Konstitusiya ilə bəyan edilmiş əsas prinsip və dəyərlər

Новости

2025 Apr

25.04.2025

Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildi.

Xalq olaraq biz bu əlamətdar tarixləri ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, Ali Baş Komandanın güclü iradəsi və qəhrəman Ordumuzun şücaəti sayəsində yaşayırıq.

1995-ci ildə Konstitusiya layihəsi hazırlanmasına bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyev vurğulamışdı ki, "biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun". 30 il bundan öncə Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə ölkənin Əsas Qanunu - Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. Konstitusiya bir əsrə yaxın dövrdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən etdi.

Digər ölkələrin də konstitusiyalarına nəzər salsaq, əksəriyyətində məhz giriş hissənin həmin Konstitusiyanın qəbuluna gətirib çıxaran hadisələri, keçmişi və qarşıya qoyulan hədəfləri, arzuları əks etdirdiyini görmək olar. Bununla bağlı hüquq nəzəriyyəsində belə bir ifadə var ki, konstitusiyaların giriş hissəsi keçmişin qürurunu, gələcəyə olan ümidi ifadə edər. Ölkəmizin Konstitusiyasının preambulasında da Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən dolayı qüruru və bu ənənələrin davam etdirilməsi niyyəti vurğulanaraq gələcəklə bağlı arzu və hədəfləri ifadə edilmişdir. Bununla əslində həm də cəmiyyətdə ortaq kimlik, bütövlük, ümumi ali hədəflər formalaşdırılmış oldu.

Şübhəsiz ki, Konstitusiyada dövlətçilik ənənəsi dedikdə, ilk növbədə, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin iki il ərzində formalaşdırdığı zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyması, respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlaması nəzərə alınmışdır. Eləcə də ötən əsrin 60-cı illərinin sonunda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra yaradılmış iqtisadi potensial müstəqillik illərində çox mühüm rol oynadı. Həmin dövrdə həyata keçirilmiş düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli şüurun, özünüdərkin inkişafı istiqamətində də vacib addımlar atıldı ki, bu da müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında əhəmiyyətli oldu.

Müstəqil dövlətin əsas şərtlərindən biri isə suverenlikdir ki, o da dövlətin və xalqın suverenliyi olaraq fərqləndirilir. Dövlətin suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Lakin dövlətin suverenliyi də hədsiz deyil, o, xarici münasibətlərdə beynəlxalq hüququn hamılıqla tanınmış norma və qaydaları, daxili münasibətlərdə isə qanunlarla məhdudlaşır. Konstitusiyanın "Azərbaycan dövləti" adlanan 7-ci maddəsinin I hissəsində də qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.

Xalqın suverenliyi isə Konstitusiyamızın 1-ci maddəsində qeyd olunduğu kimi, hakimiyyətin mənbəyinin xalqa məxsusluğu prinsipindən irəli gələrək öz təzahürünü xalqın referendumda və seçkilərdə iştirakı və bu yolla hakimiyyəti təşkil etməsində tapır.

Mütləqiyyətə, onun hakimiyyətə olan qeyri-məhdud imkanlarına qarşı yaranmış olan hakimiyyətin mənbəyinin xalqa məxsusluğu ideyasına əsasən xalq özü ona məxsus hakimiyyəti realizə etməlidir. Odur ki, bu ideyanı qəbul edən Əsas Qanunumuzun 2-ci maddəsində sərbəst və müstəqil müqəddəratını həll etməyin və öz idarəetmə formasını müəyyənləşdirməyin Azərbaycan xalqının suveren hüququ olduğu bəyan edilmiş, bu hüququn bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirildiyi müəyyən olunmuşdur.

Məlum olduğu kimi, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində növbəti parlaq Qələbə əldə edilərək Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunmuşdur. Suverenliyin bərpasının və bununla da Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Təbii ki, Əsas Qanunla bəyan edilmiş prinsip və dəyərlərin qorunmasında ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin qərarlarının rolu və əhəmiyyətindən danışmaq zəruridir.

Belə ki, ilk növbədə Konstitusiya və qanunvericilik aktlarının şərhinin, hüquq normalarının Əsas Qanuna uyğunluğuna nəzarətin, bununla da əsas insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsinə səlahiyyətləndirilmiş Konstitusiya Məhkəməsi bu səlahiyyətləri məhz Konstitusiyada bəyan olunan təməl prinsip və ideyalar, dəyərlər nöqteyi-nəzərdən həyata keçirir.

Nümunə olaraq göstərə bilərik ki, Konstitusiya Məhkəməsi Plenumunun son qərarlarından olan 2024-cü il 25 noyabr tarixli Qərarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş "mənzil" anlayışı məhz Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından şərh edilmiş, Əsas Qanunla təminat verilmiş bu hüququn mahiyyətinə aydınlıq gətirilmişdir. Qərarda vurğulanmışdır ki, mənzil toxunulmazlığı şəxsi hüquq və azadlıqlardan biri kimi hüquqi dövlətin və demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən olmaqla, ilk növbədə, şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin və təhlükəsizliyinin qorunmasını nəzərdə tutur. Şəxsi və ailə həyatının toxunulmazlığının təmin olunmasında mənzil toxunulmazlığının əhəmiyyəti və rolu nəzərə alınmaqla bu hüquq Əsas Qanunda təsbit olunmuş və pozulmasına görə Cinayət Məcəlləsinin "İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər" adlı 21-ci fəslinin 157-ci maddəsində cinayət məsuliyyəti müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə mühafizə altına alınan münasibətlər məhz şəxsin mənzilində təhlükəsiz, özünün müəyyən etdiyi kimi yaşaya bilməsi ilə bağlı ictimai münasibətlərdir (cinayət tərkibinin obyekti). Yəni bu cinayət əməli ilə konkret mənzilə deyil, insanın yaşadığı mənzildə şəxsi və ailə həyatının toxunulmazlığı ilə bağlı ictimai münasibətlərə qəsd edilmiş olunur. Qərarda belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından "mənzil" dedikdə, daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür. Müvafiq olaraq, həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr də şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olmanın da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb olacağı qərara alınmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu məhz Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından, bu norma ilə qorunan dəyərlər baxımından göstərilən qənaətə gəlmişdir ki, bu da Əsas Qanunla bəyan edilmiş müddəaların realizəsinin təmin olunmasına, konstitusiya normalarının işlək normalar olmasına xidmət edir.

Zənnimizcə, düşüncə tariximizdə dönüş nöqtəsi olan Vətən müharibəsində qələbədən, suverenliyin tam bərqərar edilməsindən sonra 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması əslində suverenlik, ərazi bütövlüyü və Əsas Qanunda nəzərdə tutulan prinsipləri fərd olaraq hər birimizin daha dərindən dərk etməsi, bu dəyərlər uğrunda şücaət göstərmiş, mübarizə aparmış şəxslərin xatırlanması və bu dəyərlərin qorunması üçün üzərimizə düşən öhdəlikləri layiqincə yerinə yetirmək məqsədilə verilmiş göstəriş kimi qəbul edilməlidir.

Əminik ki, "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəyliyi daha da artıracaq, yeni hüquqi, iqtisadi prioritetlərin dəqiqləşdirilməsi, konstitusion dəyərlərin yeni qlobal çağırışlar əsasında realizəsinin təmin edilməsi baxımından faydalı olacaqdır.


Rəna ABBASOVA,

Azərbaycan Respublikasının

Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya

hüququ şöbəsinin müdiri.