14.03.2025
Qurub-yaratmaq Ulu Öndər Heydər Əliyevin alın
yazısı idi. O, Azərbaycan xalqının tarixini yaradırdı.
Yaratdığı ən böyük əsərin adı isə "Müasir Azərbaycan" idi.
Liderlər üçün qalibiyyətin
alternativi yoxdur. Onlar qələbə yolunu əvvəlcədən görür, düzgün siyasət yürütməklə
qoyulan hədəflərə doğru irəliləyirlər. Ümummilli Lider Heydər Əliyevin bütün həyatı
böyük məktəbdir. Ulu Öndər dünyanın qəbul etdiyi, sevgisini qazandığı siyasətçi
kimi zirvəyə aparan yolun başlanğıcında tək özü idi, Azərbaycan sevgisi və
xalqına həsr etdiyi əzmkar ömür bu yoldan keçdi.
Ulu Öndər öz müdrik siyasəti,
dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir dövlətin qurulmasına və
xalqının müstəqillik arzusunun reallaşmasına nail olub. Məhz Heydər Əliyevin
yorulmaz əməyi sayəsində Azərbaycan dünya ölkələrinin strateji tərəfdaşına
çevrildi və dünyanın dinamik inkişaf edən ölkələri sırasına daxil oldu. Bugünkü
reallıqlar bir daha sübut edir ki, əldə edilən uğurlar məhz Heydər Əliyevin Azərbaycanın
hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir.
Dahi şəxsiyyət Heydər Əliyevin ömür yolu hər birimiz üçün vətənə xidmət etməyin
simvoluna çevrildi.
Ümummilli Lider Heydər
Əliyevin ən böyük arzusu isə işğal altında olan Azərbaycan torpaqlarının azad
olunması idi. Ulu Öndər 2003-cü il oktyabrın 1-də Prezident seçkiləri ərəfəsində
xalqa müraciəti zamanı fikirlərini belə tamamlamışdı: "İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz
və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram
və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ümummilli Liderin sağlığında
axıra çatdıra bilmədiyi əsas taleyüklü məsələ Azərbaycanın ərazi bütövlüyünün
tam bərpa edilməsi idi. Heydər Əliyev dərin fəhmi, gələcəyə əminlik duyğusu ilə
hər zaman inanırdı ki, bu məsələ əvvəl-axır öz həllini tapacaq, tarixi ədalət bərpa
olunacaq, xalqımız torpaqlarımızı hansı yolla olur-olsun işğaldan azad edəcək,
məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaq və soydaşlarımız əzəli
yurdlarında əbədi yaşayacaqlar. Ulu Öndər Heydər Əliyev bu ağır məsuliyyətli məsələnin
həllini özündən sonra xalqının Lideri, müzəffər sərkərdəsi olacaq, özünün
siyasi kursunun layiqli davamçısı kimi yetişdirdiyi oğlu möhtərəm cənab
Prezident İlham Əliyevə vəsiyyət etmişdir.
Şuşaya, Qarabağa aparacaq müqəddəs
yolun ilk daşını da Ulu Öndər özü qoymuşdur. Nizamlı ordu qurmuş, ordunun əsasını
təşkil edən ürəyi Vətən, millət, bayraq sevgisi ilə dolu, dövrün tələblərinə
uyğun cəsur hərbçiləri yetişdirmək üçün Ali Hərbi Məktəb yaratmış, gəncləri
xaricdə təhsil almağa göndərmişdir. O, gənclər bu gün Qarabağ fatehləridir,
torpaqlarımızı işğaldan azad edən Ordumuzun qəhrəman komandirləridir.
Heydər Əliyevin qurduğu ordu
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə o qədər gücləndi
ki, nəhayət, 2020-ci ildə "dəmir yumruq"la 30 ilə yaxın işğala son
qoydu, xalqın torpaq həsrəti bitdi və Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.
Azərbaycan xalqı o vəsiyyəti
yalnız yerinə yetdikdən sonra öyrəndi. Ulu Öndər Heydər Əliyevin layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham
Əliyev xalqa müraciətində açıqladı: "Xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik". Amma əvvəlcə səssizcə atası ilə
paylaşmışdır. Əlbəttə ki, ilk olaraq ona verəcəkdi müjdəni. Yəqin ki, ürəyində
qürurla, bəlkə də övlad sevinci ilə "vəsiyyətini yerinə yetirdim Ata"
demişdir, onun ruhunu şad etmişdir. General-mayor Heydər Əliyevə raport vermiş,
müəllimindən ən yüksək qiyməti almışdır.
Qarabağ Zəfərinin davamı
olaraq 2023-cü il sentyabrın 19-20-də cəmi 23 saat 43 dəqiqəyə ordumuzun
apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi
bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bəlkə də tarixdə belə bir qələbəyə
kimsə nail olmayıb. Müzəffər Ali Baş Komandanın 2023-cü il oktyabrın 15-də Xankəndi
şəhərində Azərbaycan Bayrağını qaldırarkən dediyi sözlər yüzilliklər boyu azərbaycanlı
qanı daşıyan hər kəsin dillər əzbəri olacaq. "Azərbaycan xalqı bu Qələbəni
öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi
dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
2023-cü ilin noyabrında Xankəndidə
keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir
parlaq nümayişi kimi tarixə yazıldı. İndi Ümummilli Lider Heydər Əliyevin bizə
qoyduğu mirasa hamılıqla sahib çıxır, yeni həyat veririk və o torpaqlarda
atdığımız hər addımda, gördüyümüz hər işdə dahi şəxsiyyət Heydər Əliyevin ruhu
bizimlədir. Ulu Öndərin xatirəsini daim əziz tutan xalqımız onun ideyalarına
sadiq qalaraq, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında böyük
uğurlara imza atır.
2025-ci ilin
"Konstitusiya və Suverenlik İli" elan edilməsi də məhz həmin
uğurların davamıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
bununla bağlı Sərəncamını bu il Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44
günlük Vətən müharibəsində Qələbənin 5-ci ildönümü olduğunu nəzərə alaraq
imzalayıb. O müharibə ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyimizin tam bərpa
olunması ilə nəticələnib. "Konstitusiya və Suverenlik İli" təşəbbüsü
isə dövlətimizin hüquqi əsaslarının daha da möhkəmləndirilməsi, işğaldan azad
edilmiş ərazilərdə suverenliyimizin gücləndirilməsi məqsədini daşıyır.
Azərbaycan xalqı ötən əsrin
sonlarında dövlət müstəqilliyini bərpa edib. Bundan bir neçə il sonra ümumxalq
səsverməsi-referendum yolu ilə ölkənin Konstitusiyası qəbul edilib. Bu sənədin
dövlət idarəetməsi və vətəndaş hüquqlarının qorunması sahəsindəki əhəmiyyəti
respublikamızın son illər keçdiyi tarixi proseslər fonunda daha da aktuallaşıb.
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda
da Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas
sənəddir. Həm ictimai-siyasi, həm də sosial-iqtisadi sistemlərin əsasını təşkil
edir, vətəndaşların hüquq və azadlıqlarına təminat verir. Bu baxımdan,
"Konstitusiya və Suverenlik İli" təşəbbüsü hüquqi bazanın daha da
möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş
strateji addım kimi qiymətləndirilməlidir.
Konstitusiyada təsbit edilmiş
hüquqların işğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb
edir. Bu, həmin ərazilərdə Azərbaycan qanunlarının işləməsi, dövlət
qurumlarının fəaliyyətinin təşkil olunması ilə həyata keçirilir. Dövlətin bərpa
etdiyi hüquqi çərçivə əhalinin hüquq və azadlıqlarının qorunması, insanların
sosial xidmətlərlə təmin olunması və iqtisadi inkişafı üçün hüquqi şərait
yaradır. İşğaldan azad edilmiş ərazilərdə vətəndaşların öz konstitusion
hüquqlarından istifadə edə bilməsi dövlət idarəetməsinə inamın artmasına səbəb
olur. Qarabağ və Şərqi Zəngəzurda dövlət idarəetmə strukturlarının
formalaşdırılması, o cümlədən məhkəmələrin və hüquq-mühafizə orqanlarının fəaliyyətə
başlaması, yerli özünüidarəetmə sisteminin yaradılması, insanların hüquq və
azadlıqlarının qorunması üçün əsaslı addımlardır.
Azərbaycan hökuməti işğaldan
azad olunmuş ərazilərə böyük yatırımlar edərək potensial investorlar üçün
stimullaşdırıcı addımlar atır, vergi və digər güzəştlər edir, bununla da həmin
bölgələrdə sosial, iqtisadi inkişafı sürətləndirir. Bu da həmin ərazilərdə
uzunmüddətli sabitliyi təmin etmək üçün vacibdir.
Konstitusiyanın Qarabağ və Şərqi
Zəngəzurda tətbiqi həm də əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və
sosial xidmətlərin əlçatanlığının artırılmasına töhfə verir. Beləliklə,
Konstitusiyaya əsaslanan hüquqi çərçivənin işğaldan azad olunmuş ərazilərdə tətbiqi
dövlətin suveren hüquqlarının tam mənada təşviq edilməsi və həmin ərazilərin
inkişafına dəstək verilməsi baxımından mühüm rol oynayır. Bu yanaşma Azərbaycanın
gələcək inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində xüsusi əhəmiyyət
kəsb edir.
Konstitusiya hüquqi dövlət
quruculuğunun və idarəetmə mexanizmlərinin əsasını təşkil edərək ölkəmizin müstəqilliyini,
ərazi bütövlüyünü və suverenliyini təmin edir və xalqın siyasi iradəsinin ifadəsidir.
Azərbaycan vətəndaşları hər kəsin
firavanlığını arzulamaqla ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar
olunmasını istəməklə gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq
suveren hüququndan istifadə etməklə Konstitusiyanı qəbul edib.
Suverenlik anlayışı dövlətin
daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirmək, heç bir xarici təsir
olmadan müstəqil qərar qəbul etmək hüququnu nəzərdə tutur. Konstitusiya isə məhz
dövlətin suverenliyini qorumaq, onu inkişaf etdirmək üçün zəruri hüquqi çərçivəni
təmin edir. Konstitusiyada göstərilən prinsiplər dövlət hakimiyyətinin hər üç
qolunun - qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətini tənzimləyir və
onların müstəqilliyini təmin edir.
Azərbaycan ərazi bütövlüyünü bərpa
etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə suveren hüquqlardan istifadə
aktuallaşıb. Bunun üçün hüquqi baza məhz Konstitusiyadır. Konstitusiya həmin ərazilərdə
qanunların tətbiqində, hüquqi sistemin yaradılmasında, dövlət qurumlarının fəaliyyətinin
bərpa olunmasında əsas rol oynayır. Suveren hüquqların təmin olunması ilə bağlı
proseslər məhz Konstitusiyanın aliliyinə əsaslanır və işğaldan azad edilmiş ərazilərdə
hüquqa əsaslanan inkişafı təmin edir.
Konstitusiyada təsbit olunan
hüquq və vəzifələr suverenliyə əsaslanan idarəetmə mexanizmlərinin işləkliyini
göstərir, bu idarəetmə mexanizmləri dövlətin hüquqi əsaslarının gücləndirilməsinə,
həmin bölgələrdə sülhə və sabitliyə öz töhfəsini verir.
Qanunun aliliyinin təmin
olunması məhz Konstitusiyanın tələblərinə uyğun olaraq həyata keçirilir. Bu
proseslər dövlətçilik ənənələrinin gücləndirilməsinə, siyasi sabitliyin
qorunmasına xidmət edir. Beləliklə, Konstitusiyanın tətbiqi yalnız hüquqi sənədin
həyata keçirilməsi deyil, həm də dövlətin suveren hüquqlarının bərqərar
olunmasına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş strateji bir
addımdır.
Qarabağ və Şərqi Zəngəzurda
dövlətin suveren hüquqlarının tətbiqi Azərbaycanın müstəqilliyinin və ərazi
bütövlüyünün gücləndirilməsində mühüm rol oynayır. Həmin ərazilərdə dövlət
suverenliyinin tam təmin edilməsi üçün hüquqi və inzibati strukturların
formalaşdırılması əsas hədəflərdən biridir.
İşğaldan azad edilmiş ərazilərdə
sosial inkişaf məsələləri də diqqət mərkəzindədir. Hökumət bu bölgələrdə
infrastruktur layihələri həyata keçirərək əhalinin həyat şəraitinin
yaxşılaşdırılmasına çalışır. Yeni yol infrastrukturunun yaradılması, elektrik
enerjisi, su və digər kommunal xidmətlərin təchizatının bərpası, məktəb və xəstəxanaların
inşası, həmin ərazilərdə sənaye zonalarının yaradılması, sahibkarların bölgəyə
cəlb olunması iqtisadi inkişafın təməlini qoyur.
Qarabağ və Şərqi Zəngəzurda
hüquqi idarəetmə sisteminin bərpası və Konstitusiya hüquqlarının tətbiqi, həmçinin
seçki hüququnun təmin edilməsi yerli əhalinin idarəetmə prosesinə cəlb
olunmasına imkan yaradır. Konstitusiya hüquqlarının tətbiqi həm də həmin ərazilərin
iqtisadi potensialından istifadə olunmasını, bölgənin iqtisadi baxımdan
inkişafını təmin edir. Hökumət sahibkarlığın təşviqi, yeni iş yerlərinin
yaradılması və iqtisadi layihələrin həyata keçirilməsi üçün tədbirlər görür,
hüquqi mühitin möhkəmləndirilməsi sahibkarlar və investorlar üçün əlverişli şərait
yaradır. Son nəticədə iqtisadi inkişafa və əhalinin sosial rifahının yüksəlməsinə
töhfə verilir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda konstitusiya hüquqlarının
tətbiqi demokratik prinsiplərin bərqərar olmasını və sosial-iqtisadi inkişafı
sürətləndirir. Bu tədbirlər dövlətin ərazi bütövlüyünü qorumaqla yanaşı, həmin
bölgələrdə hüquqi sosial və iqtisadi sabitliyin göstəricisidir.
Dövlətin suverenliyi anlayışı
müstəqil siyasət həyata keçirmək hüququnu ifadə edir və sərhədlərin qorunması
ilə məhdudlaşmır. Bu həm də ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin
olunması deməkdir, yəni suveren olmayan dövlətin vətəndaşları öz hüquqlarından
istifadə edə, azad ola bilməz. Bu məsələlər isə məhz Konstitusiya ilə təsbit
edilir. Azərbaycan hökuməti Konstitusiyaya uyğun olaraq, vətəndaşların
hüquqlarını qorumaq üçün hüquqi mexanizmlərdən istifadə edir, eyni zamanda
sosial rifah proqramlarını həyata keçirərək əhalinin həyat səviyyəsini yüksəltməyi
hədəfləyir. İşğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin bərpası, səhiyyə
xidmətlərinin əlçatan olması və sosial təminat sisteminin qurulması vətəndaşların
hüquq və azadlıqlarının qorunması istiqamətində atılan əsas addımlardır.
Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma layihələri həyata
keçirilməsi, bu ərazilərin inkişaf etdirilməsi və iqtisadi potensialından
istifadə olunması dövlətin strateji məqsədlərindən biridir.
Konstitusiya hüquqlarının tətbiqi
bu ərazilərdə iqtisadi layihələrin həyata keçirilməsini, iş yerlərinin
yaradılmasını və infrastrukturun bərpasını sürətləndirir. Bu baxımdan, iqtisadi
inkişafın əsas istiqamətlərindən biri sahibkarlığın dəstəklənməsidir. Hökumət
bu bölgələrdə sahibkarlar üçün əlverişli şəraitin yaradılması istiqamətində
mühüm addımlar atır. Vergi güzəştləri, investisiya dəstəyi və digər təşviqedici
tədbirlər bölgədə iqtisadi fəallığın artmasına səbəb olur, əhalinin gəlirlərinin
artmasını təmin edir. Beləliklə, Konstitusiyaya əsaslanan hüquqi çərçivənin tətbiqi
ilə iqtisadi və sosial inkişaf təmin edilir, dövlətin suverenliyi daha da gücləndirilir.
Azərbaycan Respublikası işğaldan azad edilmiş ərazilərdə konstitusiya
hüquqlarının bərpası və sosial-iqtisadi inkişafın təmin olunması ilə yeni
reallıqlar yaradır. Bu siyasət yalnız hüquqi və iqtisadi sistemin gücləndirilməsi
ilə məhdudlaşmır, eyni zamanda sabitlik və tərəqqiyə əsaslanan gələcək qurur.
Azərbaycan dövləti milli
maraqlara əsaslanan müstəqil siyasəti ilə yeni strateji hədəflərə doğru inamla
irəliləyir, görülən tədbirlər gələcəkdə ölkənin beynəlxalq nüfuzunun daha da
artacağına, bölgədə sülh və əməkdaşlığın güclənəcəyinə zəmanət verir.
Bu gün xalqımız özünün yeni inkişaf tarixinə qədəm qoyub, indi dövlət suverenliyi tamdır, ərazilərimiz bütövdür, sərhədlərimiz isə toxunulmazdır. Dövlətimiz öz müstəqilliyini möhkəmləndirmək və dünyada mövqeyini daha da rəşadətlə qorumaq istiqamətində öz gücünü daim davam etdirəcək. Bunun üçün tələb olunan bütün resurslar mövcuddur: müdrik xarici siyasət, güclü iqtisadiyyat, xalqın dövləti ilə birliyi və qətiyyətli Lider. Möhtərəm Prezident cənab İlham Əliyevin dediyi kimi, "dövlətlər zəif olmur, onların rəhbərləri zəif olur". Qələbə qazanmaq bacarığı isə yalnız güclü lideri olan dövlətlərə və xalqlara nəsib ola bilər.
Həcər Qurbanova,
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Aparatının
Hüquqi təminat və
informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi şöbəsinin müdir müavini