AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Konstitusiyasının 76-cı maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin
321.1-ci maddəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi
ilə əlaqəli şəkildə şərh edilməsinə dair
14 aprel
2026-cı Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsi baxımından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsinin
həmin Məcəllənin 321.1-ci maddəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi
ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim X.Vəliyevin
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və
kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor
Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 76-cı maddəsinin I hissəsi baxımından Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 321-ci
maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 321-ci maddəsi, Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 606.3-cü
maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Qanun) 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir
ki, Cinayət Məcəlləsinin 321.1-ci maddəsində qanuni əsas olmadan hərbi xidmətdən
yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun
qaçırma əməlinə görə cinayət məsuliyyəti müəyyən edilir.
Azərbaycan
Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu ilə Cinayət Məcəlləsinin
321-ci maddəsinə əlavə edilmiş “Qeyd” hissəsinə görə, həmin maddədə “çağırışdan
boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə
(tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik
üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Sorğuverən hesab
edir ki, Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin dispozisiyasında qanuni əsas
olmadan hərbi xidmətdən yayınmaq üçün toplanışlara çağırışdan boyun qaçırmağa
görə cinayət məsuliyyəti müəyyən olunmadığı halda, həmin Məcəllənin 321-ci maddəsinin
“Qeyd” hissəsində vətəndaşların üzrlü səbəblər olmadan toplanışlara çağırış üzrə
gəlməməsi də çağırışdan boyun qaçırma kimi nəzərdə tutulur.
Prokurorluq onu da
qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən,
çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə
tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi
xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim
edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti
orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə inzibati məsuliyyət müəyyən
edilmişdir.
Həmin maddənin
“Qeyd” hissəsinin 2-ci bəndinə görə isə bu Məcəllənin 606.3-cü maddəsində göstərilən
əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və
ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.
Sorğuverənin qənaətinə
görə, İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində müvafiq toplanışlarla əlaqədar
çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməyə
görə inzibati məsuliyyət müəyyən edildiyi halda, Məcəllənin 606-cı maddəsinin
“Qeyd” hissəsinin 2-ci bəndində yalnız qanuni əsas olmadan hərbi xidmətdən
yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırışdan boyun
qaçırmanın cinayət məsuliyyətinə səbəb olduğu müəyyən edilmişdir. Bu baxımdan
qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün tibbi müayinəyə
(tibbi şəhadətləndirilməyə) və ya müvafiq toplanışlarla əlaqədar çağırış üzrə
müvafiq icra hakimiyyəti orqanına gəlməmənin cinayət məsuliyyətinə səbəb
olub-olmaması qeyri-müəyyəndir.
Prokurorluq hüquq tətbiq
etmə təcrübəsindəki qeyri-müəyyənliyin aradan qaldırılması, qanunvericilik
normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin
edilməsi məqsədilə müvafiq normaların əlaqəli şəkildə şərh olunmasının zəruriliyi
qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.
Konstitusiyanın
Preambulasında Azərbaycan xalqının bəyan edilən niyyətlərindən birincisi Azərbaycan
dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqdan ibarətdir.
Bu məqsədlə vətəndaşların
Konstitusiyanın IV fəslində nəzərdə tutulan əsas vəzifələrindən biri vətəni
müdafiədir.
Konstitusiyanın
76-cı maddəsinin I hissəsinə görə, vətəni müdafiə hər bir vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
Hərbi xidmət keçmənin
qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun, Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamə (bundan sonra – “Hərbi xidmətkeçmə haqqında”
Əsasnamə) və s. qanunvericilik aktları ilə müəyyən olunmuşdur.
“Hərbi vəzifə və hərbi
xidmət haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi
qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı (o cümlədən tibbi
müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi), çağırış üzrə və könüllü hərbi
xidmət keçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik
üzrə vəzifələrin yerinə yetirilməsindən ibarətdir.
Hərbi xidmət dövlət
qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər
dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata
keçirdikləri xidməti fəaliyyətdir və həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən
ibarətdir (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2 və 24-cü maddələri).
Ehtiyatda xidmət
toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını
yerinə yetirməkdən ibarət xidməti fəaliyyətdir (“Hərbi vəzifə və hərbi xidmət
haqqında” Qanunun 2.0.3-cü maddəsi).
