AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Konstitusiyasının 132-ci maddəsinin I hissəsi baxımından Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin həmin Məcəllənin
65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
24 iyun 2026-cı
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin
həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim
F.Tutayukun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi,
Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəməsi, Hüquqi Ekspertiza
və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının
professoru, hüquq elmləri doktoru M.Qəfərovun rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə
N E T D İ:
Azərbaycan
Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəllə) 420-ci maddəsinin həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri və
Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 132-ci
maddəsinin I hissəsi ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Sorğuda göstərilmişdir
ki, Cinayət-Prosessual Məcəllənin 419.10.2-ci maddəsində apellyasiya
instansiyası məhkəməsinin hökm və ya qərarının tam və ya qismən ləğvi,
kassasiya şikayətinin və ya protestinin tam və ya qismən təmin edilməsi birbaşa
müəyyən edilməsə də, uzun illərdir formalaşmış məhkəmə təcrübəsində müvafiq
hökm və qərarların qismən ləğvi və işin həmin hissədə yeni apellyasiya baxışına
təyin edilməsi barədə qərarlar qəbul edilir. Lakin bu halda yeni apellyasiya
baxışının hədləri, habelə apellyasiya şikayətinin və ya protestinin
baxılmasının hüdudlarına dair təcrübədə fikir ayrılıqları mövcuddur.
Eyni zamanda sorğuda
qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinə əsasən
apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya
protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya
verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Bu normada ifadə
olunmuş “məhkəmə baxışının nəticələri buna əsas verərsə” müddəası apellyasiya
şikayəti verməyən şəxslər barəsində yalnız ittihamın məzmununun dəyişdirilməsinə
səbəb olan nəticələrin baş verməsini, yoxsa cəzanın təyin edilməsi məsələsini də
əhatə edib-etməməsində anlaşılmazlıq yaradır.
Sorğuverənin qənaətinə
əsasən göstərilənlər səbəbindən təkrar apellyasiya icraatının xüsusiyyətləri və
qaydaları ilə bağlı məhkəmələrdə ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi
formalaşmışdır. Bu ziddiyyətlərin aradan qaldırılması, vahid məhkəmə təcrübəsinin
formalaşdırılması, cinayət-prosessual qanunvericiliyin normalarının eyni
qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə
göstərilən normaların əlaqəli şəkildə şərh olunması zəruridir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə və 65-ci maddəsinə əsasən hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmənin
məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə
tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi
və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
Konstitusiya insan və
vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi
kimi təsbit etməklə yanaşı, onların pozulması ilə əlaqədar mübahisələrin məhkəmələr
tərəfindən həll ediləcəyinə də zəmanət vermişdir (Konstitusiyanın 12 və 71-ci
maddələri).
Məhkəmə müdafiəsi təminatı
insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında fundamental institut
kimi çıxış edir. Bu hüququn realizəsi pozulmuş hüquq və azadlıqların
qanunvericilikdə nəzərdə tutulmuş qaydada səmərəli müdafiə olunmasını və ədalətli
məhkəmə araşdırmasının həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi
insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin universal mexanizmi
olmaqla, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə
yuxarı instansiya məhkəmələrinə müraciət etmək imkanını da əhatə edir.
Konstitusiyanın
131-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsi ümumi və
ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər
işlər üzrə ali məhkəmə orqanı olmaqla kassasiya qaydasında ədalət mühakiməsini
həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.
Kassasiya
instansiyası məhkəməsinin hüquqi statusu və səlahiyyətləri həmçinin Cinayət-Prosessual
Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və digər
normativ hüquqi aktlarla müəyyən edilir.
Cinayət-Prosessual Məcəllənin
419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və
ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı
olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və Cinayət-Prosessual
Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Cinayət-prosessual
qanunvericiliyi məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi
və dəyişdirilməsinin əsaslarını da müəyyənləşdirmişdir (Cinayət-Prosessual Məcəllənin
416-cı maddəsi).
Kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və ya qərarını
həmin Məcəllənin 416-cı maddəsində göstərilən əsaslarla tam və ya qismən ləğv
etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin
etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsinin bu səlahiyyəti
Cinayət-Prosessual Məcəllənin 419.10.2-ci maddəsinin hüquqi mahiyyətindən irəli
gəlir.
Apellyasiya şikayətinə
və ya apellyasiya protestinə baxılmasının hüdudları isə Cinayət-Prosessual Məcəllənin
397-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən
apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin
faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin
normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
Birinci instansiya məhkəməsi
tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən
yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında
yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin
normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı
olmayaraq yoxlanılır (Cinayət-Prosessual Məcəllənin 397.2-ci maddəsi).
Cinayət-Prosessual Məcəllənin
420-ci maddəsi isə kassasiya instansiyası məhkəməsi tərəfindən hökm və ya qərar
tam və ya qismən ləğv edildikdən sonra cinayət işinin apellyasiya instansiyası
məhkəməsində yenidən baxılması qaydasını müəyyən edir. Həmin maddəyə görə məhkəmənin
hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya
instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat
materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması
Cinayət-Prosessual Məcəllənin 381-407-ci maddələrinə müvafiq olaraq aparılır.
Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi
ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə
baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərar yalnız hökmün
dövlət ittihamçısının kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun
nümayəndəsinin kassasiya şikayəti əsasında ləğv edildiyi halda qəbul edilə bilər.
Qeyd olunan
normaların hüquqi məzmunu onu göstərir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən
apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı ləğv edildikdə, yeni
apellyasiya baxışı əvvəlki apellyasiya icraatının davamı kimi qəbul edilməməli,
bu halda yeni apellyasiya baxışının hədləri ilə bağlı Cinayət-Prosessual Məcəllənin
397.1 və 397.2-ci maddələri həmin Məcəllənin 420-ci maddəsindən irəli gələn tələblər
nəzərə alınmaqla tətbiq olunmalıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 420-ci maddəsi məhkəmənin
hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya
instansiyası məhkəməsində işə baxılmanın hədlərini və xüsusiyyətlərini müəyyən
edən prosessual norma və eyni zamanda məhkumun hüquqlarının qorunmasına yönəlmiş
prosessual təminat kimi qiymətləndirilməlidir. Belə ki, həmin maddə “reformatio
in peius” prinsipini də nəzərdə tutmaqla məhkəmənin məhkumun vəziyyətini onun
kassasiya şikayəti əsasında pisləşdirə bilməməsini ehtiva edir.
Cinayət-Prosessual Məcəllənin
91.7-ci maddəsi də birmənalı müəyyənləşdirir ki, təqsirləndirilən şəxsin öz
hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli
və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır.
Həmçinin Cinayət-Prosessual
Məcəllənin 122.9-cu maddəsində göstərilmişdir ki, şübhəli və ya təqsirləndirilən
şəxsin qanuni mənafeyi naminə onun özü və ya başqa şəxs tərəfindən verilmiş
şikayətdən cinayət prosesini həyata keçirən orqan bu şəxsin əleyhinə istifadə
etməyə haqlı deyil.
O da vurğulanmalıdır
ki, Cinayət-Prosessual Məcəllədə ittiham tərəfində təmsil olunan şəxslərin məhkəmə
qərarlarından verdikləri şikayətə və protestə münasibətdə analoji tələblər irəli
sürülməmişdir.
Qeyd edilənlərlə
bağlı oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh
edilməsinə dair” 2009-cu il 12 may tarixli Qərarında da ifadə edilmişdir.
Nəzərə alınmalıdır
ki, apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi
və yeni apellyasiya baxışı zamanı apellyasiya müraciətlərinə, o cümlədən
apellyasiya protestinə baxılmasının mümkünlüyü istisna edilmir.
Lakin bu zaman
Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2009-cu il 12 may
tarixli Qərarında Cinayət-Prosessual Məcəllənin 91.7-ci maddəsinin müddəalarına
dair əks olunmuş hüquqi mövqeyi nəzərdən qaçırılmamalıdır. Həmin hüquqi mövqeyə
görə əsassız və qanunsuz məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə
protest vermək dövlət ittihamçısının, apellyasiya müraciətinə qanunla müəyyən
olunmuş qaydada baxılması isə apellyasiya instansiyası məhkəməsinin borcudur. Məhz
bu borcun yerinə yetirilməsinə görə apellyasiya instansiyası məhkəməsi birinci
instansiya məhkəməsi tərəfindən cinayət qanununa və cinayət-prosessual
qanunvericiliyin normalarına riayət edilməsini apellyasiya şikayətinin və ya
apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlamalı və ədalətli
məhkəmə araşdırmasını təmin etməlidir. Bu zaman isə həm Cinayət-Prosessual Məcəllənin
91.7-ci maddəsinin, həm də 398 – 405-ci maddələrinin müddəaları daim məhkəmənin
diqqət mərkəzində qalmalıdır.
Həmçinin Cinayət-Prosessual
Məcəllənin 41.3 və 390.2-ci maddələrinə əsasən dövlət ittihamçısı məhkəmədə
cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3 və 40.4-cü maddələrində
göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar
edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini
bildirməlidir. Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək
üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin
icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə
etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Həmin Məcəllənin
390.3-cü maddəsi isə apellyasiya şikayətində (protestində) məhkumun və ya
bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan dəyişikliklərin edilməsini
yalnız apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsi üçün müəyyən
edilmiş müddət çərçivəsi ilə məhdudlaşdırır.
Eyni zamanda məhkəmə
baxışı zamanı həm müdafiə tərəfi, həm də ittiham tərəfi öz mövqeyini etirazlar
edərək və ya vəsatətlər verərək bildirməkdə sərbəstdirlər.
O da qeyd edilməlidir
ki, Cinayət-Prosessual Məcəllənin 420.2-ci maddəsi ilə nəzərdə tutulan qayda
yeni apellyasiya baxışında məhkumun vəziyyətini pisləşdirən qərarın qəbul edilməsi
imkanını yalnız məhkumun vəziyyətinin pisləşdirilməsini ehtiva edən kassasiya
protestinin, zərərçəkmiş şəxsin və ya onun nümayəndəsinin kassasiya şikayətinin
təmin edilməsi ilə əlaqələndirir. Lakin bu qayda belə protest (şikayət) əsasında
apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsindən sonra yeni
apellyasiya baxışının yalnız məhkumun vəziyyətinin pisləşdirilməsi ilə nəticələnə
biləcəyini nəzərdə tutmur.
Göstərilənlərlə
yanaşı nəzərə alınmalıdır ki, kassasiya protesti və zərər çəkmiş şəxsin, yaxud
onun nümayəndəsinin kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin
qərarının tam və ya qismən ləğv edilməsi yeni apellyasiya baxışında müdafiə tərəfinin
prosessual mövqeyini şərtləndirən əsas kimi çıxış etmir və Cinayət-Prosessual Məcəllənin
397-ci maddəsinin müddəaları rəhbər tutularaq apellyasiya instansiyası məhkəməsi
tərəfindən bütün apellyasiya müraciətlərinə, o cümlədən məhkumun mənafeyi üçün
verilmiş apellyasiya şikayətlərinə baxmaqla məhkumun barəsində nəinki kassasiya
və apellyasiya protestləri ilə ehtiva olunan pisləşdirilmənin tətbiq edilməməsi,
hətta əvvəlki apellyasiya instansiyası məhkəməsinin qərarı ilə müqayisədə məhkumun
barəsində daha əlverişli nəticəni ehtiva edən qərarın çıxarılması istisna
edilmir.
Bu hüquqi mövqe
Cinayət-Prosessual Məcəllənin 419.12-ci maddəsində nəzərdə tutulan kassasiya
instansiyası məhkəməsinə ittihamın sübuta yetirilib-yetirilməməsinin, bu və ya
digər sübutun mötəbərliyinin və ya mötəbərsizliyinin, bir sübutun digər
sübutlardan üstünlüyünün, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət
qanununun bu və ya digər müddəalarının, habelə bu və ya digər cəzanın tətbiq
edilməsinin qabaqcadan müəyyən edilməsini qadağan edən müddəalardan irəli gəlir.
Belə yanaşma onunla da təsdiq olunur ki, məhkumun vəziyyətinin pisləşməsinə
dair kassasiya protesti və ya zərər çəkmiş şəxsin, yaxud onun nümayəndəsinin
kassasiya şikayəti təmin edilib apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv
edildiyi halda, yeni apellyasiya baxışında məhkəmənin yalnız məhkumun vəziyyətini
pisləşdirən qərar qəbul etməli olduğunu müəyyən edən hər hansı müddəa cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulmayıb.
Cinayət-Prosessual Məcəllənin
397.5-ci maddəsində də apellyasiya protestinin baxışının nəticəsində şəxsin
xeyrinə yekun qərarın qəbul edilməsinin mümkünlüyü əks olunub.
Eyni zamanda
apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında
tam və ya qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Cinayət-Prosessual
Məcəllənin 397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya
instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində
müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə
alınmalıdır.
Qeyd edilməlidir ki,
apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq kassasiya instansiyası məhkəməsi
işin faktiki hallarını yoxlamır. Lakin cinayət qanununun və Cinayət-Prosessual
Məcəllənin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılması hissəsində
kassasiya və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətləri üst-üstə
düşür. Yəni, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya
instansiyası məhkəməsinin hökmünün və ya qərarının tam və ya qismən ləğv edilməsi
yalnız hüquqi məsələlərlə bağlı ola bilər. Həm apellyasiya instansiyası məhkəməsi,
həm də kassasiya instansiyası məhkəməsi cinayət qanununun və Cinayət-Prosessual
Məcəllənin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasını
müraciətin dəlillərindən asılı olmayaraq həyata keçirirlər.
Kassasiya
instansiyası məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir
edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini
hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir
(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin
Plenumu bu hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, kassasiya instansiyası
məhkəməsinin verdiyi əsaslandırılmış göstərişlərin nəzərə alınması qanunların
eyni qaydada tətbiqinə və bununla da hər kəsin qanun və məhkəmə qarşısında
hüquq bərabərliyi prinsipinə təminat verir. Bu, həmçinin məhkəmə instansiyaları
arasında balansın qorunmasına, hüquqi sabitliyin təmin edilməsinə, ədalət
mühakiməsinin lüzumsuz uzadılmasının və ziddiyyətli hökm və qərarların qəbul
edilməsinin qarşısının alınmasına xidmət edir.
Lakin o da
vurğulanmalıdır ki, hökm və ya qərar kassasiya qaydasında ləğv edilərkən
kassasiya instansiyası məhkəməsinin verdiyi göstərişlər Cinayət-Prosessual Məcəllənin
416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində
olmalıdır. Bu hədlərdən çıxmaqla verilən istənilən göstəriş hakimlərin müstəqilliyinə
dair konstitusiya prinsipinə zidd olmaqla işə yenidən baxan apellyasiya
instansiyası məhkəməsi üçün məcburi xarakter daşımır.
Qeyd edilməlidir ki,
apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının hər hansı hissəsi
kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdırsa,
bu, apellyasiya instansiyası məhkəməsinin müvafiq məsələlərə dair gəldiyi nəticələrin
qanuni və əsaslı hesab edilməsidir və həmin məsələlərin növbəti apellyasiya
baxışı zamanı yenidən araşdırılması yolverilməzdir. Əks hal hüquqi müəyyənliyin
tərkib hissəsi olan “res judicata” prinsipi ilə ziddiyyət təşkil edər. Belə
yanaşma Cinayət-Prosessual Məcəllənin prosessual qərarların
preyudisial əhəmiyyəti ilə bağlı 65-ci maddəsi, eləcə də kassasiya və
apellyasiya icraatına dair digər normalarından irəli gəlir.
Apellyasiya
instansiyası məhkəməsinin hökmünü və ya qərarını qismən ləğv edən kassasiya
instansiyası məhkəməsinin qərarı “mübahisəyə açılmış sahəni” müəyyən edir və
apellyasiya instansiyası məhkəməsi məhz həmin sahə üzrə tam yoxlama aparmaq səlahiyyətindədir.
Odur ki, apellyasiya
instansiyası məhkəməsinin qərarı qismən ləğv edilib iş yeni apellyasiya
baxışına göndərildikdə, apellyasiya instansiyasında yeni baxış kassasiya
instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla, Cinayət-Prosessual Məcəllənin
397 və 420-ci maddələrinin tələblərinə müvafiq olaraq yalnız kassasiya
instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş hissəyə münasibətdə həyata
keçirilməlidir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 453.10-cu
maddəsinin şərh edilməsinə dair” 2022-ci il 31 avqust tarixli Qərarında ifadə
olunmuş hüquqi mövqe də belə nəticəyə gəlməyə əsas verir. Həmin Qərarda məhkəmələr
tərəfindən “res judicata” prinsipinə riayət edilməsinin vacibliyi
vurğulanmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə
qərarının həqiqətə uyğunluğu prezumpsiyası qanunla birbaşa nəzərdə tutulmuş
hallarda təkzib edilə də bilər. Belə hallardan biri Cinayət-Prosessual Məcəllənin
397.5-ci maddəsində müəyyən olunmuşdur. Həmin maddənin “apellyasiya şikayətinin
və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə” müddəası
məhkəmə baxışı zamanı müəyyən edilmiş elə halları ehtiva edir ki, onlar yalnız
barəsində apellyasiya icraatı keçirilən şəxsin deyil, həmçinin barəsində hər
hansı şikayət və ya protest verilməyən şəxsin də vəziyyətinin
yüngülləşdirilməsi yönündə təsirə malik olur.
Qeyd edilən maddə
cinayət prosesində müdafiə yönümlü (favor defensionis) olmaqla, yalnız şikayət
verən şəxsin deyil, həm də eyni hüquqi vəziyyətdə olan digər şəxslərin daha əlverişli
qərardan faydalanmasını təmin edir.
Qanunvericinin bu
yanaşması, həmçinin Konstitusiyanın 25 və 60-cı maddələrindən, 71-ci maddəsinin
I hissəsindən və məhkəmələrin üzərinə qoyulmuş ədalət mühakiməsini həyata
keçirmək vəzifəsinin xüsusiyyətlərindən irəli gəlir.
Eyni əsaslar üzrə
bir şəxs barəsində hökmün onun vəziyyətinin yüngülləşdirilməsi istiqamətində dəyişdirilməsi,
digəri barəsində isə olduğu kimi qalması həmin məsələ ilə bağlı iki müxtəlif qərarın
olmasına gətirib çıxarır ki, bu da ədalət mühakiməsinə olan etimadın azalması
ilə nəticələnə bilər. Barəsində şikayət (protest) verilən şəxsə dair cəzanın
yüngülləşdirildiyi halda haqqında şikayət (protest) verilməyən digər şəxsin
eyni məsələ ilə bağlı ədalətsiz hökmün təsirinə məruz qalması konstitusiya
prinsipi olan bərabərlik prinsipinin pozulmasına da gətirib çıxarar.
O da xüsusilə
vurğulanmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı
kassasiya qaydasında tam və ya qismən ləğv edildikdən sonra işə yenidən
apellyasiya instansiyası məhkəməsində baxılarkən Cinayət-Prosessual Məcəllənin
397.5-ci maddəsinin təsiri altına düşən hal müəyyən edildikdə, barəsində şikayət
və ya protest verilməyən şəxsə münasibətdə onun vəziyyətini yüngülləşdirən
nəticələr, ləğv etmənin məhkumun vəziyyətinin yaxşılaşdırılmasına və ya pisləşdirilməsinə
dair kassasiya şikayətinə (protestinə) əsasən həyata keçirilməsindən asılı
olmayaraq tətbiq edilməlidir.
Cinayət-Prosessual Məcəllənin
397.5-ci maddəsi barəsində şikayət (protest) verilən şəxsə münasibətdə müəyyən
edilmiş və onun xeyrinə olan halların haqqında şikayət (protest) verilməyən şəxsə
münasibətdə tətbiqini əlavə araşdırma aparmadan, yəni artıq müəyyən
edilmiş faktlar əsasında həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edilənlərə
uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət-Prosessual
Məcəllənin 397.5 və 420.1-ci maddələrinin mənasına görə eyni cinayət işi
üzrə bir neçə şəxs barəsində eyni hal və ya səhv mövcuddursa və həmin hal və ya
səhv barəsində şikayət (protest) verilən şəxsə münasibətdə aradan qaldırılırsa,
o zaman eyni əsasla digər şəxslərin də hüquqi vəziyyətinin yaxşılaşdırılması tələb
olunur.
Göstərilməlidir ki,
Cinayət-Prosessual Məcəllənin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin
hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır. Lakin diqqətdən qaçırılmamalıdır
ki, əməlin tövsifi dəyişdirilmədən barəsində şikayət (protest) verilən şəxsə
münasibətdə cəzanın yüngülləşdirilməsi digər iştirakçılar üçün bütün hallarda
hüquqi nəticə yaratmır. Belə ki, cəzanın fərdiləşdirilməsi prinsipi hər bir şəxsin
cinayətin törədilməsində faktiki iştirakının dərəcəsinin və şəxsiyyətini
xarakterizə edən halların ayrılıqda qiymətləndirilməsini tələb edir.
Bununla belə
apellyasiya baxışı nəticəsində elə bir faktiki halın müəyyən edilməsi də
istisna edilmir ki, bu hal barəsində şikayət (protest) verilmiş şəxsin əməlinin
hüquqi tövsifinə təsir göstərmədən yalnız cəzanın yüngülləşdirilməsini zəruri
etsin və eyni zamanda apellyasiya (kassasiya) şikayəti verməmiş şəxsə də şamil
olunsun. Cinayətin bütün iştirakçılarına şamil edilə bilən belə yüngülləşdirici
halların (məsələn, Cinayət Məcəlləsinin 59.1.6–59.1.8-ci maddələrində təsbit
edilənlər) müəyyən olunması, barəsində şikayət (protest) verilməyən şəxs
haqqında da hökmün cəzaya dair hissəsinin dəyişdirilməsini zəruri edir.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da bildirir ki, hökm və ya qərarların kassasiya qaydasında ləğv
edilməsindən sonra işlərə yenidən apellyasiya instansiyası məhkəməsində
baxılarkən hüquq tətbiqetmədə çətinliklərin yaranması səbəblərindən biri də
Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində müəyyən edilmiş kassasiya şikayətinin
və ya kassasiya protestinin verilmə müddətləri ilə bağlıdır.
Belə ki, Cinayət-Prosessual
Məcəllənin 384.1-ci maddəsində birinci instansiya məhkəmələrinin hökm və ya qərarından
apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün həmin hökm
və ya qərarın elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və
ya müvafiq qərarın surətinin ona verildiyi) andan 20 günlük müddət müəyyən
edilmişdir.
Cinayət-Prosessual Məcəllənin
410.1-ci maddəsində isə kassasiya müraciətləri etmək hüququ olan ayrı-ayrı şəxslərə
münasibətdə kassasiya şikayəti və ya kassasiya protesti vermək üçün bir-birindən
kəskin fərqlənən müddətlər (bir aydan on iki ayadək) nəzərdə tutulmuşdur.
Həmçinin Cinayət-Prosessual
Məcəllənin 412.6-cı maddəsi üzrə kassasiya şikayətinin və ya kassasiya
protestinin geri götürülməsinin mümkünlüyü və bu Məcəllənin 410.1-ci maddəsi ilə
müəyyən edilmiş müddətlər ərzində eyni şəxs tərəfindən təkrar kassasiya şikayətinin
və ya kassasiya protestinin verilməsinin istisna edilməməsi həmin iş
üzrə müxtəlif vaxtlarda fərqli kassasiya icraatlarına gətirib çıxarır.
Ona görə də
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi müəyyənlik,
prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən
irəli gələrək Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində nəzərdə
tutulan kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin
optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- apellyasiya
instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilib iş həmin hissədə
yeni apellyasiya baxışına təyin edildikdə, apellyasiya instansiyası məhkəməsində
yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş
hissəyə münasibətdə həyata keçirilməlidir;
- apellyasiya
instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya
qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Cinayət-Prosessual Məcəllənin
397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya instansiyası məhkəməsinin
həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər
daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır;
- Cinayət-Prosessual
Məcəllənin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifinə
aid məsələlərlə məhdudlaşmır.
Hüquqi müəyyənlik,
prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən
irəli gələrək Cinayət-Prosessual Məcəllənin 410-cu maddəsində nəzərdə tutulan
kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin
optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi Azərbaycan Respublikasının
Milli Məclisinə tövsiyə olunmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65–67, 69-cu maddələrini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 41-1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R
A A L D I:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 131-ci maddəsinin I hissəsinə,
132-ci maddəsinin I hissəsinə və hüquqi müəyyənlik prinsipinə əsasən Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tətbiqi
zamanı aşağıdakılar nəzərə alınsın:
- apellyasiya
instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilib iş həmin hissədə
yeni apellyasiya baxışına təyin edildikdə, apellyasiya instansiyası məhkəməsində
yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş
hissəyə münasibətdə həyata keçirilməlidir;
- apellyasiya
instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya
qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tələbləri ilə
yanaşı, kassasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11
və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış
göstərişlər də nəzərə alınmalıdır;
- Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinin tətbiq dairəsi
yalnız əməlin hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır.
2. Hüquqi müəyyənlik,
prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən
irəli gələrək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu
maddəsində nəzərdə tutulan kassasiya şikayətinin və kassasiya protestinin
verilmə müddətlərinin optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr Fərhad Abdullayev