Azərbaycan Respublikası Prezidentinin 2017-ci
il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi
2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il
fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika
toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli
istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait
yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların
yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə
könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Bu məqsədlə Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununu nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda gənclər
arasında könüllülük fəaliyyətinin Konstitusiya Məhkəməsində tətbiq etməyə
başlayıb.
Konstitusiya Məhkəməsi xatırladır ki,
könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan
edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai
faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Konstitusiya Məhkəməsində könüllü fəaliyyət
əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
- Aparatın şöbə və sektorlarında təcrübə keçmək;
- Hakimlərin iş təcrübəsini öyrənmək;
- Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
qəbul olunan qərarlarla tanış olmaq;
- Plenum iclaslarının təşkil edilməsi prosesində
iştirak etmək;
- Vətəndaşların qəbulunda bilavasitə iştirak
etmək;
- Vətəndaşların fərdi şikayətlərinin öyrənilməsi
vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə
mexanizmi ilə yaxından tanış olmaq.
Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə
tutulub.
Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib
müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir
ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər
üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
- İntizamlılıq;
- Xoşrəftarlılıq;
- Ünsiyyətcillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Məsuliyyətlilik;
- Kompyuter bacarığı.
Müraciət üçün:
Konstitusiya Məhkəməsində könüllülər sırasına
qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə öz
CV-lərini (tərcümeyi-hal) contact@constcourt.gov.az elektron ünvanına göndərə
bilərlər.
Əlavə məlumat üçün Konstitusiya Məhkəməsi
Aparatının Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin (012) 492 87 29; (012)
492 26 12 nömrələrinə zəng etmək olar.
Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə
saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.