04.05.2023
Tarixdə
elə şəxsiyyətlər olur ki, onların fəaliyyəti xalqın, dövlətin inkişaf yolunu
müəyyən edir, qoyduqları irs isə gələcək nəsillər üçün dövlətçilik ənənələrinin
yaşamasında inkişafın istiqamətini formalaşdırır. Azərbaycan dövlətçiliyinin
tarixində Ümummilli Liderlik zirvəsinə ucalan məhz Heydər Əliyev olub.
Azərbaycan tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi Heydər Əliyevin
adı ilə bilavasitə bağlıdır.
Azərbaycan
xalqının dahi oğlu, hər zaman Vətəninə və xalqına hədsiz məhəbbəti ilə seçilən
Ulu Öndər Heydər Əliyev xalqımızın dövlətçilik şüurunun, müasir ictimai-siyasi
fikrin ən bariz təcəssümüdür. Dahi şəxsiyyət və görkəmli siyasi xadim Heydər
Əliyev ən uca missiyanı həyata keçirərək müasir müstəqil Azərbaycan dövlətinin
memarı olub və öz misilsiz fəaliyyəti ilə bütöv bir tarix yazıb. Ulu Öndərin
həyatı və çoxşaxəli fəaliyyəti tariximizin ən şanlı səhifələrindəndir. Məhz
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər
inkişaf yolu keçib.
Bu
il dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının
100 illik yubileyidir. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət
səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyev
tərəfindən imzalanan 2022-ci il 29 sentyabr tarixli Sərəncamla Azərbaycan
Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Həmin Sərəncamda
qeyd edilib: “Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı
olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər
Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz
xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi
günü Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd
edir”.
Bütün
mənalı ömrünü xalqına və dövlətinə xidmətə həsr edən Ulu Öndərin şəxsiyyətinin
əzəməti, gördüyü işlərin vacibliyi və böyüklüyü zaman keçdikcə daha da dərindən
dərk edilir. Azərbaycan xalqı hər zaman Heydər Əliyevin şəxsiyyətinə, onun
ideyalarına, qoyduğu dəyərli irsə böyük hörmət və ehtiram hissi ilə yanaşır.
Məhz buna görə Ulu Öndərin irsini öyrənmək, təbliğ və tətbiq etmək qarşımızda
duran vacib və aktuallığını itirməyən mühüm məsələdir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi: “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna
sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar,
qələbələr, bax, bu yolun təməlində dayanıb”.
Məlum
olduğu kimi, ötən əsrin 60-cı illərində Azərbaycan iqtisadiyyatının bir çox
sahələrində mənfi meyllər özünü büruzə verir, ölkə iqtisadi və mədəni tənəzzül
dövrünü yaşayırdı. Respublikamızın inkişafı getdikcə ləngiyərək, ümumilikdə
əhalinin sosial-iqtisadi vəziyyətinə kifayət qədər mənfi təsir göstərməyə
başlamışdı. Məhz belə bir ağır vəziyyətdə ölkə rəhbərliyində mühüm dəyişiklik
baş verdi. Belə ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərliyinin Birinci dövrü başladı. Ümummilli Liderin rəhbər seçilməsi
xalqımızın taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda, Azərbaycanın
sürətli inkişafının əsasının qoyulduğu tarixdir. Doğma xalqına olduqca bağlı
olan Ulu Öndər Heydər Əliyev çox mürəkkəb şəraitdə Azərbaycanı Sovet
İttifaqının qabaqcıl ölkələrindən birinə çevirmək üçün genişmiqyaslı islahatlar
proqramının həyata keçirilməsinə nail oldu. 1969-1982-ci illər ərzində zəngin
təcrübəyə əsaslanan dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikada
istehsalın sürəti xeyli artıb, məhsuldarlıq yüksəlib, elmi-texniki tərəqqidə
böyük irəliləyişlər baş verib, eyni zamanda, əhalinin maddi rifah halı
əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Tarixi
inkişafın sonrakı gedişatı bir daha sübut etdi ki, Ümummilli Lider hələ o
zamanlar müstəqil Azərbaycanı qurmağa başlamışdı. Ötən əsrin 60-cı illərinin
sonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərliyə irəli
çəkilməsi ölkənin gələcək müstəqilliyinə etibarlı bünövrə formalaşdırmağa
başladı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə
yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycan üçün çox böyük
rol oynadı. Ulu Öndərin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində
ölkəmizdə milli özünüdərk və vətənpərvərliyin gücləndirilməsi baxımından da
olduqca vacib addımlar atıldı. Milli şüurun inkişaf etdirilməsi, müxtəlif
sahələrdə yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi
istiqamətində bir çox mühüm işlər həyata keçirildi. Bununla bağlı 2022-ci il 29
sentyabr tarixli dövlətimizin başçısının Sərəncamında qeyd edilib: “Ulu Öndərin
xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası
istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına
xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət
quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.
1991-ci
ildən Azərbaycanda cərəyan edən mürəkkəb və eyni zamanda ziddiyyətli proseslər,
həmçinin ölkənin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş
qarşıdurmasının güclənməsi, anarxiya mühitinin dərinləşməsi onu göstərdi ki,
ölkəni yaranmış ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi güclü
lider xilas edə bilər. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli
çağırışlarına cavab verərək hakimiyyətə geri qayıdıb, Azərbaycanın fəlakətlərlə
üz-üzə qaldığı bir dövrdə həyatını təhlükəyə ataraq, xalqımızın tarixinə milli
dövlətçiliyin xilaskarı kimi daxil olub. Xalqının yanında olmağa qərar verən
dahi şəxsiyyət Heydər Əliyev özünün həyat fəlsəfəsini belə izah edirdi: “Mənim
həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına,
dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu
yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən
çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam.
Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
1993-cü
ildə yenidən rəhbərliyinə qayıdan dahi Heydər Əliyev öz müdrik siyasəti və eyni
zamanda, tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının həyata
keçirilməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına nail oldu,
ölkəmiz öz liderinin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu. Ulu Öndər
Heydər Əliyev belə mürəkkəb vəziyyətdə ölkə daxilində siyasi sabitliyin təmin
edilməsi, iqtisadi siyasət prioritetlərinin müəyyən edilməsi, kompleks
xarakterli islahatların həyata keçirilməsinə əsas yaradan qanunvericilik
bazasının hazırlanması vəzifələrinin öhdəsindən məharətlə gəldi. Həmin dövrdə
mövcud olan hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət
quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, həmçinin insan hüquq və
azadlıqlarının səmərəli müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək
inkişafı digər sahələrlə yanaşı, eyni zamanda, hüquq sahəsində də köklü
islahatların həyata keçirilməsini, tamamilə yeni və demokratik dəyərlərə
əsaslanan milli qanunvericilik bazasının formalaşdırılmasını zərurətə
çevirmişdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısında duran ən vacib
məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.
Milli
Məclisin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı ilə Ulu Öndər Heydər
Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın
tərkibi təsdiq olundu. Konstitusiya Komissiyasının tərkibinə qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış
ictimai-siyasi və elm xadimləri, görkəmli hüquqşünaslar, tarixçilər, dilçilər
daxil edilmişdi. Ümummilli Lider Heydər Əliyev Komissiyanın fəaliyyəti zamanı
Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini verib, Konstitusiyanın
hər bir müddəasını şəxsən nəzərdən keçirib, Konstitusiya layihəsinin açıq
müzakirələrini təşkil etməklə onun ən yetkin formada qəbulunu təmin etmək üçün gərgin
əmək sərf edib.
