Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanda beynəlxalq konfransda iştirak edib

Xəbərlər

2026 Nov

11.11.2026

4-6 noyabr tarixlərində Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadarayanın dəvəti ilə məhkəmənin yaradılmasının 30 illiyinə həsr olunmuş “Hüquqi dövlətdə konstitusiya nəzarətinin rolu” mövzusunda Batumi şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakimi Otari Qvaladze və Aparatın şöbə müdiri Tural Aslanov təmsil ediblər.

Tədbirin açılış mərasimində Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya qonaqları və müxtəlif ölkələrin nümayəndə heyətlərini salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

Daha  sonra Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Ali Məhkəmənin sədri Nino Kadagidze, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Mattias Quyomar çıxış edərək Gürcüstan Konstitusiya Məhkəməsini əlamətdar yubiley münasibətilə təbrik ediblər.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Otari Qvaladze sədr Fərhad Abdullayevin səmimi salamlarını və təbriklərini çatdırıb. Daha sonra Azərbaycanda konstitusiya nəzarətinin tarixi inkişafı, konstitusiya ədalət mühakiməsinin hüquqi dövlətin möhkəmləndirilməsində rolu, habelə konstitusiya məhkəmələrinin müasir hüquq sistemində yeri və əhəmiyyəti barədə məruzə ilə çıxış edib.

Tədbirdə konstitusiya nəzarətinin hüquqi dövlətin formalaşması və inkişafına təsiri, konstitusiya quruluşunun qorunması, fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də konstitusiya məhkəmələrinin institusional rolu ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfrans konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bölüşülməsi, müxtəlif ölkələrin konstitusiya məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, habelə hüquqi dövlət və konstitusionalizm prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.

Beynəlxalq konfransda Gürcüstanın dövlət və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də müxtəlif ölkələrin konstitusiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.