Ulu Öndər Heydər Əliyev - müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi

News

2023 May

04.05.2023

Tarixdə elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin inkişaf yolunu müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin yaşamasında inkişafın istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyinin tarixində Ümummilli Liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olub. Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Azərbaycan xalqının dahi oğlu, hər zaman Vətəninə və xalqına hədsiz məhəbbəti ilə seçilən Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət və görkəmli siyasi xadim Heydər Əliyev ən uca missiyanı həyata keçirərək müasir müstəqil Azərbaycan dövlətinin memarı olub və öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazıb. Ulu Öndərin həyatı və çoxşaxəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.

Bu il dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan 2022-ci il 29 sentyabr tarixli Sərəncamla Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Həmin Sərəncamda qeyd edilib: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir”.

Bütün mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndərin şəxsiyyətinin əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən dərk edilir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır. Məhz buna görə Ulu Öndərin irsini öyrənmək, təbliğ və tətbiq etmək qarşımızda duran vacib və aktuallığını itirməyən mühüm məsələdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb”.

Məlum olduğu kimi, ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox sahələrində mənfi meyllər özünü büruzə verir, ölkə iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. Respublikamızın inkişafı getdikcə ləngiyərək, ümumilikdə əhalinin sosial-iqtisadi vəziyyətinə kifayət qədər mənfi təsir göstərməyə başlamışdı. Məhz belə bir ağır vəziyyətdə ölkə rəhbərliyində mühüm dəyişiklik baş verdi. Belə ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başladı. Ümummilli Liderin rəhbər seçilməsi xalqımızın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda, Azərbaycanın sürətli inkişafının əsasının qoyulduğu tarixdir. Doğma xalqına olduqca bağlı olan Ulu Öndər Heydər Əliyev çox mürəkkəb şəraitdə Azərbaycanı Sovet İttifaqının qabaqcıl ölkələrindən birinə çevirmək üçün genişmiqyaslı islahatlar proqramının həyata keçirilməsinə nail oldu. 1969-1982-ci illər ərzində zəngin təcrübəyə əsaslanan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikada istehsalın sürəti xeyli artıb, məhsuldarlıq yüksəlib, elmi-texniki tərəqqidə böyük irəliləyişlər baş verib, eyni zamanda, əhalinin maddi rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Tarixi inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ümummilli Lider hələ o zamanlar müstəqil Azərbaycanı qurmağa başlamışdı. Ötən əsrin 60-cı illərinin sonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırmağa başladı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox böyük rol oynadı. Ulu Öndərin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk və vətənpərvərliyin gücləndirilməsi baxımından da olduqca vacib addımlar atıldı. Milli şüurun inkişaf etdirilməsi, müxtəlif sahələrdə yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində bir çox mühüm işlər həyata keçirildi. Bununla bağlı 2022-ci il 29 sentyabr tarixli dövlətimizin başçısının Sərəncamında qeyd edilib: “Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.

1991-ci ildən Azərbaycanda cərəyan edən mürəkkəb və eyni zamanda ziddiyyətli proseslər, həmçinin ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü lider xilas edə bilər. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli çağırışlarına cavab verərək hakimiyyətə geri qayıdıb, Azərbaycanın fəlakətlərlə üz-üzə qaldığı bir dövrdə həyatını təhlükəyə ataraq, xalqımızın tarixinə milli dövlətçiliyin xilaskarı kimi daxil olub. Xalqının yanında olmağa qərar verən dahi şəxsiyyət Heydər Əliyev özünün həyat fəlsəfəsini belə izah edirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

1993-cü ildə yenidən rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti və eyni zamanda, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu, ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu. Ulu Öndər Heydər Əliyev belə mürəkkəb vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi. Həmin dövrdə mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı digər sahələrlə yanaşı, eyni zamanda, hüquq sahəsində də köklü islahatların həyata keçirilməsini, tamamilə yeni və demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazasının formalaşdırılmasını zərurətə çevirmişdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.

Milli Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin əmək sərf edib.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirildi və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.

Eyni zamanda, həmin çıxışında Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı, qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə demişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

Həmçinin yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev bildirmişdi: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq”.

Yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlanıb. 1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti qismində çıxış edib.

Əsas Qanunun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilib.

Hər bir demokratik dövlətin Əsas Qanunu hüquq sisteminin özəyini, əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Ölkə Konstitusiyasının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan normaları bütövlükdə hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında müəyyənlik amili kimi çıxış edir. Eyni zamanda, Əsas Qanun ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir. 1995-ci ildə qəbul edilən Əsas Qanun bir sıra təməl prinsipləri özündə əks etdirərək, müasir sivil cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən ideya və dəyərləri geniş şəkildə özündə ehtiva edib: insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması; insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik; milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.

Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilən hədlərini dəqiqləşdirərək, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Konstitusiya Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətin ali məqsədi olaraq təsbit edir.

Xüsusilə qeyd edilməlidir ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar dövlət tərəfindən verilən xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir. Bununla bağlı, “Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur” Konstitusiya müddəası olduqca mühüm əhəmiyyət kəsb edir.

İnsan hüquqlarına etibarlı təminat yaradan Konstitusiyanın ən böyük fəsli də bütünlüklə əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib. Həmin fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının yol verilən hədləri nəzərdə tutulub.

Dövlətin Əsas Qanununun hüquqi əlamətlərindən biri onun sabitliyidir. Konstitusiya uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan aktdır. Bununla belə, Konstitusiya özü canlı orqanizm kimi daim inkişafdadır. İctimai-siyasi münasibətlərin inkişaf tempi, müasir cəmiyyətdə, dünyada və dövlətdə baş verən dəyişikliklər konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müvafiq əlavə və dəyişikliklərin edilməsini labüd edir. Bu cür zərurət heç də təsadüfi deyil. Konstitusiyanın qəbulundan ötən müddət ərzində cəmiyyətin siyasi-hüquqi, sosial-iqtisadi həyatında olduqca mühüm dəyişikliklər baş verir. Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət yeni elm və texnologiya dövrünə qədəm qoyur. Bu baxımdan konstitusiyaların da təkmilləşdirilməsi, bu ali sənədə də müəyyən əlavələrin və dəyişikliklərin edilərək müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır.

Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində bir sıra əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. İlk dəfə 2002-ci ildə konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə olduqca nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi.

Ulu Öndər Heydər Əliyev tərəfindən 2002-ci il iyunun 22-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Fərman imzalanıb. Bu referendumla bağlı Milli Məclisin 2002-ci il 29 iyul tarixli Azərbaycan xalqına müraciətində qeyd edilib: “Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər insan hüquqlarının və azadlıqlarının qorunmasının əlavə təminatları, seçki sistemi, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, məhkəmə hakimiyyətinin rolunun artması ilə bağlıdır ... Azərbaycan Respublikasının Milli Məclisi bəyan edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin ümumxalq səsverməsinə (referenduma) çıxardığı Konstitusiya dəyişikliklərini dəstəkləyir və onların həyati zəruriliyini bir daha qeyd edir”.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən 2002-ci il avqustun 24-də referendumunda Əsas Qanunun bir sıra maddələrində əlavə və dəyişikliklərin edilməsi məhz həmin dövr üçün ictimai münasibətlərin daha səmərəli tənzimlənməsi məqsədilə aparılan konstitusiya islahatlarının tərkib hissəsi oldu. Bu əlavə və dəyişikliklər bir sıra mühüm məsələləri, o cümlədən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi, Azərbaycan Respublikasında apellyasiya instansiyası məhkəmələri, eləcə də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutunun yaradılmasını nəzərdə tutmuşdur. Həmçinin Konstitusiyaya edilən həmin əlavə və dəyişikliklər nəticəsində İnsan hüquqları üzrə müvəkkil (Ombudsman), məhkəmələr və hər kəs (hüquqi və fiziki şəxslər) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etdi.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla edilmiş əlavə və dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət edib, eyni zamanda, Əsas Qanunun mühüm əhəmiyyətə malik yeni müddəalarla zənginləşməsi ilə nəticələnib.

Ümumilikdə qeyd edilməlidir ki, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik prinsip və dəyərlərin bərqərar olmasının, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təminatına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür. Konstitusiya islahatları hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin daha da möhkəmlənməsi, demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması məqsədlərinə xidmət edir.

Əminliklə demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən hərtərəfli islahatlar öz mənbəyini məhz Əsas Qanundan götürüb. Konstitusiyada təsbit edilmiş əsas istiqamətlər, prinsip və prioritetlər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, hüquqi, iqtisadi və digər islahatların həyata keçirilməsinə, dövlət hakimiyyəti orqanlarının müasir tələblərə uyğun təşkil edilməsinə, eyni zamanda, insan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizmlərinin formalaşdırılmasına davamlı hüquqi zəmin yaradıb.

Dövlətimizin Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı - Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilib. Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və bu il fəaliyyətə başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.

Ali konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi Əsas Qanunun ona verdiyi səlahiyyətlər çərçivəsində sorğu, müraciət və şikayətlər əsasında qəbul etdiyi məhkəmə aktları ilə bu məqsədləri həyata keçirir və bununla milli hüquq sisteminin inkişafına, hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsinə öz töhfəsini verir. Konstitusiya Məhkəməsinin qərarlarında əksini tapan hüquqi mövqelər Konstitusiyanın əsasları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalar, habelə insan hüquq və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır.

Qeyd edilməlidir ki, tarixi nöqteyi-nəzərdən qısa müddətdə dövlətimiz əsrə bərabər inkişaf yolu keçib. Dövlətimiz ildən-ilə güclənərək, dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan müstəqil siyasət yürütməyə qadir, dayanıqlı iqtisadi sistemə malik, müasir, sürətli inkişaf yolu ilə inamla irəliləyən, beynəlxalq birliyin tamhüquqlu üzvü olan nüfuzlu dövlətdir. Azərbaycan özünü dünya birliyində ən mötəbər kürsülərdən sözünü deyən, öz haqlı mövqeyini bildirən və bu mövqeyini qoruyan, eyni zamanda zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıdıb. Regionun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaqla qlobal xarakterli strateji layihələrin nəinki iştirakçısı, eyni zamanda, təşəbbüskarı qismində çıxış edir. Əldə olunan bütün bu nailiyyətlər məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, hərtərəfli düşünülmüş daxili və xarici siyasəti sayəsində mümkün olub.

Əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin qüdrətli dövrünü yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan dövləti 44 gün ərzində bütün dünyaya səs salaraq öz gücünü nümayiş etdirdi, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi, siyasi və diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində mümkün oldu. Qazanılan tarixi Qələbə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Dövlət başçısı İlham Əliyev bununla bağlı qeyd edib: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.

Azərbaycan dövlətinin şanlı Qələbəsi sayəsində Konstitusiyanın hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olunub, vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün zəmin yaranıb.

Bu il aprelin 18-də Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərək qeyd edib: “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır”. Bu bəyanat bir daha onu təsdiq edir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Əsas Qanunun hüquqi qüvvəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün Azərbaycan ərazisində təmin edilməsi prosesi uğurla həyata keçirilir.

Aprelin 23-də isə mühüm əhəmiyyət kəsb edən, əlamətdar və tarixi hadisə baş verdi. Azərbaycan öz legitim və suveren hüququnu həyata keçirərək Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qurdu. Şübhəsiz ki, bu hadisə regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında mühüm addım olmaqla, sülh prosesinə də öz mühüm töhfəsini vermiş olacaq. Eyni zamanda, nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın bütün suveren əraziləri üzərində nəzarətinin tam bərpa edilməsi, bununla da bu ərazilərdə qanunun aliliyinin təmin edilməsi deməkdir.

44 günlük Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra qarşıda duran ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin ən qısa zamanda bərpası və yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir.

Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğalçılardan azad edilməsi ilə həmin ərazilərdə yenidənqurma, bərpa işlərinə start verilib və quruculuq işləri bu gün də sürətlə davam etdirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bilavasitə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal və yaxından iştirakı ilə işğaldan azad edilmiş şəhər və rayonlarımızda zəruri infrastrukturun yaradılması üzrə misli görünməmiş çoxşaxəli işlər həyata keçirilir.

44 günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində aparılan bərpa və quruculuq işləri dövlətimizin gücünün təsdiqidir. Qısa zaman kəsiyində genişmiqyaslı infrastruktur layihələrinin icrasının başa çatdırılması, eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, işğaldan azad edilmiş torpaqlara əhalinin qayıtması, bu prosesin təşkil edilməsi Qarabağın inkişafı ilə bağlı qarşıda duran ən mühüm istiqamətlərdən biridir. Bununla bağlı, 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Sərəncamda qeyd olunub: “Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır”.

Bu Dövlət Proqramının məqsədlərinə aiddir: ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; əhalinin məşğulluq imkanlarını artırmaq; sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək; dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və digərləri.

Böyük Qayıdışa dair I Dövlət Proqramı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilir. Bu ilin martında Proqram çərçivəsində Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar.

Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən bununla bağlı qeyd edib: “Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”.

İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın həyata keçirilməsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsinə təsadüf etməsi olduqca əlamətdardır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu il aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək qeyd edib: “Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”.

Dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi istər respublika, istərsə də beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir. Belə ki, 2022-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası respublikanın bir sıra rayonlarında təşkil edilib. Həmçinin cari ilin martında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtda məktəblilər arasında və Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası iqtisad fakültəsində “Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadaları keçirilib.

Eyni zamanda, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində bu ilin martın 18-də Konstitusiya Məhkəməsinin kollektivi ağacəkmə aksiyası keçirib.

Bu tədbirlərin davamı olaraq, aprelin 19-da Konstitusiya Məhkəməsinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Artıq ənənə halını almış bu konfrans bu il daha geniş formatda keçirildi. Hüquq ictimaiyyətinin, alimlərin iştirakı ilə keçirilən konfransda hüquq elminin aktual məsələlərinə toxunulub, olduqca maraqlı məruzələr təqdim edilib.

Dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində əvəzedilməz xidmətləri bir çox xarici ölkə başçıları, tanınmış siyasi xadimlər tərəfindən hər zaman vurğulanır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin açılış mərasimindəki çıxışında qeyd edib: “Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər”.

Əminik ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcək, tarixi nailiyyətlərə imza atmaqda davam edəcək. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.

 

Fərhad Abdullayev

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri