Decisions

22.06.26 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi  baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair

 

 

22 iyun 2026-cı il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov (məruzəçi-hakim), Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələri və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini,  maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin IV hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, prosessual hərəkətlərdən və qərarlardan şikayət etmək hüququnu tənzimləyən Cinayət-Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir.

Bir neçə işə istinadən Prokurorluq qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyində məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsinin qəti şəkildə müəyyən edilməsinə baxmayaraq, bəzi hallarda cinayət işlərinin istintaqı və ilkin yoxlamalar zamanı cinayət prosesini həyata keçirən orqanın Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmayan prosessual hərəkət və qərarlarından (məsələn, sübutların qiymətləndirilməsi haqqında qərarın müəyyən bəndlərindən, şəxs barəsində axtarış elan edilməsi, ilkin yoxlama materialı ilə tanış olmağa şəraitin yaradılmaması barədə və s.) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılması nəticəsində həmin qərar və hərəkətlər (hərəkətsizliklər) qanunsuz hesab edilir. Bu isə ibtidai araşdırma müddətlərinin lüzumsuz olaraq uzanmasına, cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmamasına, hüquqi qeyri-müəyyənliyə, eləcə də şəxslərin hüquq və azadlıqlarının pozulmasına səbəb olur.

Göstərilənlərə əsasən sorğuverən cinayət-prosessual qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmayan prosessual qərar və hərəkətlərdən verilmiş şikayətlərə baxılmasının mümkün olub-olmaması, şikayət verilə bilən hərəkət və qərarların siyahısının qəti olub-olmaması, habelə həmin Məcəllənin 449.3-cü maddəsinin məhkəmə nəzarətinin predmetinin hədlərinə münasibətdə genişləndirici təfsir edilməsinin mümkünlüyü baxımından müvafiq normaların əlaqəli şəkildə şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin həlli ilə əlaqədar hüquq və azadlıqların məhkəmə təminatı hüququnun, məhkəmə nəzarəti institutunun hüquqi mahiyyəti, təyinatı və məqsədinin, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelərin nəzərdən keçirilməsini vacib hesab edir. 

Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Həmçinin Konstitusiyanın 71-ci maddəsinin I, VII və X hissələrinə müvafiq olaraq Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi imkanı ilə kifayətlənməyərək, işin ədalətli araşdırılmasını, pozulmuş hüquq və azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.

Cinayət-Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın, heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qalmasın.

Həmin Məcəllənin 8.0.2-ci maddəsində həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq cinayət mühakimə icraatının vəzifələrindən biri kimi göstərilmişdir.

Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır (Cinayət-Prosessual Məcəllənin 12.3-cü maddəsi).

Cinayət prosesində iştirak edən hər bir şəxsin hüquqlarının və qanuni maraqlarının müdafiəsi və təmin edilməsi hüquqi dövlətin mühüm göstəricisi olmaqla, həm şəxsiyyətin, həm də cəmiyyətin mənafeləri baxımından vacib əhəmiyyət kəsb edir.

Konstitusiya və cinayət-prosessual qanunvericiliyin qeyd olunan tələblərindən irəli gələrək cinayət təqibinin gedişində dövlət orqanlarının vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) şəxslərin hüquq və azadlıqlarının müdafiəsinin, eləcə də prosessual məcburiyyət tədbirlərinin və digər prosessual fəaliyyətin qanunauyğun şəkildə həyata keçirilməsinin təmin edilməsi Cinayət-Prosessual Məcəllənin LII fəsli ilə tənzimlənən məhkəmə nəzarəti institutu vasitəsi ilə reallaşdırılır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə nəzarəti əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının cinayət təqibi ilə bağlı fəaliyyəti üzərində məhkəmənin həyata keçirdiyi nəzarət funksiyasıdır. Bu funksiyanın məqsədləri əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının fəaliyyətinin, onların həyata keçirdikləri ayrı-ayrı hərəkətlərin, qəbul etdikləri qərarların qanuniliyinin təmin olunmasından və cinayət təqibi ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarının, qanuni maraqlarının əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi və qorunmasından ibarətdir (“Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 17 aprel tarixli Qərar).

Beləliklə, məhkəmə nəzarəti, ilk növbədə, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılmasına yönəlmişdir.

Məhkəmə nəzarəti qaydasında məhkəmə baxışının predmetini təşkil edən çoxsaylı məsələlərdən biri də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxılmasıdır (Cinayət-Prosessual Məcəllənin 442.2.2-ci maddəsi). Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsi, belə hərəkətlərin və ya qərarların qanuniliyinin yoxlanılması, yoxlamanın nəticələrinə dair hakimin qərarı ilə bağlı məsələlər Cinayət-Prosessual Məcəllənin 449451-ci maddələri ilə ətraflı şəkildə tənzimlənmişdir.

Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər.

Qeyd olunmalıdır ki, cinayət prosesində şikayət vermək hüququ xüsusi əhəmiyyət daşıyır. Belə ki, cinayət işlərinin araşdırılmasının gedişatında cinayət prosesini həyata keçirən orqanın səlahiyyətli şəxslərinin qərarlar qəbul etməsi, onlar tərəfindən hərəkətlərin (hərəkətsizliklərin) edilməsi zamanı şəxslərin hüquqlarına və qanuni maraqlarına əsassız toxunula və ya qanunsuz məhdudlaşdırılmasına yol verilə bilər.

Bu baxımdan məhkəmə nəzarəti icraatında məhkəmənin fəaliyyəti əsasən aşağıdakı iki vəzifənin icrasına yönəlir: konstitusiya hüquq və azadlıqlarının qorunması və həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların və icra edilən hərəkətlərin qanuniliyi və əsaslılığının təmin edilməsi. Bu vəzifələrin icrasının təminatı üçün məhkəmələr kifayət qədər məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətinə malik olmalıdır. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarında da ifadə olunmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında göstərilmişdir ki, məhkəməyədək cinayət-prosessual icraatda şikayətin predmetini maraqlı şəxslərin fikrincə təhqiqat, istintaq orqanlarının və ya prokurorun onların hüquqlarını pozan və ya təhlükə altına qoyan hərəkətsizliyi və ya qanunla nəzərdə tutulmuş prosessual vəzifələrin icra olunmamasında ifadə olunan prosessual hərəkət və ya qərarları təşkil edir.

Cinayət prosesinin digər iştirakçıları, o cümlədən şahidlər cinayət  təqibini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən)  şikayət vermək hüququna o halda malikdirlər ki, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərarlar onların hüquq və qanuni maraqlarına toxunmuş olsun, Konstitusiya ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirə və yaxud  ədalət mühakiməsinə müraciətini (əlçatanlığını) çətinləşdirə bilsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarı).

Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət prosesini həyata keçirən orqanın istər qərarlarından, istərsə də hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət verilə bilməsi iki əsas meyarla şərtləndirilmişdir: şəxsin Konstitusiya ilə nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının pozulması və ya ədalət mühakiməsinə əlçatanlığa maneə yaranması.

Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində həmin Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslərin hansı hallarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malik olduğu əksini tapmışdır.

Qeyd edilən maddənin də məzmunundan aydın olur ki, qanunvericiliklə həmin halların siyahısı müəyyən edilərkən yuxarıda göstərilən iki meyar əsas götürülmüşdür. Məsələn, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin rədd olunması, müdafiəçinin kənarlaşdırılması ilə bağlı hallar şəxsin  konstitusion hüquq və azadlıqlarına zərər vurursa, cinayət haqqında ərizənin qəbul olunmasından imtina edilməsi, şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi kimi hallar isə ilk növbədə, onun məhkəməyə çıxış imkanının məhdudlaşdırılması ilə nəticələnə bilir.

Həmçinin Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsinin dispozisiyasında “aşağıdakılarla bağlı prosessual hərəkətlər və ya qərarlardan” ifadəsindən istifadə edilmişdir ki, bu da məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılmasına yol verilən qərar və hərəkətlərin (hərəkətsizliklərin) dairəsi müəyyən edilərkən həmin normada göstərilən məsələlərlə bağlılığın olub-olmamasının əsas meyar kimi götürülməli olduğuna dəlalət edir.

Bu baxımdan prosessual qərar, hərəkət və ya hərəkətsizliklərdən edilən müvafiq şikayətlərə baxılarkən məsələyə formal və dar çərçivədə yanaşılmamalı,  onların Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən hərəkətlərin icrası və qərarların qəbulu mərhələsində baş verib-verməməsi, sonuncularla bağlılığı müəyyən olunmalıdır. Prosessual qərarın və ya hərəkətin mahiyyətinin deyil, yalnız formal adının əsas götürülməsi ilə onun məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilməsi həmin qərarın doğurduğu hüquqi nəticələrin də faktiki olaraq məhkəmə nəzarətindən kənarda qalmasına gətirib çıxara bilər.

