Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Serbiya Respublikasında beynəlxalq konfransda iştirak edib

Xəbərlər

2026 Nov

02.11.2026

28–30 oktyabr tarixlərində Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri Vladan Petrovun dəvəti ilə Belqrad şəhərində Serbiya Respublikasının Milli Assambleyasında “Serbiya Respublikası Konstitusiyasının 20 ili” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakim Rəşid Rzayev və Aparat rəhbərinin müavini Ziya Qasımov təmsil ediblər.

Tədbirin açılış mərasimində Serbiya Konstitusiya Məhkəməsinin sədri Vladan Petrov tədbir iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətini vurğulayıb.

Konfransda Serbiya Ali Məhkəməsinin sədri Mirolyub Tomiç, İtaliya Konstitusiya Məhkəməsinin sədri Covanni Amorozo, Venesiya Komissiyasının sədrinin müavini Eyrik Holmyovik, Dünya Hüquqşünaslar Assosiasiyasının sədri Xavyer Kremades, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov və konfransın digər iştirakçıları məruzələrlə çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev çıxış edərək, sədr Fərhad Abdullayevin təbriklərini iştirakçıların diqqətinə çatdırıb.

Konfransda konstitusiya ədalət mühakiməsi və insan hüquqlarının müdafiəsi üzrə geniş müzakirələr və fikir mübadiləsi aparılıb, beynəlxalq təcrübəyə və müasir yanaşmalara dair məruzələr dinlənilib.