Yeni
Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il iyunun 5-də ilk
iclası keçirildi və həmin iclasda geniş nitq ilə çıxış edən Ümummilli Lider
Heydər Əliyev dövlətimizin konstitusiya quruculuğu tarixinə toxunaraq qeyd etmişdi
ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması
respublikamızın tarixində böyük hadisədir. Ulu Öndər həmin çıxışında
bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər
salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik
dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik,
bəhrələnməliyik”.
Eyni
zamanda, həmin çıxışında Ulu Öndər Heydər Əliyev yeni Konstitusiyanın məramı,
qaynaqları, mahiyyətinə aydınlıq gətirərək ölkənin Əsas Qanunu barədə belə
demişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında
olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra,
qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə
söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Həmçinin
yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də
keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev bildirmişdi: “Bizim yeni
Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət
müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini
qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni
konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya
demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində
inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və
Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən
prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir
daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi
dövlət qururuq”.
Yeni
Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından
ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu
ilə qəbul edildi, 1995-ci il noyabrın 27-də isə qüvvəyə mindi. İlk
Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə
alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr
tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd
edilməyə başlanıb. 1995-ci ildə Əsas Qanunun qəbul edilməsi müstəqillik
tariximizin ən vacib hadisələrindən biri olmaqla yanaşı, dövlətçiliyimizin
möhkəmləndirilməsi baxımından çox mühüm ictimai-siyasi hadisə kimi
qiymətləndirilməlidir. Yeni Konstitusiyanın qəbulu eyni zamanda, ölkəmizin
inkişafının prinsipcə tamamilə yeni mərhələyə qədəm qoymasının göstəricisi
olmaqla, müstəqillik illərində əldə olunan nailiyyətlərin hüquqi fundamenti
qismində çıxış edib.
Əsas
Qanunun Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və
ərazi bütövlüyünü qorumaq, bu ali sənəd çərçivəsində demokratik quruluşa
təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın
iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət
qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli
həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya
xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə
qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilib.
Hər
bir demokratik dövlətin Əsas Qanunu hüquq sisteminin özəyini, əsasını təşkil
edir, cəmiyyətdə siyasi sabitliyin təminatı qismində çıxış edir. Ölkə
Konstitusiyasının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan normaları
bütövlükdə hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai
münasibətlərin inkişafında müəyyənlik amili kimi çıxış edir. Eyni zamanda, Əsas
Qanun ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının,
demokratik cəmiyyətin qurulmasına xidmət edir. 1995-ci ildə qəbul edilən Əsas
Qanun bir sıra təməl prinsipləri özündə əks etdirərək, müasir sivil cəmiyyətin
əsas inkişaf istiqamətlərini müəyyən edən ideya və dəyərləri geniş şəkildə
özündə ehtiva edib: insan şəxsiyyətinə və ləyaqətinə hörmət; dövlət hakimiyyət
orqanlarının demokratik qaydada formalaşdırılması; insan hüquqlarının səmərəli
müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə plüralizmə təminat
verilməsi; sosial ədalətə nail olmaq; ümumbəşəri dəyərlərə sadiqlik; milli
qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.
Dövlət
quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də
cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və
belə müdaxilənin yol verilən hədlərini dəqiqləşdirərək, bu sahədə dövlət
siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Konstitusiya
Azərbaycan Respublikasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğunu
elan edir, öz müqəddəratını sərbəst və müstəqil həll etməyi və öz idarəetmə
formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir.
Həmçinin Əsas Qanun Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar
respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili
məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan
edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunmasını
dövlətin ali məqsədi olaraq təsbit edir.
Xüsusilə
qeyd edilməlidir ki, Əsas Qanunda insan və vətəndaş hüquq və azadlıqlarının,
habelə onların reallaşdırılmasının ümumi mexanizmləri olduqca geniş şəkildə
əksini tapıb. Konstitusiyada bu hüquq və azadlıqlar dövlət tərəfindən verilən
xüsusi imtiyaz olaraq deyil, məhz hər kəsin doğulduğu andan malik olduğu
toxunulmaz, pozulmaz və ayrılmaz ali dəyərlər kimi ifadə edilir. Bununla bağlı,
“Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur” Konstitusiya müddəası olduqca mühüm əhəmiyyət kəsb edir.
