Qərarlar

30.09.24. AR İXM-nin 430.4-cü mad. “AR rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair QƏRARDAD

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARDADI

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

30 sentyabr 2024-cü il                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Məmmədov, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Humay Əfəndiyeva (məruzəçi-hakim) və İsa Nəcəfovdan ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33- cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Şəki Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin və həmin kafedranın müəllimi L.Məmmədlinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN ETDİ:

 

Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin Azərbaycan Respublikası Konstitusiyasının 59 və 79-cu maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, məhkəmənin icraatında olan inzibati xəta haqqında iş materiallarına görə Mərkəzi Bank “Şəki Şərab” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 16 may 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Şəki Rayon Məkəməsinə göndərmişdir.

Protokolda inzibati məsuliyyətə cəlb etmə səbəbi kimi göstərilmişdir ki, “Şəki Şərab” MMC 46 300,50 avro məbləğində vəsaiti 25 aprel 2022-ci il tarixində xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır.

Müraciətedən qeyd edir ki, inzibati xəta haqqında işin hallarından göründüyü kimi, 10 mart 2022-ci il tarixində “Şəki Şərab” MMC və Rusiya Federasiyasında qeydiyyatdan keçmiş “Loza” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə imzalanmışdır.

Həmin müqavilənin 1 saylı Əlavə Razılaşmasında qeyd edilmişdir ki, “Şəki Şərab” MMC “Loza” MMC-nin ticarət agenti olaraq fəaliyyət göstərəcək və müqavilə üzrə birinciyə ödənilən pul vəsaiti “Loza” MMC-nin mülkiyyətidir və “Şəki Şərab” MMC tərəfindən müqavilə və bu Razılaşma üzrə nəzərdə tutulmuş məqsədlər üçün istifadə ediləcəkdir. Əlavənin 1-ci maddəsinə əsasən, “Şəki Şərab” MMC “Loza” MMC-nin tapşırığına görə müqavilə üzrə nəzərdə tutulmuş malların alınması üçün satıcıları müəyyən edərək onlarla sonuncunun adından və onun hesabına müqavilələri bağlamağı, “Loza” MMC isə müqavilə üzrə müəyyən edilmiş ödənişləri vaxtında həyata keçirməyi və əlavə olaraq muzd ödəməyi öhdəsinə götürmüşdür.

Müqavilə çərçivəsində malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi nəzərdə tutulmamışdır.

Bundan başqa, “Şəki Şərab” MMC ilə Portuqaliya şirkəti olan “Amorim Corc S.A.” arasında 10 mart 2022-ci il tarixində müqavilə imzalanmışdır. Müqavilənin 6.1-ci maddəsində xidmətin təhvil məntəqəsi olaraq Türkiyə Respublikasının İstanbul şəhəri göstərilmişdir. Müqavilə əsasında “Şəki Şərab” MMC tərəfindən 22 aprel 2022-ci il tarixində “Amorim Corc S.A.”-nın Portuqaliyadakı müvafiq bank hesabına 46 300,50 avro məbləğində avans ödənişi həyata keçirilmişdir.

Müraciətedənin fikrinə görə, “Şəki Şərab” MMC tərəfindən imzalanmış müvafiq müqavilələrin icrasının bilavasitə bağlılığı, ikinci müqavilənin birincinin icrasına xidmət etdiyi aydın görünür və məhz həmin müqavilənin icra olunması üçün “Loza” MMC tərəfindən 20 aprel 2022-ci il tarixində “Şəki Şərab” MMC-nin Azərbaycan Beynəlxalq Bankının Şəki Filialındakı hesabına 46 804,50 avro məbləğində ödəniş həyata keçirilmişdir (həmin məbləğin əvvəlcədən köçürülmüş ödəniş olduğu kredit haqqında bank bildirişindən aydın olur).

Müraciətedənin qənaətinə əsasən, hər iki müqavilənin predmeti eyni olmaqla bir-biri ilə tam əlaqəlidir. Müqavilələr üzrə əməliyyatlar aparılarkən “Şəki Şərab” MMC öz vəsaitini sərf etməmiş, alınan malları ölkəyə idxal etmək öhdəliyi götürməmiş, başqasının vəsaiti hesabına malların tranzit yolu ilə alınıb-satılmasında vasitəçi olmuşdur.

Şəki Rayon Məhkəməsi hesab edir ki, təcrübədə belə hallarda Qaydaların 4.3.1.3- cü və ya 4.3.2-1-ci yarımbəndinin tətbiq edilməli olmasına dair fərqli yanaşmalar mövcuddur və iş üzrə maddi hüquq normalarının tələblərinin düzgün təfsir və tətbiq edilməməsi şəxsin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına yol açır.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

Qeyd edilən maddə hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair” 2010-cu il 29 oktyabr, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011 -ci il 16 dekabr tarixli Qərarları və s.).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, digər konstitusiya hüquqları kimi azad sahibkarlıq hüququ da mütləq hüquq deyil. Dövlətin və cəmiyyətin ümumi maraqlarına müvafiq olaraq qanunvericilik normaları əsasında vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək və s. üçün azad sahibkarlıq hüququnun məhdudlaşdırılmasına yol verilir.

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə görə, yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Beləliklə, hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində münasibətlərin tənzimlənməsi mülki dövriyyə iştirakçıları üçün ədalətli və əlverişli iqtisadi və sosial şəraitin təmin edilməsi istiqamətində həyata keçirilməli, subyektlərin hüquq və vəzifələrinin, hüquqların mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi tarazlıq və mütənasiblik meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Konstitusiyanın 79-cu maddəsi ilə Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilmə qadağan edilmişdir.

Qeyd edilməlidir ki, iqtisadi fəaliyyət ticarət, maliyyə, istehsal və investisiya xidmətlərinin təsir etdiyi mürəkkəb bir sistem kimi səciyyələnir və bu sistemdə xarici iqtisadi fəaliyyət sahibkarlıq fəallığına xüsusilə təkan verir, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə müsbət təsir edir, müasir texnologiyaların, istehsalın təşkili və idarə edilməsinə yeni fikirlərin gətirilməsinə səbəb olur. Müasir dövrdə fəaliyyətin bu növü beynəlxalq müqavilələrin bağlanması yolu ilə həyata keçirilir və bura, ilk növbədə, malların mübadiləsi (malların idxal və ixracı üzrə sazişlərin bağlanması) aid edilir.

Xarici iqtisadi fəaliyyət zamanı valyuta əməliyyatları ilə bağlı münasibətlərin tənzimlənməsində əsas qanunvericilik aktlarından olan “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir.

Həmin Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.

Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

Göstərilənlərlə əlaqədar olaraq, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi Mərkəzi Bankın İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir.

İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıImaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarı).

Bununla yanaşı, Qaydaların 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri- rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Qabaqcadan ödənilmiş məbləğ ödənişin aparıldığı gündən ən geci 180 (yüz səksən) gün müddətində geri qaytarılmadıqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməlidir.

Beləliklə, bu yarımbənd məhz vasitəçiliklə bağlı maliyyə əməliyyatlarının aparılması qaydalarını, köçürülən məbləğlərə dair müvafiq məhdudiyyətləri, lazımi sənədləri və müəyyən şərtlərə əməl edilmədikdə atılmalı olan addımları müəyyən edir.

Vasitəçilik mülki dövriyyə subyekti tərəfindən kontragentlə münasibətlərin üçüncü şəxsin (vasitəçinin) iştirakı ilə qurulmasını nəzərdə tutur. Vasitəçilik münasibətləri müxtəlif müqavilələrlə (ticarət agenti, konsessiya, komissiya, broker müqavilələri) rəsmiləşdirilir. Belə müqavilələr əsasında bir tərəf muzd (haqq) müqabilində digər tərəf qarşısında malların alınması və ya satılması sahəsində, habelə malların müəyyən bazarda yerləşdirilməsinə yönələn öhdəlikləri öz üzərinə götürür.

Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur.

İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır.

Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Odur ki, bu qəbildən olan işlərə baxılarkən inzibati xətaya görə məsuliyyətə cəlb olunan şəxsin valyuta vəsaitləri ilə həyata keçirdiyi hərəkətlərin və göndərişlərin kimin adından və kimin vəsaiti hesabına həyata keçirilməsi məhkəmələr tərəfindən müəyyənləşdirilməli, müqavilə tərəfləri arasında real vasitəçilik münasibətlərinin olub- olmaması, müqavilənin görüntü üçün bağlanıb-bağlanmaması, vasitəçilik haqqında müqavilələrin qabaqcadan banka təhvil verilib-verilməməsi, geri çağırılmayan akkreditiv və bank qarantiyasının olub-olmaması araşdırılmalıdır.

Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməli, işin hallarını hərtərəfli tam və obyektiv araşdırmalıdır. Habelə, apellyasiya instansiyaları məhkəmələri birinci instansiya məhkəməsinin faktları nöqteyi- nəzərindən qanuni və əsaslı, mahiyyət üzrə düzgün olan qərarını yalnız formal mülahizələrə görə ləğv etməkdən çəkinməlidirlər.

Beləliklə, Qaydaların 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır.

Əks yanaşma mülki dövriyyə iştirakçılarının hüquqi əsas olmadan inzibati məsuliyyətə cəlb edilməsi və nəticədə onların maliyyə vəziyyətlərinin pisləşməsi, habelə Konstitusiyanın 59-cu maddəsində nəzərdə tutulmuş sahibkarlıq hüquqlarının pozulmasına səbəb ola bilər.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsinin müraciətində qaldırılan hüquqi məsələlərin həll edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin mövcud olması, eləcə də bu Qərardadla yaranan mübahisəyə aydınlıq gətirilməsi nəzərə alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 2020-ci il 28 fevral tarixli Qərarlarında göstərilən hüquqi mövqelər nəzərə alınsın.

2.              “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3 və ya 4.3.2-1-ci yarımbəndinin tətbiqinin mümkünlüyü məsələsi məhkəmələr tərəfindən işin hallarından asılı olaraq iqtisadi münasibətlərin subyektinin fəaliyyətinin konkret müqavilə üzrə vasitəçiliklə bağlı olub-olmamasının, müqavilə tərəflərinin əsl hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsinə əsasən həll olunmalıdır.

3.              Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə, Şəki Rayon Məhkəməsinin müraciəti üzrə ayrıca Qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.

4.               Qərardadın surəti 7 gün müddətində Şəki Rayon Məhkəməsinə göndərilsin.

5.               Qərardad “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin

Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

 

Sədr                                                                        Fərhad Abdullayev