AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
22 iyun 2026-cı il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov
(məruzəçi-hakim), Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət
tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və
449.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş
üzrə hakim İ.Nəcəfovun məruzəsini,
maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı
Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya
Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
M Ü Ə
Y Y Ə N E T D İ:
Sorğuda göstərilmişdir ki,
prosessual hərəkətlərdən və qərarlardan şikayət etmək hüququnu tənzimləyən Cinayət-Prosessual
Məcəllənin 122.2.3-cü maddəsinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun bu Məcəllənin
449.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərindən və ya qərarlarından məhkəmə
nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir.
Bir neçə işə istinadən
Prokurorluq qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyində
məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların
dairəsinin qəti şəkildə müəyyən edilməsinə baxmayaraq, bəzi hallarda cinayət
işlərinin istintaqı və ilkin yoxlamalar zamanı cinayət prosesini həyata keçirən
orqanın Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində
nəzərdə tutulmayan prosessual hərəkət və qərarlarından (məsələn, sübutların
qiymətləndirilməsi haqqında qərarın müəyyən bəndlərindən, şəxs barəsində
axtarış elan edilməsi, ilkin yoxlama materialı ilə tanış olmağa şəraitin
yaradılmaması barədə və s.) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında
baxılması nəticəsində həmin qərar və hərəkətlər (hərəkətsizliklər) qanunsuz
hesab edilir. Bu isə ibtidai araşdırma müddətlərinin lüzumsuz olaraq
uzanmasına, cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmamasına, hüquqi
qeyri-müəyyənliyə, eləcə də şəxslərin hüquq və azadlıqlarının pozulmasına səbəb
olur.
Göstərilənlərə əsasən sorğuverən
cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və
hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Cinayət-Prosessual Məcəllənin
449.3-cü maddəsində nəzərdə tutulmayan prosessual
qərar və hərəkətlərdən verilmiş şikayətlərə baxılmasının mümkün olub-olmaması,
şikayət verilə bilən hərəkət və qərarların siyahısının qəti olub-olmaması,
habelə həmin Məcəllənin 449.3-cü maddəsinin məhkəmə nəzarətinin predmetinin hədlərinə
münasibətdə genişləndirici təfsir edilməsinin mümkünlüyü baxımından müvafiq normaların
əlaqəli şəkildə şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu
sorğuda qaldırılan məsələnin həlli ilə əlaqədar hüquq və azadlıqların məhkəmə təminatı
hüququnun, məhkəmə nəzarəti institutunun hüquqi mahiyyəti, təyinatı və məqsədinin,
eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi
mövqelərin nəzərdən keçirilməsini vacib hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I
və IV hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və
məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin
hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə
bilər.
Həmçinin Konstitusiyanın 71-ci
maddəsinin I, VII və X hissələrinə müvafiq olaraq Konstitusiyada təsbit
edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının
pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Dövlət
orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və
hüdudlarda fəaliyyət göstərə bilərlər.
Məhkəmə müdafiəsi hüququ əsas
insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni
zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq
yalnız məhkəməyə müraciət edilməsi imkanı ilə kifayətlənməyərək, işin ədalətli araşdırılmasını, pozulmuş hüquq və
azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli
müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.
Cinayət-Prosessual Məcəllənin
1.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi
cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin
özbaşına hərəkətləri ilə qanunsuz şübhə
altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan
prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının
digər məhdudiyyətlərinə məruz qalmasın.
Həmin Məcəllənin 8.0.2-ci maddəsində
həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən
sui-istifadə edilməsi hallarından qorumaq cinayət mühakimə icraatının vəzifələrindən
biri kimi göstərilmişdir.
Cinayət prosesi gedişində hər kəsin
özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan
edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır (Cinayət-Prosessual
Məcəllənin 12.3-cü maddəsi).
Cinayət prosesində iştirak edən hər
bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiəsi və təmin edilməsi
hüquqi dövlətin mühüm göstəricisi olmaqla, həm şəxsiyyətin, həm də cəmiyyətin mənafeləri
baxımından vacib əhəmiyyət kəsb edir.
Konstitusiya və cinayət-prosessual
qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələrək cinayət təqibinin
gedişində dövlət orqanlarının vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliklərindən)
şəxslərin hüquq və azadlıqlarının müdafiəsinin, eləcə də prosessual məcburiyyət
tədbirlərinin və digər prosessual fəaliyyətin qanunauyğun şəkildə həyata
keçirilməsinin təmin edilməsi Cinayət-Prosessual Məcəllənin LII fəsli ilə tənzimlənən
məhkəmə nəzarəti institutu vasitəsi ilə reallaşdırılır.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə nəzarəti
əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının cinayət təqibi ilə bağlı
fəaliyyəti üzərində məhkəmənin həyata keçirdiyi nəzarət funksiyasıdır. Bu
funksiyanın məqsədləri əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının
fəaliyyətinin, onların həyata keçirdikləri ayrı-ayrı hərəkətlərin, qəbul
etdikləri qərarların qanuniliyinin təmin olunmasından və cinayət təqibi ilə
bağlı insan və vətəndaş hüquq və azadlıqlarının, qanuni maraqlarının əsassız və
qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi və qorunmasından ibarətdir
(“Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci
il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərar).
Beləliklə, məhkəmə
nəzarəti, ilk növbədə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən
insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı,
mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılmasına
yönəlmişdir.
Məhkəmə nəzarəti
qaydasında məhkəmə baxışının predmetini təşkil edən çoxsaylı məsələlərdən biri
də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya
qərarlarına dair şikayətlərə baxılmasıdır (Cinayət-Prosessual Məcəllənin
442.2.2-ci maddəsi). Cinayət prosesini həyata keçirən orqanın prosessual
hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi, belə
hərəkətlərin və ya qərarların qanuniliyinin yoxlanılması, yoxlamanın
nəticələrinə dair hakimin qərarı ilə bağlı məsələlər Cinayət-Prosessual
Məcəllənin 449–451-ci maddələri ilə ətraflı şəkildə tənzimlənmişdir.
Həmin Məcəllənin 449.1-ci maddəsinə
əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təhqiqatçının (onun səlahiyyətlərini
həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində
saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata
keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə
bilər.
Qeyd olunmalıdır ki,
cinayət prosesində şikayət vermək hüququ xüsusi əhəmiyyət daşıyır. Belə ki,
cinayət işlərinin araşdırılmasının gedişatında cinayət prosesini həyata keçirən
orqanın səlahiyyətli şəxslərinin qərarlar qəbul etməsi, onlar tərəfindən hərəkətlərin
(hərəkətsizliklərin) edilməsi zamanı şəxslərin hüquqlarına və qanuni
maraqlarına əsassız toxunula və ya qanunsuz məhdudlaşdırılmasına yol verilə
bilər.
Bu baxımdan məhkəmə
nəzarəti icraatında məhkəmənin fəaliyyəti əsasən aşağıdakı iki vəzifənin
icrasına yönəlir: konstitusiya hüquq və azadlıqlarının qorunması və həmin hüquq
və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq
orqanları tərəfindən qəbul edilən qərarların və icra edilən hərəkətlərin
qanuniliyi və əsaslılığının təmin edilməsi. Bu vəzifələrin icrasının təminatı
üçün məhkəmələr kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək
səlahiyyətinə malik olmalıdır. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və
445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12
fevral tarixli Qərarında da ifadə olunmuşdur.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü
maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh
edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki,
məhkəməyədək cinayət-prosessual icraatda şikayətin predmetini maraqlı şəxslərin
fikrincə təhqiqat, istintaq orqanlarının və ya prokurorun onların hüquqlarını
pozan və ya təhlükə altına qoyan hərəkətsizliyi və ya qanunla nəzərdə tutulmuş
prosessual vəzifələrin icra olunmamasında ifadə olunan prosessual hərəkət və ya
qərarları təşkil edir.
Cinayət prosesinin
digər iştirakçıları, o cümlədən şahidlər cinayət təqibini həyata keçirən orqanın vəzifəli
şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüququna o halda malikdirlər
ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və
qanuni maraqlarına toxunmuş olsun, Konstitusiya ilə təsbit olunmuş hüquqlarına
və azadlıqlarına zərər yetirə və yaxud
ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust
tarixli Qərarı).
Göründüyü kimi,
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət
prosesini həyata keçirən orqanın istər qərarlarından, istərsə də
hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət verilə bilməsi iki əsas meyarla
şərtləndirilmişdir: şəxsin Konstitusiya ilə nəzərdə tutulmuş əsas insan hüquq
və azadlıqlarının pozulması və ya ədalət mühakiməsinə əlçatanlığa maneə
yaranması.
Cinayət-Prosessual
Məcəllənin 449.3-cü maddəsində həmin Məcəllənin 449.2-ci maddəsində göstərilən
şəxslərin hansı hallarla bağlı cinayət prosesini həyata keçirən orqanın
prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək
hüququna malik olduğu əksini tapmışdır.
Qeyd edilən maddənin
də məzmunundan aydın olur ki, qanunvericiliklə həmin halların siyahısı müəyyən
edilərkən yuxarıda göstərilən iki meyar əsas götürülmüşdür. Məsələn, həbsdə
saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin
müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin rədd
olunması, müdafiəçinin kənarlaşdırılması ilə bağlı hallar şəxsin konstitusion hüquq və azadlıqlarına zərər vurursa,
cinayət haqqında ərizənin qəbul olunmasından imtina edilməsi, şəxsin cinayət
prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, cinayət işinin
başlanmasının rədd edilməsi kimi hallar isə ilk növbədə, onun məhkəməyə çıxış
imkanının məhdudlaşdırılması ilə nəticələnə bilir.
Həmçinin Cinayət-Prosessual Məcəllənin
449.3-cü maddəsinin dispozisiyasında “aşağıdakılarla bağlı prosessual hərəkətlər və ya qərarlardan”
ifadəsindən istifadə edilmişdir ki, bu da məhkəmə nəzarəti qaydasında
qanuniliyinin yoxlanılmasına yol verilən qərar və hərəkətlərin (hərəkətsizliklərin)
dairəsi müəyyən edilərkən həmin normada göstərilən məsələlərlə bağlılığın
olub-olmamasının əsas meyar kimi götürülməli olduğuna dəlalət edir.
Bu baxımdan prosessual qərar, hərəkət
və ya hərəkətsizliklərdən edilən müvafiq şikayətlərə baxılarkən məsələyə formal
və dar çərçivədə yanaşılmamalı, onların
Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən hərəkətlərin
icrası və qərarların qəbulu mərhələsində baş verib-verməməsi, sonuncularla
bağlılığı müəyyən olunmalıdır. Prosessual qərarın və
ya hərəkətin mahiyyətinin deyil, yalnız formal adının əsas götürülməsi ilə onun
məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilməsi həmin qərarın
doğurduğu hüquqi nəticələrin də faktiki olaraq məhkəmə nəzarətindən kənarda qalmasına
gətirib çıxara bilər.
Məsələn, sorğudan da
göründüyü kimi, hüquq tətbiqetmə təcrübəsində “sübutların qiymətləndirilməsi
haqqında” ayrıca qərarlar qəbul edilir. Cinayət-Prosessual Məcəllənin 145-ci
maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü,
mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün
sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən
qiymət verilməlidir. Bu baxımdan nəzərə alınmalıdır ki, cinayət təqibi üzrə
toplanmış sübutların məcmusunun
qiymətləndirilməsi iş üzrə müxtəlif prosessual nəticələrin yaranmasına
(məsələn, cinayət işinə hər hansı hissədə xitam verilməsinə) səbəb ola bilər.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, cinayət
prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən
(hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılarkən şikayətdə irəli
sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində
göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlı
olub-olmadığının müəyyən edilməsi zamanı yalnız onların adları və formal
əlamətlərinin deyil, hüquqi mahiyyətinin, səbəb olduğu hüquqi nəticələrin
nəzərə alınması zəruridir. Bu halda müvafiq qərar, hərəkət
və ya hərəkətsizliyin şəxsin hüquq və azadlıqlarına zərər yetirib-yetirməməsi,
məhkəməyə əlçatanlığını məhdudlaşdırıb-məhdudlaşdırmaması, barəsində şikayət
verilən halların cinayət işinə mahiyyəti üzrə baxışın predmetini təşkil
edib-etməməsi kimi məsələlər araşdırılmalıdır.
Konstitusiya
Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən 2009-cu il 5 avqust tarixli Qərarında
da xüsusilə qeyd etmişdir ki, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi
iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və
qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən
başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı
hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar.
Əks yanaşma, yəni
şəxsin şikayət hüququnun formal əsaslarla inkar edilməsi məhkəmə nəzarəti
institutunun məqsəd və təyinatına zidd olmaqla yanaşı, Konstitusiya ilə bəyan
olunan məhkəmə müdafiəsi hüququnun da əsassız və qeyri-mütənasib
məhdudlaşdırılması ilə nəticələnərdi. Belə ki, Kostitusiyanın 60-cı maddəsi ilə
təminat verilən məhkəməyə müraciət etmək, eləcə də məhkəmə nəzarəti qaydasında
şikayət hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Lakin
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinin tələblərinə müvafiq olaraq hər
kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş
əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və
azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib
olmalıdır. Odur ki, belə məhdudiyyətlər qanuni məqsəd güdməli, hüququn
mahiyyətini dəyişməməli, istifadə olunan vasitələrlə güdülən məqsəd arasında
ağlabatan mütənasiblik olmalıdır.
Bu baxımdan
qanunvericinin məhkəmə nəzarəti qaydasında şikayət hüququnu qeyri-məhdud
şəkildə müəyyən etməməsi və onu müəyyən meyarlarla məhdudlaşdırması Cinayət-Prosessual Məcəllədə xüsusi mexanizm kimi qəbul edilən məhkəmə nəzarəti
institutunun hüquqi mahiyyəti, təyinatı və məqsədlərindən irəli gəlmişdir. Belə
ki, cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat üzərində məhkəmə
nəzarətinin məqsədi ibtidai araşdırmanın aparılmasına müdaxilə etmək və ya
cinayət təqibi orqanlarının hər bir qərarını, hərəkətini yoxlamaq deyil. Bu
institutun əsas vəzifəsi yuxarıda da qeyd edildiyi kimi şəxsin azadlıq, şəxsi
toxunulmazlıq, mülkiyyət və digər fundamental hüquqlarına birbaşa təsir göstərən
qərarların və hərəkətlərin (hərəkətsizliyin) qanuniliyini və əsaslılığını
yoxlamaq, həmin hüquqların qanunsuz məhdudlaşdırılmasının qarşısını almaqdır.
Bu səbəbdən Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində elə prosessual hərəkət
və qərarlar göstərilmişdir ki, onlardan şikayət verilməsi və belə şikayətlərə məhkəmə
nəzarəti qaydasında baxılması ibtidai araşdırmanı həyata keçirən orqanın
qanunvericiliklə üzərinə qoyulmuş prosessual vəzifələri yerinə yetirməsinə,
cinayət təqibi üzrə icraatın qanunla müəyyən edilmiş müddətlərdə aparılmasına
maneə yaratmır.
Odur ki, cinayət təqibi
üzrə icraatın təşkili və gedişi ilə bağlı olan, şəxsin hüquq və vəzifələrinə
birbaşa təsir göstərməyən, habelə müstəqil hüquqi nəticə doğurmayan hərəkət və
qərarlar məhkəmə nəzarətinin predmeti hesab edilə bilməz. Bununla yanaşı,
müvafiq hərəkət (hərəkətsizlik) və ya qərarın
qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi cinayət işinə mahiyyəti üzrə
baxan məhkəmənin müstəsna səlahiyyətinə aiddirsə, onların məhkəmə nəzarəti
qaydasında araşdırılmasına yol verilmir.
Nəzərə alınmalıdır ki,
əks yanaşma, yəni hər hansı hərəkət (hərəkətsizlik) və ya qərardan məhkəmə
nəzarəti qaydasında şikayət verilməsinin mümkünlüyünün müvafiq meyarla
məhdudlaşdırılmaması məhkəmə nəzarətinin hədlərinin qeyri-müəyyənliyinə yol aça
bilər. Bu isə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmələrin işin
mahiyyəti üzrə məsələlərə, o cümlədən sübutların qiymətləndirilməsinə,
ittihamın əsaslılığına və bu kimi digər hallara qiymət verməsi imkanının
yaranması, işə mahiyyəti üzrə baxış və məhkəmə nəzarəti qaydasında icraat
növləri arasında sərhədlərin pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə nəzarəti qaydasında şikayət hüququnun müəyyən çərçivəyə
salınması hüquqi müəyyənliyin, cinayət təqibi
üzrə icraatın tezliyinin təmin olunmasına
(Cinayət-Prosessual Məcəllənin 48-ci maddəsi), ibtidai araşdırma müddətlərinə riayət edilməsinə, cinayət qanunvericiliyinin və cinayət mühakimə icraatının məqsəd və vəzifələrinin icrasına və cinayət təqibinin səmərəli
həyata keçirilməsinə xidmət edir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsi ilə cinayət prosesini həyata
keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən)
şikayət verilə biləcək halların müəyyən edilməsi Konstitusiya ilə bəyan edilmiş
məhkəməyə müraciət hüququnun təminatı ilə cinayət-prosessual qanunvericiliyin təyinatı,
cinayət mühakimə icraatının vəzifələri, əsas prinsip və şərtləri arasında mütənasiblik
və ədalətli balansın təmin olunmasının zəruriliyindən irəli gəlir.
O da göstərilməlidir
ki, məhkəmə nəzarətinin predmetini təşkil etməyən məsələlərə prokuror nəzarəti
qaydasında baxılmasının mümkünlüyü də istisna olunmur. Belə ki,
Cinayət-Prosessual Məcəllənin 122.2.1 və 122.2.2-ci maddələrinə müvafiq olaraq
təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından
yuxarı prokurora şikayət verilə bilər.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinin və
71-ci maddəsinin II və VII hissələrinin, Cinayət-Prosessual Məcəllənin 1.2, 8,
9.1.2, 12.3 və 122.2.3-cü maddələrinin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Cinayət-Prosessual Məcəllənin
449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən
orqanların həmin Məcəllənin 449.3-cü maddəsində göstərilən hallarla bağlı,
onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə əlçatanlığını
məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti
qaydasında şikayət verə bilər.
Cinayət prosesini həyata keçirən orqanların
prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə
baxılması zamanı şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin
449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə
bağlılığının araşdırılması zamanı yalnız onların adları və formal əlamətləri
deyil, hüquqi mahiyyəti və səbəb olduğu hüquqi nəticələr nəzərə alınmalıdır;
- cinayət mühakimə icraatının vəzifələrinin həyata
keçirilməsinin və cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması
baxımından qanuniliyinin və əsaslılığının yoxlanılması Cinayət-Prosessual Məcəllənin
səkkizinci bölməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna
səlahiyyətlərinə aid olan qərarlardan və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən)
verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1. Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələrinin və 71-ci maddəsinin II
və VII hissələrinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
1.2, 8, 9.1.2, 12.3 və 122.2.3-cü maddələrinin tələblərinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət
prosesini həyata keçirən orqanların həmin Məcəllənin 449.3-cü maddəsində göstərilən
hallarla bağlı, onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən
və ya məhkəməyə əlçatanlığını məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən)
məhkəmə nəzarəti qaydasında şikayət verə bilər.
Cinayət
prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən)
verilmiş şikayətlərə baxılması zamanı şikayətdə irəli sürülmüş pozuntunun Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində göstərilən qərarların
qəbulu və ya hərəkətlərin icrası ilə bağlılığının araşdırılması zamanı yalnız
onların adları və formal əlamətləri deyil, hüquqi mahiyyəti və səbəb olduğu
hüquqi nəticələr nəzərə alınmalıdır.
2.
Cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinin və cinayət təqibi
üzrə icraatın tezliyinin təmin olunması baxımından qanuniliyinin və əsaslılığının
yoxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin səkkizinci
bölməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə
aid olan qərarlardan və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) verilmiş
şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir.
3. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev