Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Şimali Makedoniyada beynəlxalq konfransda iştirak ediblər

Xəbərlər

2026 Nov

18.11.2026

12–15 noyabr 2026-cı il tarixlərində Balkan Konstitusiya Məhkəmələri Forumuna (BCCF) sədrlik edən Şimali Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə Ohrid şəhərində “Hüququn aliliyinin təmin edilməsində müasir çağırışlar: Konstitusiya Məhkəmələrinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Kofransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakimlər Rəşid Rzayev və Fərhad Tutayuk, Aparatın Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Səbinə Mirzəyeva təmsil ediblər.

Konfransın açılış mərasimində Şimali Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin sədri Darko Kostadinovski, Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi, ölkənin Baş naziri Hristiyan Mitskoski, ədliyyə naziri Jeton Şasivari və digər rəsmi şəxslər çıxış ediblər.

Daha sonra konstitusiya məhkəmələrinin müstəqilliyinin təmin edilməsi, qəbul etdikləri qərarların icrası, rəqəmsallaşma şəraitində konstitusion hüquqların müdafiəsi, konstitusiya məhkəmələrinin fəaliyyətində süni intellektin tətbiqinin imkanları və məhdudiyyətləri, eləcə də iqlim dəyişikliyinin gələcək nəsillərin hüquqlarına təsiri kimi aktual məsələlər müzakirə olunub. Mövzular ətrafında aparılan fikir mübadiləsi konstitusiya ədalət mühakiməsinin müasir inkişaf tendensiyalarının və qarşıda duran çağırışların müzakirəsi baxımından əhəmiyyət kəsb edib.

Tədbir konstitusiya məhkəmələri arasında peşəkar dialoqun genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin aparılması və konstitusiya hüququ sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətli platforma olmuşdur.

Beynəlxalq konfransda Türkiyə, Bolqarıstan, Albaniya, Serbiya, Monteneqro və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının nümayəndələri iştirak ediblər.