11.11.2026
4-6 noyabr tarixlərində
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin
sədri Revaz Nadarayanın dəvəti ilə məhkəmənin yaradılmasının 30 illiyinə həsr
olunmuş “Hüquqi dövlətdə konstitusiya nəzarətinin rolu” mövzusunda Batumi şəhərində
keçirilən beynəlxalq konfransda iştirak edib. Konfransda Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsini hakimi Otari Qvaladze və Aparatın şöbə
müdiri Tural Aslanov təmsil ediblər.
Tədbirin açılış mərasimində
Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya qonaqları və müxtəlif
ölkələrin nümayəndə heyətlərini salamlayaraq konfransın işinə uğurlar
arzulayıb.
Daha sonra Gürcüstan Prezidenti Mixeil
Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili,
Ali Məhkəmənin sədri Nino Kadagidze, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin
sədri Mattias Quyomar çıxış edərək Gürcüstan Konstitusiya Məhkəməsini
əlamətdar yubiley münasibətilə təbrik ediblər.
Konfrans çərçivəsində Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi Otari Qvaladze sədr Fərhad
Abdullayevin səmimi salamlarını və təbriklərini çatdırıb. Daha sonra Azərbaycanda
konstitusiya nəzarətinin tarixi inkişafı, konstitusiya ədalət mühakiməsinin
hüquqi dövlətin möhkəmləndirilməsində rolu, habelə konstitusiya məhkəmələrinin
müasir hüquq sistemində yeri və əhəmiyyəti barədə məruzə ilə çıxış edib.
Tədbirdə konstitusiya nəzarətinin
hüquqi dövlətin formalaşması və inkişafına təsiri, konstitusiya quruluşunun
qorunması, fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də
konstitusiya məhkəmələrinin institusional rolu ilə bağlı aktual məsələlər ətrafında
fikir mübadiləsi aparılıb. Konfrans konstitusiya ədalət mühakiməsi sahəsində
qabaqcıl təcrübənin öyrənilməsi və bölüşülməsi, müxtəlif ölkələrin konstitusiya
məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, habelə hüquqi dövlət və
konstitusionalizm prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb edib.
Beynəlxalq konfransda Gürcüstanın dövlət və məhkəmə hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də müxtəlif ölkələrin konstitusiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.