İnsan
hüquqlarına etibarlı təminat yaradan Konstitusiyanın ən böyük fəsli də
bütünlüklə əsas insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilib. Həmin
fəsildə demokratik, hüquqi dövlətdə təmin edilməsi zəruri olan hüquq və
azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı
hüquqların beynəlxalq standartlara müvafiq olaraq, qanuni məhdudlaşdırılmasının
yol verilən hədləri nəzərdə tutulub.
Dövlətin
Əsas Qanununun hüquqi əlamətlərindən biri onun sabitliyidir. Konstitusiya
uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan aktdır. Bununla belə, Konstitusiya
özü canlı orqanizm kimi daim inkişafdadır. İctimai-siyasi münasibətlərin
inkişaf tempi, müasir cəmiyyətdə, dünyada və dövlətdə baş verən dəyişikliklər
konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müvafiq
əlavə və dəyişikliklərin edilməsini labüd edir. Bu cür zərurət heç də təsadüfi
deyil. Konstitusiyanın qəbulundan ötən müddət ərzində cəmiyyətin siyasi-hüquqi,
sosial-iqtisadi həyatında olduqca mühüm dəyişikliklər baş verir.
Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai
münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və
iqtisadi vəziyyət dəyişir, cəmiyyət yeni elm və texnologiya dövrünə qədəm
qoyur. Bu baxımdan konstitusiyaların da təkmilləşdirilməsi, bu ali sənədə də
müəyyən əlavələrin və dəyişikliklərin edilərək müasir tələblərə
uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır.
Azərbaycan
Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də
və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində bir sıra
əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. İlk dəfə 2002-ci ildə
konstitusiya dəyişikliklərinə yaranan ehtiyac bir çox sahələrdə olduqca nəzərə
çarpan sürətli inkişafdan irəli gəlirdi.
Ulu
Öndər Heydər Əliyev tərəfindən 2002-ci il iyunun 22-də “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq
səsverməsi (referendum) keçirilməsi haqqında” Fərman imzalanıb. Bu referendumla
bağlı Milli Məclisin 2002-ci il 29 iyul tarixli Azərbaycan xalqına müraciətində
qeyd edilib: “Konstitusiyada edilməsi nəzərdə tutulan dəyişikliklər insan
hüquqlarının və azadlıqlarının qorunmasının əlavə təminatları, seçki sistemi,
dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi, məhkəmə
hakimiyyətinin rolunun artması ilə bağlıdır ... Azərbaycan Respublikasının
Milli Məclisi bəyan edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər
Əliyevin ümumxalq səsverməsinə (referenduma) çıxardığı Konstitusiya
dəyişikliklərini dəstəkləyir və onların həyati zəruriliyini bir daha qeyd
edir”.
Ulu
Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən 2002-ci il avqustun 24-də
referendumunda Əsas Qanunun bir sıra maddələrində əlavə və dəyişikliklərin
edilməsi məhz həmin dövr üçün ictimai münasibətlərin daha səmərəli
tənzimlənməsi məqsədilə aparılan konstitusiya islahatlarının tərkib hissəsi
oldu. Bu əlavə və dəyişikliklər bir sıra mühüm məsələləri, o cümlədən
Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun
verilməsi, Azərbaycan Respublikasında apellyasiya instansiyası məhkəmələri,
eləcə də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman)
institutunun yaradılmasını nəzərdə tutmuşdur. Həmçinin Konstitusiyaya edilən
həmin əlavə və dəyişikliklər nəticəsində İnsan hüquqları üzrə müvəkkil
(Ombudsman), məhkəmələr və hər kəs (hüquqi və fiziki şəxslər) Konstitusiya
Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etdi.
