Qərarlar

24.06.26 Azərbaycan Respublikası Konstitusiyasının 132 maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420 maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397 maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

  

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

24 iyun 2026-cı il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının professoru, hüquq elmləri doktoru M.Qəfərovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 132-ci maddəsinin I hissəsi ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 419.10.2-ci  maddəsində apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının tam və ya qismən ləğvi, kassasiya şikayətinin və ya protestinin tam və ya qismən təmin edilməsi birbaşa müəyyən edilməsə də, uzun illərdir formalaşmış məhkəmə təcrübəsində müvafiq hökm və qərarların qismən ləğvi və işin həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarlar qəbul edilir. Lakin bu halda yeni apellyasiya baxışının hədləri, habelə apellyasiya şikayətinin və ya protestinin baxılmasının hüdudlarına dair təcrübədə fikir ayrılıqları mövcuddur.

Eyni zamanda sorğuda qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Bu normada ifadə olunmuş “məhkəmə baxışının nəticələri buna əsas verərsə” müddəası apellyasiya şikayəti verməyən şəxslər barəsində yalnız ittihamın məzmununun dəyişdirilməsinə səbəb olan nəticələrin baş verməsini, yoxsa cəzanın təyin edilməsi məsələsini də əhatə edib-etməməsində anlaşılmazlıq yaradır.

Sorğuverənin qənaətinə əsasən göstərilənlər səbəbindən təkrar apellyasiya icraatının xüsusiyyətləri və qaydaları ilə bağlı məhkəmələrdə ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi formalaşmışdır. Bu ziddiyyətlərin aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət-prosessual qanunvericiliyin normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə göstərilən normaların əlaqəli şəkildə şərh olunması zəruridir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və 65-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

Konstitusiya insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, onların pozulması ilə əlaqədar mübahisələrin məhkəmələr tərəfindən həll ediləcəyinə də zəmanət vermişdir (Konstitusiyanın 12 və 71-ci maddələri).

Məhkəmə müdafiəsi təminatı insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında fundamental institut kimi çıxış edir. Bu hüququn realizəsi pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulmuş qaydada səmərəli müdafiə olunmasını və ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin universal mexanizmi olmaqla, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə yuxarı instansiya məhkəmələrinə müraciət etmək imkanını da əhatə edir.

Konstitusiyanın 131-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanı olmaqla kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi statusu və səlahiyyətləri həmçinin Cinayət-Prosessual Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilir.

Cinayət-Prosessual Məcəllənin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Cinayət-prosessual qanunvericiliyi məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsinin əsaslarını da müəyyənləşdirmişdir (Cinayət-Prosessual Məcəllənin 416-cı maddəsi).

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və ya qərarını həmin Məcəllənin 416-cı maddəsində göstərilən əsaslarla tam və ya qismən ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsinin bu səlahiyyəti Cinayət-Prosessual Məcəllənin 419.10.2-ci maddəsinin hüquqi mahiyyətindən irəli gəlir.

Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasının hüdudları isə Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (Cinayət-Prosessual Məcəllənin 397.2-ci maddəsi). 

Cinayət-Prosessual Məcəllənin 420-ci maddəsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən hökm və ya qərar tam və ya qismən ləğv edildikdən sonra cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması qaydasını müəyyən edir. Həmin maddəyə görə məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması Cinayət-Prosessual Məcəllənin 381-407-ci maddələrinə müvafiq olaraq aparılır. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.

Qeyd olunan normaların hüquqi məzmunu onu göstərir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı ləğv edildikdə, yeni apellyasiya baxışı əvvəlki apellyasiya icraatının davamı kimi qəbul edilməməli, bu halda yeni apellyasiya baxışının hədləri ilə bağlı Cinayət-Prosessual Məcəllənin 397.1 və 397.2-ci maddələri həmin Məcəllənin 420-ci maddəsindən irəli gələn tələblər nəzərə alınmaqla tətbiq olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 420-ci maddəsi məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini və xüsusiyyətlərini müəyyən edən prosessual norma və eyni zamanda məhkumun hüquqlarının qorunmasına yönəlmiş prosessual təminat kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddə “reformatio in peius” prinsipini də nəzərdə tutmaqla məhkəmənin məhkumun vəziyyətini onun kassasiya şikayəti əsasında pisləşdirə bilməməsini ehtiva edir.

Cinayət-Prosessual Məcəllənin 91.7-ci maddəsi də birmənalı müəyyənləşdirir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.

Həmçinin Cinayət-Prosessual Məcəllənin 122.9-cu maddəsində göstərilmişdir ki,  şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyi naminə onun özü və ya başqa şəxs tərəfindən verilmiş şikayətdən cinayət prosesini həyata keçirən orqan bu şəxsin əleyhinə istifadə etməyə haqlı deyil.

O da vurğulanmalıdır ki, Cinayət-Prosessual Məcəllədə ittiham tərəfində təmsil olunan şəxslərin məhkəmə qərarlarından verdikləri şikayətə və protestə münasibətdə analoji tələblər irəli sürülməmişdir.

Qeyd edilənlərlə bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında da ifadə edilmişdir.

Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və yeni apellyasiya baxışı zamanı apellyasiya müraciətlərinə, o cümlədən apellyasiya protestinə baxılmasının mümkünlüyü istisna edilmir.

Lakin bu zaman Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2009-cu il 12 may tarixli Qərarında Cinayət-Prosessual Məcəllənin 91.7-ci maddəsinin müddəalarına dair əks olunmuş hüquqi mövqeyi nəzərdən qaçırılmamalıdır. Həmin hüquqi mövqeyə görə əsassız və qanunsuz məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə protest vermək dövlət ittihamçısının, apellyasiya müraciətinə qanunla müəyyən olunmuş qaydada baxılması isə apellyasiya instansiyası məhkəməsinin borcudur. Məhz bu borcun yerinə yetirilməsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsini apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlamalı  və ədalətli məhkəmə araşdırmasını təmin etməlidir. Bu zaman isə həm Cinayət-Prosessual Məcəllənin 91.7-ci maddəsinin, həm də 398 – 405-ci maddələrinin müddəaları daim məhkəmənin diqqət mərkəzində qalmalıdır.

Həmçinin Cinayət-Prosessual Məcəllənin 41.3 və 390.2-ci maddələrinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3 və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 390.3-cü maddəsi isə apellyasiya şikayətində (protestində) məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklərin edilməsini yalnız apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət çərçivəsi ilə məhdudlaşdırır.

Eyni zamanda məhkəmə baxışı zamanı həm müdafiə tərəfi, həm də ittiham tərəfi öz mövqeyini etirazlar edərək və ya vəsatətlər verərək bildirməkdə sərbəstdirlər.

O da qeyd edilməlidir ki, Cinayət-Prosessual Məcəllənin 420.2-ci maddəsi ilə nəzərdə tutulan qayda yeni apellyasiya baxışında məhkumun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi imkanını yalnız məhkumun vəziyyətinin pisləşdirilməsini ehtiva edən kassasiya protestinin, zərərçəkmiş şəxsin və ya onun nümayəndəsinin kassasiya şikayətinin təmin edilməsi ilə əlaqələndirir. Lakin bu qayda belə protest (şikayət) əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsindən sonra yeni apellyasiya baxışının yalnız məhkumun vəziyyətinin pisləşdirilməsi ilə nəticələnə biləcəyini nəzərdə tutmur.

Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, kassasiya protesti və zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qərarının tam və ya qismən ləğv edilməsi yeni apellyasiya baxışında müdafiə tərəfinin prosessual mövqeyini şərtləndirən əsas kimi çıxış etmir və Cinayət-Prosessual Məcəllənin 397-ci maddəsinin müddəaları rəhbər tutularaq apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün apellyasiya müraciətlərinə, o cümlədən məhkumun mənafeyi üçün verilmiş apellyasiya şikayətlərinə baxmaqla məhkumun barəsində nəinki kassasiya və apellyasiya protestləri ilə ehtiva olunan pisləşdirilmənin tətbiq edilməməsi, hətta əvvəlki apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müqayisədə məhkumun barəsində daha əlverişli nəticəni ehtiva edən qərarın çıxarılması istisna edilmir.

Bu hüquqi mövqe Cinayət-Prosessual Məcəllənin 419.12-ci maddəsində nəzərdə tutulan kassasiya instansiyası məhkəməsinə ittihamın sübuta yetirilib-yetirilməməsinin, bu və ya digər sübutun mötəbərliyinin və ya mötəbərsizliyinin, bir sübutun digər sübutlardan üstünlüyünün, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının, habelə bu və ya digər cəzanın tətbiq edilməsinin qabaqcadan müəyyən edilməsini qadağan edən müddəalardan irəli gəlir. Belə yanaşma onunla da təsdiq olunur ki, məhkumun vəziyyətinin pisləşməsinə dair kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin kassasiya şikayəti təmin edilib apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edildiyi halda, yeni apellyasiya baxışında məhkəmənin yalnız məhkumun vəziyyətini pisləşdirən qərar qəbul etməli olduğunu müəyyən edən hər hansı müddəa cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmayıb.

Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsində də apellyasiya protestinin baxışının nəticəsində şəxsin xeyrinə yekun qərarın qəbul edilməsinin mümkünlüyü əks olunub.

Eyni zamanda apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Cinayət-Prosessual Məcəllənin 397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır.

Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını yoxlamır. Lakin cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması hissəsində kassasiya və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətləri üst-üstə düşür. Yəni, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının tam və ya qismən ləğv edilməsi yalnız hüquqi məsələlərlə bağlı ola bilər. Həm apellyasiya instansiyası məhkəməsi, həm də kassasiya instansiyası məhkəməsi  cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin  normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasını müraciətin dəlillərindən asılı olmayaraq həyata keçirirlər.

Kassasiya instansiyası məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).  

Konstitusiya Məhkəməsinin Plenumu bu hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin verdiyi əsaslandırılmış göstərişlərin nəzərə alınması qanunların eyni qaydada tətbiqinə və bununla da hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinə təminat verir. Bu, həmçinin məhkəmə instansiyaları arasında balansın qorunmasına, hüquqi sabitliyin təmin edilməsinə, ədalət mühakiməsinin lüzumsuz uzadılmasının və ziddiyyətli hökm və qərarların qəbul edilməsinin qarşısının alınmasına xidmət edir.

Lakin o da vurğulanmalıdır ki, hökm və ya qərar kassasiya qaydasında ləğv edilərkən kassasiya instansiyası məhkəməsinin verdiyi göstərişlər Cinayət-Prosessual Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində olmalıdır. Bu hədlərdən çıxmaqla verilən istənilən göstəriş hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipinə zidd olmaqla işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşımır.

Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının hər hansı hissəsi kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdırsa, bu, apellyasiya instansiyası məhkəməsinin müvafiq məsələlərə dair gəldiyi nəticələrin qanuni və əsaslı hesab edilməsidir və həmin məsələlərin növbəti apellyasiya baxışı zamanı yenidən araşdırılması yolverilməzdir. Əks hal hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipi ilə ziddiyyət təşkil edər. Belə yanaşma Cinayət-Prosessual Məcəllənin  prosessual qərarların preyudisial əhəmiyyəti ilə bağlı 65-ci maddəsi, eləcə də kassasiya və apellyasiya icraatına dair digər normalarından irəli gəlir.

Apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını qismən ləğv edən kassasiya instansiyası məhkəməsinin qərarı “mübahisəyə açılmış sahəni” müəyyən edir və apellyasiya instansiyası məhkəməsi məhz həmin sahə üzrə tam yoxlama aparmaq səlahiyyətindədir.

Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilib iş yeni apellyasiya baxışına göndərildikdə, apellyasiya instansiyasında yeni baxış kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla, Cinayət-Prosessual Məcəllənin 397 və 420-ci maddələrinin tələblərinə müvafiq olaraq yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş hissəyə münasibətdə həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il 31 avqust tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe də belə nəticəyə gəlməyə əsas verir. Həmin Qərarda məhkəmələr tərəfindən “res judicata” prinsipinə riayət edilməsinin vacibliyi vurğulanmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası qanunla birbaşa nəzərdə tutulmuş hallarda təkzib edilə də bilər. Belə hallardan biri Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsində müəyyən olunmuşdur. Həmin maddənin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə” müddəası məhkəmə baxışı zamanı müəyyən edilmiş elə halları ehtiva edir ki, onlar yalnız barəsində apellyasiya icraatı keçirilən şəxsin deyil, həmçinin barəsində hər hansı şikayət və ya protest  verilməyən şəxsin də vəziyyətinin yüngülləşdirilməsi yönündə təsirə malik olur.

Qeyd edilən maddə cinayət prosesində müdafiə yönümlü (favor defensionis) olmaqla, yalnız şikayət verən şəxsin deyil, həm də eyni hüquqi vəziyyətdə olan digər şəxslərin daha əlverişli qərardan faydalanmasını təmin edir.

Qanunvericinin bu yanaşması, həmçinin Konstitusiyanın 25 və 60-cı maddələrindən, 71-ci maddəsinin I hissəsindən və məhkəmələrin üzərinə qoyulmuş ədalət mühakiməsini həyata keçirmək vəzifəsinin xüsusiyyətlərindən irəli gəlir.

Eyni əsaslar üzrə bir şəxs barəsində hökmün onun vəziyyətinin yüngülləşdirilməsi istiqamətində dəyişdirilməsi, digəri barəsində isə olduğu kimi qalması həmin məsələ ilə bağlı iki müxtəlif qərarın olmasına gətirib çıxarır ki, bu da ədalət mühakiməsinə olan etimadın azalması ilə nəticələnə bilər. Barəsində şikayət (protest) verilən şəxsə dair cəzanın yüngülləşdirildiyi halda haqqında şikayət (protest) verilməyən digər şəxsin eyni məsələ ilə bağlı ədalətsiz hökmün təsirinə məruz qalması konstitusiya prinsipi olan bərabərlik prinsipinin pozulmasına da gətirib çıxarar.

O da xüsusilə vurğulanmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edildikdən sonra işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinin təsiri altına düşən hal müəyyən edildikdə, barəsində şikayət və ya protest verilməyən şəxsə münasibətdə onun vəziyyətini  yüngülləşdirən nəticələr, ləğv etmənin məhkumun vəziyyətinin yaxşılaşdırılmasına və ya pisləşdirilməsinə dair kassasiya şikayətinə (protestinə) əsasən həyata keçirilməsindən asılı olmayaraq tətbiq edilməlidir.

Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsi barəsində şikayət (protest) verilən şəxsə münasibətdə müəyyən edilmiş və onun xeyrinə olan halların haqqında şikayət (protest) verilməyən şəxsə münasibətdə  tətbiqini əlavə araşdırma aparmadan, yəni artıq müəyyən edilmiş faktlar əsasında həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edilənlərə uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 397.5 və 420.1-ci maddələrinin mənasına görə eyni cinayət işi üzrə bir neçə şəxs barəsində eyni hal və ya səhv mövcuddursa və həmin hal və ya səhv barəsində şikayət (protest) verilən şəxsə münasibətdə aradan qaldırılırsa, o zaman eyni əsasla digər şəxslərin də hüquqi vəziyyətinin yaxşılaşdırılması tələb olunur.

Göstərilməlidir ki, Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır. Lakin diqqətdən qaçırılmamalıdır ki, əməlin tövsifi dəyişdirilmədən barəsində şikayət (protest) verilən şəxsə münasibətdə cəzanın yüngülləşdirilməsi digər iştirakçılar üçün bütün hallarda hüquqi nəticə yaratmır. Belə ki, cəzanın fərdiləşdirilməsi prinsipi hər bir şəxsin cinayətin törədilməsində faktiki iştirakının dərəcəsinin və şəxsiyyətini xarakterizə edən halların ayrılıqda qiymətləndirilməsini tələb edir.

Bununla belə apellyasiya baxışı nəticəsində elə bir faktiki halın müəyyən edilməsi də istisna edilmir ki, bu hal barəsində şikayət (protest) verilmiş şəxsin əməlinin hüquqi tövsifinə təsir göstərmədən yalnız cəzanın yüngülləşdirilməsini zəruri etsin və eyni zamanda apellyasiya (kassasiya) şikayəti verməmiş şəxsə də şamil olunsun. Cinayətin bütün iştirakçılarına şamil edilə bilən belə yüngülləşdirici halların (məsələn, Cinayət Məcəlləsinin 59.1.6–59.1.8-ci maddələrində təsbit edilənlər) müəyyən olunması, barəsində şikayət (protest) verilməyən şəxs haqqında da hökmün cəzaya dair hissəsinin dəyişdirilməsini zəruri edir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da bildirir ki, hökm və ya qərarların kassasiya qaydasında ləğv edilməsindən sonra işlərə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən hüquq tətbiqetmədə çətinliklərin yaranması səbəblərindən biri də Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində müəyyən edilmiş kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə müddətləri ilə bağlıdır.

Belə ki, Cinayət-Prosessual Məcəllənin 384.1-ci maddəsində birinci instansiya məhkəmələrinin hökm və ya qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün həmin hökm və ya qərarın elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi) andan 20 günlük müddət müəyyən edilmişdir. 

Cinayət-Prosessual Məcəllənin 410.1-ci maddəsində isə kassasiya müraciətləri etmək hüququ olan ayrı-ayrı şəxslərə münasibətdə kassasiya şikayəti və ya kassasiya protesti vermək üçün bir-birindən kəskin fərqlənən müddətlər (bir aydan on iki ayadək) nəzərdə tutulmuşdur.

Həmçinin Cinayət-Prosessual Məcəllənin 412.6-cı maddəsi üzrə kassasiya şikayətinin və ya kassasiya protestinin geri götürülməsinin mümkünlüyü və bu Məcəllənin 410.1-ci maddəsi ilə müəyyən edilmiş müddətlər ərzində eyni şəxs tərəfindən təkrar kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsinin istisna edilməməsi  həmin iş üzrə müxtəlif vaxtlarda fərqli kassasiya icraatlarına gətirib çıxarır.

Ona görə də Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi müəyyənlik, prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən irəli gələrək Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində nəzərdə tutulan kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

Konstitusiyanın 60-cı maddəsinə, 131-ci maddəsinin I hissəsinə, 132-ci maddəsinin I hissəsinə və hüquqi müəyyənlik prinsipinə əsasən Cinayət-Prosessual Məcəllənin 397 və 420-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

- apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına təyin edildikdə, apellyasiya instansiyası məhkəməsində yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş hissəyə münasibətdə həyata keçirilməlidir;

- apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Cinayət-Prosessual Məcəllənin 397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır;

- Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır.

Hüquqi müəyyənlik, prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən irəli gələrək Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində nəzərdə tutulan kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67, 69-cu maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 131-ci maddəsinin I hissəsinə, 132-ci maddəsinin I hissəsinə və hüquqi müəyyənlik prinsipinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınsın:

- apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına təyin edildikdə, apellyasiya instansiyası məhkəməsində yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş hissəyə münasibətdə həyata keçirilməlidir;

-   apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır;

- Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır.

2. Hüquqi müəyyənlik, prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən irəli gələrək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulan kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

 

Sədr                                                                                       Fərhad Abdullayev