərarında cəzanın sosial ədalətin bərpası məqsədilə bağlı qeyd edilmişdir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur.

Göstərilənlərə əsasən cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsas kimi çıxış edir və hamiləliyin pozulması istər cəzanın məqsədləri, istərsə də cəzaların icrası qanunvericiliyinin prinsipləri baxımından məhkumun cəzadan vaxtından əvvəl azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsini şərtləndirən hal kimi qiymətləndirilə bilməz.

Eyni zamanda, məhkəmə tərəfindən məsələyə baxılarkən cəzanın çəkilməsinin təxirə salınması üçün başqa əsasın, yəni hamiləliyi pozulmuş qadının himayəsində on dörd yaşınadək digər uşağının olub-olmaması nəzərə alınmalıdır.

Həmçinin Cinayət Məcəlləsinin 78-ci maddəsində (xəstəliyə görə cəzanı çəkməkdən azad etmə) və 80-1-ci  maddəsində (zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə) nəzərdə tutulmuş əsaslardan hər hansı biri olduğu təqdirdə, hamiləliyi pozulmuş qadının həmin əsasla cəza çəkməkdən azad edilməsinin mümkünlüyü istisna edilmir.

Konstitusiya Məhkəməsinin Plenumu onun da qeyd edilməsini vacib hesab edir ki, Cinayət Məcəlləsinin 79-cu maddəsi ilə Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsi arasında aşkar uyğunsuzluq (kolliziya) mövcuddur.

Belə ki, Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsində uşağın vəfat etməsinin hüquqi nəticələri nəzərdə tutulsa da, Cinayət Məcəlləsinin 79-cu maddəsində bu məsələ tənzimlənməmişdir.

Bundan başqa Cinayət Məcəlləsinin 79.3-cü maddəsində uşağı on dörd yaşına çatmış məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsi imkanı nəzərdə tutulduğu halda, Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsində isə vaxtından əvvəl azad etmənin şərti olaraq həyata keçirilməsi müəyyən edilmişdir.

Uşağın on dörd yaşına çatmasının hüquqi nəticələri də cinayət və cəzaların icrası qanunvericiliyində fərqli tənzimlənmişdir.

Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 79.3-cü maddəsindən “yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir” sözləri çıxarılmışdır. Lakin bununla əlaqədar Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsində hər hansı dəyişiklik edilməmişdir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu)  10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir.

Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsində müvafiq dəyişiklik edilməsə də, yeni normativ hüquqi aktla qanunverici uşağı on dörd yaşına çatmış məhkumun cəzasının qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərilməsini istisna etmişdir.

Həmin dəyişikliyə uyğun olaraq uşağı on dörd yaşına çatanadək məhkum cəzasını çəkmək üçün hökmlə müəyyən olunmuş yerə yalnız Cinayət Məcəlləsinin 79.2, 79.4 və 79.5-ci maddələrində müəyyən edilmiş davranış qaydalarını pozduqda göndərilə bilər.

Yuxarıda da qeyd edildiyi kimi, uşağın on dörd yaşına çatması cəzanın çəkilməsinin təxirə salınmasında “sınaq müddəti”nin bitməsi kimi qiymətləndirilir. Ədalət və humanizm prinsiplərindən irəli gələrək qanunverici “sınaq müddəti”ndə hər hansı qanun pozuntusuna yol verməmiş məhkum barəsində yalnız cəzanın yüngülləşdirilməsini və ya bu cəzadan tamamilə azad edilməsini mümkün hesab etmişdir.

Lakin cəzasının çəkilməsi təxirə salınmış məhkumun uşağı vəfat etdikdə “sınaq müddəti” vaxtından əvvəl kəsildiyi üçün məhkəmə məhkumun davranışını, uşağın tərbiyəsinə münasibətini nəzərə alaraq iki yox, üç qərardan birini qəbul edə bilər: cəzadan azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və ya cəzaçəkmə müəssisəsinə göndərilməsi barədə.

Cinayət Məcəlləsinin 79.3-cü maddəsindən fərqli olaraq Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsinə görə vaxtından əvvəl azad etmənin şərti olaraq həyata keçirilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Cəzasının çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad olunması və ya cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsinin şərti kimi “sınaq müddəti”ndə (uşaq on dörd yaşına çatanadək) yeni cinayət törətməməsi və uşağın tərbiyəsi ilə bağlı vəzifələrinin yerinə yetirilməsi çıxış edir. Yəni hamilə qadınların və azyaşlı uşaqları olan şəxslərin cəzasının təxirə salınmasının davamlılığı müəyyən vəzifələrin yerinə yetirilməsi ilə şərtləndirilmişdir. Bu baxımdan uşaq on dörd yaşına çatanadək  qeyd edilən tələblərə riayət etmiş məhkumun cəzadan azad edilməsi şərti olaraq həyata keçirilə bilməz.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519.1.3-cü maddəsində də cəzasının çəkilməsi təxirə salınmış məhkumun cəzadan şərti yox, tam azad edilməsinin prosessual qaydası müəyyən olunur.

Cinayət Məcəlləsinin 79.3-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddəsi kimi əlaqəli normaların müxtəlif məzmunda müəyyən edilməsi hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələblərinin pozulmasına səbəb olmaqla, hüquq və azadlıqların müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsinin yaranması ilə nəticələnə bilər.

Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu isə öz növbəsində hər kəsin onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 31 may tarixli Qərarı).

Hüquqi müəyyənlik konstitusiya prinsipinə uyğun olaraq normativ hüquqi aktların və onların struktur elementlərinin forması və mətninə xüsusi tələblər irəli sürülmüşdür.

Belə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8-ci maddəsində normayaratma fəaliyyətinin əsas prinsipləri sırasında “mütənasiblik”, “normativ hüquqi aktların ziddiyyətsizliyi”, “ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi” kimi prinsiplər yer almışdır. Həmin Konstitusiya Qanununun 25.1-ci maddəsinə əsasən, normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı və məntiqli qurulmalıdır.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi normativ hüquqi aktın şərhi ilə bağlı qəbul etdiyi qərarında normativ hüquqi aktların kolliziyasını təsdiqləyərsə, həmin kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu Konstitusiya Qanununun 12.1.1–12.1.3-cü maddələrində göstərilən tədbirlər görülməlidir.

Bundan başqa qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.

Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq cinayət qanunu həmin Məcəllənin 2.1-ci maddəsində göstərilən vəzifələri həyata keçirmək üçün cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edirsə, Cəzaların İcrası Məcəlləsinin 2.2 və 2.3-cü maddələrinə əsasən bu Məcəllə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların icrasının ümumi müddəa və prinsiplərini, cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini və bununla əlaqədar bir sıra digər məsələləri müəyyən edir.

Cəzaların İcrası Məcəlləsinin məqsədi Cinayət Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədilə eynidir. Bu onunla izah olunur ki, Cəzaların İcrası Məcəlləsi üçün maddi əsası Cinayət Məcəlləsi təşkil edir. Cəzaların İcrası Məcəlləsinin vəzifəsi Cinayət Məcəlləsinə müvafiq olaraq təyin olunmuş cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair” 2023-cü il 1 sentyabr tarixli Qərarı).

Bu səbəbdən, Cəzaların İcrası Məcəlləsinə cinayət qanununda müəyyən olunmuş təxirə salınmanın ləğv edilməsinin maddi əsaslarını, yaxud uşağın on dörd yaşına çatmasının və ya vəfat etməsinin hüquqi nəticələrini dəyişdirən normalar daxil edilməməlidir.

Eyni zamanda, cəzası təxirə salınmış məhkumun hamiləliyinin pozulmasının və ya uşağın vəfat etməsinin hüquqi nəticələrinin Cinayət Məcəlləsində nəzərdə tutulmaması həmin Məcəllədə boşluq kimi qiymətləndirilməli və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 93.2-ci maddəsinin tələbinə əsasən bu boşluq aradan qaldırılmalıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 79.3-cü və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrində müvafiq dəyişikliklərin edilməsi məqsədəmüvafiqdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 80-ci maddəsinin, həmçinin Cinayət Məcəlləsinin  5.1, 8.1, 41.2-ci və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz;

- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 12.3-cü maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Cinayət Məcəlləsinin 79.3-cü və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

Q Ə R A R A   A L D I: 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  5.1, 8.1, 41.2-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 12.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərindəAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

 

 Sədr                                                                                          Fərhad Abdullayev