28.04.2025
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq
etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri
Kadir Özkayanın dəvəti ilə 25-26 aprel tarixlərində Türkiyə Respublikası
Konstitusiya Məhkəməsinin 63-cü ildönümü münasibətilə “XXI əsrdə Konstitusiya
Ədalət Mühakiməsinin Gələcəyi” mövzusunda keçirilmiş simpoziumda iştirak etmək
üçün İstanbul şəhərində səfərdə olmuşdur.
Tədbirin
rəsmi hissəsində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan
Dolmabahçe Sarayında iştirakçıları salamlamış və onlarla xatirə şəkli çəkdirmişdir.
Simpoziumun
əvvəlində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya 34
ölkənin konstitusiya nəzarəti orqanlarının sədrlərini, hakimlərini və digər
qonaqları salamlayaraq açılış nitqi ilə çıxış etmişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Türkiyə Respublikası Konstitusiya
Məhkəməsini yaradılmasının 63-cü ildönümü münasibətilə təbrik etmiş, gələcək fəaliyyətlərində
hüquq və ədalətin, insan hüquq və azadıqlarının müdafiəsi və konstitusiya
prinsiplərinin aliliyinin təmin olunması sahəsində səylərinin davam etdirilməsində
əmin olduğunu ifadə etmişdir.
Simpoziumun
praktiki hissəsində XXI əsrdə konstitusiya ədalət mühakiməsinin gələcəyi, rəqəmsal
dövrdə konstitusiya ədalət mühakiməsi, konstitusiya ədalət mühakiməsində yeni
çağırışlar və imkanlar, eləcə də digər hüquqi məsələlər üzrə məruzələr dinlənilmiş
və geniş fikir mübadiləsi aparılmışdır.
Tədbir
çərçivəsində 27 aprel tarixində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları
Konfransı (TÜRK-AY) Təşkilatına üzv olan ölkələrin Konstitusiya Məhkəmələrinin
iclasında Təşkilata müvəqqəti sədrlik səlahiyyətləri rəsmi olaraq Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinə verilmişdir.