02.11.2026
Fərhad Abdullayevin sədrliyi
ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci, 100.3-cü və 469.4-cü
maddələrinin həmin Məcəllənin 65.7-ci, 142.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin
33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Azərbaycan
Respublikası Prokurorluğunun sorğusunu və Milli Məclis Aparatının mülahizəsini,
Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi,
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis
mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət
prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın və
həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Cinayət-Prosessual
Məcəllənin 92.4.8 və 100-cü maddələrinin tələbləri, eləcə də Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi
mövqelər nəzərə alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti
olmayan hesab edilmiş şəxs” müddəası Azərbaycan Respublikasının mülki
qanunvericiliyi ilə müəyyənləşdirilmiş əsaslarla, mülki prosessual
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə
minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətinin olmaması təsdiq
edilmiş şəxsi nəzərdə tutur və belə qətnamə (şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət
qabiliyyətli hesab edildiyi hal istisna olmaqla) cinayət prosesini həyata keçirən
orqan tərəfindən zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən
şəxsə, habelə mülki cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin, hüquqi müəyyənlik və qanunçuluq
prinsiplərinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:
- Cinayət-Prosessual Məcəllənin
100.3-cü maddəsində nəzərdə tutulan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli
və ya təqsirləndirilən şəxsin və mülki cavabdehin məhkəmə qaydasında cinayət-prosessual
fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin və cinayət-prosessual fəaliyyət
qabiliyyətinin bərpasının prosessual qaydalarının qanunvericiliklə müəyyənləşdirilməsi;
- fəaliyyət qabiliyyəti
olmayan hesab edilməsinə əsas verməyən sağlamlıq vəziyyətilə bağlı pozuntulara
görə cinayət-prosessual hüquqlarını və vəzifələrini müstəqil həyata keçirə bilməyən
zərərçəkmiş şəxslərin cinayət prosesində səmərəli iştirakını təmin edən müvafiq
dəstək mexanizmlərinin cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməsi
Milli Məclisə tövsiyə edilsin.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.
