14.03.2025
Martın
14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və
Konstitusiya Məhkəməsinin birgə təşkil
etdiyi “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin innovativ
dövlət idarəçiliyi siyasəti: suverenliyə aparan yol” mövzusunda seminar
keçirilib.
Tədbirin
açılışında çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev vurğulayıb
ki, Konstitusiya Məhkəməsi ilə ali təhsil və elm müəssisələri arasında daima sıx
əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan, Konstitusiya Məhkəməsi gənclər
arasında hüquqi biliklərin artırılması və gənclərin dövlətin Əsas Qanununda təsbit
edilmiş dəyər və prinsiplər haqqında məlumatlandırılmasına böyük diqqət
yetirir.
Daha
sonra Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov geniş təqdimatla
çıxış edərək bildirdi ki, ölkədə aparılan effektiv dövlət idarəçilik siyasəti nəticəsində
Azərbaycan Respublikası dinamik və sürətli inkişaf edərək müasir iqtisadi və
sosial cəhətdən dünyanın ən qabaqcıl ölkələri sırasında yer almışdır. Bu
nailiyyətlərin əsasında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata
keçirilən yeni dövlət idarəçilik siyasəti durur.
Tədbirdə
Konstitusiya Məhkəməsi və Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq
haqqında Memorandum imzalanıb.
Yekun
nitqi ilə çıxış edən Fərhad Abdullayev imzalanmış Memorandumun hər iki qurum
arasında hüquqi əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini bildirdi. Diqqətə
çatdırılıb ki, Memorandumun əsas məqsədi Konstitusiya Məhkəməsi ilə Dövlət
İdarəçilik Akademiyası arasında insan hüquqlarının təbliği, tədrisi və tətbiqi
sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.
Tədbirin sonunda akademik Urxan Ələkbərov qarşılıqlı əlaqələrin inkişafına verilən töhfəyə görə Konstitusiya Məhkəməsinə təşəkkürünü bildirib.