TÜRK-AY Təşkilatına üzv ölkələrin nümayəndələri
Şuşa
və Xankəndidə səfərdə olublar
19-22
oktyabr tarixlərində Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı
(TÜRK-AY) Təşkilatına üzv ölkələrin nümayəndələri hazırda təşkilata sədrlik edən
Azərbaycan Respublikası Konstitisuya Məhkəməsinin dəvəti ilə “Süni intellektin
konstitusiya məhkəmələrinin fəaliyyətində rolu” mövzusunda dəyirmi masada
iştirak etmək üçün ölkəmizdə səfərdə olublar.
Səfər
çərçivəsində nümayəndə heyətləri Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarının
müşayiəti ilə Şuşa və Xankəndi şəhərlərində olublar. Onlar işğaldan azad
edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri,
müasir infrastrukturun yaradılması, şəhərlərin yenidən qurulması və sosial
obyektlərin inşası istiqamətində görülən işlərlə tanış olublar. Xarici
qonaqlara bərpa prosesinin miqyası, müasir şəhərsalma prinsipləri əsasında şəhərlərin
tarixi simasının qorunaraq yenidən qurulması və bölgənin davamlı inkişafı
istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qonaqlar
Qarabağ Universitetinə gələrək, bu ali təhsil müəssisəsində yaradılan müasir təhsil
və elmi imkanlarla tanış olub, hüquq fakültəsinin tələbələri ilə görüş keçiriblər.
Tədbir zamanı konstitusiya ədalət mühakiməsi, hüquq sisteminin inkişafı və
müasir dövrdə hüquq sahəsində qarşıya çıxan çağırışlar ətrafında fikir mübadiləsi
aparılıb, həmçinin nümayəndə heyətinin üzvləri tələbələrin suallarını
cavablandırıblar. Görüş gənc hüquqşünasların beynəlxalq təcrübə ilə tanışlığı,
hüquqi biliklərinin artırılması və peşəkar inkişafı baxımından əhəmiyyət
daşıyıb.
Türk
dünyasının ölkələrini təmsil edən konstitusiya yurisdiksiyası orqanlarının
nümayəndələri üçün bu səfər Azərbaycanın müasir inkişaf modelini, eləcə də bölgədə
dayanıqlı həyatın təmin olunması istiqamətində görülən işləri yaxından müşahidə
etmək baxımından əlamətdardır.
Qarabağa səfər zamanı işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, müasir yaşayış mühitinin formalaşdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər xarici qonaqlarda xoş təəssürat yaradıb.
