18.11.2026
12–15 noyabr 2026-cı il
tarixlərində Balkan Konstitusiya Məhkəmələri Forumuna (BCCF) sədrlik edən
Şimali Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə
Ohrid şəhərində “Hüququn aliliyinin təmin edilməsində müasir çağırışlar:
Konstitusiya Məhkəmələrinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Kofransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakimlər Rəşid
Rzayev və Fərhad Tutayuk, Aparatın Beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Səbinə Mirzəyeva təmsil ediblər.
Konfransın açılış mərasimində
Şimali Makedoniya Respublikası Konstitusiya Məhkəməsinin sədri Darko
Kostadinovski, Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşi, ölkənin Baş
naziri Hristiyan Mitskoski, ədliyyə naziri Jeton Şasivari və digər rəsmi şəxslər
çıxış ediblər.
Daha sonra konstitusiya məhkəmələrinin
müstəqilliyinin təmin edilməsi, qəbul etdikləri qərarların icrası, rəqəmsallaşma
şəraitində konstitusion hüquqların müdafiəsi, konstitusiya məhkəmələrinin fəaliyyətində
süni intellektin tətbiqinin imkanları və məhdudiyyətləri, eləcə də iqlim dəyişikliyinin
gələcək nəsillərin hüquqlarına təsiri kimi aktual məsələlər müzakirə olunub.
Mövzular ətrafında aparılan fikir mübadiləsi konstitusiya ədalət mühakiməsinin
müasir inkişaf tendensiyalarının və qarşıda duran çağırışların müzakirəsi
baxımından əhəmiyyət kəsb edib.
Tədbir konstitusiya məhkəmələri
arasında peşəkar dialoqun genişləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin
aparılması və konstitusiya hüququ sahəsində beynəlxalq əməkdaşlığın inkişafı
baxımından əhəmiyyətli platforma olmuşdur.
Beynəlxalq konfransda Türkiyə, Bolqarıstan, Albaniya, Serbiya, Monteneqro və digər ölkələrin konstitusiya nəzarəti orqanlarının nümayəndələri iştirak ediblər.