Məsələn, sorğudan da göründüyü kimi, hüquq tətbiqetmə təcrübəsində “sübutların qiymətləndirilməsi haqqında” ayrıca qərarlar qəbul edilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Bu baxımdan nəzərə alınmalıdır ki, cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun  qiymətləndirilməsi iş üzrə müxtəlif prosessual nəticələrin yaranmasına (məsələn, cinayət işinə hər hansı hissədə xitam verilməsinə) səbəb ola bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılarkən şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlı olub-olmadığının müəyyən edilməsi zamanı yalnız onların adları və formal əlamətlərinin deyil, hüquqi mahiyyətinin, səbəb olduğu hüquqi nəticələrin nəzərə alınması zəruridir. Bu halda müvafiq qərar, hərəkət və ya hərəkətsizliyin şəxsin hüquq və azadlıqlarına zərər yetirib-yetirməməsi, məhkəməyə əlçatanlığını məhdudlaşdırıb-məhdudlaşdırmaması, barəsində şikayət verilən halların cinayət işinə mahiyyəti üzrə baxışın predmetini təşkil edib-etməməsi kimi məsələlər araşdırılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən 2009-cu il 5 avqust tarixli Qərarında da xüsusilə qeyd etmişdir ki, qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr  müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar.

Əks yanaşma, yəni şəxsin şikayət hüququnun formal əsaslarla inkar edilməsi məhkəmə nəzarəti institutunun məqsəd və təyinatına zidd olmaqla yanaşı, Konstitusiya ilə bəyan olunan məhkəmə müdafiəsi hüququnun da əsassız və qeyri-mütənasib məhdudlaşdırılması ilə nəticələnərdi. Belə ki, Kostitusiyanın 60-cı maddəsi ilə təminat verilən məhkəməyə müraciət etmək, eləcə də məhkəmə nəzarəti qaydasında şikayət hüququ qanunla müəyyən edilmiş məhdudiyyətlərə məruz qala bilər. Lakin Konstitusiyanın 71-ci maddəsinin II hissəsinin tələblərinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Odur ki, belə məhdudiyyətlər qanuni məqsəd güdməli, hüququn mahiyyətini dəyişməməli, istifadə olunan vasitələrlə güdülən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır.

Bu baxımdan qanunvericinin məhkəmə nəzarəti qaydasında şikayət hüququnu qeyri-məhdud şəkildə müəyyən etməməsi və onu müəyyən meyarlarla məhdudlaşdırması Cinayət-Prosessual Məcəllədə xüsusi mexanizm kimi qəbul edilən məhkəmə nəzarəti institutunun hüquqi mahiyyəti, təyinatı və məqsədlərindən irəli gəlmişdir. Belə ki, cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat üzərində məhkəmə nəzarətinin məqsədi ibtidai araşdırmanın aparılmasına müdaxilə etmək və ya cinayət təqibi orqanlarının hər bir qərarını, hərəkətini yoxlamaq deyil. Bu institutun əsas vəzifəsi yuxarıda da qeyd edildiyi kimi şəxsin azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət və digər fundamental hüquqlarına birbaşa təsir göstərən qərarların və hərəkətlərin (hərəkətsizliyin) qanuniliyini və əsaslılığını yoxlamaq, həmin hüquqların qanunsuz məhdudlaşdırılmasının qarşısını almaqdır. Bu səbəbdən Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində elə prosessual hərəkət və qərarlar göstərilmişdir ki, onlardan şikayət verilməsi və belə şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılması ibtidai araşdırmanı həyata keçirən orqanın qanunvericiliklə üzərinə qoyulmuş prosessual vəzifələri yerinə yetirməsinə, cinayət təqibi üzrə icraatın qanunla müəyyən edilmiş müddətlərdə aparılmasına maneə yaratmır.

Odur ki, cinayət təqibi üzrə icraatın təşkili və gedişi ilə bağlı olan, şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərməyən, habelə müstəqil hüquqi nəticə doğurmayan hərəkət və qərarlar məhkəmə nəzarətinin predmeti hesab edilə bilməz. Bununla yanaşı, müvafiq  hərəkət (hərəkətsizlik) və ya qərarın qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətinə aiddirsə, onların məhkəmə nəzarəti qaydasında araşdırılmasına yol verilmir.

