Heydər Əliyev Azərbaycanda müasir hüquqi dövlətçiliyin banisidir

Xəbərlər

2023 Mar

02.03.2023

Tarix sübut edir ki, müstəqil dövlət qurmaq güclü lider yetişdirməyə qadir xalqlara nəsib olur. Hansı tarixi şəraitdə əldə olunmasından asılı olmayaraq müstəqilliyin qorunub saxlanmasında və möhkəmləndirilməsində mənsub olduğu xalqı vahid milli ideya ətrafında birləşdirmək iqtidarında olan liderin müstəsna rolu əvəzsizdir.

Bu gün hüquqi, demokratik dövlət quruculuğunda böyük nailiyyətlər qazanmış müstəqil Azərbaycan təkcə regionda deyil, dünyada ictimai-siyasi həyatın bütün sahələrində tərəqqiyə doğru inkişafın hökm sürdüyü bir ölkə kimi tanınır. Hər bir azərbaycanlının qəlbində yüksək qürur və iftixar hissi doğuran bu nailiyyətlər, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və onun dönməzliyinin təmin edilməsi ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin apardığı gərgin mübarizənin, əzəmətli quruculuq işlərinin məntiqi nəticəsidir.

XX əsrin sonlarında müstəqilliyini bərpa etmək imkanı qazanan xalqımızın xoşbəxtliyi o dövrdə dərin zəkaya, dövlət idarəçiliyi və beynəlxalq sahədə böyük təcrübəyə malik, dünyanın tanınmış nadir şəxsiyyətlərindən olan ümummilli liderimiz Heydər Əliyevin varlığı idi. Bütün həyatını canından əziz bildiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş bu böyük insan və dövlət xadimi olmasaydı, ölkəmizdə iqtisadi, siyasi, ərazi maraqları olan xarici dairələr, o zaman hakimiyyətdə olan şəxslərin səriştəsizliyindən, ayrı-ayrı nankor qüvvələrin nadan və bədxah niyyətlərindən istifadə etməklə dövlətimizi məhvə düçar edəcəkdilər.

Xalqımızın tarixində Heydər Əliyev şəxsiyyəti, onun dövlət siyasəti və idarəçiliyi sahəsində çoxşaxəli zəngin fəaliyyəti müstəsna yer tutur.

1993-cü ildə ölkəmizin parçalanmasına və müstəqilliyinə yönələn qəsdlərin mütəşəkkil xarakter aldığı, torpaqlarımızın işğalının davam etdiyi, ölkə daxilində iqtisadi və siyasi böhranın kəskinləşdiyi, cinayətkarlığın vüsət aldığı və vətəndaş müharibəsinin qaçılmaz olduğu, ölkənin ərazi bütövlüyünü təhdid edən separatçı qüvvələrin fəallaşdığı, dövlət və hakimiyyət nümayəndələrinə qarşı terror aktları və dövlət çevrilişinə cəhdlər kimi dağıdıcı hadisələrlə üzləşdiyi bir dövrdə xalqımız yeganə ümid mənbəyi olan Liderinə üz tutdu.

Müstəqil dövlətçiliyimizin qorunması, ölkədaxili sabitliyin təmin olunması, dövlətin idarəçilik sisteminin, onun iqtisadi, siyasi və hüquqi əsaslarının qurulması və möhkəmləndirilməsi, milli ordunun yaradılması və formalaşdırılması, beynəlxalq münasibətlərin və mədəni əlaqələrin inkişafı məhz ümummilli lider Heydər Əliyevin vətəninə, xalqına olan bağlılığının, sevgisinin qüdrətindən doğan misilsiz xidmətləri sayəsində mümkün oldu.

Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi ilk növbədə respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqlarımızın işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı. Yalnız onun əyilməz və dönməz qətiyyəti, cəsarəti, polad iradəsi və uzaqgörən siyasəti sayəsində ölkəmiz bu bəlalardan qurtularaq əmin-amanlığa qovuşdu, demokratik prinsiplərə əsaslanan dövlət quruculuğuna qədəm qoydu. Müstəqil Azərbaycan siyasi, ictimai, iqtisadi, mədəni həyatımızda nail olduğu irəliləyişlərlə dünyanın diqqətini cəlb etməyə başladı.

Bu gün cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımızın nail olduğu bütün yenilməz möhtəşəm uğurların mənbəyi, müasir Azərbaycan dövlətinin banisi, görkəmli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin qurub-yaratdığı təməllər üzərində mümkün olmuşdur.

30 ildən artıq bir dövrdə respublikaya rəhbərlik etmiş ulu öndər elə bir idarəçilik sisteminin bünövrəsini qoymuş və gələcəyə hesablanmış həmişəyaşar ideyalarla zənginləşdirmişdir ki, onların öyrənilməsinə və tətbiqi zəruriliyinə hələ uzun illər ehtiyac olacaq. Xalqımızın tükənməz sərvəti olan - haqqa, ədalətə, sülhə, əmin-amanlığa, beynəlxalq, iqtisadi və siyasi əməkdaşlığa, həmrəyliyə, vətənpərvərliyə, sayıqlığa, xeyirxahlığa, mərhəmətə və digər milli, mədəni və mənəvi dəyərlərə söykənən müstəqil dövlətimizin inkişaf proqramı olan bu ideyalara yalnız sadiq qalmaqla, zamanın tələblərinə uyğun onları inkişaf etdirməklə xalqımız daha uğurlu gələcəyə nail ola bilər.

Hələ 1969-1982-ci illərdə respublikaya rəhbərliyinin birinci dövrü ərzində ulu öndər ölkəmizdə o zamanlar strateji əhəmiyyət kəsb edən sənaye, kənd təsərrüfatı məhsullarının təyinatlı istehsal müəssisələrinin inkişafına, eləcə də təhsil, mədəniyyət, səhiyyə ocaqlarının açılmasına və inşasına nail olmaqla, əhalinin maddi və mədəni həyatını digər ittifaq respublikalarına nisbətdə xeyli yaxşılaşdırmış, gələcəyə zəmin yaradan uzaqgörən müdrik addımlar atmışdır. Respublikamızın gələcək inkişafı üçün mükəmməl kadr potensialının formalaşdırılması məqsədilə həmin illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Fəaliyyətə başladığı ilk dövrlərdən ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsinə yönələn təxirəsalınmaz qərarlar qəbul etmiş, cəmiyyətdə mövcud neqativ hallara, xüsusilə, korrupsiya elementlərinə qarşı barışmaz mövqe nümayiş etdirmişdir.

Sovet İttifaqına daxil olan respublikaların rəhbər siyasi xadimləri sırasında özünəməxsus layiqli yeri olan, dövlət idarəçiliyi sistemində fitri istedadı, yüksək intellekti, tələbkar və prinsipial mövqeyi və bir çox digər müsbət cəhətləri ilə fərqlənən Heydər Əliyev 1982-ci ildə ilk müsəlman lideri olaraq SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə irəli çəkilmişdir. Ümummilli lider SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın mövqeyi naminə addımlar atmış, respublikamıza münasibətdə ayrı-seçkilik siyasəti yürüdən millətçi ünsürlərə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. Azərbaycan əleyhinə çirkin niyyətlərini həyata keçirməyi planlaşdıran erməni lobbisinin geniş yayıldığı bir zamanda onların məqsədli dəstəyi ilə 1985-ci ildə hakimiyyətə gətirilən M.Qorbaçovun Heydər Əliyevin nüfuzuna, siyasi bilik və bacarığına, digər üstün cəhətlərinə qarşı yaranmış qısqanclığı, eləcə də onun tərəfindən dövlət idarəçiliyində yol verilən səhvlərə Heydər Əliyevin açıq etiraz etməsinə qarşı qərəzli mövqeyi separatçı qüvvələrin niyyəti ilə üst-üstə düşürdü.

Haqsızlığın və ədalətsizliyin mövcud olduğu həmin dövrdə M.Qorbaçovun həyata keçirdiyi siyasətdə özünü büruzə verən anti-Azərbaycan mövqeyinə və idarəçilik üsuluna etiraz əlaməti olaraq Heydər Əliyev 1987-ci ildə öz müraciəti əsasında tutduğu vəzifədən istefa vermişdir.

Azərbaycanda gedən siyasi proseslərə biganə qalmayan ulu öndər 1990-cı ildə xalqımıza qarşı törədilən 20 Yanvar qırğınına öz kəskin münasibətini bildirmiş, Moskvada ailə üzvləri ilə birgə Azərbaycan nümayəndəliyinə gələrək sovet ittifaqı rəhbərliyini, imperiya siyasətini tənqid etmiş, doğma xalqı ilə bir yerdə olduğunu bəyan etmişdir.

Həmin ilin iyul ayında Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıya, bir neçə gün sonra isə Naxçıvana üz tutdu. Əhali onu ruh yüksəkliyi ilə qarşılayaraq, ona böyük ümid bəslədiklərini ifadə etdilər. 1991-ci il sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyev Ali Məclisin sədri seçildi. O zaman Azərbaycana rəhbərlik edən şəxslərin Heydər Əliyevin ümumxalq nüfuzuna qısqanclıqla yanaşmasına baxmayaraq, Naxçıvanda həyata keçirilən tədbirlər demokratik siyasi qüvvələrin təsiri ilə bütün Azərbaycan üçün də nümunə oldu. Onun təşəbbüsü və sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) üçrəngli bayrağının muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında, eyni zamanda qanunvericilik təşəbbüsü qaydasında bu bayrağın Azərbaycanın dövlət rəmzi kimi təsis edilməsi barədə Azərbaycan Ali Sovetinə müraciət edilməsinə dair qərarlar qəbul olundu.

1993-cü ildə ölkəmizin qarşılaşdığı vətəndaş müharibəsi, dövlət müstəqilliyimizin itirilməsi, respublikamızın parçalanma təhlükəsinin real olduğu mürəkkəb bir şəraitdə xalqımızın təkidi ilə Heydər Əliyev respublika rəhbərliyinə qayıtdı.

Mövcud problemlərin hər biri təxirəsalınmaz və təsirli tədbirlər görülməsini tələb etdiyindən dövlət idarəçiliyində təcrübəsi olan, bilik və bacarığa malik kadrlara ehtiyac var idi. Ulu öndər hələ Azərbaycana rəhbərlik etdiyi əvvəlki illərdə yanında işləmiş, özünün idarəçilik təcrübəsindən yararlanan bir sıra şəxsləri idarəçilik sisteminin mühüm sahələrində məsul vəzifələrə təyin etdi.

Xarici kəşfiyyat orqanlarının təhriki və dəstəyi ilə Azərbaycanın müstəqilliyinə və parçalanmasına yönələn qəsdlər, törədilən təxribatlar, dövlət çevrilişinə cəhdlər, terror aktları, özünün həyatına qarşı sui-qəsdlər ölkə Prezidenti Heydər Əliyevi xalqının xoşbəxt gələcəyi naminə tutduğu müqəddəs yoldan döndərə bilmədi. Ulu öndərin uzaqgörən siyasəti, cəsarətli və çevik addımları sayəsində mənfur qüvvələrin ölkəmizin təbii sərvətlərinə sahib çıxmaq arzularını ürəklərində qoydu. Dünyanın mötəbər neft şirkətləri ilə imzalanan müqavilələr təkcə iqtisadi cəhətdən deyil, həm siyasi, həm də beynəlxalq əlaqələrin qurulması və inkişafı sahəsində müstəsna əhəmiyyətə malik oldu.

Heydər Əliyev Bakıya qayıtdığı ilk anlardan ölkəmizdə kəskin böhran vəziyyətini nəzərə alaraq, düşmən tərəflə müvəqqəti də olsa atəşkəsə nail olmaq istiqamətində danışıqlar aparılmasına üstünlük verdi və 1994-cü ilin may ayında bu barədə qarşılıqlı razılıq əldə olundu.

1994-1995-ci illərdə "Əsrin müqaviləsi"nin reallığa çevrilməsi və düşmən tərəflə atəşkəs barədə razılıq əldə olunması, eləcə də dövlət çevrilişinə cəhdlərin qarşısının alınması və ölkə daxilində sabitliyin qismən də olsa bərqərar olunması respublikada hüquqi islahatların aparılmasına imkanlar yaratdı.

Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını həll etdi. Vətəndaş müharibəsinin qarşısı alındı, torpaqlarımızın işğalı dayandırıldı, respublikanın parçalanması təhlükəsi aradan qaldırıldı, xalqımızda Azərbaycanın gələcəyinə inam yarandı.

O zaman ulu öndər ölkədə baş verən hadisələri və real vəziyyəti dərindən təhlil edərək qarşıda duran əsas vəzifələri belə ifadə etmişdi: "Respublikanın müstəqilliyini möhkəmləndirmək üçün əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin olmasıdır... Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir. Öz tarixi, milli ənənələrindən bəhrələnərək dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Prezident Heydər Əliyev 1995-ci ilin ortalarına qədər Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı çıxan qəsdlərin, təxribatların qarşısını almaqla yanaşı, həm də dövlət quruculuğunun möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasına çalışırdı. Yalnız bundan sonrakı dövrü hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu mərhələsi kimi qiymətləndirmək mümkündür.

Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərindən ölkənin hüquq sistemində mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılmasında, Azərbaycan Respublikasının xarici və daxili siyasi prioritetlərinin müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malik yeni Konstitusiyanın qəbulu məsələsinin həllinə böyük diqqət yetirmişdir. Dahi rəhbər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmişdir. Ulu öndər Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu qeyd edərək deyirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən - Əsas Qanun, tarixi sənəd olsun". Ulu öndər bu Konstitusiyanın qəbul edilməsi ilə əlaqədar tarix və gələcək nəsillər qarşısında məsuliyyətin dərk edilməli olduğunu xüsusilə vurğulayırdı: "Mən bu işə çox məsuliyyətlə yanaşıram. Çünki həm Azərbaycan Konstitusiyasının tarixini bilirəm və onu böyük diqqətlə təhlil etmişəm, həm də indiyədək Azərbaycanda dövlət quruculuğu sahəsində aparılan işlərin çoxunun iştirakçısı olmuşam".

Müzakirələrin aparılmasına tükənməz enerji sərf edən ümummilli lider bütün səylərini prinsipial məsələlər üzrə milli maraqlara uyğun vahid fikrin və yekun rəyin əldə olunmasına yönəldirdi. Konstitusiya komissiyasının sonuncu iclasında ulu öndər demişdir: "Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki, deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm".

Böyük siyasətçi və müdrik şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində hüquqi baza yaratdı və onun inkişafına təkan verdi, bütün sahələrdə hüquqi islahatların aparılmasına geniş imkanlar açdı. Konstitusiya ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön planda təsbit etmişdir.

1998-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqramın icrası çərçivəsində institusional islahatların aparılmasına başlanılmışdır. Ölkə başçısı 1998-ci il 28 dekabr tarixində "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" fərman imzalamışdır. Fərmanla müəyyən edilmişdir ki, cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb edir. Həyata keçirilməsi nəzərdə tutulan islahatlar dövlət idarəetməsinin səmərəliliyini artırmalı, iqtisadiyyatın tarazlaşdırılması üçün zəruri təsisatları formalaşdırmalı, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminə inteqrasiya olunmasını sürətləndirmək məqsədilə beynəlxalq standartlara cavab verən idarəetmə sistemi və hüquqi baza yaradılmasını təmin etməlidir. Eyni zamanda bu məqsədlər üçün dövlət xərclərinin şəffaf tənzimlənməsi mexanizminin formalaşdırılması, dövlət qulluğu sisteminin yenidən qurulması, hüquq və məhkəmə islahatlarının aparılması sistemli yanaşma əsasında kompleks qaydada həyata keçirilməlidir. Bu fəaliyyətin mühüm əhəmiyyətini qiymətləndirən Prezident Heydər Əliyev islahatlar aparılması üzrə yaradılmış komissiyaya sədrliyi öz üzərinə götürmüşdü. Komissiyanın fəaliyyəti qısa müddətdə öz nəticələrini verməyə başladı.

"Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında", Ailə, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, Cəzaların İcrası, İnzibati Xətalar və Vergi Məcəllələri, habelə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və s. qanunların qəbul edilməsi dövlətçiliyimizin inkişafında, cəmiyyətin həyatında hüquqi normaların bərqərar olunmasında həlledici əhəmiyyətə malik oldu.

1998-ci ilin iyul ayında əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək və insanların əsas hüquq və azadlıqlarını müdafiə etmək olan Konstitusiya Məhkəməsi yaradılmışdır.

Müstəqil məhkəmə hakimiyyəti sivil cəmiyyətin vacib tərkib hissəsi olduğundan məhkəmə-hüquq islahatı konsepsiyasının hazırlanmasına və həyata keçirilməsinə xüsusi diqqət verilmiş, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi yaradılaraq 2000-ci ilin sentyabr ayından fəaliyyət göstərməyə başlamışdır.

Hakimlərin demokratik prinsiplərə, şəffaf prosedur əsasında beynəlxalq standartlara uyğun olaraq aşkarlıq şəraitində seçilməsi respublikamızda müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına şərait yaratmışdır. Ədalət mühakiməsini həyata keçirən müstəqil hakimlər korpusunun formalaşdırılması üçün 1 dekabr 1998-ci il tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış və onun əsasnaməsi təsdiq edilmişdir.

Məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının hüquq sistemində yeri müəyyənləşdirilmiş, fəaliyyəti demokratik normalara uyğunlaşdırılmışdır.

Məhkəmə-hüquq islahatlarının əsas istiqaməti məhkəmə sistemini dövlət hakimiyyətinin müstəqil qolu kimi inkişaf etdirmək və möhkəmləndirmək, Konstitusiyanın müddəalarına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlara uyğun olaraq insan və vətəndaş hüquq və azadlıqlarını müstəqil və səmərəli təmin etməkdən ibarət olmuşdur.

Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Komissiyasının yaradılması ulu öndərin insan hüquq və azadlıqların təminatına birmənalı yanaşmasının məntiqi nəticəsi idi. Bu humanist aktın, eləcə də ulu öndərin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş amnistiya aktlarının tətbiqi nəticəsində minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunaraq ailələrinə qovuşmuşdur.

Ümummilli liderin 1993-cü ildən icrasına moratorium qoyduğu ölüm hökmü bilavasitə onun təşəbbüsü və qətiyyəti sayəsində 1998-ci il fevralın 10-da cəza növü kimi ləğv edilmişdir. Əvvəllər ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzalarının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunması, nəinki Azərbaycanda, bütün Şərq dünyasında insan həyatını, onun dəyərini müəyyənləşdirən ilk humanist meyarlardan biri oldu.

Dövlətin, vətəndaşların, bütünlüklə xalqımızın taleyinə və marağına birbaşa təsir edən humanizm ideyalarına əsaslanaraq qəbul olunan hüquqi aktlar, həyata keçirilən tədbirlər ölkədə sabitliyin bərqərar olması, xaos, özbaşınalıq hallarının qarşısının alınması, dövlətə və müstəqil dövlətçiliyə artan inam hissi xalqımızı işğal altında olan ərazilərimizin azad olunması uğrunda birliyə və mübarizəyə ruhlandırırdı.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son günlərdə Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin humanist mövqeyinə sadiq qalaraq, ölüm cəzasının tamamilə, o cümlədən müharibə dövründə və ya qaçılmaz müharibə təhlükəsi zamanı törədilmiş cinayətlərə görə qadağan edilməsi istiqamətində beynəlxalq səviyyədə göstərilən səyləri nəzərə alaraq "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikasının adından imzalanması ilə bağlı müvafiq tapşırıq vermişdir. Bu addımla dövlətimizin başçısı yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirmişdir.

2001-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Avropa Şurasının üzvlüyünə qəbul olunması, eyni zamanda dünyada mükəmməl müdafiə sistemi kimi tanınan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının başlıca institusional mexanizmi olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının tanınmasına şərait yaratmışdır.

Qarşısına qoyduğu məqsədlərə təxirə salınmadan pillə-pillə nail olan ulu öndər demokratik hüquqi dövlət quruculuğunda kifayət qədər işlərin görüldüyünü düşünərək və 1993-cü ildə qarşıda duran vəzifələri daha da inkişaf etdirərək 1997-ci ildə deyirdi: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifələrimizdir".

Xalqımız illərlə arzuladığı milli dövlətçiliyimizin şanlı tarixini məhz Heydər Əliyevin dövlətçilik salnaməsi dövründə gerçəkləşdirmiş, sarsılmaz dayaqlar üzərində müstəqil Azərbaycan dövlətini qurmuşdur.

Ümummilli lider, ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına dərindən yiyələnmiş, yeni tarixi şəraitdə onun irsini ləyaqətlə davam etdirən cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə beynəlxalq sahədə həyata keçirilən qarşılıqlı əməkdaşlıq, sülh, humanizm, ədalətlilik prinsiplərinə əsaslanan iqtisadi, siyasi, mədəni münasibətlərin qurulması, eləcə də xalqımızın həyat şəraiti və maddi rifahı naminə gördükləri misilsiz işlər, habelə ərazilərimizin və xalqımızın bütövlüyünün təmin olunması istiqamətində əldə olunmuş möhtəşəm nailiyyətlər, atılan qətiyyətli və cəsarətli addımlar məhz ümummilli liderin proqram məzmunlu çıxışlarında dəfələrlə dilə gətirdiyi və reallaşdırma mexanizmini müəyyələşdirdiyi ideyalara sadiqliyin təzahürüdür.


Sona Salmanova,

Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsinin sədr müavini.