AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
21 sentyabr 2026-cı il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze,
Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən
(məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vl hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi
müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə
icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh
olunmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim X.Vəliyevin
məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsinin müraciətini, Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Şəki Rayon Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət
Məcəlləsi) 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki
mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsinin hüquqi müəyyənlik
prinsipinin tələbləri baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki,
ibtidai istintaq orqanı Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsini
yalnız cinayət prosesi iştirakçısı olan vəkilə aid etmiş, mülki işdə iştirak edən
vəkilin həmin anlayışa daxil olmadığı qənaətinə gəlmişdir. Bu səbəbdən mülki
mühakimə icraatında iddiaçının hüquqlarını müdafiə edən vəkilə qarşı məhkəmə
iclası və məhkəmə binası daxilində hədə-qorxu, təhqir və aqressiv davranışlar
törədilməsinin bu maddə üzrə məsuliyyətə səbəb olmadığı nəticəsinə gəlmişdir.
Şəki Rayon Məhkəməsi isə
hesab edir ki, bu yanaşma vəkilin hüquqi yardım göstərmək funksiyasını yalnız
cinayət mühakimə icraatı ilə məhdudlaşdırır və mülki məhkəmə icraatında iştirak
edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədələnməsi və ona qarşı təzyiq göstərilməsi
hallarının cinayət-hüquqi qiymətləndirilməsində qeyri-müəyyənlik yaradır. Bu
baxımdan müraciətin predmeti Cinayət Məcəlləsinin 288.2-ci maddəsindəki “müdafiəçi”
anlayışının yalnız cinayət prosesində iştirak edən müdafiəçini, yoxsa mülki məhkəmə
icraatında hüquqi yardım göstərən vəkili də əhatə edib-etməməsinin
aydınlaşdırılması ilə bağlıdır.
Göstərilənlər baxımından qanunvericiliyin eyni qaydada tətbiqinə nail olmaq, həmçinin hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl olunması və şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) nəzərdə tutulmuş hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət edilməsi zəruri hesab edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.
Konstitusiyanın
61-ci maddəsinə müvafiq olaraq hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq
hüququ, habelə səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə
alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən
istifadə etmək hüququ vardır.
Həmin maddənin mahiyyətindən irəli gələrək qeyd olunmalıdır ki, hüquqi yardım hüququ yalnız formal təminat xarakteri daşımır, eyni zamanda şəxslərin hüquq və azadlıqlarının effektiv müdafiəsinin əsas konstitusion mexanizmlərindən biri kimi çıxış edir. Bu hüququn real və səmərəli şəkildə həyata keçirilməsi üçün peşəkar hüquqi yardım göstərən şəxslərin sərbəst, maneəsiz və təhlükəsiz fəaliyyət göstərmək imkanının olması zəruridir.
Konstitusion
təminat kimi hüquqi yardım almaq hüququnun məqsədi şəxsin ədalət mühakiməsi həyata
keçirilərkən, habelə inzibati icraat çərçivəsində müdafiəsiz vəziyyətdə
qalmamasını təmin etmək, ədalət mühakiməsinin çəkişmə və bərabərlik prinsipləri
əsasında həyata keçirilməsinə nail olmaqdır. Bu baxımdan vəkilin fəaliyyəti
yalnız konkret şəxsin maraqlarının müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda ədalət
mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri kimi çıxış edir.
Müdafiəçinin köməyindən istifadə etmək hüququ beynəlxalq hüquqi aktlarla da fundamental hüquqlar sırasında tanınır. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü hissəsinin b və d bəndlərinə əsasən hər bir şəxsin ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən bərabərlik əsasında öz müdafiəsinə hazırlaşmaq və özünün seçdiyi müdafiəçi ilə əlaqə saxlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya öz seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək; əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət məhkəməsinin mənafeyi bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququ vardır.
Konstitusiyada və beynəlxalq
hüquqi aktlarda təsbit olunmuş müdafiəçinin köməyindən istifadə etmək hüququnun
həyata keçirilməsi mexanizmləri milli qanunvericilikdə ətraflı şəkildə tənzimlənmişdir.
Müraciətdə qaldırılan məsələ
ilə əlaqədar qeyd edilməlidir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə
hüququnun təmin edilməsində iştirak edən müdafiəçinin hüquqi statusu, hüquq və
vəzifələri, habelə cinayət mühakimə icraatında iştirakının əsasları prosessual
qanunvericiliklə müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəllənin 92-ci maddəsi
müdafiəçinin hüquqi statusunu nəzərdə tutur. Həmin Məcəllənin 92.1-ci maddəsinə
əsasən cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində
vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər.
Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə
baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.
Göründüyü kimi,
qanunverici “müdafiəçi” anlayışını vəkillik fəaliyyətindən ayrı, müstəqil
hüquqi institut kimi deyil, vəkil tərəfindən həyata keçirilən hüquqi yardım fəaliyyətinin
cinayət mühakimə icraatındakı prosessual forması kimi müəyyən etmişdir. Başqa
sözlə, “müdafiəçi” anlayışı ayrıca bir peşə və ya fərqli hüquqi fəaliyyət
növünü deyil, vəkilin hüquqi yardım göstərilməsi funksiyasının konkret
prosessual müstəvidə ifadəsini əks etdirir.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci
maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında
qeyd edilmişdir ki, hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək
hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq
Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla
qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ,
azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin
edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi
müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya
təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin
real (həqiqi) bərabərliyinə zəmanət verməkdir.
Cinayət-Prosessual Məcəllənin
92.3-cü maddəsində müdafiəçinin iştirakının təmin edilməli olduğu hallar müəyyən
edilmiş, müdafiəçinin cinayət prosesindəki prosessual vəziyyətinə dair müddəalar
isə Məcəllənin digər normalarında öz əksini tapmışdır.
Belə ki, həmin Məcəllənin
7.0.28-ci maddəsinə əsasən müdafiə tərəfi - birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən
şəxs, onun müdafiəçisi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi
üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, onun müdafiəçisi və mülki
cavabdehdən ibarətdir.
Bundan başqa, Cinayət-Prosessual
Məcəllənin 7.0.27-ci maddəsinə əsasən müdafiə - cinayət qanunu ilə nəzərdə
tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi
və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət
təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası
məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir.
Qeyd edilməlidir ki, Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində (bundan sonra – İnzibati Xətalar
Məcəlləsi) də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin
hüquqlarının müdafiəsini həyata keçirən şəxs müdafiəçi anlayışı ilə ifadə
edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta
haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi
yardımından istifadə etmək hüququ vardır. Həmçinin İnzibati Xətalar Məcəlləsinin
65-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi və nümayəndənin
hüquqi statusları fərqləndirilmiş, barəsində icraat aparılan şəxsə hüquqi
yardım göstərmək üçün müdafiəçinin, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək
üçün isə nümayəndənin iştirak edə bildiyi təsbit edilmişdir.
Məhkəmənin baxdığı
inzibati xəta haqqında iş üzrə icraatda barəsində inzibati xəta ilə bağlı
icraat aparılan fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş
fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır.
Vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir.
Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş
qaydada verilən etibarnamə ilə təsdiq edilir (İnzibati Xətalar Məcəlləsinin
65.1, 65.1-1 və 65.6-cı maddələri).
Bununla yanaşı, hüquqi
yardım göstərən şəxslərin prosessual statusu digər məhkəmə icraatı növləri üzrə
qanunvericiliklə də tənzimlənmişdir. Müraciətdə qaldırılan məsələnin mahiyyəti nəzərə
alınmaqla, mülki mühakimə icraatında hüquqi yardım göstərən şəxslərin
prosessual vəziyyətinə dair müddəaların da nəzərdən keçirilməsi zəruridir.
Mülki mühakimə
icraatında hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti
müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri
olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna
malikdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
69.1-ci maddəsi).
Fiziki şəxsin nümayəndəsi
onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər
istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti
lazımi qaydada rəsmiləşdirilməlidir (Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsi).
Hüquqi şəxsi məhkəmədə
qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən
edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas
iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir (Mülki
Prosessual Məcəllənin 69.2-ci maddəsi).
Qeyd edilməlidir ki, hüquqi
yardım göstərən şəxslərin prosessual fəaliyyəti ilə bağlı münasibətlər yalnız
prosessual qanunvericiliklə deyil, həm də vəkillik fəaliyyətinə dair
qanunvericilik aktları ilə nizama salınır.
Bu baxımdan “Vəkillər və
vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun) müvafiq müddəalarına da nəzər yetirilməlidir.
Həmin Qanunun 1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini
peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır.
Vəkillik fəaliyyəti
dedikdə “Vəkillər və vəkillik fəaliyyəti
haqqında” Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına
uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət
orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə
peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyəti başa düşülür (“Vəkillər
və vəkillik fəaliyyəti haqqında” Qanunun 4-cü maddəsinin I hissəsi).
Göründüyü kimi, vəkillik
fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin
müdafiəsini, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsini təmin edən
peşəkar hüquqi fəaliyyətdir.
Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, şəffaflıq, insan hüquqlarına hörmət və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Eyni zamanda qanunverici vəkilin peşə fəaliyyətinə müdaxilənin yolverilməzliyini və onun qanunla müdafiə olunmasını vəkillik institutunun əsas təminatlarından biri kimi müəyyən etmişdir.
“Vəkillər və vəkillik fəaliyyəti haqqında”
Qanunun 16-cı maddəsinin III hissəsində vəkilin mülki işlər, kommersiya mübahisələri,
inzibati icraat üzrə, inzibati xətalar haqqında işlər və ya cinayət işləri üzrə
icraatda müvafiq olaraq nümayəndə və müdafiəçi qismində iştirakını istisna edən
halların Azərbaycan Respublikasının prosessual qanunvericiliyi və inzibati xətalar
haqqında qanunvericiliyi ilə nəzərdə tutulduğu qeyd olunmuşdur.
Göstərilən müddəalardan aydın olur ki, vəkilin
məhkəmə icraatlarında iştirakı vahid peşə fəaliyyətinin həyata keçirilməsi ilə
bağlı olsa da, onun prosessual mövqeyi həmin icraatın xarakterindən asılı
olaraq müəyyən edilir. Cinayət mühakimə və inzibati xətalar haqqında işlər üzrə
icraatda vəkil müvafiq olaraq məhz şübhəli və ya təqsirləndirilən və barəsində
inzibati xəta üzrə icraat aparılan şəxsin müdafiəsini həyata keçirən müdafiəçi
qismində, mülki mühakimə icraatında isə işdə iştirak edən şəxsin hüquq və mənafelərini
təmsil edən nümayəndə qismində çıxış edir.
Belə fərqləndirmə vəkil tərəfindən göstərilən
hüquqi yardımın mahiyyətini dəyişdirməsə də, prosessual qanunvericilik hər bir
məhkəmə icraatının predmetini, iştirakçıların hüquq və vəzifələrini, habelə
onların prosesdə yerinə yetirdikləri funksiyaları nəzərə alaraq həmin şəxslərin
statusunu ayrıca müəyyən edir.
Müraciətdə qaldırılan məsələ məhz bu fərqləndirmənin
Cinayət Məcəlləsinin 288.2-ci maddəsinin tətbiqi baxımından hansı qaydada nəzərə
alınmalı olması ilə bağlıdır. Bu səbəbdən həmin maddənin normativ quruluşu,
qoruduğu ictimai münasibətlərin xarakteri və maddədə sadalanan şəxslərin
qanunvericilikdəki mövqeyi qarşılıqlı əlaqədə qiymətləndirilməlidir.
Cinayət Məcəlləsinin
288-ci maddəsi “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” adlanan 32-ci fəsildə
təsbit edilmişdir. Qanunvericinin həmin normanı məhz bu fəsildə yerləşdirməsi
onu göstərir ki, normanın əsas məqsədi konkret şəxslərin fərdi təhlükəsizliyinin
qorunmasından daha çox, ədalət mühakiməsinin maneəsiz həyata keçirilməsinin
cinayət-hüquqi vasitələrlə təmin edilməsidir.
Həmin Məcəllənin
288.1-ci maddəsinin dispozisiyasında işin və ya müvafiq materialların məhkəmədə
baxılması ilə əlaqədar hakimi, habelə onun yaxın qohumlarını öldürməklə,
onların sağlamlıqlarına zərər vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə
hədələmə, 288.2-ci maddəsində isə eyni əməllərin işin və ya müvafiq
materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması, hökmün
yaxud digər məhkəmə qərarlarının icrası ilə əlaqədar prokuror, müstəntiq və ya
təhqiqatçı, müdafiəçi, ekspert, icra məmuru, habelə onların yaxın qohumları barəsində
törədilməsi nəzərdə tutulmuşdur.
Cinayət-hüquqi
baxımdan qeyd olunan normanın əsas bilavasitə obyekti ədalət mühakiməsinin
normal fəaliyyəti ilə bağlı ictimai münasibətlərdir. Əlavə obyekt qismində isə
dispozisiyada sadalanan şəxslərin həyatı, sağlamlığı, iradə azadlığı və
toxunulmazlığı çıxış edir.
Normanın obyektiv cəhəti
ədalət mühakiməsinin müvafiq iştirakçılarına qarşı hədələmə xarakterli hərəkətlərdə
ifadə olunur. Bu əməllərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin
davranışlar vasitəsilə ədalət mühakiməsinin iştirakçılarına təsir göstərilməsi,
onların fəaliyyətinin məhdudlaşdırılması və ya qərarvermə prosesinə müdaxilə
edilməsi məqsədi güdülür.
Cinayətin subyektiv
cəhəti birbaşa qəsdlə xarakterizə olunur. Şəxs törətdiyi əməlin hüquqazidd
xarakterini dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və
həmin nəticəni arzu edir. Cinayətin subyekti isə ümumi subyekt olmaqla, cinayət
məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmış anlaqlı fiziki şəxs
hesab olunur.