Azərbaycan
Respublikası Konstitusiyasının mətninə 2002-ci il avqustun 24-də keçirilmiş referendumla
edilmiş əlavə və dəyişikliklər hüquq sisteminin təkmilləşdirilməsinə xidmət
edib, eyni zamanda, Əsas Qanunun mühüm əhəmiyyətə malik yeni müddəalarla
zənginləşməsi ilə nəticələnib.
Ümumilikdə
qeyd edilməlidir ki, Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər demokratik
prinsip və dəyərlərin bərqərar olmasının, o cümlədən insan və vətəndaş hüquq və
azadlıqlarının təminatına ən ali səviyyədə göstərilən diqqətin təzahürüdür.
Konstitusiya islahatları hüquqi dövlət və vətəndaş cəmiyyəti prinsiplərinin daha
da möhkəmlənməsi, demokratikləşmə proseslərinin dərinləşməsi, insan hüquq və
azadlıqlarının daha səmərəli şəkildə təmin olunması məqsədlərinə xidmət edir.
Əminliklə
demək olar ki, Azərbaycan dövlətinin hərtərəfli tərəqqisi, ölkə həyatının
müxtəlif sahələrində həyata keçirilən hərtərəfli islahatlar öz mənbəyini məhz
Əsas Qanundan götürüb. Konstitusiyada təsbit edilmiş əsas istiqamətlər, prinsip
və prioritetlər ölkəmizdə güclü sosial dövlətin qurulmasına, hüquqi, iqtisadi
və digər islahatların həyata keçirilməsinə, dövlət hakimiyyəti orqanlarının
müasir tələblərə uyğun təşkil edilməsinə, eyni zamanda, insan hüquq və
azadlıqlarının səmərəli müdafiə mexanizmlərinin formalaşdırılmasına davamlı
hüquqi zəmin yaradıb.
Dövlətimizin
Əsas Qanunu qəbul edildikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı -
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, bu
təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilib. Ulu
Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılmış və bu il fəaliyyətə
başlamasının 25 illik yubileyini qeyd edən Konstitusiya Məhkəməsinin əsas
məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdən,
hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdən ibarətdir.
Ali
konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsi Əsas Qanunun
ona verdiyi səlahiyyətlər çərçivəsində sorğu, müraciət və şikayətlər əsasında
qəbul etdiyi məhkəmə aktları ilə bu məqsədləri həyata keçirir və bununla milli
hüquq sisteminin inkişafına, hüquq tətbiqetmə təcrübəsinin
istiqamətləndirilməsinə öz töhfəsini verir. Konstitusiya Məhkəməsinin
qərarlarında əksini tapan hüquqi mövqelər Konstitusiyanın əsasları, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalar,
habelə insan hüquq və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla
formalaşdırılır.
Qeyd
edilməlidir ki, tarixi nöqteyi-nəzərdən qısa müddətdə dövlətimiz əsrə bərabər
inkişaf yolu keçib. Dövlətimiz ildən-ilə güclənərək, dinamik şəkildə inkişaf
edir. Bu gün Azərbaycan müstəqil siyasət yürütməyə qadir, dayanıqlı iqtisadi
sistemə malik, müasir, sürətli inkişaf yolu ilə inamla irəliləyən, beynəlxalq
birliyin tamhüquqlu üzvü olan nüfuzlu dövlətdir. Azərbaycan özünü dünya
birliyində ən mötəbər kürsülərdən sözünü deyən, öz haqlı mövqeyini bildirən və
bu mövqeyini qoruyan, eyni zamanda zəngin iqtisadi potensiala malik bir dövlət
kimi tanıdıb. Regionun lider dövləti olan Azərbaycan müasir beynəlxalq
münasibətlər sistemində etibarlı tərəfdaş olmaqla qlobal xarakterli strateji
layihələrin nəinki iştirakçısı, eyni zamanda, təşəbbüskarı qismində çıxış edir.
Əldə olunan bütün bu nailiyyətlər məhz Prezident İlham Əliyevin siyasi iradəsi,
qətiyyəti, hərtərəfli düşünülmüş daxili və xarici siyasəti sayəsində mümkün olub.
Əminliklə
deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi
əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti tarixinin
qüdrətli dövrünü yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi
isə tarixi torpaqlarımızın işğaldan azad edilməsi oldu. 2020-ci il sentyabrın
27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin
qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə,
Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan dövləti 44 gün ərzində
bütün dünyaya səs salaraq öz gücünü nümayiş etdirdi, Azərbaycan əsgəri əsl
qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərdi. 44 günlük Vətən müharibəsində
qazanılan Zəfər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
qətiyyətli hərbi, siyasi və diplomatik fəaliyyəti, rəşadətli Azərbaycan
Ordusunun şücaəti və xalqımızın birliyi sayəsində mümkün oldu. Qazanılan tarixi
Qələbə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Dövlət
başçısı İlham Əliyev bununla bağlı qeyd edib: “Biz öz haqqımızı, öz
hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur
düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu,
çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.
Azərbaycan
dövlətinin şanlı Qələbəsi sayəsində Konstitusiyanın hüquqi qüvvəsi işğaldan
azad edilmiş torpaqlarımızda bərpa olunub, vətəndaşlarımızın Əsas Qanunda
təsbit edilmiş bir sıra hüquqlarının bərpası üçün zəmin yaranıb.
Bu
il aprelin 18-də Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan
Televiziyasına müsahibə verərək qeyd edib: “Biz dəfələrlə bəyan etmişdik ki,
daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili
işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul
etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada
tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan
hüquqları əsasında öz həllini tapmalıdır”. Bu bəyanat bir daha onu təsdiq edir ki,
dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Əsas Qanunun hüquqi
qüvvəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan bütün Azərbaycan
ərazisində təmin edilməsi prosesi uğurla həyata keçirilir.
Aprelin
23-də isə mühüm əhəmiyyət kəsb edən, əlamətdar və tarixi hadisə baş verdi.
Azərbaycan öz legitim və suveren hüququnu həyata keçirərək Ermənistan ilə
sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini
qurdu. Şübhəsiz ki, bu hadisə regionda təhlükəsizliyin və sabitliyin təmin
olunmasında mühüm addım olmaqla, sülh prosesinə də öz mühüm töhfəsini vermiş
olacaq. Eyni zamanda, nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın
bütün suveren əraziləri üzərində nəzarətinin tam bərpa edilməsi, bununla da bu
ərazilərdə qanunun aliliyinin təmin edilməsi deməkdir.
44
günlük Vətən müharibəsində qazanılan hərbi-siyasi Zəfərdən sonra qarşıda duran
ən mühüm vəzifə işğaldan azad olunan ərazilərin ən qısa zamanda bərpası və
yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz
doğma yurdlarına qayıdışının təmin edilməsidir.
Qarabağ
və Şərqi Zəngəzur torpaqlarının işğalçılardan azad edilməsi ilə həmin
ərazilərdə yenidənqurma, bərpa işlərinə start verilib və quruculuq işləri bu
gün də sürətlə davam etdirilməkdədir. Dövlət başçısı İlham Əliyevin bilavasitə
rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal və
yaxından iştirakı ilə işğaldan azad edilmiş şəhər və rayonlarımızda zəruri
infrastrukturun yaradılması üzrə misli görünməmiş çoxşaxəli işlər həyata keçirilir.
44
günlük Vətən müharibəsinin başa çatmasından ötən müddət ərzində aparılan bərpa
və quruculuq işləri dövlətimizin gücünün təsdiqidir. Qısa zaman kəsiyində
genişmiqyaslı infrastruktur layihələrinin icrasının başa çatdırılması, eyni
zamanda, Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.
Bərpa-quruculuq işlərinin aparılması ilə yanaşı, işğaldan azad edilmiş
torpaqlara əhalinin qayıtması, bu prosesin təşkil edilməsi Qarabağın inkişafı
ilə bağlı qarşıda duran ən mühüm istiqamətlərdən biridir. Bununla bağlı,
2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən imzalanan
Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Sərəncamda qeyd olunub: “Həyata
keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına
və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin
ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə
yaradır”.
Bu
Dövlət Proqramının məqsədlərinə aiddir: ərazilərdə təhlükəsiz yaşayışı və
dövlət idarəetməsini təşkil etmək; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin
tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək; müasir
standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək; ərazilərdə
məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək; əhalinin məşğulluq
imkanlarını artırmaq; sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və
əlçatanlığı təmin etmək; dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək və
digərləri.
Böyük
Qayıdışa dair I Dövlət Proqramı dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə
yüksək səviyyədə həyata keçirilir. Bu ilin martında Proqram çərçivəsində Tərtər
rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilk mərhələdə köçürülən ailələr
doğma torpaqlarına qayıdıblar.
Prezident
İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə
verərkən bununla bağlı qeyd edib: “Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş
köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Biz bu kəndlərin timsalında
bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad
şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan
infrastruktur. Yəni, bütün bunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki
layihə artıq bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək
Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq”.
İşğaldan
azad edilmiş ərazilərimizə Böyük Qayıdışın həyata keçirilməsinin Ulu Öndər Heydər
Əliyevin 100 illik yubileyi ərəfəsinə təsadüf etməsi olduqca əlamətdardır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ən böyük arzusu tarixi
torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin
olunması idi. Bu il aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli
açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək qeyd edib: “Heydər
Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas
vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli,
ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa
etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün
tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün Ulu Öndərin 100 illik yubileyi
ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb”.
Dahi
şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi istər respublika, istərsə də
beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi də öz növbəsində Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçirməkdədir. Belə ki,
2022-ci ilin oktyabrında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100
illiyi və 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları”
adlı hüquq olimpiadası respublikanın bir sıra rayonlarında təşkil edilib.
Həmçinin cari ilin martında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi
münasibətilə Konstitusiya Məhkəməsinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və
İdman Nazirliyinin birgə təşkilatçılığı ilə paytaxtda məktəblilər arasında və
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası iqtisad fakültəsində
“Heydər Əliyev və hüquqi dövlət” adlı hüquq olimpiadaları keçirilib.
Eyni
zamanda, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan
edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində bu ilin martın 18-də
Konstitusiya Məhkəməsinin kollektivi ağacəkmə aksiyası keçirib.
Bu
tədbirlərin davamı olaraq, aprelin 19-da Konstitusiya Məhkəməsinin
təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik
yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi
sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans
keçirilib. Artıq ənənə halını almış bu konfrans bu il daha geniş formatda
keçirildi. Hüquq ictimaiyyətinin, alimlərin iştirakı ilə keçirilən konfransda
hüquq elminin aktual məsələlərinə toxunulub, olduqca maraqlı məruzələr təqdim
edilib.
Dünya
şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub
saxlanması və möhkəmləndirilməsi istiqamətində əvəzedilməz xidmətləri bir çox
xarici ölkə başçıları, tanınmış siyasi xadimlər tərəfindən hər zaman
vurğulanır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Astanada
Heydər Əliyev küçəsinin açılış mərasimindəki çıxışında qeyd edib: “Heç bir
mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən
müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən
Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna
rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və
sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu
qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə
çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər
Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir.
Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına,
dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər”.
Əminik
ki, bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin
əsasının qoyduğu milli tərəqqi yoluna malik müstəqil Azərbaycan dövlət başçısı
İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da dinamik inkişaf edəcək, tarixi
nailiyyətlərə imza atmaqda davam edəcək. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi də öz növbəsində müəllifi Ulu Öndər Heydər Əliyev olan
Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu
prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident
İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə
düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
Fərhad
Abdullayev
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri