05.03.2025
Fərhad
Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri
ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru professor A.Qasımovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 15-ci və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək
hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən
mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə
də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının
qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində
olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi
və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə
müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə
ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri
eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin
icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz.