Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib

Xəbərlər

2025 Feb

25.02.2025

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər, daha sonra Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Tədbirin əvvəlində soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan sədr Fərhad Abdullayev Xocalı faciəsindən danışaraq qeyd etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, insanlığa yönəldilmiş qatı cinayətdir.

Sədr bildirdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciənin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, bu soyqırımı sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub.

Vurğulanıb ki, Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş insanlıq əleyhinə cinayətlər insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və bir sıra konvensiyaların kobud şəkildə pozulmasıdır.

Qeyd olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımına yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə yenidən qayıtdıqdan sonra siyasi-hüquqi qiymət verilərək, Xocalı həqiqətlərinin dünyaya və beynəlxalq aləmə çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır. Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri və gərgin əməyi nəticəsində xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımılar, terrorlar və insanlığa sığmayan vəhşiliklərlə və digər cinayətlər barədə tarixi reallıqların dünya ictimaiyyətinə çatdırılmasına, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli münasibət bildirilməsinə müvəffəq olunmuşdur. Xocalı qətliamının dünya dövlətləri tərəfindən tanıdılması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər olduqca təqdirəlayiqdir, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə ötürülməsi istiqamətində çoxsistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlməklə dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun Vətən müharibəsində böyük Qələbəsi nəticəsində işğal altındakı torpaqlarımızın azad edilməsi otuz il davam edən işğala və ədalətsizliyə son qoyuldu, respublikamızın ərazi bütövlüyü bərpa olunaraq beynəlxalq hüquq normalarının aliliyi təmin edildi.

Sədr qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşən hərbi birləşmələrindən Xocalı şəhərinin tamamilə təmizlənməsi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalıda Azərbaycanın üçrəngli bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını sübut etdi.

Qeyd olunub ki, hazırda Xocalıda qısa müddət ərzində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına qayıdan keçmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunmaqla yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur.  Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəlir.

Diqqətə çatdırılıb ki, fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.

Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə iclasları keçirilir. İllər sonra Azərbaycan qanunvericiliyi ilə erməni əsilli cinayətkarların mühakiməsi hüququn və ədalətin bərpasının göstəricisidir.

Tədbirin sonunda Sədr vurğuladı ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, qətlə yetirilmiş yüzlərlə həmvətənlərimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.