Постановления

17.04.26. Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci  maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

17 aprel 2026-cı il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28 və 60-cı maddələri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 148.6 və 447.2-ci  maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim X.Vəliyevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

                                                 

M Ü Ə Y Y Ə N    E T D İ:

 

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 148.6 və 447.2-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 28 və 60-cı maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Y.Osmanov 5 dekabr 2025-ci il tarixində saat 21:00-da şübhəli şəxs qismində tutulmuş, daha sonra təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və 7 dekabr 2025-ci il tarixində saat 11:00-dan 11:30-dək dindirilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti 7 dekabr 2025-ci il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmaqla müvafiq hakimin icraatına verilmiş və həmin tarixdə vəsatətə baxılaraq təmin edilmişdir.

İş üzrə təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır.

Bakı Apellyasiya Məhkəməsi müraciətdə göstərmişdir ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulmuş 48 saatlıq müddətlə bağlı təminat ona yönəlmişdir ki, cinayətin törədilməsində ciddi şübhələr və əsaslar yaranmış şəxs qeyri-müəyyən müddət ərzində prosessual məcburiyyət tədbirinə məruz qalmasın, mümkün qədər qısa müddət ərzində onun barəsində həbsin seçilməsinin mümkünlüyü və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılsın.

Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsinə görə isə məhkəmədə qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxılır.

Müraciətedənin qənaətinə görə Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddətin həmin Məcəllənin 148.6-cı maddəsində tutulmanın həddi kimi müəyyən olunmuş 48 saatlıq müddətə daxil olması və məhkəmələrin hətta 48 saatlıq müddətin başa çatmasına dəqiqələr belə qalmış icraata daxil olan müraciətlərə Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsinə əsasən 24 saat ərzində, lakin hər bir halda 48 saat başa çatanadək baxmalı olması kimi hüquqi mövqe məhkəmə təcrübəsində ciddi çətinliklər yaradır və bu səbəbdən belə yanaşmanın düzgünlüyü bir çoxları tərəfindən əsaslı olaraq şübhə altına alınır. 

Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki,  Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddətin həmin Məcəllənin 148.6-cı maddəsində nəzərdə tutulmuş 48 saatlıq müddətlə əhatə olunub-olunmaması, yəni 48 saatlıq müddətdən əlavə və müstəqil müddət kimi çıxış edib-etməməsi məsələsi üzrə hüquq tətbiqetmə təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması, qanunvericilik normalarının eyni qaydada tətbiqi və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə sadalanan normaların şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

Konstitusiyanın 28-ci maddəsinə müvafiq olaraq, hər kəsin azadlıq hüququ vardır.

Bu hüquq insan hüquqları sistemində fundamental hüquqlardan biri olmaqla, onun əhəmiyyəti həm beynəlxalq sənədlərdə, həm də əksər dövlətlərin milli qanunvericiliyində öz təsbitini tapmışdır.

Belə ki, Azadlıqlar haqqında Böyük Xartiyada (Magna Carta), Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3 və 9-cu maddələrində, “Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 9-cu maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsində şəxsin azadlıq və toxunulmazlıq hüququnun müdafiəsinə dair mühüm hüquqi təminatlar nəzərdə tutulmuşdur.

Konstitusiyanın 28-ci maddəsinin II hissəsinə əsasən bu hüquq yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Göründüyü kimi, əsas insan hüquqlarından biri olan azadlıq hüququ mütləq hüquq olmamaqla, yalnız qanunla müəyyən olunmuş hallarda məhdudlaşdırıla bilər. Lakin bu məhdudiyyətlər qanunçuluğun tələbinə cavab verməlidir. Əks halda bu, azadlıq hüququnun pozulmasına səbəb olar.

Belə bir mövqe Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında, o cümlədən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 2 mart tarixli Qərarında əks olunmuşdur.

Qanunun aliliyindən irəli gələn hüquqi müəyyənlik prinsipinə görə azadlıqdan məhrum etmənin şərtləri və əsasları milli qanunvericilikdə kifayət qədər aydın, dəqiq və qabaqcadan proqnozlaşdırıla bilən olmalıdır.

Şəxslərin azadlıq hüququna təminat verməklə, onun məhdudlaşdırılma əsaslarından biri kimi tutulma Cinayət-Prosessual Məcəllənin 14-cü maddəsində müəyyən edilmişdir.

Tutulma dedikdə, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılması başa düşülür (Cinayət-Prosessual Məcəllənin 7.0.39-cu maddəsi).

