AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə,
26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə,
32-ci maddəsinin I hissəsinə,
60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə
uyğunluğunun yoxlanılmasına dair
22
sentyabr 2026-cı il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev (məruzəçi-hakim),
Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və
Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin
VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya
məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında
Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu
əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin
Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı
maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı
maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Quliyevin məruzəsini, Azərbaycan
Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və
kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor
Ş.Səmədovanın və həmin kafedranın müəllimi V.Qədimovun rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 133.1-ci
maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I
hissəsinə, 60-cı maddəsinə, 63-cü maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə
və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Sorğuda göstərilmişdir ki, şəxsin Cinayət Məcəlləsinin
133.1-ci (Əzab vermə) maddəsi ilə cinayət məsuliyyətinə
cəlb edilməsi üçün döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar
vermə mütəmadi olaraq törədilməlidir.
Sorğuya əsasən qeyd edilən əməlin düzgün
tövsifi üçün mütəmadi olaraq dedikdə, həmin əməlin fasilə vermədən, yaxud da müəyyən
fasilələrlə (məsələn, dəqiqə, saat, gün, həftə, ay və s. keçməklə) yenidən
davam etdirilməsinin nəzərdə tutulub-tutulmamasına aydınlıq gətirilməlidir. Belə
ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
(bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsinə (Döymə) əsasən döymə və sair zorakı hərəkətlərlə
qəsdən fiziki ağrı yetirməyə görə şəxsə üç yüz manatdan beş yüz manatadək məbləğdə
cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Sorğuverən hesab edir ki, əzab vermə ilə döymə əməlinin
hüquqi hüdudlarının dəqiq müəyyən edilməməsi
Cinayət Məcəlləsinin 133.1-ci və İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrinin
tətbiqi ilə bağlı qeyri-müəyyənlik yaradır. Göstərilən qeyri-müəyyənlik şəxslərin
Konstitusiyada təsbit edilmiş azadlıq, şəxsi toxunulmazlıq, hüquq və
azadlıqların məhkəmə təminatı və digər hüquqlarının pozulmasına səbəb
olduğundan Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Konstitusiyanın müvafiq
maddələrinə uyğunluğunun yoxlanılması zəruridir.
Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə
qeyd edir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın)
sorğusunda qaldırılan məsələ hüquq normalarının vahid qaydada
anlaşılması və tətbiqinə yönəlməklə, hüquqi müəyyənliyin təmin olunmasına və
insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar
aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 24-cü maddəsinin I və II hissələrinə
əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan
toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.
Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə
müvafiq olaraq dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat
verir.
Qeyd edilməlidir ki, “insan ləyaqəti” anlayışı
insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsasını təşkil edir. Hüquqi cəmiyyətdə
ictimai münasibətlər mənəvi-hüquqi dəyərlər üzərində qurulur və bu kontekstdə
insan ləyaqətinin qorunması dövlətin ali məqsədlərindən biri kimi çıxış edir.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi və 26-cı maddəsinin
II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin
şərh olunmasına dair” 2024-cü il 28 oktyabr tarixli Qərarında insan şəxsiyyətinə
və ləyaqətinə edilən qəsd nəticəsində mənəvi sarsıntıya məruz qalan şəxslərin
hüquq və qanuni mənafelərinin bərpası üçün cinayət hüquq normalarının düzgün
başa düşülməsi, təfsiri, bununla da onların tətbiqi zamanı hər hansı qeyri-müəyyənliyin
istisna edilməsinin vacibliyi xüsusilə vurğulanmışdır.
Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə
uyğun olaraq Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və
azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında,
qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.
Hüququn aliliyi prinsipindən irəli gələn
qanunçuluq prinsipi digər məsələlərlə yanaşı, dövlət orqanlarının qanunla müəyyən
edilmiş hədlərdə hərəkət etməsini ehtiva edir. Müvafiq səlahiyyətverici əsaslar
olmadan dövlət orqanı tərəfindən edilən hər hansı bir hərəkət qanuni sayıla
bilməz (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinin və 71-ci maddəsinin X
hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
156.2, 159.1, 159.3, 159.3-1, 159.8-1, 163.2 və 163.4-cü maddələrinin həmin Məcəllənin
84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə
şərh edilməsinə dair” 2023-cü il 4 noyabr tarixli Qərarı).
İnsan hüquq və azadlıqları sistemində ən mühüm
yerlərdən biri azadlıq hüququna məxsusdur. Konstitusiyanın 28-ci maddəsinin I
hissəsinə uyğun olaraq hər kəsin azadlıq hüququ vardır.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü
maddəsinə əsasən hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna
malikdir. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinin
I hissəsinə görə hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiyanın 5-ci maddəsinin I hissəsinə müvafiq olaraq hər kəsin
azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş
hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz.
Göründüyü kimi, şəxsi toxunulmazlıq şəxsi hüquq
və azadlıqlardan biri kimi hüquqi dövlətin ən mühüm elementlərindən olmaqla,
ilk növbədə, şəxsin azadlığının, ləyaqətinin, təhlükəsizliyinin qorunmasını
ehtiva edir.
Oxşar
hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci
maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin
I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə
uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 2 mart tarixli Qərarında ifadə
olunmuşdur.
Cinayət
qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin
(hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və
digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən
edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə)
və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb
edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 5.1 və 7.1-ci maddələri).
İctimai təhlükəli
əməlin tərkibini təşkil edən əlamətlər (obyekt, obyektiv tərəf, subyekt,
subyektiv tərəf) məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən
başqa hüquq pozuntularından fərqləndirilməsinə xidmət edir.
Konstitusiya Məhkəməsi
Plenumunun ifadə etdiyi hüquqi mövqeyə əsasən hər bir cinayət əməli
araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi
cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə
təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin
cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.
Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət
törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər.
Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun
qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin
pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair”
2011-ci il 17 mart tarixli Qərarı).
Cinayət Məcəlləsinin
120–143-1-ci maddələri insanın həyat və sağlamlığına qarşı olan əməllərə görə
cinayət məsuliyyətini müəyyən edir və belə cinayətlərdən biri də əzab vermədir.
Cinayət Məcəlləsinin
133.1-ci maddəsinə görə bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə
səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi
iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Burada qeyd edilməsi
vacib olan məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Respublikasının
1999-cu il 30 dekabr tarixli Qanunu ilə qüvvədən düşmüş Cinayət Məcəlləsinin
108-ci maddəsi ilə işgəncə xarakteri daşıyan tərzdə müntəzəm olaraq adam döymə
və ya sair hərəkətlər cinayət əməli kimi müəyyən edilmişdi.
Əvvəlki qanunvericilikdən
fərqli olaraq, qüvvədə olan cinayət qanunu ilə həm fiziki, həm də psixi
iztirabların nəzərdə tutulması şəxsi toxunulmazlıq hüququnun müdafiəsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edilməlidir ki,
cinayət hüququ nəzəriyyəsində psixi iztirabların adətən yüksək dərəcəli mənəvi
sarsıntılar şəklində təzahür etdiyi qəbul edilir və yüksək intensivliyə malik,
mənfi mənəvi-emosional təşviş, alçaldılma, qıcıqlanma, qəzəb, utanc, ümidsizlik
və digər neqativ emosiyalar kimi xarakterizə olunur.
Bu cinayətin ictimai təhlükəliliyi
davamlı olaraq edilən döymə və ya digər zorakı hərəkətlər vasitəsilə şəxsə qəsdən
güclü fiziki ağrı və ya psixi iztirabların verilməsi ilə xarakterizə olunur.
Bununla da, əzab vermə cinayət əməli ilə insan sağlamlığına, ləyaqətinə qəsd edilməsi yolu ilə onun şəxsi
təhlükəsizliyinin əsasları zədələnmiş olur.
Əzab vermə
davam edən cinayət olmaqla, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə
olunan hüquqazidd davranışların məcmusu kimi nəzərdən keçirilməlidir. Son hərəkətin
törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunduğundan,
müvafiq olaraq davam edən cinayətin başa çatma anı da son hərəkətin törədildiyi
vaxtla müəyyən edilir.
Əzab vermə əməlinin
subyektiv cəhəti birbaşa qəsdlə xarakterizə olunur, yəni təqsirkar şəxs öz hərəkətləri
ilə zərərçəkmiş şəxsə güclü fiziki və ya psixi zərər vurduğunu dərk edir, bunun
ictimai təhlükəli nəticələrini qabaqcadan görür və belə nəticənin baş
verməsini arzu edir.
Bu cinayətin bilavasitə
obyekti şəxsin fiziki və psixi sağlamlığının təhlükəsizliyi ilə bağlı münasibətlərdir.
Cinayətin obyektiv cəhətini sağlamlığa ağır və ya az ağır zərər vurulması ilə nəticələnməyən,
lakin zərərçəkmiş şəxsə güclü fiziki ağrı və ya psixi iztirablar verilməsində
ifadə olunan, mütəmadi olaraq döymə və ya digər zorakı hərəkətlər təşkil edir.
Əzab vermə cinayətinin
obyektiv cəhətinin tərkib hissəsini təşkil edən mütəmadi olaraq döymə və sair
zorakı hərəkətlər aşağıdakı davranışlarda ifadə olunur:
- döymə, yəni zərərçəkmiş şəxsin sağlamlığına
ağır və ya az ağır zərərə səbəb olmayan zərbələrin yetirilməsi. Bu kimi hərəkətlər intensivliyi və aqressivliyi ilə
seçilir;
- sair zorakı hərəkətlər. Bu hərəkətlər isə
güclü fiziki və ya psixi zorakılıqda ifadə oluna bilər.
Güclü fiziki zorakılığa
misal olaraq davamlı küt və ya iti əşyalarla bədənə yüngül xəsarətlərin
yetirilməsi, əl-ayağın bağlanması, heyvanların (həşəratların) təsirindən
istifadə edilməsi və s. göstərilə bilər. Güclü psixi zorakılığa isə zərərçəkmiş
şəxsin müəyyən müddət ərzində qida, su, istilik, yuxu və ya yaşayış yeri kimi
ehtiyaclardan məhrum edilməsi, əlverişsiz şəraitdə (rütubətli, havasız,
qaranlıq yerdə) saxlanılması və s. aid oluna bilər.
“Mütəmadi olaraq” döymə
anlayışına aydınlıq gətirilərək qeyd edilməlidir ki, cinayət hüquq ədəbiyyatında
mövcud yanaşmaya görə əzab vermə cinayətinin obyektiv cəhətini təşkil edən bir
neçə hərəkətin (epizodun) mütəmadi xarakter daşıması üçün həmin hərəkətlərin zərərçəkmiş
şəxsə qarşı müəyyən davranış xəttini ifadə etməsi, onlar arasında daxili
qarşılıqlı əlaqənin mövcudluğu və təqsirkarın vahid niyyəti ilə əhatə olunması
tələb olunur.
Qeyd edilməlidir ki, bir
sıra Avropa ölkələrinin (İspaniya Krallığı, Fransa Respublikası, İtaliya
Respublikası və s.) cinayət qanunvericiliyində zorakı hərəkətin mütəmadiliyi əsasən
ailə münasibətləri əleyhinə olan cinayətlərdə ağırlaşdırıcı hal kimi göstərilir.
Qazaxıstan
Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası və Belarus
Respublikasının qanunvericiliyində əzab verməyə görə cinayət məsuliyyəti zorakı
hərəkətlərin sistematikliyi ilə şərtləndirilir.
Türkiyə Respublikası
Cinayət Məcəlləsinin 96-cı maddəsində əzab vermə cinayət əməli kimi müəyyən
edilmişdir. Türkiyə Kassasiya Məhkəməsinin Cinayət Kollegiyası bir sıra işlərdə
qeyd edilən maddəyə istinad edərək həmin əməlin sistematik olaraq törədilməsinin
nəzərdə tutulduğunu göstərmişdir.
Göründüyü kimi, bir
sıra xarici ölkələrin təcrübəsində qeyd edilən əmələ dair “sistematik” anlayışı
tətbiq olunur. Hüquq nəzəriyyəsində isə sistematiklik vahid niyyətlə əhatə
olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox törədilən əməllərlə səciyyələnir.
Hazırkı iş üzrə konstitusiya icraatı ilə əlaqədar daxil olmuş mülahizə və rəylərdə
də “mütəmadi” anlayışının ən azı üç dəfə törədilən hərəkətləri ehtiva etdiyi
qeyd edilmişdir.
Sorğuda İnzibati Xətalar
Məcəlləsinin 157-ci maddəsinə istinadən cinayət əməlinin və inzibati xətanın
hüquqi hüdudlarının dəqiq və dürüst müəyyən edilməsi ilə bağlı qaldırılan məsələyə
münasibətdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin
157-ci maddəsində göstərilən döymə və sair zorakı hərəkətlərin obyektiv cəhətini
yalnız fiziki ağrının yetirilməsi təşkil edir.
Mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlərin
əzab vermə cinayəti kimi tövsif olunması üçün isə zərərçəkmiş şəxsin güclü
fiziki ağrı və ya psixi iztiraba məruz qalması tələb olunur. Həmçinin mütəmadi
olaraq döyməni təşkil edən hərəkətlər (üç dəfə və ya daha çox törədilən)
arasında elə müddət olmalıdır ki, onlar zərərçəkmiş şəxsə münasibətdə vahid
davranışın elementləri kimi səciyyələnə bilsin. Əks təqdirdə döymə halları
İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində (digər tələb olunan şərtlər də
mövcud olduqda) nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirilir.
Beləliklə, “mütəmadi olaraq döymə”nin Cinayət Məcəlləsinin
133.1-ci maddəsində göstərilən əzab vermə əməli kimi tövsifi üçün təqsirkar tərəfindən
zərərçəkmiş şəxsə məhz vahid davranış xətti ilə səciyyələnən, qarşılıqlı əlaqəli
hərəkətlərin müəyyən aralıqlarla üç dəfə və ya daha çox icra edilməsi tələb
olunur.
Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu
qeyd etməyi vacib hesab edir ki, əməldə
mütəmadilik əlamətinin müəyyən
olunması üçün qanunvericiliklə konkret meyarların müəyyən edilməməsi hər bir
cinayət əməlinin özünəməxsus faktiki hallara malik olması, onların müxtəlifliyi
və qabaqcadan proqnozlaşdırıla bilinməməsi nöqteyi-nəzərindən qanunda tam şəkildə
sadalanmasının qeyri-mümkünlüyü ilə bağlıdır. Belə ki, cinayət qanununda
“xüsusi amansızlıq”, “amansız rəftar etmə”, “mühüm zərər”, “ağır nəticə”,
“açıqca hörmətsizlik” və s. bu kimi anlayışların qiymətləndirici mahiyyəti bu
anlayışa daxil ola biləcək bütün ehtimal edilən halların əhatə edilməsinin
mümkünsüzlüyü ilə izah olunur.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, hüquq tətbiqedən orqanlar tərəfindən Cinayət Məcəlləsinin
133.1-ci maddəsində nəzərdə tutulan əməl
müəyyən edilərkən hüquqazidd davranışın hansı hərəkətlərdə ifadə olunması (hərəkətlərin
davamlılığı, intensivliyi və s.), zərərçəkmiş şəxsin məruz qaldığı güclü fiziki
ağrı və ya psixi iztirabların xarakteri və dərəcəsi, Cinayət Məcəlləsinin 126 və
127-ci maddələrində göstərilən nəticələrin baş verməməsi, habelə hüquq
pozuntusunun ictimai təhlükəliliyini şərtləndirən digər zəruri əlamətlər
(motiv, məqsəd, hadisənin baş verdiyi zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.
Göstərilənlərlə yanaşı
işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən
şəxsin hərəkətinin nədə ifadə olunması (davranışının davamlılığı, zorakı hərəkətlərin
intensivliyi və s.) müəyyən edilməli, zərərçəkmiş şəxsə göstərilən təsirin
xarakteri nəzərə alınmalıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, Cinayət Məcəlləsinin 133-cü
maddəsi hüquqi müəyyənlik prinsipinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinin
əsaslarını və cinayət əməlinin hüquqi nəticələrini aydın və birmənalı şəkildə
müəyyən etməklə şəxsin davranışının tənzimlənməsinə və əməllərinin hansı hüquqi
nəticəyə səbəb olacağının proqnozlaşdırıla bilinməsinə təminat yaratmışdır.
Bununla da, həmin norma şəxsin fiziki və psixi toxunulmazlığının, ləyaqətinin və
sağlamlığının müdafiəsinə xidmət etməklə, Konstitusiyanın 26-cı maddəsi, 32-ci
maddəsinin I hissəsi, 60-cı maddəsi və 71-ci maddəsinin I və II hissələri ilə nəzərdə
tutulan insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi, şəxsi
toxunulmazlıq hüququ, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, insan
və vətəndaş hüquqlarının və
azadlıqlarının təminatı ilə bağlı dövlət vəzifələrinin həyata keçirilməsinə
xidmət edir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət Məcəlləsində təsbit edilmiş
qanunçuluq prinsipinin tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun həmin
prinsiplə bağlı formalaşdırdığı hüquqi mövqelər baxımından Cinayət Məcəlləsinin
133.1-ci maddəsi Konstitusiyanın 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsi,
28-ci maddəsinin I hissəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi, 71-ci
maddəsinin I və II hissələri ilə ziddiyyət təşkil etmir;
- Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin
dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin zəruri
əlaməti olan “mütəmadilik” anlayışı bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə
olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox həyata keçirilən, güclü
fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında daxili qarşılıqlı əlaqənin
mövcudluğunu nəzərdə tutur.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
133.1-ci maddəsinin dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin
zəruri əlaməti olan “mütəmadilik” anlayışı Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə
olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə
olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox
həyata keçirilən, güclü fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında
daxili qarşılıqlı əlaqənin mövcudluğunu nəzərdə tutur.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan Respublikasının
rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir orqan və ya
şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev