Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər

2025 Apr

28.04.2025

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın dəvəti ilə 25-26 aprel tarixlərində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya Ədalət Mühakiməsinin Gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştirak etmək üçün İstanbul şəhərində səfərdə olmuşdur.

Tədbirin rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında iştirakçıları salamlamış və onlarla xatirə şəkli çəkdirmişdir.

Simpoziumun əvvəlində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya 34 ölkənin konstitusiya nəzarəti orqanlarının sədrlərini, hakimlərini və digər qonaqları salamlayaraq açılış nitqi ilə çıxış etmişdir.

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Türkiyə Respublikası Konstitusiya Məhkəməsini yaradılmasının 63-cü ildönümü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya prinsiplərinin aliliyinin təmin olunması sahəsində səylərinin davam etdirilməsində əmin olduğunu ifadə etmişdir.

Simpoziumun praktiki hissəsində XXI əsrdə konstitusiya ədalət mühakiməsinin gələcəyi, rəqəmsal dövrdə konstitusiya ədalət mühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni çağırışlar və imkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələr dinlənilmiş və geniş fikir mübadiləsi aparılmışdır.

Tədbir çərçivəsində 27 aprel tarixində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrin Konstitusiya Məhkəmələrinin iclasında Təşkilata müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə verilmişdir.

Səfər çərçivəsində xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının sədrləri və hakimləri ilə məhkəmə-hüquq sahəsində fikir mübadiləsi aparılmışdır.