Qeyd olunan normanın yerləşdiyi fəsil və qoruduğu obyekt onu göstərir ki, burada qanunvericinin əsas məqsədi işdə iştirak edən müvafiq şəxslərin təhlükəsiz və sərbəst fəaliyyətinin, bununla da ədalət mühakiməsinin realizəsinin təmin edilməsindən ibarətdir.
Lakin onu da qeyd etmək lazımdır ki,
qanunverici burada zərərçəkmiş şəxslərin dairəsini ümumi ifadə ilə deyil,
konkret subyektləri sadalamaq yolu ilə müəyyən etmişdir. Prokuror, müstəntiq, təhqiqatçı,
müdafiəçi, ekspert və icra məmurunun ayrıca göstərilməsi onların hər birinin ədalət
mühakiməsi, ibtidai araşdırma və ya məhkəmə qərarlarının icrası ilə bağlı
qanunla müəyyən edilmiş konkret funksiyaları yerinə yetirməsi ilə şərtlənir.
Belə normativ quruluş maddədə istifadə olunan
anlayışların təsadüfi deyil, müvafiq icraatlar üzrə prosessual və ya xidməti
statuslarla bağlı olduğunu göstərir. Buna görə də Cinayət Məcəlləsinin 288.2-ci
maddəsində sadalanan şəxslərin dairəsi müəyyən edilərkən həmin anlayışların
ümumi leksik mənası deyil, qanunvericilikdə daşıdığı normativ məna əsas
götürülməlidir.
Cinayət qanunvericiliyinin digər müddəalarının
sistemli təhlili də göstərir ki, qanunverici müxtəlif məhkəmə icraatlarında
iştirak edən şəxslərin prosessual statuslarını fərqləndirir. Bu baxımdan Cinayət
Məcəlləsinin 294-cü maddəsinin də normativ quruluşu nəzərə alınmalıdır.
Həmin maddədə ədalət mühakiməsinin həyata
keçirilməsi ilə bağlı müxtəlif icraatlarda iştirak edən şəxslər ayrıca göstərilmişdir.
Belə ki, qanunverici mülki iş üzrə işdə iştirak edən şəxsi və ya onun nümayəndəsini,
cinayət işi üzrə isə təhqiqatçını, müstəntiqi, prokuroru və müdafiəçini fərqli
prosessual mövqeləri ifadə edən subyektlər kimi nəzərdə tutmuşdur.
Bu tənzimləmə onu göstərir ki, qanunverici
cinayət-hüquqi normada zəruri hesab etdiyi hallarda mülki mühakimə icraatında
iştirak edən nümayəndəni ayrıca subyekt kimi göstərir və məhz cinayət mühakimə
və inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiə funksiyasını həyata
keçirən şəxsi ifadə etmək üçün “müdafiəçi” anlayışından istifadə edir.
Qanunvericinin eyni yanaşması Cinayət Məcəlləsinin
316-cı maddəsində də müşahidə olunur.
Həmçinin Mülki Prosessual Məcəllənin 104.4.2-ci
maddəsində qeyd olunmuşdur ki, vəzifələrini icra etməklə əlaqədar olaraq onlara
məlum olan hallar barədə mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə
müdafiəçilər şahid qismində dindirilə bilməzlər.
Göründüyü kimi, qanunvericilikdə hüquqi yardım
göstərən vəkilin iştirak etdiyi icraatın növündən asılı olaraq onun prosessual
mövqeyinin ifadə edilməsi üçün fərqli anlayışlardan istifadə olunur. Belə fərqləndirmə
vəkillik fəaliyyətinin vahid peşə mahiyyətini dəyişdirmədən, vəkilin konkret məhkəmə
icraatında həmin icraatın xüsusiyyətlərindən irəli gələrək müəyyən edilmiş
müvafiq prosessual statusda iştirakından qaynaqlanır.
Konstitusiya Məhkəməsi Plenumunun cinayət-hüquqi
normaların təfsiri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə isə cinayət
məsuliyyəti yaradan əməlin qanunda dəqiq, birmənalı və açıq-aşkar şəkildə göstərilməsi
tələb edilir. Xüsusən məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası
qeyri-müəyyən və ikimənalı olmamalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair”
2012-ci il 10 aprel tarixli Qərarında qeyd etmişdir ki, cinayət qanunvericiliyi
sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının
71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın
71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini
ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı
(nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət
qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət
qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.
Qeyd olunan hüquqi mövqelər baxımından cinayət
məsuliyyətini müəyyən edən normada istifadə olunmuş anlayışların məzmunu həmin
normanın mətnindən, qanunvericilik sistemində tutduğu yerdən və qanunvericinin
normada ifadə etdiyi iradədən kənar müəyyən edilə bilməz. Xüsusilə normada zərərçəkmiş
şəxslərin dairəsi konkret göstərildiyi halda, həmin dairənin məhkəmə təfsiri
yolu ilə genişləndirilməsi cinayət qanununun hüquqi müəyyənlik prinsipinin tələblərinə
uyğun tətbiqi baxımından yolverilməz nəticəyə səbəb ola bilər.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsi baxımından şərh edilməsinə
dair” 2024-cü il 1 noyabr tarixli Qərarında cinayət qanununun genişləndirici təfsirinin
qadağan edilməsi ilə bağlı hüquqi mövqeyini bir daha ifadə edərək qeyd etmişdir
ki, Cinayət Məcəlləsinin 294.1 və 294.2-ci maddələrində nəzərdə tutulmayan şəxslərin
sübutların saxtalaşdırılmasına görə cinayətin icraçısı qismində həmin Məcəllənin
294.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi Konstitusiyanın 71-ci
maddəsinin VIII hissəsinin və Konvensiyanın 7-ci maddəsinin tələblərinin
pozulmasına gətirib çıxara bilər.
Odur ki, Cinayət Məcəlləsinin 288.2-ci maddəsində
nəzərdə tutulmuş “müdafiəçi” anlayışının mülki mühakimə icraatında nümayəndə
qismində iştirak edən vəkilə şamil edilməsi hazırkı qanunvericilik sistemi çərçivəsində
normanın mətnindən irəli gələn hüdudların genişləndirilməsi kimi qiymətləndirilə
bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki,
vəkil məhkəmə icraatının növündən asılı olmayaraq, hüquqi yardım göstərdiyi şəxsin
hüquq və qanunla qorunan mənafelərinin müdafiəsinə yönəlmiş peşə fəaliyyətini həyata
keçirir. Bu baxımdan vəkilin cinayət, mülki, inzibati və digər icraatlarda
iştirakı mahiyyət etibarilə şəxsin hüquqlarının müdafiəsinə xidmət edir.
Bununla belə, hüquqların müdafiəsi
funksiyasının müxtəlif icraatlarda həyata keçirilməsi həmin icraatlarda iştirak
edən vəkilin prosessual statuslarının eyniləşdirilməsini nəzərdə tutmur.
Qanunvericilikdə “müdafiə” hüquqi yardımın ümumi məqsədini ifadə etdiyi halda,
“müdafiəçi” anlayışı cinayət-prosessual qanunvericilikdə konkret prosessual
status kimi müəyyən edilmişdir.
Bu səbəbdən Cinayət Məcəlləsinin 288.2-ci maddəsinin
tətbiqi zamanı həlledici meyar vəkilin ümumilikdə müdafiə xarakterli peşə fəaliyyətini
həyata keçirməsi deyil, həmin fəaliyyətin hansı prosessual status çərçivəsində
yerinə yetirilməsidir. Maddədə “müdafiəçi” anlayışından istifadə edilməsi
qanunvericinin hüquqi yardım göstərən bütün vəkilləri deyil, cinayət mühakimə
və inzibati xətalar haqqında işlər üzrə icraatda müdafiə funksiyasını həyata
keçirən prosessual subyekti nəzərdə tutduğunu göstərir.
Qanunvericinin Cinayət Məcəlləsinin 288-ci maddəsində
məhz cinayət mühakimə icraatında iştirak edən müdafiəçinin fəaliyyətini qoruma
altına alması onunla izah oluna bilər ki,
müdafiəçi ictimai təhlükəli əməli törətməkdə şübhəli və ya təqsirli
bilinən və bununla da əslində cəmiyyət tərəfindən qınanılan şəxsin Konstitusiya
ilə təminat verilmiş hüquqlarının müdafiəsini həyata keçirir. Belə fəaliyyət isə
bir qayda olaraq zərərçəkmiş tərəfindən məzəmmət edilir, cəmiyyət tərəfindən isə
heç də həmişə təqdir edilən fəaliyyət kimi qəbul edilmir. Odur ki, məhz şübhəli
və təqsirləndirilən şəxslərin Əsas Qanunla təsbit edilmiş hüquqlarının, bununla
da ədalət mühakiməsinin maneəsiz həyata keçirilməsinin təmin edilməsi zərurətindən
çıxış edərək qanunvericilikdə məhz cinayət prosesinin iştirakçısı kimi müdafiəçini
və ya onun yaxın qohumlarını öldürməklə, onların sağlamlıqlarına zərər
vurmaqla, əmlakını məhv etməklə və ya əmlakını zədələməklə hədələmə daha ağır
cinayət məsuliyyətinə səbəb olan xüsusi norma ilə tənzimlənmişdir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, hazırkı qanunvericilik sistemi çərçivəsində Cinayət Məcəlləsinin
288.2-ci maddəsində nəzərdə tutulmuş “müdafiəçi” anlayışı qanunvericilikdə müəyyən
edilmiş prosessual statusla əlaqəli şəkildə başa düşülməlidir.
Xarici dövlətlərin
qanunvericiliyinə nəzər saldıqda Ukrayna Cinayət Məcəlləsinin 398-ci maddəsində
“şəxsin müdafiəçisi və ya nümayəndəsi”, Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin
409-cu maddəsinin 2-ci hissəsində isə “müdafiəni və ya nümayəndəliyi həyata
keçirən vəkil” ifadələrindən istifadə edildiyi müəyyən olunur.
Göründüyü kimi,
ayrı-ayrı dövlətlərin cinayət qanunvericiliyində müdafiə və nümayəndəlik
funksiyalarını həyata keçirən şəxslər normanın mətnində istifadə olunan
anlayışlar vasitəsilə fərqləndirilir. Bu isə müvafiq cinayət-hüquqi normanın tətbiq
dairəsi müəyyən edilərkən qanunvericinin seçdiyi terminologiyanın və həmin
terminlərin prosessual qanunvericilikdə ifadə etdiyi məzmunun nəzərə alınmasını
zəruri edir.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mülki mühakimə icraatında nümayəndə
qismində iştirak edən vəkilin də peşə fəaliyyəti ədalət mühakiməsinin həyata
keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, vəkil hüquqi yardım
göstərdiyi şəxsin hüquq və qanunla qorunan mənafelərinin müdafiəsinə xidmət
edir və onun peşə fəaliyyətinə qanunsuz müdaxilə məhkəmə müdafiəsi hüququnun səmərəli
həyata keçirilməsinə mənfi təsir göstərə bilər.
Bu baxımdan mülki
mühakimə icraatında hüquqi yardım göstərən vəkillərin peşə fəaliyyəti ilə əlaqədar
zor tətbiqi, hədə-qorxu və digər təzyiq hallarından müdafiəsinə dair xüsusi
cinayət-hüquqi təminatların nəzərdə tutulmasının qanunvericilik qaydasında həll
edilməsi zəruridir.
Belə tənzimləmə, bir tərəfdən, vəkilin məhkəmə icraatlarında hüquqi yardım göstərmək funksiyasının müdafiəsinə, digər tərəfdən isə cinayət-hüquqi normaların hüquqi müəyyənlik prinsipinə uyğun tətbiqinə xidmət edər.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 61 və
71-ci maddələrinin, habelə hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Cinayət
Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsi öz hüquqi
məzmununa görə Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət
mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata
keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə
hüquqi yardım göstərən vəkili ehtiva edir;
- hüquqi yardım göstərən
digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə
fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən effektiv hüquqi
müdafiəsinin təmin edilməsi məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi zəruridir.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI və IX hissələrini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci
maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
Q Ə R A R A
A L D I:
1. Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələrinin,
habelə hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi”
ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən
edilmiş qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin
müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.
2. Hüquqi yardım göstərən
digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə
fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi
müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin
təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar dərc edildiyi gündən
qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr
Fərhad Abdullayev
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası
Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi
baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.2-ci maddəsində
nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə icraatında iştirak edən
vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh olunmasına dair 21
sentyabr 2026-cı il tarixli Qərarından
Hakimlər
İ.Nəcəfov və H.Əfəndiyevanın xüsusi rəyi
22 sentyabr 2026-cı il, Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun
Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi
müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə
icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə
şərh edilməsi üzrə Qərarına hörmətlə yanaşaraq, aşağıdakılarla bağlı öz
mövqeyimi qeyd etməyi zəruri hesab edirəm.
Müraciətin materiallarından görünür ki, cavabdeh tərəf
iddiaçının nümayəndəsi qismində çıxış edən vəkilə qarşı prosesin gedişində
qanunla qadağan edilən hərəkətlərə yol verərək, məhkəməyə qarşı hörmətsizlik
göstərmiş və onu öldürtdürəcəyi ilə hədələmişdir.
Bundan sonra iddiaçının hüquqlarının müdafiəsini həyata keçirən
vəkil həmin hədələrlə bağlı aidiyyəti prokurorluq orqanına müraciət etmişdir.
Lakin ibtidai istintaq orqanı əməldə Cinayət Məcəlləsinin 134-cü və 288.2-ci
maddələrində nəzərdə tutulan cinayət tərkibinin olmadığını əsas gətirərək
cinayət işinin başlanmasını rədd etmişdir. Qərarda əsas kimi göstərilmişdir ki,
288.2-ci maddədə nəzərdə tutulan “müdafiəçi” anlayışı yalnız cinayət prosesi
zamanı şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən vəkilə
aiddir və bu anlayışın mülki məhkəmə icraatında iştirak edən vəkilə şamil
edilməsi mümkün deyildir. Bu səbəbdən ibtidai istintaq orqanı mülki iş üzrə
hüquqi yardım göstərən vəkilə qarşı törədilmiş hədələmə xarakterli hərəkətin
həmin maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaratmadığı qənaətinə
gəlmişdir.
