25.02.2025
Xocalı
faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri, hakimləri və Aparatın əməkdaşları faciə qurbanlarının xatirəsinə
ucaldılmış Xocalı soyqırımı abidəsini ziyarət ediblər, daha sonra Konstitusiya
Məhkəməsində anım tədbiri keçirilib.
Tədbirin
əvvəlində soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Tədbiri
açan sədr Fərhad Abdullayev Xocalı faciəsindən danışaraq qeyd etdi ki, Azərbaycan
xalqına qarşı törədilmiş bu soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza
üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, insanlığa yönəldilmiş qatı
cinayətdir.
Sədr
bildirdi ki, Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri
və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciənin bütün mövcud
faktları qəti şəkildə sübut edir ki, bu soyqırımı sıradan və təsadüfi hərəkət
deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub.
Vurğulanıb
ki, Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən
törədilmiş insanlıq əleyhinə cinayətlər insan hüquqları və beynəlxalq humanitar
hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyası və bir sıra konvensiyaların kobud
şəkildə pozulmasıdır.
Qeyd
olunub ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımına
yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə yenidən qayıtdıqdan sonra siyasi-hüquqi
qiymət verilərək, Xocalı həqiqətlərinin dünyaya və beynəlxalq aləmə
çatdırılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində
davamlı olaraq addımlar atılmışdır. Hazırda bu soyqırımını törədənlərin ifşa
olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın
xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri və gərgin əməyi
nəticəsində xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımılar, terrorlar və
insanlığa sığmayan vəhşiliklərlə və digər cinayətlər barədə tarixi reallıqların
dünya ictimaiyyətinə çatdırılmasına, onlara beynəlxalq səviyyədə obyektiv və ədalətli
münasibət bildirilməsinə müvəffəq olunmuşdur. Xocalı qətliamının dünya dövlətləri
tərəfindən tanıdılması, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi,
onların ailə üzvlərinin və yaxınlarının sosial müdafiəsinin gücləndirilməsi
daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə
gördüyü işlər olduqca təqdirəlayiqdir, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu
bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların
dünya ictimaiyyətinə ötürülməsi istiqamətində çoxsistemli və ardıcıl fəaliyyət
göstərir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası faciənin mənəvi və siyasi-hüquqi
tanınmasına yönəlməklə dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu
kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda
törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv
dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.
Vurğulanıb
ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun Vətən müharibəsində
böyük Qələbəsi nəticəsində işğal altındakı torpaqlarımızın azad edilməsi otuz
il davam edən işğala və ədalətsizliyə son qoyuldu, respublikamızın ərazi
bütövlüyü bərpa olunaraq beynəlxalq hüquq normalarının aliliyi təmin edildi.
Sədr
qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal
xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin
Qarabağda yerləşən hərbi birləşmələrindən Xocalı şəhərinin tamamilə təmizlənməsi
və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Xocalıda Azərbaycanın üçrəngli
bayrağını ucaltması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların
qisasının alındığını sübut etdi.
Qeyd
olunub ki, hazırda Xocalıda qısa müddət ərzində bərpa və yenidənqurma işləri
sürətlə davam etdirilir. Əzəli yurdlarına qayıdan keçmiş köçkün ailələri artıq
müasir tipli evlərlə təmin olunmaqla yanaşı, şəhərin infrastrukturu da yenidən
qurulur. Bir vaxtlar torpağı qanla yoğrulan bu doğma yurd yeri indi dövlətin
dəstəyi ilə addım-addım, qarış-qarış yenidən dirçəlir.
Diqqətə
çatdırılıb ki, fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası
sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə
görüşüb.
Bildirilib
ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayətlərdə ittiham
olunan 15 nəfər Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma
“Dağlıq Qarabağ respublikası” Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma,
soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər
qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə iclasları keçirilir. İllər
sonra Azərbaycan qanunvericiliyi ilə erməni əsilli cinayətkarların mühakiməsi hüququn
və ədalətin bərpasının göstəricisidir.
Tədbirin
sonunda Sədr vurğuladı ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, qətlə yetirilmiş yüzlərlə həmvətənlərimizin
xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.