25.04.2025
Azərbaycan
xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas
şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun
ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti
nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildi.
Xalq
olaraq biz bu əlamətdar tarixləri ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasəti, Ali Baş Komandanın güclü iradəsi və qəhrəman Ordumuzun şücaəti sayəsində
yaşayırıq.
1995-ci
ildə Konstitusiya layihəsi hazırlanmasına bilavasitə rəhbərlik edən ulu öndər
Heydər Əliyev vurğulamışdı ki, "biz elə bir layihə hazırlamalı və nəhayət,
elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının
demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas
Qanun, tarixi sənəd olsun". 30 il bundan öncə Azərbaycanın çoxəsrlik dövlətçilik
ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş
cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə ölkənin Əsas
Qanunu - Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi.
Konstitusiya bir əsrə yaxın dövrdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan
dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən
etdi.
Digər ölkələrin
də konstitusiyalarına nəzər salsaq, əksəriyyətində məhz giriş hissənin həmin
Konstitusiyanın qəbuluna gətirib çıxaran hadisələri, keçmişi və qarşıya qoyulan
hədəfləri, arzuları əks etdirdiyini görmək olar. Bununla bağlı hüquq nəzəriyyəsində
belə bir ifadə var ki, konstitusiyaların giriş hissəsi keçmişin qürurunu, gələcəyə
olan ümidi ifadə edər. Ölkəmizin Konstitusiyasının preambulasında da Azərbaycan
xalqının çoxəsrlik dövlətçilik ənənələrindən dolayı qüruru və bu ənənələrin
davam etdirilməsi niyyəti vurğulanaraq gələcəklə bağlı arzu və hədəfləri ifadə
edilmişdir. Bununla əslində həm də cəmiyyətdə ortaq kimlik, bütövlük, ümumi ali
hədəflər formalaşdırılmış oldu.
Şübhəsiz
ki, Konstitusiyada dövlətçilik ənənəsi dedikdə, ilk növbədə, müsəlman Şərqində
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin iki il ərzində
formalaşdırdığı zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik
tarixində silinməz izlər qoyması, respublikanın gələcək müstəqilliyi üçün
etibarlı zəmin hazırlaması nəzərə alınmışdır. Eləcə də ötən əsrin 60-cı illərinin
sonunda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaradılmış
iqtisadi potensial müstəqillik illərində çox mühüm rol oynadı. Həmin dövrdə həyata
keçirilmiş düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli şüurun, özünüdərkin
inkişafı istiqamətində də vacib addımlar atıldı ki, bu da müstəqil Azərbaycan
dövlətçiliyinin qurulmasında əhəmiyyətli oldu.
Müstəqil
dövlətin əsas şərtlərindən biri isə suverenlikdir ki, o da dövlətin və xalqın
suverenliyi olaraq fərqləndirilir. Dövlətin suverenliyi dövlət hakimiyyətinin
vahidliyində və aliliyində, onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və
fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Lakin dövlətin
suverenliyi də hədsiz deyil, o, xarici münasibətlərdə beynəlxalq hüququn
hamılıqla tanınmış norma və qaydaları, daxili münasibətlərdə isə qanunlarla məhdudlaşır.
Konstitusiyanın "Azərbaycan dövləti" adlanan 7-ci maddəsinin I hissəsində
də qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə
yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
Xalqın
suverenliyi isə Konstitusiyamızın 1-ci maddəsində qeyd olunduğu kimi, hakimiyyətin
mənbəyinin xalqa məxsusluğu prinsipindən irəli gələrək öz təzahürünü xalqın
referendumda və seçkilərdə iştirakı və bu yolla hakimiyyəti təşkil etməsində
tapır.
Mütləqiyyətə,
onun hakimiyyətə olan qeyri-məhdud imkanlarına qarşı yaranmış olan hakimiyyətin
mənbəyinin xalqa məxsusluğu ideyasına əsasən xalq özü ona məxsus hakimiyyəti
realizə etməlidir. Odur ki, bu ideyanı qəbul edən Əsas Qanunumuzun 2-ci maddəsində
sərbəst və müstəqil müqəddəratını həll etməyin və öz idarəetmə formasını müəyyənləşdirməyin
Azərbaycan xalqının suveren hüququ olduğu bəyan edilmiş, bu hüququn bilavasitə
ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında
sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata
keçirildiyi müəyyən olunmuşdur.
Məlum
olduğu kimi, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi
rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək
torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına
başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat
nəticəsində növbəti parlaq Qələbə əldə edilərək Azərbaycan Respublikasının
suverenliyi tam bərpa olunmuşdur. Suverenliyin bərpasının və bununla da Azərbaycan
Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunmasının müstəsna əhəmiyyəti
nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il
tarixli Sərəncamı ilə sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Təbii ki,
Əsas Qanunla bəyan edilmiş prinsip və dəyərlərin qorunmasında ölkənin ali
konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin qərarlarının
rolu və əhəmiyyətindən danışmaq zəruridir.
Belə ki,
ilk növbədə Konstitusiya və qanunvericilik aktlarının şərhinin, hüquq
normalarının Əsas Qanuna uyğunluğuna nəzarətin, bununla da əsas insan hüquq və
azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsinə səlahiyyətləndirilmiş
Konstitusiya Məhkəməsi bu səlahiyyətləri məhz Konstitusiyada bəyan olunan təməl
prinsip və ideyalar, dəyərlər nöqteyi-nəzərdən həyata keçirir.
Nümunə
olaraq göstərə bilərik ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından
olan 2024-cü il 25 noyabr tarixli Qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
157-ci maddəsində əks olunmuş "mənzil" anlayışı məhz Azərbaycan
Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil
toxunulmazlığı hüququ baxımından şərh edilmiş, Əsas Qanunla təminat verilmiş bu
hüququn mahiyyətinə aydınlıq gətirilmişdir. Qərarda vurğulanmışdır ki, mənzil
toxunulmazlığı şəxsi hüquq və azadlıqlardan biri kimi hüquqi dövlətin və
demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən olmaqla, ilk növbədə,
şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin və təhlükəsizliyinin
qorunmasını nəzərdə tutur. Şəxsi və ailə həyatının toxunulmazlığının təmin
olunmasında mənzil toxunulmazlığının əhəmiyyəti və rolu nəzərə alınmaqla bu
hüquq Əsas Qanunda təsbit olunmuş və pozulmasına görə Cinayət Məcəlləsinin
"İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər"
adlı 21-ci fəslinin 157-ci maddəsində cinayət məsuliyyəti müəyyən edilmişdir.
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsi
ilə mühafizə altına alınan münasibətlər məhz şəxsin mənzilində təhlükəsiz,
özünün müəyyən etdiyi kimi yaşaya bilməsi ilə bağlı ictimai münasibətlərdir
(cinayət tərkibinin obyekti). Yəni bu cinayət əməli ilə konkret mənzilə deyil,
insanın yaşadığı mənzildə şəxsi və ailə həyatının toxunulmazlığı ilə bağlı
ictimai münasibətlərə qəsd edilmiş olunur. Qərarda belə nəticəyə gəlinmişdir
ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından
"mənzil" dedikdə, daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət
formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün
istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən
təcrid olunan yaşayış yeri başa düşülür. Müvafiq olaraq, həyətyanı torpaq sahəsi,
eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr
də şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin
sahəyə şəxsin iradəsi ziddinə daxil olmanın da Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb olacağı qərara
alınmışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu məhz Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində
nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından, bu
norma ilə qorunan dəyərlər baxımından göstərilən qənaətə gəlmişdir ki, bu da
Əsas Qanunla bəyan edilmiş müddəaların realizəsinin təmin olunmasına,
konstitusiya normalarının işlək normalar olmasına xidmət edir.
Zənnimizcə,
düşüncə tariximizdə dönüş nöqtəsi olan Vətən müharibəsində qələbədən,
suverenliyin tam bərqərar edilməsindən sonra 2025-ci ilin "Konstitusiya və
Suverenlik İli" elan olunması əslində suverenlik, ərazi bütövlüyü və Əsas
Qanunda nəzərdə tutulan prinsipləri fərd olaraq hər birimizin daha dərindən dərk
etməsi, bu dəyərlər uğrunda şücaət göstərmiş, mübarizə aparmış şəxslərin
xatırlanması və bu dəyərlərin qorunması üçün üzərimizə düşən öhdəlikləri
layiqincə yerinə yetirmək məqsədilə verilmiş göstəriş kimi qəbul edilməlidir.
Əminik
ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçiriləcək
tədbirlər cəmiyyətimizdə həmrəyliyi daha da artıracaq, yeni hüquqi, iqtisadi
prioritetlərin dəqiqləşdirilməsi, konstitusion dəyərlərin yeni qlobal
çağırışlar əsasında realizəsinin təmin edilməsi baxımından faydalı olacaqdır.
Rəna
ABBASOVA,
Azərbaycan
Respublikasının
Konstitusiya
Məhkəməsi Aparatının Konstitusiya
hüququ
şöbəsinin müdiri.