Nəzərə alınmalıdır ki, əks yanaşma, yəni hər hansı hərəkət (hərəkətsizlik) və ya qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməsinin mümkünlüyünün müvafiq meyarla məhdudlaşdırılmaması məhkəmə nəzarətinin hədlərinin qeyri-müəyyənliyinə yol aça bilər. Bu isə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmələrin işin mahiyyəti üzrə məsələlərə, o cümlədən sübutların qiymətləndirilməsinə, ittihamın əsaslılığına və bu kimi digər hallara qiymət verməsi imkanının yaranması, işə mahiyyəti üzrə baxış və məhkəmə nəzarəti qaydasında icraat növləri arasında sərhədlərin pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə nəzarəti qaydasında şikayət hüququnun müəyyən çərçivəyə salınması hüquqi müəyyənliyin, cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunmasına (Cinayət-Prosessual Məcəllənin 48-ci maddəsi), ibtidai araşdırma müddətlərinə riayət edilməsinə, cinayət qanunvericiliyinin və cinayət mühakimə icraatının məqsəd və vəzifələrinin icrasına və cinayət təqibinin səmərəli həyata keçirilməsinə xidmət edir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsi ilə cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət verilə biləcək halların müəyyən edilməsi Konstitusiya ilə bəyan edilmiş məhkəməyə müraciət hüququnun təminatı ilə cinayət-prosessual qanunvericiliyin təyinatı, cinayət mühakimə icraatının vəzifələri, əsas prinsip və şərtləri arasında mütənasiblik və ədalətli balansın təmin olunmasının zəruriliyindən irəli gəlir.

O da göstərilməlidir ki, məhkəmə nəzarətinin predmetini təşkil etməyən məsələlərə prokuror nəzarəti qaydasında baxılmasının mümkünlüyü də istisna olunmur. Belə ki, Cinayət-Prosessual Məcəllənin 122.2.1 və 122.2.2-ci maddələrinə müvafiq olaraq təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından yuxarı prokurora şikayət verilə bilər.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Konstitusiyanın 60-cı maddəsinin I və IV hissələrinin və 71-ci maddəsinin II və VII hissələrinin, Cinayət-Prosessual Məcəllənin 1.2, 8, 9.1.2, 12.3 və 122.2.3-cü maddələrinin tələblərinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Cinayət-Prosessual Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların həmin Məcəllənin 449.3-cü maddəsində göstərilən hallarla bağlı, onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə əlçatanlığını məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilər.

 Cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılması zamanı şikayətdə irəli sürülmüş pozuntunun Cinayət-Prosessual Məcəllənin 449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlılığının araşdırılması zamanı yalnız onların adları və formal əlamətləri deyil, hüquqi mahiyyəti və səbəb olduğu hüquqi nəticələr nəzərə alınmalıdır;

-  cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinin və cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması baxımından qanuniliyinin və əsaslılığının yoxlanılması Cinayət-Prosessual Məcəllənin səkkizinci bölməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərarlardan və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I və IV hissələrinin və 71-ci maddəsinin II və VII hissələrinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.2, 8, 9.1.2, 12.3 və 122.2.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların həmin Məcəllənin 449.3-cü maddəsində göstərilən hallarla bağlı, onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə əlçatanlığını məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilər.

Cinayət prosesini həyata keçirən orqanların prosessual qərar və ya hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərə baxılması zamanı şikayətdə irəli sürülmüş pozuntunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.3-cü maddəsində göstərilən qərarların qəbulu və ya hərəkətlərin icrası ilə bağlılığının araşdırılması zamanı yalnız onların adları və formal əlamətləri deyil, hüquqi mahiyyəti və səbəb olduğu hüquqi nəticələr nəzərə alınmalıdır.

2. Cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinin və cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması baxımından qanuniliyinin və əsaslılığının yoxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin səkkizinci bölməsinə müvafiq olaraq işə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərarlardan və prosessual hərəkətlərdən (hərəkətsizliklərdən) verilmiş şikayətlərə məhkəmə nəzarəti qaydasında baxılmasına yol verilmir. 

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

 

 

Sədr                                                                                            Fərhad Abdullayev