27.11.2026
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 32-ci maddəsinin I və II hissələri, 71-ci maddəsinin
II hissəsi baxımından Mülki Məcəllənin 26-cı və Ailə Məcəlləsinin 53.3-cü maddələrinin
Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq
edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın
6.3, 6.24–6.28-ci bəndləri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər
Ali Məhkəmənin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ədliyyə
Nazirliyi, Sumqayıt Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim
edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Mülki hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru,
dosent Ş.Yusifovun və həmin kafedranın müəllimi H.İrzayevin rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin mahiyyətindən
irəli gələrək, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 189-cu maddələrinin
tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla adın subyektiv səbəblərlə
bağlı növbəti dəfə dəyişdirilməsi barədə müraciətlər yalnız əvvəlki dəyişiklik
faktının mövcudluğu səbəbilə rədd edilə bilməz.
Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş
hüquqi mövqelər nəzərə alınmaqla Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli
79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və
dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndinin məzmununun Azərbaycan Respublikası
Konstitusiyasının 32-ci maddəsinin I və II, 71-ci maddəsinin II, 149-cu maddəsinin
V hissələrinin, Mülki Məcəllənin 26.4-cü, Ailə Məcəlləsinin 53.3 və 189-cu maddələrinin
tələblərinə uyğunlaşdırılması Nazirlər Kabinetinə tövsiyə edilib.
Qərar dərc
edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv
oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
