AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair
17 aprel 2026-cı il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze,
Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən
(məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim X.Vəliyevin
məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt
Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının müdiri, hüquq elmləri doktoru,
professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Bakı Apellyasiya Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 148.6 və 447.2-ci maddələrinin
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 28 və
60-cı maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Müraciətdə göstərilmişdir
ki, Y.Osmanov 5 dekabr 2025-ci il tarixində saat 21:00-da şübhəli şəxs qismində
tutulmuş, daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham
elan edilmiş və 7 dekabr 2025-ci il tarixində saat 11:00-dan 11:30-dək
dindirilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti
7 dekabr 2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil
olmaqla müvafiq hakimin icraatına verilmiş və həmin tarixdə vəsatətə baxılaraq
təmin edilmişdir.
İş üzrə təqsirləndirilən
şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini
xahiş etmişdir.
Müraciətdə qeyd olunur
ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə
şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə
tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət
keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı
olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin
şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi
haqqında qərar çıxarmalıdır.
Bakı Apellyasiya Məhkəməsi
müraciətdə göstərmişdir ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində nəzərdə
tutulmuş 48 saatlıq müddətlə bağlı təminat ona yönəlmişdir ki, cinayətin törədilməsində
ciddi şübhələr və əsaslar yaranmış şəxs qeyri-müəyyən müddət ərzində prosessual
məcburiyyət tədbirinə məruz qalmasın, mümkün qədər qısa müddət ərzində onun barəsində
həbsin seçilməsinin mümkünlüyü və qanuniliyi məhkəmə nəzarəti qaydasında
yoxlanılsın.
Cinayət-Prosessual Məcəllənin
447.2-ci maddəsinə görə isə məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi,
tutulma müddətinin uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə
və bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan
aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat
müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır.
Müraciətedənin qənaətinə
görə Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24
saatlıq müddətin həmin Məcəllənin 148.6-cı maddəsində tutulmanın həddi kimi müəyyən
olunmuş 48 saatlıq müddətə daxil olması və məhkəmələrin hətta 48 saatlıq müddətin
başa çatmasına dəqiqələr belə qalmış icraata daxil olan müraciətlərə Cinayət-Prosessual
Məcəllənin 447.2-ci maddəsinə əsasən 24 saat ərzində, lakin hər bir halda 48
saat başa çatanadək baxmalı olması kimi hüquqi mövqe məhkəmə təcrübəsində ciddi
çətinliklər yaradır və bu səbəbdən belə yanaşmanın düzgünlüyü bir çoxları tərəfindən
əsaslı olaraq şübhə altına alınır.
Göstərilənlərə əsasən Bakı Apellyasiya
Məhkəməsi belə nəticəyə gəlmişdir
ki, Cinayət-Prosessual Məcəllənin
447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddətin həmin Məcəllənin
148.6-cı maddəsində nəzərdə tutulmuş 48 saatlıq müddətlə əhatə
olunub-olunmaması, yəni 48 saatlıq müddətdən əlavə və müstəqil müddət kimi
çıxış edib-etməməsi məsələsi üzrə hüquq tətbiqetmə təcrübəsində yaranmış
qeyri-müəyyənliyin aradan qaldırılması, qanunvericilik normalarının eyni
qaydada tətbiqi və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə
sadalanan normaların şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi
zəruridir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.
Konstitusiyanın 28-ci
maddəsinə müvafiq olaraq, hər kəsin azadlıq hüququ vardır.
Bu hüquq insan
hüquqları sistemində fundamental hüquqlardan biri olmaqla, onun əhəmiyyəti həm beynəlxalq
sənədlərdə, həm də əksər dövlətlərin milli qanunvericiliyində öz təsbitini
tapmışdır.
Belə ki, Azadlıqlar
haqqında Böyük Xartiyada (Magna Carta), Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
3 və 9-cu maddələrində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın
9-cu maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsində şəxsin azadlıq və
toxunulmazlıq hüququnun müdafiəsinə dair mühüm hüquqi təminatlar nəzərdə
tutulmuşdur.
Konstitusiyanın 28-ci
maddəsinin II hissəsinə əsasən bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada
tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.
Göründüyü kimi, əsas
insan hüquqlarından biri olan azadlıq hüququ mütləq hüquq olmamaqla, yalnız qanunla
müəyyən olunmuş hallarda məhdudlaşdırıla bilər. Lakin bu məhdudiyyətlər
qanunçuluğun tələbinə cavab verməlidir. Əks halda bu, azadlıq hüququnun
pozulmasına səbəb olar.
Belə bir mövqe
Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında, o cümlədən “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin
II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin
I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 2 mart
tarixli Qərarında əks olunmuşdur.
Qanunun aliliyindən irəli
gələn hüquqi müəyyənlik prinsipinə görə azadlıqdan məhrum etmənin şərtləri və əsasları
milli qanunvericilikdə kifayət qədər aydın, dəqiq və qabaqcadan
proqnozlaşdırıla bilən olmalıdır.
Şəxslərin azadlıq
hüququna təminat verməklə, onun məhdudlaşdırılma əsaslarından biri kimi tutulma
Cinayət-Prosessual Məcəllənin 14-cü maddəsində müəyyən edilmişdir.
Tutulma dedikdə, bu Məcəllədə
nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla
onun müvəqqəti saxlanılma yerində saxlanılması başa düşülür (Cinayət-Prosessual
Məcəllənin 7.0.39-cu maddəsi).
Prosessual məcburiyyət
tədbirlərinin bir növü kimi tutulma yalnız cinayət törətməkdə şübhəli olan şəxsə, ittiham elan edilməli
olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən
şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi
göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi,
habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin,
yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi
ilə məhkuma tətbiq edilir (Cinayət-Prosessual Məcəllənin 147.1-ci maddəsi).
Cinayət törətməsinə
şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə
yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə
əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir (Cinayət-Prosessual
Məcəllənin 148.1-ci maddəsi).
Cinayət-Prosessual Məcəllənin
148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin
tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla, 48 saatdan artıq davam edə bilməz.
Həmçinin cinayət
prosesini həyata keçirən orqan tutulmuş şəxsi 48 saatdan artıq, həbs, girov və
ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi
isə qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on)
gündən artıq şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil (Cinayət-Prosessual
Məcəllənin 90.2-ci maddəsi).
Göründüyü kimi, cinayət
törətməkdə şübhəli bilinən şəxsin tutulması qanunla müəyyən edilmiş müddətlə məhdudlaşdırılmış
və həmin müddətdən artıq azadlıq hüququndan məhrum etmə üçün yeganə əsas olaraq
həbs qətimkan tədbirinin seçilməsi nəzərdə tutulmuşdur.
Tutulmuş şəxs cinayət
prosesini həyata keçirən orqan tərəfindən hökmün və ya məhkəmənin digər yekun qərarının
icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü
ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələlərinin
həlli üçün tutulma anından 7 (yeddi) gün, digər hallarda isə tutulma anından 48
saat müddətində (bu Məcəllənin 148.7-ci maddəsində müəyyən edilmiş hallarda tutulmanın
uzadıldığı müddətdə) tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə
azad edilməlidir (Cinayət-Prosessual Məcəllənin 153.3.4-cü maddəsi).
Oxşar tənzimetmə “Həbs
yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində də öz təsbitini
tapmışdır.
Sadalanan normaların məzmunundan
aydın olur ki, qanunla müəyyən olunan müddət ərzində ya şəxs barəsində məhkəmə
araşdırması aparılmaqla müvafiq qərara gəlinməli, ya da həmin müddət bitdiyinə
görə şəxs azad edilməlidir.
Qeyd olunmalıdır ki,
cinayət-prosessual qanunvericilikdə tutulma üçün 48 saatlıq müddətin müəyyən
edilməsi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı cinayət təqibini həyata
keçirən orqanlar tərəfindən sübutların toplanılması və digər ilkin istintaq hərəkətlərinin
aparılması üçün nəzərdə tutulmuş müddət olmaqla, şəxsin azadlıq hüququnun əsassız
məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir.
Bu baxımdan azadlıq
hüququnun məhdudlaşdırılması hallarına məhkəmə nəzarətinin həyata keçirilməsi
xüsusilə mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə nəzarəti istintaq
hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq
edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai
araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti
daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir
(Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsi).
Məhkəmə nəzarəti
icraatında məhkəmə əsasən iki vəzifəni icra edir: cinayət təqibi üzrə müvəkkil
edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və
qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi
iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının
istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası)
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust
tarixli Qərarı).
Həmçinin
Konstitusiyanın 60-cı maddəsinin II hissəsinə əsasən hər kəsin hüququ var ki,
onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə
prosesində ağlabatan müddətdə baxılsın.
Əsas Qanunun bu müddəası
insan hüquq və azadlıqlarının qorunması ilə bağlı dövlətin zəmanətini, dövlət orqanlarının
xüsusi məsuliyyətini ehtiva etməklə, məqsədi şəxsi məhkəmə prosesindəki həddən
artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsini onun səmərəliliyinə və
ona olan inama xələl gətirmədən həyata keçirməkdən ibarətdir.
Konstitusiya Məhkəməsi
Plenumunun V.Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel, C.İsmayılzadənin şikayəti
üzrə 2014-cü il 6 iyun tarixli Qərarlarında da qeyd olunmuşdur ki, məhkəmə təminatı
hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə
məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə
ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək onların
vaxtında icra edilməsi vəzifəsini müəyyən edir.
Məhkəmə nəzarəti
qaydasında məhkəmə, qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin
uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və bu Məcəllənin
177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan
aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24
saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxır (Cinayət-Prosessual
Məcəllənin 447.2-ci maddəsi).
Konvensiyanın 5-ci maddəsinin
1-ci bəndinin “c” yarımbəndinə uyğun olaraq hüquq pozuntusunun törədilməsində əsaslı
şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi
ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən
sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun
hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması mümkündür.
Konvensiyanın 5-ci maddəsinin
3-cü bəndində göstərilir ki, bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq
olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə
hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin
qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə
qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının
təqdim edilməsi ilə şərtləndirilə bilər.
Qeyd etmək vacibdir ki,
Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulan həbs
qətimkan tədbiri qanuni olmalı və qanunla müəyyən olunmuş hallarda həyata
keçirilməlidir.
Qanunla müəyyən olunmuş
dedikdə, dövlətdaxili qanunvericilik normaları başa düşülür ki, həmin
normalarda tutulmuş şəxsin məhkəməyə gətirilməsinə və barəsində həbs qətimkan tədbirinin
seçilməsinə 48 saatlıq müddət müəyyən olunmuşdursa, bu müddətdən artıq onu azadlıqdan
məhrum etmək həmin şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb
olacaqdır.
Konvensiyanın 5-ci maddəsində
nəzərdə tutulan “dərhal” anlayışı isə hakimlərin həftə sonları, istirahət günləri
və yaxud bayram günlərində belə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı
müraciətlərə baxmasını nəzərdə tutur.
Azərbaycan Respublikası
Ali Məhkəməsi Plenumunun “Həbs və ev
dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi
haqqında” 2009-cu il 3 noyabr tarixli Qərarında da (2021-ci il 30 aprel tarixli
dəyişikliklərlə) qeyd olunduğu kimi, Cinayət-Prosessual Məcəllənin 447.2-ci
maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə (təqdimata)
məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində (şübhəli şəxs qismində
tutulma müddətini pozmamaq şərti ilə və qeyri-iş günündə və ya iş vaxtından
sonra alınmasından asılı olmayaraq) qapalı məhkəmə iclasında təkbaşına hakim tərəfindən
baxılır.
Eyni zamanda Konvensiyanın
5-ci maddəsinin 4-cü bəndində qeyd olunmuşdur ki, tutulma və ya həbsə alınma nəticəsində
azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən
təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən
qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.
Konstitusiya Məhkəməsinin
Plenumu vurğulayır ki, Konvensiyanın 5-ci maddəsində və Cinayət-Prosessual Məcəllənin
148.6-cı maddəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə
bağlı müraciətə təxirəsalınmadan baxılması, Cinayət-Prosessual Məcəllənin
447.2-ci maddəsində isə bunun üçün 24 saatlıq müddətin müəyyən olunması həmin
normalar arasında uyğunsuzluğun mövcudluğu kimi qiymətləndirilə bilməz.
Belə ki, həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı müraciətlərə məhkəmələr tərəfindən təxirəsalınmadan
baxılmasının müəyyən olunmasında əsas məqsəd şəxsin azadlıq hüququnun əsassız və
ya həddən artıq məhdudlaşdırılmasının qarşısını almaq, həmçinin bu məsələnin
operativ qaydada məhkəmə nəzarəti çərçivəsində həll edilməsini təmin etməkdir.
Digər tərəfdən Cinayət-Prosessual
Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddət məhkəmələr tərəfindən
müraciətlərə baxılarkən onların üzərinə qoyulmuş vəzifələrin (Cinayət-Prosessual
Məcəllənin 447.5-ci maddəsi) icrası üçün məqsədəuyğun şəkildə müəyyən edilmiş
maksimal müddət olmaqla, hər bir halda məsələnin təxirəsalınmadan həll olunması
tələbini istisna etmir və bu tələbin
realizəsinə imkan verən ağlabatan müddət olaraq çıxış edir.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı müraciətlərə baxarkən qanunda göstərilən prosessual əsasların
sadalanması ilə kifayətlənməməli, həmin tədbirin tətbiqini şərtləndirən
halların mövcudluğunu və cinayət işi materiallarında olan sübutların bunu təsdiq
edib-etmədiyini lazımi qaydada yoxlamalı və qiymətləndirməlidirlər.
Belə ki, məhkəmə həbs qətimkan
tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxarkən vəsatəti təsdiq və ya təkzib
edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri
olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir (Cinayət-Prosessual
Məcəllənin 447.5-ci maddəsi).
Beləliklə, Cinayət-Prosessual
Məcəllənin 148.6 və 447.2-ci maddələrinin sistemli təhlilindən görünür ki, məhkəmələr
tərəfindən müraciətlərə baxılması üçün 24 saatlıq müddətin müəyyən olunmasında
qanunvericinin məqsədi şəxsin azadlıqdan məhrum edilmə müddətini genişləndirmək
deyil, əksinə məhz şəxsin tutulması üçün nəzərdə tutulmuş 48 saatlıq müddət çərçivəsində
məhkəmə nəzarətinin tam və vaxtında həyata keçirilməsini təmin etməkdir.
Bir daha qeyd edilməlidir ki, Cinayət-Prosessual
Məcəllənin 148.6-cı maddəsində şəxsin tutulması üçün müəyyən edilən 48 saatlıq
müddət tutulmanın son həddi olmaqla, onun azadlıq hüququnun əsas təminatlarından
biri kimi çıxış edir.
Əks təfsir, yəni 24 saatlıq
müddətin əlavə müddət kimi müəyyən edilməsi,
tutulmuş şəxsin 48 saatdan daha artıq (72 saat, Cinayət-Prosessual Məcəllənin
148.7-ci maddəsində nəzərdə tutulan hallarda isə 120 saat) azadlıqdan məhrum
edilməsinə gətirib çıxarar.
Nəzərə alınmalıdır ki,
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət-prosessual
qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində
xüsusi rol oynayır. Müddətlə bağlı tənzimləmələr proses iştirakçılarına hökm
edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla şərtsiz
qəbul edilməli olan rəhbər göstərişlərdir.
Prosessual müddətlərin əhəmiyyəti
özünü təkcə prosessual vəzifələrin icra edilməsində deyil, həmçinin cinayət
prosesi orqanının həyata keçirdiyi cinayət təqibi üzrə icraatın ardıcıl və
fasiləsizliyinin təmin olunmasında göstərir.
Cinayət prosesinin məhkəməyədək
və məhkəmə icraatı mərhələlərinə bölünməsi Cinayət-Prosessual Məcəllədə nəzərdə
tutulmuş prosessual müddətlərin də eyni mərhələ üzrə bölgüsünə səbəb olmuşdur.
Belə ki, cinayət prosesi həm məhkəmə icraatı, həm də məhkəməyədək icraat mərhələsində
konkret zaman kəsiyində həyata keçirilir və bu zaman kəsiyi prosessual müddətləri
ehtiva edir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 158.3-cü
maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə
dair” 2011-ci il 10 oktyabr tarixli Qərar).
Göstərilənlərlə yanaşı,
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual
Məcəllənin 153.2.11-ci maddəsi cinayət təqibini həyata keçirən orqanın üzərinə
tutulmuş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onu qabaqcadan
məhkəməyə gətirmək vəzifəsi qoyur.
Lakin qanunvericinin şəxsi
qabaqcadan gətirmək üçün müddət müəyyən etməməsi, şəxsin tutulmasının isə 48
saatdan artıq davam edə bilməməsi, təcrübədə çox vaxt həmin müddətin bitməsinə
az qalmış daxil olan müraciətlərə məhkəmələr tərəfindən çox qısa zaman ərzində
baxılmasına və bəzi hallarda tam və hərtərəfli araşdırma aparılmadan qərar
çıxarılmasına səbəb olur.
Bu baxımdan təcrübədə yaranmış
qeyri-müəyyənlik və çətinliklərin aradan qaldırılması, həm istintaq orqanları,
həm də məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin
obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında ağlabatan vaxt bölgüsünün
müəyyənləşdirilməsi məqsədəmüvafiq olardı.
Bir sıra xarici ölkələrin təcrübəsində
bu məsələ qanunvericilik qaydasında tənzimlənmişdir. Məsələn, Rusiya
Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən
məhkəmə qərarı olmadan şübhəli şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz.
Həmin Məcəllənin 108-ci maddəsinin 3-cü hissəsinə görə şübhəli şəxs barəsində vəsatət
qaldırıldığı halda, istintaq orqanının müvafiq qərarı və həmin vəsatətə əlavə
edilmiş materiallar tutulma müddətinin başa çatmasına ən geci 8 saat qalmış
hakimə təqdim edilməlidir.
Qazaxıstan Respublikasının
Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq
cinayət törədilməsində şübhəli bilinən şəxsin tutulma müddəti onun azadlığının
faktiki məhdudlaşdırıldığı andan hesablanır və 72 saatdan artıq ola bilməz. Həmçinin
həmin Məcəllənin 147-ci maddəsinin 3-cü bəndinə əsasən prokuror tutulma müddətinin
başa çatmasına ən geci 8 saat qalmış cinayət işinin materiallarının surətlərini
əlavə etməklə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatla hakimə
müraciət etməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, şəxsin azadlıq hüququnun, eləcə də istintaq və məhkəmə
orqanlarının fəaliyyətinin qanuniliyinin və əsaslılığının təmin edilməsi məqsədilə
48 saatlıq müddət çərçivəsində həmin orqanlar arasında ağlabatan vaxt
bölgüsünün aparılması məqsədəmüvafiqdir. Bu isə yalnız qanunvericiliyə müvafiq əlavə
və dəyişikliklərin edilməsi vasitəsilə mümkündür. Konstitusiyanın 94-cü maddəsinin
I hissəsinin 6-cı bəndinə görə məhkəmə icraatı ilə bağlı məsələlərə dair ümumi
qaydaların müəyyənləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna
səlahiyyətindədir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 28-ci maddəsində
nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Cinayət-Prosessual Məcəllənin
447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə
bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət
olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs
qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur;
- Konstitusiyanın 60-cı maddəsinə
uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar
arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi
və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.
Konstitusiyanın 130-cu maddəsinin
VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini, Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R
A R A A L D I:
1. Azərbaycan Respublikası Konstitusiyasının
28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin
seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə
müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs
qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.
2. Azərbaycan Respublikası
Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr
tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli
araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt
bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev