TÜRK-AY Təşkilatına üzv ölkələrin nümayəndələri Şuşa və Xankəndidə səfərdə olublar

Xəbərlər

2026 Oct

 TÜRK-AY Təşkilatına üzv ölkələrin nümayəndələri

Şuşa və Xankəndidə səfərdə olublar

 

19-22 oktyabr tarixlərində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı (TÜRK-AY) Təşkilatına üzv ölkələrin nümayəndələri hazırda təşkilata sədrlik edən Azərbaycan Respublikası Konstitisuya Məhkəməsinin dəvəti ilə “Süni intellektin konstitusiya məhkəmələrinin fəaliyyətində rolu” mövzusunda dəyirmi masada iştirak etmək üçün ölkəmizdə səfərdə olublar.

Səfər çərçivəsində nümayəndə heyətləri Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarının müşayiəti ilə Şuşa və Xankəndi şəhərlərində olublar. Onlar işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, şəhərlərin yenidən qurulması və sosial obyektlərin inşası istiqamətində görülən işlərlə tanış olublar. Xarici qonaqlara bərpa prosesinin miqyası, müasir şəhərsalma prinsipləri əsasında şəhərlərin tarixi simasının qorunaraq yenidən qurulması və bölgənin davamlı inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Qonaqlar Qarabağ Universitetinə gələrək, bu ali təhsil müəssisəsində yaradılan müasir təhsil və elmi imkanlarla tanış olub, hüquq fakültəsinin tələbələri ilə görüş keçiriblər. Tədbir zamanı konstitusiya ədalət mühakiməsi, hüquq sisteminin inkişafı və müasir dövrdə hüquq sahəsində qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb, həmçinin nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıblar. Görüş gənc hüquqşünasların beynəlxalq təcrübə ilə tanışlığı, hüquqi biliklərinin artırılması və peşəkar inkişafı baxımından əhəmiyyət daşıyıb.

Türk dünyasının ölkələrini təmsil edən konstitusiya yurisdiksiyası orqanlarının nümayəndələri üçün bu səfər Azərbaycanın müasir inkişaf modelini, eləcə də bölgədə dayanıqlı həyatın təmin olunması istiqamətində görülən işləri yaxından müşahidə etmək baxımından əlamətdardır.

Qarabağa səfər zamanı işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, müasir yaşayış mühitinin formalaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər xarici qonaqlarda xoş təəssürat yaradıb.