Prosessual məcburiyyət tədbirlərinin bir növü kimi tutulma yalnız cinayət törətməkdə  şübhəli olan şəxsə, ittiham elan edilməli olan şəxsə və ya haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxsə, həmçinin hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, yaxud cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələsinin həlli məqsədi ilə məhkuma tətbiq edilir (Cinayət-Prosessual Məcəllənin 147.1-ci maddəsi).

Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir (Cinayət-Prosessual Məcəllənin 148.1-ci maddəsi).

Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz.

Həmçinin cinayət prosesini həyata keçirən orqan tutulmuş şəxsi 48 saatdan artıq, həbs, girov və ya ev dustaqlığı istisna olmaqla, haqqında qətimkan tədbiri seçilmiş şübhəli şəxsi isə qətimkan tədbiri seçilməsi haqqında qərarın elan edildiyi andan 10 (on) gündən artıq şübhəli şəxs vəziyyətində saxlamağa haqlı deyil (Cinayət-Prosessual Məcəllənin 90.2-ci maddəsi).

Göründüyü kimi, cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması qanunla müəyyən edilmiş müddətlə məhdudlaşdırılmış və həmin müddətdən artıq azadlıq hüququndan məhrum etmə üçün yeganə əsas olaraq həbs qətimkan tədbirinin seçilməsi nəzərdə tutulmuşdur.

Tutulmuş şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi, habelə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi məsələlərinin həlli üçün tutulma anından 7 (yeddi) gün, digər hallarda isə tutulma anından 48 saat müddətində (bu Məcəllənin 148.7-ci maddəsində müəyyən edilmiş hallarda tutulmanın uzadıldığı müddətdə) tutulmuş şəxsi həbs etmək üçün məhkəmə qərarı verilmədikdə azad edilməlidir (Cinayət-Prosessual Məcəllənin 153.3.4-cü maddəsi).

Oxşar tənzimetmə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində də öz təsbitini tapmışdır.

Sadalanan normaların məzmunundan aydın olur ki, qanunla müəyyən olunan müddət ərzində ya şəxs barəsində məhkəmə araşdırması aparılmaqla müvafiq qərara gəlinməli, ya da həmin müddət bitdiyinə görə şəxs azad edilməlidir.

Qeyd olunmalıdır ki, cinayət-prosessual qanunvericilikdə tutulma üçün 48 saatlıq müddətin müəyyən edilməsi həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı cinayət təqibini həyata keçirən orqanlar tərəfindən sübutların toplanılması və digər ilkin istintaq hərəkətlərinin aparılması üçün nəzərdə tutulmuş müddət olmaqla, şəxsin azadlıq hüququnun əsassız məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir.

Bu baxımdan azadlıq hüququnun məhdudlaşdırılması hallarına məhkəmə nəzarətinin həyata keçirilməsi xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir (Cinayət-Prosessual Məcəllənin 442.1-ci maddəsi).

Məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifəni icra edir: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası) (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 5 avqust tarixli Qərarı).

Həmçinin Konstitusiyanın 60-cı maddəsinin II hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

Əsas Qanunun bu müddəası insan hüquq və azadlıqlarının qorunması ilə bağlı  dövlətin zəmanətini, dövlət orqanlarının xüsusi məsuliyyətini ehtiva etməklə, məqsədi şəxsi məhkəmə prosesindəki həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsini onun səmərəliliyinə və ona olan inama xələl gətirmədən həyata keçirməkdən ibarətdir.

Konstitusiya Məhkəməsi Plenumunun V.Ozerovun şikayəti üzrə 2011-ci il 15 aprel, C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarlarında da qeyd olunmuşdur ki, məhkəmə təminatı hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir.

Məhkəmə nəzarəti qaydasında məhkəmə, qətimkan tədbiri qismində həbsin seçilməsi, tutulma müddətinin uzadılması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə və bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin təxirəsalınmadan aparılmasına dair müraciətlərə onlar məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində, digər müraciətlərə isə 48 saat müddətində baxır (Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsi).

Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə uyğun olaraq hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması mümkündür.

Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndində göstərilir ki, bu maddənin 1-ci bəndinin “c” yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş digər vəzifəli şəxsin qarşısına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Azad edilmək məhkəməyə gəlmə təminatlarının təqdim edilməsi ilə şərtləndirilə bilər.

Qeyd etmək vacibdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndində nəzərdə tutulan həbs qətimkan tədbiri qanuni olmalı və qanunla müəyyən olunmuş hallarda həyata keçirilməlidir.

Qanunla müəyyən olunmuş dedikdə, dövlətdaxili qanunvericilik normaları başa düşülür ki, həmin normalarda tutulmuş şəxsin məhkəməyə gətirilməsinə və barəsində həbs qətimkan tədbirinin seçilməsinə 48 saatlıq müddət müəyyən olunmuşdursa, bu müddətdən artıq onu azadlıqdan məhrum etmək həmin şəxsin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olacaqdır.

Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulan “dərhal” anlayışı isə hakimlərin həftə sonları, istirahət günləri və yaxud bayram günlərində belə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxmasını nəzərdə tutur.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 2009-cu il 3 noyabr tarixli Qərarında da (2021-ci il 30 aprel tarixli dəyişikliklərlə) qeyd olunduğu kimi, Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsinə əsasən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə (təqdimata) məhkəməyə daxil olduqdan sonra 24 saat müddətində (şübhəli şəxs qismində tutulma müddətini pozmamaq şərti ilə və qeyri-iş günündə və ya iş vaxtından sonra alınmasından asılı olmayaraq) qapalı məhkəmə iclasında təkbaşına hakim tərəfindən baxılır.

Eyni zamanda Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində qeyd olunmuşdur ki, tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Konvensiyanın 5-ci maddəsində və Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətə təxirəsalınmadan baxılması, Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində isə bunun üçün 24 saatlıq müddətin müəyyən olunması həmin normalar arasında uyğunsuzluğun mövcudluğu kimi qiymətləndirilə bilməz.

Belə ki, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılmasının müəyyən olunmasında əsas məqsəd şəxsin azadlıq hüququnun əsassız və ya həddən artıq məhdudlaşdırılmasının qarşısını almaq, həmçinin bu məsələnin operativ qaydada məhkəmə nəzarəti çərçivəsində həll edilməsini təmin etməkdir.

Digər tərəfdən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində nəzərdə tutulmuş 24 saatlıq müddət məhkəmələr tərəfindən müraciətlərə baxılarkən onların üzərinə qoyulmuş vəzifələrin (Cinayət-Prosessual Məcəllənin 447.5-ci maddəsi) icrası üçün məqsədəuyğun şəkildə müəyyən edilmiş maksimal müddət olmaqla, hər bir halda məsələnin təxirəsalınmadan həll olunması tələbini istisna etmir və bu tələbin  realizəsinə imkan verən ağlabatan müddət olaraq çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxarkən qanunda göstərilən prosessual əsasların sadalanması ilə kifayətlənməməli, həmin tədbirin tətbiqini şərtləndirən halların mövcudluğunu və cinayət işi materiallarında olan sübutların bunu təsdiq edib-etmədiyini lazımi qaydada yoxlamalı və qiymətləndirməlidirlər.

Belə ki, məhkəmə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxarkən vəsatəti təsdiq və ya təkzib edən şəxsləri çağırıb dindirmək, müraciətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir (Cinayət-Prosessual Məcəllənin 447.5-ci maddəsi).

Beləliklə, Cinayət-Prosessual Məcəllənin 148.6 və 447.2-ci maddələrinin sistemli təhlilindən görünür ki, məhkəmələr tərəfindən müraciətlərə baxılması üçün 24 saatlıq müddətin müəyyən olunmasında qanunvericinin məqsədi şəxsin azadlıqdan məhrum edilmə müddətini genişləndirmək deyil, əksinə məhz şəxsin tutulması üçün nəzərdə tutulmuş 48 saatlıq müddət çərçivəsində məhkəmə nəzarətinin tam və vaxtında həyata keçirilməsini təmin etməkdir.

Bir daha qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəllənin 148.6-cı maddəsində şəxsin tutulması üçün müəyyən edilən 48 saatlıq müddət tutulmanın son həddi olmaqla, onun azadlıq hüququnun əsas təminatlarından biri kimi çıxış edir.

Əks təfsir, yəni 24 saatlıq müddətin əlavə müddət kimi müəyyən edilməsi,  tutulmuş şəxsin 48 saatdan daha artıq (72 saat, Cinayət-Prosessual Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulan hallarda isə 120 saat) azadlıqdan məhrum edilməsinə gətirib çıxarar.

Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Müddətlə bağlı tənzimləmələr proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla şərtsiz qəbul edilməli olan rəhbər göstərişlərdir. 

Prosessual müddətlərin əhəmiyyəti özünü təkcə prosessual vəzifələrin icra edilməsində deyil, həmçinin cinayət prosesi orqanının həyata keçirdiyi cinayət təqibi üzrə icraatın ardıcıl və fasiləsizliyinin təmin olunmasında göstərir.

Cinayət prosesinin məhkəməyədək və məhkəmə icraatı mərhələlərinə bölünməsi Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddətlərin də eyni mərhələ üzrə bölgüsünə səbəb olmuşdur. Belə ki, cinayət prosesi həm məhkəmə icraatı, həm də məhkəməyədək icraat mərhələsində konkret zaman kəsiyində həyata keçirilir və bu zaman kəsiyi prosessual müddətləri ehtiva edir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair” 2011-ci il 10 oktyabr tarixli Qərar).

Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 153.2.11-ci maddəsi cinayət təqibini həyata keçirən orqanın üzərinə tutulmuş şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün onu qabaqcadan məhkəməyə gətirmək vəzifəsi qoyur.

Lakin qanunvericinin şəxsi qabaqcadan gətirmək üçün müddət müəyyən etməməsi, şəxsin tutulmasının isə 48 saatdan artıq davam edə bilməməsi, təcrübədə çox vaxt həmin müddətin bitməsinə az qalmış daxil olan müraciətlərə məhkəmələr tərəfindən çox qısa zaman ərzində baxılmasına və bəzi hallarda tam və hərtərəfli araşdırma aparılmadan qərar çıxarılmasına səbəb olur.

Bu baxımdan təcrübədə yaranmış qeyri-müəyyənlik və çətinliklərin aradan qaldırılması, həm istintaq orqanları, həm də məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi məqsədəmüvafiq olardı.

Bir sıra xarici ölkələrin təcrübəsində bu məsələ qanunvericilik qaydasında tənzimlənmişdir. Məsələn, Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 94-cü maddəsinin 2-ci bəndinə əsasən məhkəmə qərarı olmadan şübhəli şəxsin tutulması 48 saatdan artıq davam edə bilməz. Həmin Məcəllənin 108-ci maddəsinin 3-cü hissəsinə görə şübhəli şəxs barəsində vəsatət qaldırıldığı halda, istintaq orqanının müvafiq qərarı və həmin vəsatətə əlavə edilmiş materiallar tutulma müddətinin başa çatmasına ən geci 8 saat qalmış hakimə təqdim edilməlidir.

Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq cinayət törədilməsində şübhəli bilinən şəxsin tutulma müddəti onun azadlığının faktiki məhdudlaşdırıldığı andan hesablanır və 72 saatdan artıq ola bilməz. Həmçinin həmin Məcəllənin 147-ci maddəsinin 3-cü bəndinə əsasən prokuror tutulma müddətinin başa çatmasına ən geci 8 saat qalmış cinayət işinin materiallarının surətlərini əlavə etməklə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatla hakimə müraciət etməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin azadlıq hüququnun, eləcə də istintaq və məhkəmə orqanlarının fəaliyyətinin qanuniliyinin və əsaslılığının təmin edilməsi məqsədilə 48 saatlıq müddət çərçivəsində həmin orqanlar arasında ağlabatan vaxt bölgüsünün aparılması məqsədəmüvafiqdir. Bu isə yalnız qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi vasitəsilə mümkündür. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə görə məhkəmə icraatı ilə bağlı məsələlərə dair ümumi qaydaların müəyyənləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətindədir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Cinayət-Prosessual Məcəllənin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur;

- Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Konstitusiyanın 130-cu maddəsinin VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini, Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

                                             

Q Ə R A R A   A L D I:

 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş azadlıq hüququnun təminatı baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə edilmiş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 447.2-ci maddəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətlərə baxılması üçün müəyyən edilmiş 24 saat əlavə müddət olmamaqla, həmin Məcəllənin 148.6-cı maddəsinə uyğun olaraq şübhəli şəxs qismində tutulma üçün müəyyən edilmiş 48 saatlıq müddətlə ehtiva olunur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə uyğun olaraq, istintaq orqanları və məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məsələnin obyektiv və hərtərəfli araşdırılması üçün onlar arasında 48 saatlıq müddət çərçivəsində ağlabatan vaxt bölgüsünün müəyyənləşdirilməsi və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

 

Sədr                                                                                     Fərhad Abdullayev