Azərbaycan dilinin izahlı lüğətində “müdafiəçi” anlayışına bir
neçə mənada izah verilmişdir. Həmin anlayış “müdafiə edən, qoruyan şəxs” kimi
ümumi mənada izah olunmaqla yanaşı, hüquqi mənada birbaşa “vəkil, advokat” kimi
göstərilmişdir.
Göründüyü kimi, “müdafiəçi” anlayışı lüğəti baxımdan yalnız
konkret prosessual fəaliyyət növü ilə məhdudlaşdırılmır və ümumilikdə müdafiə
funksiyasını həyata keçirən şəxsi ifadə edir.
Bu baxımdan hesab edirəm ki, “müdafiəçi” anlayışının hüquqi
məzmununun müəyyən olunması zamanı ona yalnız formal-prosessual termin kimi
deyil, həyata keçirdiyi funksiyanın mahiyyəti nəzərə alınmaqla yanaşılması
zəruridir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 90.2-ci maddəsinə əsasən, normativ hüquqi akt şərh
edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların
qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif
aspektlərini tənzimləyən digər normalarla funksional və başqa əlaqələri müəyyən
edilir. Beləliklə, qanunvericinin müəyyən etdiyi bu yanaşma normanın digər
hüquq normalarından təcrid olunmuş şəkildə deyil, onun hüquqi tənzimləmə
sistemindəki yeri və funksiyası nəzərə alınmaqla başa düşülməsini tələb edir.
Bu müddəanın əhəmiyyəti xüsusilə cinayət hüquq normalarının, o
cümlədən hazırkı müraciətin predmeti baxımından hüquqi mahiyyətinə görə ədalət
mühakiməsinin normal həyata keçirilməsinin qorunmasına yönəlmiş cinayət-hüquqi normaların
təfsiri zamanı özünü daha aydın göstərir.
Konstitusiyasının 125-ci maddəsində məhkəmə hakimiyyətinin ədalət
mühakiməsi yolu ilə həyata keçirilməsi təsbit edilmişdir. Eyni zamanda,
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun II fəslində
— “Ədalət mühakiməsinin həyata keçirilməsinə dair əsas müddəalar” — ədalət
mühakiməsinin həyata keçirilməsinin fundamental prinsipləri
konkretləşdirilmişdir. Həmin fəslin 8-ci maddəsinə əsasən, ədalət mühakiməsi
hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan,
faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Bu
müddəanın davamı və məntiqi təminatı kimi Qanunun 9-cu maddəsində məhkəmə
icraatına müdaxilənin və məhkəməyə hörmətsizlik göstərilməsinin yolverilməzliyi
müəyyən edilmişdir. Həmin maddəyə görə, hər hansı şəxs tərəfindən, hər hansı
səbəbdən bilavasitə və ya dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması,
təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir və qanunvericiliyə uyğun olaraq
məsuliyyətə səbəb olur.
Konstitusiyanın 127-ci maddəsinin III hissəsində təsbit olunmuş bu
prinsip “Məhkəmələr və hakimlər haqqında” Qanununun 9-cu maddəsində inkişaf
etdirilərək konkretləşdirilmişdir. Belə ki, hər iki normada məhkəmə icraatına
hər hansı şəxs tərəfindən və hər hansı səbəbdən müdaxilə edilməsinin
yolverilməzliyi təsbit olunur.
Qeyd edilən müddəanın hüquqi mahiyyəti yalnız onun ayrı-ayrı
sözlərinin hərfi mənası əsasında deyil, həmin normanın əsas təyinatı üzrə, yəni
məqsədinin məhz məhkəmə hakimiyyətinin müstəqilliyinin və ədalət mühakiməsinin
normal həyata keçirilməsinin təmin edilməsi olduğu nəzərə alınmaqla müəyyən
edilməlidir.
Maddənin ilk ifadəsi — “hər hansı bir şəxs tərəfindən” —
müdaxilənin subyekti baxımından heç bir məhdudiyyət qoymur. Qanunverici burada
müdaxilə edə biləcək şəxslərin dairəsini də konkret vəzifə, status və ya
prosessual mövqe ilə məhdudlaşdırmır. Başqa sözlə, məhkəmə icraatına
müdaxilənin yolverilməzliyi tələbi yalnız dövlət orqanlarına, vəzifəli şəxslərə
və ya məhkəmə prosesinin iştirakçılarına deyil, ədalət mühakiməsində iştirak
edən istənilən şəxsə münasibətdə keçərli olan ümumi hüquqi qadağadır.
“Hər hansı bir səbəbdən” ifadəsi müdaxilənin motiv və səbəbləri
baxımından da fərqləndirilmədiyini göstərir. Yəni şəxsin məhkəmə icraatına
müdaxiləsinə gətirib çıxaran səbəbin nə olması — şəxsi, maddi, xidməti,
prosessual və ya digər xarakter daşıması — həmin hərəkətin yolverilməzliyini
aradan qaldırmır.
Qanunverici daha sonra müdaxilənin “bilavasitə, yaxud dolayı
yolla” həyata keçirilməsini ayrıca qeyd edir. Bununla da qadağa yalnız hakimin
və ya məhkəmə mühakimə icraatının digər iştirakçısının fəaliyyətinə birbaşa
təsir göstərən hərəkətlərlə məhdudlaşdırılmır. Məhkəmə icraatına birbaşa
olmayan, lakin nəticə etibarilə həmin icraatın sərbəst və normal həyata
keçirilməsinə təsir göstərə bilən hərəkətlər də bu qadağanın əhatəsindədir.
Maddədə “məhdudiyyət qoyulması”, “təsir”, “hədə” və “müdaxilə
edilməsi” ifadələrinin ayrıca sadalanması da təsadüfi deyildir. Bu ifadələrin
hər biri məhkəmə icraatının normal gedişinə müxtəlif xarakterli təsir
formalarını əhatə edir. Beləliklə, qanunverici məhkəmənin və məhkəmə icraatında
iştirak edən şəxslərin sərbəst fəaliyyətinə yönələn istənilən təhlükəni hüquqi
baxımdan yolverilməz hesab edir. Çünki qanunazidd olan bu təsir formaları
yalnız konkret yönəldiyi şəxsin həyatı, sağlamlığı, əmlakı və s. üçün deyil,
həm də bütövlükdə ədalət mühakiməsinin sərbəst həyata keçirilməsinə təhlükə
yaradır.
Xüsusilə “hədə” sözünün ayrıca göstərilməsi hazırkı məsələ
baxımından mühüm əhəmiyyət kəsb edir. Hədə mahiyyət etibarilə şəxsin iradəsinə
təsir göstərməyə, onu müəyyən hərəkəti etməyə və ya etməkdən çəkinməyə məcbur
etməyə yönəlmiş davranışdır. Məhkəmə fəaliyyəti ilə əlaqədar belə hədənin
mövcudluğu isə artıq yalnız hədələnən şəxsin şəxsi məsələsi deyil, ədalət
mühakiməsinin sərbəst həyata keçirilməsinə yönəlmiş təhlükə yaradır.
Maddədə, həmçinin, “məhkəməyə hörmətsizlik göstərilməsi” və “aşkar
etinasızlıq göstərildiyini bildirən hərəkətlər” də yolverilməz davranış kimi
müəyyən edilir. Bununla qanunverici məhkəmə hakimiyyətinin nüfuzunun və məhkəmə
icraatının normal gedişinin qorunmasını da hüquqi təminat altına alır.
Nəhayət, maddənin son hissəsi ilə belə hərəkətlərin Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olduğu
birbaşa müəyyən edilir. Beləliklə bu maddə məhkəmə icraatına müdaxilənin ümumi
yolverilməzliyini müəyyən edir, konkret əməlin xarakterindən və təhlükəlilik
dərəcəsindən asılı olaraq məsuliyyətin növü isə digər qanunvericilik aktlarında
müəyyənləşdirilir.
İnzibati Xətalar Məcəlləsinin 526-cı maddəsi “Məhkəməyə
hörmətsizlik göstərilməsi” adlanır. Həmin maddədə məhkəmə iclası zamanı
şahidin, zərər çəkmiş şəxsin, iddiaçının, cavabdehin və ya iş üzrə iştirak edən
başqa fiziki şəxslərin sədrlik edənin sərəncamına tabe olmamasına görə inzibati
məsuliyyət nəzərdə tutulur.
Beləliklə, 526-cı maddə məhkəmə icraatının normal gedişinə
hörmətsiz davranış formasında müdaxilənin inzibati-hüquqi mühafizə
vasitələrindən birini müəyyən edir. Lakin qanunvericinin məhkəmə icraatını
qoruma mexanizmi bununla bitmir. Əməlin xarakteri, məqsədi və təhlükəlilik
dərəcəsi artdıqda məsuliyyət artıq inzibati deyil, cinayət-hüquqi müstəviyə
keçir. Bu baxımdan Cinayət Məcəlləsinin 32-ci fəslinin “Ədalət mühakiməsi
əleyhinə olan cinayətlər” adlandırılması xüsusilə əhəmiyyətlidir. Həmin fəsildə
286-cı maddədən başlayaraq məhkəmə fəaliyyətinə müdaxilə, ədalət mühakiməsini
həyata keçirən şəxslərə qarşı qəsdlər, hədələmə və zor tətbiq etmə kimi
əməllərə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Müraciətdə şərh edilməsi xahiş olunan Cinayət Məcəlləsinin 288-ci
maddəsi də bu fəsildə yerləşməklə Ədalət mühakiməsinin və ya ibtidai istintaqın
həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə adlanır. Həmin
Məcəllənin 288.2-ci maddəsi isə belə əməllərin, işin və ya müvafiq
materialların məhkəmədə baxılması və ya ibtidai istintaqın aparılması, hökmün
və ya digər məhkəmə qərarlarının icrası ilə əlaqədar, o cümlədən müdafiəçi
barəsində törədilməsini ayrıca nəzərdə tutur.
Göründüyü kimi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu
maddəsi məhkəmə icraatına hər hansı formada müdaxiləni ümumi şəkildə
yolverilməz elan edirsə, İnzibati Xətalar Məcəlləsi məhkəmə icraatının müəyyən
pozuntularına görə inzibati məsuliyyət müəyyən etmiş, Cinayət Məcəlləsinin
32-ci fəslində isə məhkəmə fəaliyyətinə daha təhlükəli müdaxilələr, o cümlədən
hədələmə, zor tətbiq etmə və digər əməllər cinayət-hüquqi mühafizənin predmetinə
daxil edilmişdir.
Nəzərə alınmalıdır ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun
9-cu maddəsi ilə qorunan hüquqi dəyər bütövlükdə məhkəmə icraatının
toxunulmazlığı, müstəqilliyidir. Cinayət Məcəlləsinin 32-ci fəslində isə məhz
həmin dəyərə qarşı yönələn daha təhlükəli əməllər cinayət kimi müəyyən
edildiyindən, Məcəllənin həmin fəslində yerləşən 288.2-ci maddəsindəki
“müdafiəçi” anlayışının hüquqi məzmunu da onun ədalət mühakiməsinin həyata
keçirilməsində yerinə yetirdiyi funksiyadan çıxış etməklə müəyyən edilməlidir.
Başqa sözlə, Cinayət Məcəlləsinin 288.2-ci maddəsinin müdafiə
etdiyi yalnız vəkilin şəxsi toxunulmazlığı ilə bağlı münasibətlər deyildir.
Normanın yerləşdiyi fəsil, adı və dispozisiyası göstərir ki, burada əsas məqsəd
müdafiəçinin məhkəmə və ya ibtidai istintaqla əlaqədar qanuni fəaliyyətinə
qarşı hədələmə və zor tətbiq etmə yolu ilə təsir göstərilməsinin qarşısının
alınmasıdır.
Bu baxımdan, Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə
tutulan hədələmə və zor tətbiq etmə adi şəxsi münasibətlər zəminində törədilən
hədə və ya zor tətbiq etmədən fərqlənir. Onun cinayət-hüquqi mahiyyətini
müəyyən edən əsas əlamətlərdən biri məhz əməlin ədalət mühakiməsinin və ya
ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar olmasıdır. Burada
fərqləndirici əlamət təkcə əməlin hansı subyektə qarşı yönəlməsi deyil, onun
məhz subyektin hansı fəaliyyətinə, yerinə yetirdiyi funksiyaya təsir etmək
məqsədilə törədilməsindədir. Qanunverici müvafiq subyektlərə qarşı hədə və zor
tətbiqetməni yalnız konkret şəxsin şəxsi təhlükəsizliyinə yönəlmiş hərəkət kimi
deyil, ilk növbədə ədalət mühakiməsinin normal həyata keçirilməsinə təhlükə
yaradan hüquqi hal kimi qiymətləndirir.
Başqa sözlə, Cinayət Məcəlləsinin 288.2-ci maddəsinin məqsədi
müdafiəçiyə qarşı törədilən hər bir hədələmə və ya zor tətbiq etmə əməlini
avtomatik olaraq həmin normanın təsiri altına almaq deyildir. Əksinə, normanın
dispozisiyasında istifadə olunan “işin və ya müvafiq materialların məhkəmədə
baxılması və ya ibtidai istintaqın aparılması, hökmün yaxud digər məhkəmə
qərarlarının icrası ilə əlaqədar” ifadəsi cinayət əməlinin məhz ədalət
mühakiməsinin həyata keçirilməsi ilə əlaqəsini müəyyən edən mühüm hüquqi
meyardır.
Əgər müdafiəçiyə qarşı hədələmə və ya zor tətbiq etmə onun sırf
fiziki şəxs kimi şəxsi münasibətlərinə və ya məhkəmə fəaliyyəti ilə heç bir
əlaqəsi olmayan başqa səbəbə görə həyata keçirilirsə, belə əməlin yalnız
zərərçəkmiş şəxsin müdafiəçi olması faktına görə 288.2-ci maddə ilə
qiymətləndirilməsi həmin normanın qanunvericilikdə tutduğu yer və məqsədi ilə
uzlaşmaya bilər.
Lakin hədələmə və ya zor tətbiq etmə müdafiəçinin konkret iş üzrə
müdafiə funksiyasını həyata keçirməsinə, həmin funksiyanı sərbəst və maneəsiz
yerinə yetirməsinə, məhkəmə icraatında mövqeyini ifadə etməsinə və ya digər
prosessual fəaliyyətinə təsir göstərmək məqsədi və ya bununla funksional
əlaqəsi daxilində baş verirsə, məsələ artıq yalnız müdafiəçinin şəxsi
toxunulmazlığı müstəvisində qalmır. Belə halda müdaxilə ilk növbədə ədalət mühakiməsinin
normal həyata keçirilməsinə yönəlmiş olur.
Beləliklə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsi
ilə Cinayət Məcəlləsinin 288.2-ci maddəsi arasında funksional əlaqə onda ifadə
olunur ki, birinci norma ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxiləni
yolverilməz davranış kimi müəyyən edir və belə müdaxilənin məsuliyyətə səbəb
olduğunu təsbit edir, ikinci norma isə müəyyən hallarda bu müdaxilənin daha
təhlükəli formasını — hədələmə və ya zor tətbiq etməni — cinayət hüququnun müdafiəsi
altına alır. Buna görə də 288.2-ci maddənin tətbiqi zamanı onun müdafiə etdiyi
ictimai münasibətlər “Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsində
ifadə olunmuş prinsip rəhbər tutulmaqla müəyyən edilməlidir.
Həmçinin qeyd olunmalıdır ki, Cinayət-Prosessual Məcəllənin
92.1-ci maddəsinə əsasən cinayət prosesində müdafiəçi qismində yalnız
Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək
hüququna malik olan vəkil iştirak edə bilər. Lakin nəzərə alınmalıdır ki, bu
müddəa cinayət prosesində müdafiəçi qismində kimin iştirak edə biləcəyini
müəyyən edir və Cinayət Məcəlləsinin 288.2-ci maddəsində işlədilən “müdafiəçi”
anlayışının bütün hallarda və bütün hüquqi məqsədlər üçün Cinayət-Prosessual
Məcəllənin qeyd edilən normasına istinadən yalnız müvafiq prosessual statusla
məhdudlaşdırılması nəticəsi çıxarıla bilməz.
Cinayət-Prosessual Məcəllənin 92.1-ci maddəsi prosessual statusu
müəyyən edən, Cinayət Məcəlləsinin 288.2-ci maddəsi isə ədalət mühakiməsinin
həyata keçirilməsi ilə əlaqədar müəyyən ictimai münasibətləri cinayət-hüquqi
mühafizə edən normadır. Normaların hüquqi təyinatı və məqsədi eyni
olmadığından, oradakı anlayışların avtomatik və mexaniki şəkildə
eyniləşdirilməsi düzgün nəticəyə gətirməyə bilər.
Unudulmamalıdır ki, müdafiə funksiyasının mahiyyəti şəxsin
prosessual adından deyil, onun həyata keçirdiyi hüquqi fəaliyyətdən irəli
gəlir. Müdafiə — şəxsin hüquq və azadlıqlarının, qanuni mənafelərinin
qorunmasına, onların həyata keçirilməsinə və pozulduğu halda bərpasına yönəlmiş
hüquqi fəaliyyətdir. Hüquqi yardım göstərən vəkil bu funksiyanı cinayət
mühakimə icraatında “müdafiəçi”, mülki mühakimə icraatında isə “nümayəndə” adı
altında həyata keçirə bilər. Lakin prosessual adın dəyişməsi həmin fəaliyyətin
hüquqi yardım və hüquqların müdafiəsi ilə bağlı mahiyyətini aradan qaldırmır.
Bu fərqləndirmə qanunvericiliyin özündə də qeyd olunub. Mülki
Prosessual Məcəllədə mülki prosesdə vəkilin nümayəndə qismində iştirak etməsi
nəzərdə tutulduğu halda, Cinayət-Prosessual Məcəllədə həmin vəkil “müdafiəçi”
adlandırılır. Lakin hər iki halda söhbət Azərbaycan Respublikasında vəkillik
fəaliyyəti göstərmək hüququna malik olan eyni peşə subyektindən gedir və hər
iki halda peşəkar hüquqi yardım funksiyası həyata keçirilir.
Bu baxımdan Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə
tutulmuş “müdafiəçi” ifadəsinin yalnız cinayət-prosessual statusla
əlaqələndirilməsi və müdafiə funksiyasının yerinə yetirilməsi ilə bağlı hüquqi
mahiyyətinin nəzərə alınmaması yolverilməzdir.
Digər tərəfdən, ədalət mühakiməsinin özünün də yalnız cinayət
mühakimə icraatı ilə məhdudlaşdırılması mümkün deyildir. Konstitusiyanın 125-ci
maddəsindən göründüyü kimi, mülki, cinayət və inzibati məhkəmə icraatları
fərqli prosessual formalarda həyata keçirilsə də, mahiyyət etibarilə ədalət
mühakiməsinin vahid sistemini təşkil edir. Bu baxımdan, həmin icraatlarda
hüquqi yardım göstərən vəkillərin fəaliyyətinin yalnız prosessual adlandırmaya
əsasən fərqləndirilməsi düzgün olmaz.
Əvvəldə də göstərildiyi kimi “Normativ hüquqi aktlar haqqında”
Konstitusiya Qanununun normanın funksional əlaqədə şərh edilməsini tələb edən
90.2-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 288.2-ci maddəsi təcrid olunmuş
şəkildə deyil, məhkəmə icraatına müdaxilənin yolverilməzliyi haqqında
qanunvericilik müddəaları, vəkillik fəaliyyətini tənzimləyən müvafiq normalarla
qarşılıqlı əlaqədə, habelə ədalət mühakiməsinin normal həyata keçirilməsinin
təmin edilməsinə yönəlmiş məqsədi rəhbər tutulmaqla qiymətləndirilməlidir.
Beləliklə, hüquq sistemi bir tərəfdən məhkəmə icraatına müdaxiləni
qadağan edir, digər tərəfdən isə CM-in 288-ci maddəsində bu müdaxilənin müəyyən
təhlükəli formalarını cinayət-hüquqi mühafizənin predmetinə daxil edir.
Qeyd olunan normaların funksional əlaqədə təhlili göstərir ki,
288-ci maddədə qorunan dəyər yalnız “hakim”, “prokuror”, “müstəntiq”,
“təhqiqatçı”, “müdafiəçi”, “ekspert”, “icra məmuru” adlandırılan şəxsin fərdi
təhlükəsizliyi deyildir. Əsas qorunan dəyər onların həyata keçirdikləri hüquqi funksiyanın
və bununla əlaqədar ədalət mühakiməsinin normal həyata keçirilməsidir.
Odur ki, eyni funksional fəaliyyətin bir prosessual mərhələdə və
ya bir icraat növündə həyata keçirilməsi zamanı həmin fəaliyyəti yerinə yetirən
vəkilin xüsusi cinayət-hüquqi müdafiəyə malik olması, digər məhkəmə icraatında
isə yalnız prosessual adı “nümayəndə” olduğu üçün belə müdafiədən tamamilə
kənarda saxlanılması üçün normanın məqsədindən irəli gələn əsas mövcud
olmalıdır.
Əks halda, eyni hüquqi peşəni, eyni vəkillik statusunu və mahiyyət
etibarilə eyni hüquq müdafiə funksiyasını həyata keçirən şəxslər yalnız iştirak
etdikləri məhkəmə icraatının növünə görə fərqli cinayət-hüquqi müdafiə
səviyyəsinə məruz qalırlar.
Məhkəmənin gəldiyi nəticənin əsaslandırılması zamanı Cinayət
Məcəlləsinin 294-cü maddəsinə istinad edilməsini də əsaslı hesab etmək mümkün
deyildir. Belə ki, həmin maddə ilə 288-ci maddə həm cinayətin obyektiv tərəfi,
həm cinayətin subyekti, həm də cinayət-hüquqi mühafizənin yönəldiyi ictimai
münasibətlər baxımından fərqli tənzimləmə predmetinə malikdir. Cinayət
Məcəlləsinin 294-cü maddəsi sübutların saxtalaşdırılmasına görə məsuliyyəti
müəyyən etdiyi halda, 288-ci maddə ədalət mühakiməsinin və ya ibtidai
istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq edilməsini
nəzərdə tutur. Buna görə də Məcəllənin 294-cü maddədə “şəxs”, “nümayəndə” və ya
“müdafiəçi” anlayışlarının hansı kontekstdə işlədilməsindən çıxış etməklə
288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” anlayışının məzmununun müəyyənləşdirilməsi
metodoloji baxımdan düzgün deyildir.
Xüsusilə nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 294.1-ci
maddəsində mülki iş üzrə sübutların saxtalaşdırılmasına görə məsuliyyət mülki
icraat qaydalarına uyğun olaraq “işdə iştirak edən şəxs və ya onun nümayəndəsi”
ilə əlaqələndirilmişdir. Bu normada qanunverici həmin şəxslərin məhkəmə
icraatında hansı funksiyanı həyata keçirməsini nəzərə almadan sübutların
saxtalaşdırılması formasında konkret cinayət əməlini törətməsindən çıxış edərək
məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 288.2-ci maddəsində isə
qanunverici tamamilə başqa hüquqi vəziyyəti — məhz məhkəmədə işə və ya müvafiq
materiallara baxılması, ibtidai istintaqın aparılması, hökmün və ya digər
məhkəmə qərarlarının icrası ilə əlaqədar müəyyən şəxslərə qarşı hədələmə və ya
zor tətbiq edilməsini — xüsusi cinayət tərkibi kimi müəyyən etmişdir.
Deməli, 294-cü maddədə “şəxs”, “nümayəndə” və ya digər prosessual
subyektlərin adlandırılma forması 288.2-ci maddədəki “müdafiəçi” anlayışının
avtomatik olaraq məhdudlaşdırılması üçün hüquqi əsas ola bilməz. Əksinə,
Cinayət Məcəlləsinin 288.2-ci maddəsinin yerləşdiyi “Ədalət mühakiməsi əleyhinə
olan cinayətlər” fəslinin məqsədi və həmin normanın dispozisiyası nəzərə
alındıqda, burada əsas götürülməli meyarın şəxsin yalnız hansı prosessual adla
adlandırılması deyil, onun məhkəmə icraatında hansı hüquqi funksiyanı həyata
keçirməsi və məhz həmin fəaliyyətə görə hədələmə və ya zor tətbiq edilməsi və
təqsirkarın məqsədinin məhz ədalət mühakiməsinin həyata keçirilməsinə təsir
göstərmək olduğu aydın olur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288-ci maddəsinin
dispozisiyası mahiyyət etibarilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin
296-cı maddəsi ilə oxşarlıq təşkil edir. Rusiya Federasiyası Ali Məhkəməsinin
cinayət işləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsində qeyd edilmişdir
ki, vəkilə qarşı törədilən zorakı hərəkətlərin həmin norma ilə tövsif olunması
üçün əsas meyar əməlin motivinin ədalət mühakiməsinin həyata keçirilməsi ilə
bağlı olmasıdır.
Məhkəmə təcrübəsində baxılmış işlərin birində vəkil mülki iş üzrə
tərəfin nümayəndəsi qismində iştirak etmişdir. Lakin müəyyən olunmuşdur ki,
vəkilə qarşı törədilən zorakı hərəkətlərin motivi onun məhkəmə fəaliyyəti ilə
deyil, şəxsi münasibətlərlə bağlı olmuşdur. Bu səbəbdən əməl ədalət mühakiməsi
əleyhinə cinayət kimi deyil, şəxsiyyətə qarşı yönəlmiş ümumi cinayət əməli kimi
qiymətləndirilmişdir. Həmin hüquqi yanaşmadan görünür ki, Rusiya Federasiyası
Ali Məhkəməsi üçün həlledici meyar vəkilin hansı icraat növündə iştirak etməsi
deyil, ona qarşı törədilən əməlin ədalət mühakiməsinin həyata keçirilməsi ilə
əlaqəli olub-olmamasıdır. Başqa sözlə, əgər təhdid və ya zor tətbiqi vəkilin
hüquqi yardım fəaliyyəti və məhkəmə icraatında iştirakı ilə bağlı olmuş olarsa,
bu halda qeyd olunan əməl ədalət mühakiməsi əleyhinə cinayət kimi
qiymətləndirilə bilər.
Həmçinin qeyd olunmalıdır ki, Plenum qərarında “müdafiəçi”
anlayışının bu cür təfsirinin cinayət məsuliyyətinin genişləndirilməsinə səbəb
olacağı barədə nəticəsi ilə razılaşmaq mümkün deyildir. Çünki burada yeni bir
cinayət əməli müəyyən edilmir və qanunda nəzərdə tutulmayan hər hansı əməl
cinayət hesab edilmir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, cinayət məsuliyyəti
yalnız cinayət tərkibinin bütün əlamətləri olduqda yaranır. 288.2-ci maddədə
isə cinayətin əsas əlamətləri artıq müəyyən edilmişdir. Həmin maddədə sadalanan
şəxslər, o cümlədən müdafiəçi, əməlin kimə qarşı törədilməsindən asılı olaraq
məsuliyyəti müəyyən edən əlavə əlamətlərdir. Buna görə də “müdafiəçi”
anlayışının qanunvericiliyin digər normaları ilə əlaqədə və onun hüquqi
funksiyası nəzərə alınmaqla izah edilməsi yeni məsuliyyət yaratmır. Bu, yalnız
288.2-ci maddədə artıq nəzərdə tutulmuş anlayışın məzmununun müəyyən
edilməsidir.
Qeyd edilənlərə əsasən belə qənaətə gəlirik ki, ədalət
mühakiməsinin icraatı prosesində, hüquq və azadlıqların müdafiəsində nümayəndə
qismində iştirak edən vəkil də müdafiəçidir.
Hakimlər:
İsa Nəcəfov
Humay Əfəndiyeva