Eləcə də “Hərbi
vəzifə və hərbi xidmət haqqında” Qanunun 27-ci maddəsinə uyğun olaraq
toplanışa çağırılmış hərbi vəzifəlilər toplanışlar keçərkən hərbi xidmət vəzifələrinin
icrasında sayılırlar.
“Hərbi xidmətkeçmə
haqqında” Əsasnamənin 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının
hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən
və ehtiyatda xidmətdən ibarətdir.
Həqiqi hərbi xidmətdə
olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər
adlanırlar.
Beləliklə, qeyd
olunan normativ aktlar bir-birini tamamlayaraq vahid hüquqi tənzimləmə
mexanizmini formalaşdırır və hərbi xidmət anlayışının məzmununu müəyyən edir.
“Hərbi vəzifə və hərbi
xidmət haqqında” Qanunun 45.1 və 45.5-ci maddələrinə əsasən hərbi vəzifəlilər
ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara
çağırılırlar. Toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
Göründüyü kimi,
Konstitusiyanın 76-cı maddəsində nəzərdə tutulmuş vətənin müdafiəsi üzrə borc
yalnız həqiqi hərbi xidmət keçmə ilə məhdudlaşmır, həmçinin hərbi hazırlıq, təlim
və toplanışlarda iştirak kimi vəzifələri də özündə ehtiva edir. Bu baxımdan, hərbi
toplanışlarda iştirak vətənin müdafiəsi üzrə konstitusion borcun tərkib hissəsidir.
Qeyd edilməlidir ki,
hüquq tətbiqetmədə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan və hərbi
xidmətdə olub tərxis olunmuş hərbi vəzifəlilərin səfərbərlik üzrə çağırışdan
boyun qaçırmasının hüquqi nəticələri ilə bağlı hər hansı qeyri-müəyyənlik
mövcud deyildir.
Müvafiq olaraq Cinayət
Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən
yayınmaq məqsədilə növbəti hərbi xidmətə çağırışdan və ya səfərbərlik üzrə
çağırışdan boyun qaçırma cinayət məsuliyyətinə səbəb olur.
Lakin həmin maddənin
“Qeyd” hissəsində “çağırışdan boyun qaçırma” anlayışına maddənin
dispozisiyasından fərqli olaraq digər əməllər, yəni vətəndaşların üzrlü səbəblər
olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə,
toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi də daxil
edilmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, tibbi müayinə (tibbi şəhadətləndirilmə) müddətli həqiqi
hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xidmətə çağırışın zəruri şərti
olmaqla belə çağırış üzrə tibbi müayinədən (tibbi şəhadətləndirilmədən) boyun
qaçırmanın cinayət məsuliyyəti yaradan davranış kimi qiymətləndirilməsi
qeyri-müəyyənlik doğurmur.
Vətəndaşların üzrlü
səbəb olmadan toplanışlara gəlməməsinin Cinayət Məcəlləsinin 321.1-ci maddəsi
ilə məsuliyyətə səbəb olub-olmamasına dair Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, vətənin müdafiəsi üzrə Konstitusiyada təsbit olunmuş
borcun tərkib hissəsi olaraq ehtiyatda olan hərbi vəzifəlilərin toplanışlara cəlb
edilməsinin əsasları və qaydaları qanunvericilikdə dəqiq tənzimləndiyi kimi, həmin
toplanışlar üzrə çağırışdan boyun qaçırmağa görə hüquqi məsuliyyətin əsasını təşkil
edən normalar da aydın, dəqiq və ziddiyyətsiz şəkildə müəyyən edilməlidir.
Belə ki, İnzibati Xətalar
Məcəlləsinin 606.3-cü maddəsində çağırışçıların və hərbi vəzifəlilərin bu
Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə
tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə),
hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə
müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə inzibati
məsuliyyət nəzərdə tutulmuşdur.
Həmin Məcəllənin
606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi bu Məcəllənin 606.3-cü maddəsində
göstərilən əməlin qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi
çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədilməsinə görə şəxsin
Cinayət Məcəlləsinin 321.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb
olunmasının mümkünlüyünü nəzərdə tutur.
Cinayət Məcəlləsinin
321.1-ci maddəsinin dispozisiyasında isə “toplanışlara çağırışdan boyun
qaçırma” ayrıca və konkret şəkildə cinayət əməli kimi nəzərdə tutulmamış,
yalnız həmin maddənin “Qeyd” hissəsində “toplanışlara çağırış üzrə gəlməmə”
də “çağırışdan boyun qaçırma”nın anlayışına daxil edilmişdir.
Beləliklə, İnzibati
Xətalar Məcəlləsində hərbi toplanışlara üzrlü səbəblər olmadan gəlməməyə
görə inzibati məsuliyyət aydın şəkildə müəyyən edilsə də, hərbi xidmətdən
yayınmaq məqsədi ilə toplanışlara çağırışdan boyun qaçırmanın cinayət-hüquqi
qiymətləndirilməsinin Cinayət Məcəlləsinin 321.1-ci maddəsində birbaşa, aydın və
kifayət qədər dəqiq ifadə edilməməsi həmin normanın tətbiqi zamanı müxtəlif
hüquqi yanaşmaların formalaşmasına səbəb olur. Bu isə hüquqi müəyyənlik
prinsipinin pozulması ilə nəticələnir.
“Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 30-cu maddəsinə
əsasən normativ hüquqi aktların məzmunu müxtəlif struktur elementlər vasitəsilə
ifadə olunur. Belə struktur elementlərindən biri normativ hüquqi aktın maddəsidir
ki, hissələri özündə birləşdirməklə tamamlanmış normativ müddəanı əks etdirir.
Cinayət qanununun belə struktur elementlərindən olan maddəsinin cinayət hüquqi
məsuliyyətə səbəb olan hüquqazidd davranış qaydasının müəyyən edildiyi hissəsi
dispozisiya adlanır. Cinayət tərkibinin əlamətləri cinayət qanununun müvafiq
maddəsinin dispozisiyasında əks etdirilir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə
dair” 2011-ci il 17 mart tarixli Qərarında qeyd edilmişdir ki,
cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə
edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur.
Həmin Konstitusiya
Qanununun 35.1-ci maddəsinə görə normativ hüquqi aktların struktur elementləri
kimi sətiraltı qeydlər nəzərdə tutula bilər. Həmin qeydlər normativ hüquqi
aktın mətnində birbaşa yerləşdirilməsi məqsədəuyğun hesab olunmayan və ya
texniki baxımdan ayrıca ifadə edilməsi zəruri hesab olunan müddəaları əks etdirə
bilər.
Bu struktur elementlər
arasında dispozisiya hüquq normasının əsas məzmununu təşkil edir və hansı
davranışın nə kimi hüquqi nəticələr doğurduğunu müəyyən edir.
Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müxtəlif maddələrinin “Qeyd” hissələri iki əsas funksional
istiqamət üzrə təzahür edir:
·izahverici (şərhedici)
xarakter daşıyan qeydlər;
·cinayət məsuliyyətindən
azadetmənin xüsusi şərtlərini müəyyən edən (stimullaşdırıcı) qeydlər.
Birinci halda “Qeyd”
hissələri cinayət tərkibinin elementlərinə aydınlıq gətirir, anlayışları
konkretləşdirir, kəmiyyət və ya digər obyektiv meyarları müəyyən edir. Bu cür
qeydlər maddənin dispozisiyasının düzgün tətbiqi üçün zəruri olan normativ
meyarları formalaşdırır və cinayət hüquqi qiymətləndirmənin hüdudlarını müəyyən
edir.
İkinci halda isə
“Qeyd” hissələri cinayət məsuliyyətinin diferensiasiyası məqsədilə müəyyən
hallarda şəxsin cinayət məsuliyyətindən azad olunmasının xüsusi şərtlərini təsbit
edir. Bu növ qeydlər maddənin tətbiqi mexanizminin bir hissəsi olmaqla,
dispozisiya və sanksiya ilə birlikdə vahid normativ tənzimləməni təşkil edir.
Beləliklə, normativ
hüquqi aktın struktur elementi olan “Qeyd” hissəsi müstəqil hüquq norması
yaratmır, maddənin əsas normativ məzmununu müəyyən edən dispozisiyanı əvəz
etmir, əksinə mövcud normanın tətbiq dairəsini dəqiqləşdirən və konkretləşdirən
yardımçı xarakter daşıyır.
Odur ki, cinayət məsuliyyətinin
əsasını təşkil edən əməlin əlamətləri normanın dispozisiyasında aydın və birmənalı
şəkildə müəyyən edilməli, normativ aktın digər struktur elementləri vasitəsilə
dispozisiyanın genişləndirici şərh yolu ilə tətbiqindən qaçınılmalıdır.
Yuxarıda da göstərildiyi
kimi, Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin dispozisiyasında məhz qanuni əsas
olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik
üzrə çağırışdan boyun qaçırma əməlinə görə cinayət məsuliyyəti müəyyən edilir.
Konstitusiya Məhkəməsinin
Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh
edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərarında qeyd etmişdir
ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi
Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli
gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas qanunda
qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını
tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege
prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex
stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa)
tələb edir.
Oxşar hüquqi mövqe
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında hərbi xidmətə
çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin
və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin
müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli Qərarında da
ifadə olunmuşdur.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, normativ hüquqi aktların şərhi zamanı cinayət məsuliyyətini
ağırlaşdıran və ya məsuliyyətin tətbiq dairəsini genişləndirən yanaşma yalnız
qanunvericinin açıq iradəsindən irəli gəldiyi halda mümkündür. Bu mövqe, cinayət
hüquq normalarının şərhində analogiyanın və genişləndirici təfsirin yolverilməzliyinə
dair ümumi konstitusion yanaşmanın ifadəsi kimi çıxış edir.
Nəzərə alınmalıdır
ki, Konstitusiyanın 76-cı maddəsində vətəni müdafiənin hər bir vətəndaşın borcu
olması təsbit edilsə də, hərbi xidmətin qanunla müəyyən edilmiş qaydada həyata
keçirildiyi göstərilmişdir. Yəni, Konstitusiyanın bu müddəası hərbi xidmət
borcunun mövcudluğunu təsbit etməklə yanaşı, həmin borcun həyata keçirilməsi və
bu borcun pozulmasına görə məsuliyyətin yalnız qanunla müəyyən edilmiş aydın və
birmənalı çərçivədə tənzimlənməsini tələb edir. Odur ki, bu borcun mövcudluğu
cinayət məsuliyyətinin sərhədlərinin qeyri-müəyyən və genişləndirici qaydada şərh
edilməsinə əsas verə bilməz.
Belə ki,
Konstitusiyanın 80-ci maddəsində nəzərdə tutulan “qanunla müəyyən edilən” müddəası
məsuliyyətə səbəb olan əməlin və onun hüquqi nəticələrinin qanunda göstərilməsi
ilə yanaşı, aydın və birmənalı şəkildə müəyyən edilməli olmasını da nəzərdə
tutur. Məsuliyyətlə bağlı hüquqi tənzimləmələr hüquqi müəyyənlik prinsipinin tələblərinə
uyğun olaraq elə şəkildə həyata keçirilməlidir ki, şəxs qabaqcadan üzərinə düşən
öhdəlikləri görməklə davranışını tənzimləyə və əməllərinin hansı hüquqi nəticəyə
səbəb olacağını müəyyən edə
bilsin.
Konstitusiya Məhkəməsinin
Plenumu hüquqi müəyyənlik prinsipinin məzmununu açıqlayaraq dəfələrlə qeyd
etmişdir ki, hüquqi məsuliyyət yaradan normalar xüsusilə dəqiq və
proqnozlaşdırıla bilən olmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair”
2012-ci il 10 aprel tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin
I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 31 may tarixli və s. Qərarları).
Bu baxımdan, əməlin
hüquqazidd davranışın ən ağır forması kimi cəzalandırılması bunun üçün kifayət
qədər hüquqi və faktiki əsasların olmasını tələb etdiyi kimi, cinayət məsuliyyətinin
əsasını təşkil edən əməlin əlamətlərinin normanın dispozisiyasında aydın və
birmənalı şəkildə müəyyən edilməsi zərurəti qanunçuluq prinsipinin əsas
elementlərindən olan hüquqi müəyyənlik prinsipindən irəli gəlir.
Beləliklə
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 321-ci
maddəsinin “Qeyd” hissəsi həmin maddənin dispozisiyası ilə uyğunsuzluq təşkil
etməklə hərbi xidmətdən yayınmaq məqsədi ilə toplanışlara çağırışdan boyun
qaçırmanın səbəb olacağı hüquqi nəticəyə dair qanunvericinin iradəsini aydın və
birmənalı şəkildə ifadə etmir. Bu baxımdan, qeyd olunan məsələnin
qanunvericilik qaydasında aydın və birmənalı şəkildə tənzimlənməsinə ehtiyac
vardır.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
-
Konstitusiyanın 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin hüquqi təyinatından,
o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən, bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Cinayət Məcəlləsinin
321-ci maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi
istiqamətində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və
69-cu maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin
hüquqi təyinatından, o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinin cinayət tərkibinin aydın və
birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev