30.09.2026
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında
Azərbaycan Respublikası Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi
müəyyənlik prinsipi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
288.2-ci maddəsində nəzərdə tutulan “müdafiəçi” ifadəsinin mülki mühakimə
icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh
olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim X.Vəliyevin
məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsinin müraciətini, Milli Məclis
Aparatının mülahizəsini, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Prokurorluğu, Sumqayıt Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri
Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və
kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın
rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 61 və 71-ci maddələrinin, habelə hüquqi müəyyənlik
prinsipinin tələbləri baxımından Cinayət Məcəllənin 288.2-ci maddəsində nəzərdə
tutulan “müdafiəçi” ifadəsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş
qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin
müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə
icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.
Hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki
mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu
və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların
müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə
tövsiyə edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.
