02.11.2020
Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi ərəfəsində
Azərbaycan
Respublikası Konstitusiyasının 25 illiyi tamam olur. Konstitusiya Məhkəməsi
Aparatının Cinayət və inzibati hüquq şöbəsinin müdiri, 3-cü dərəcə Dövlət
müşaviri, Hüquq üzrə fəlsəfə doktoru Humay Əfəndiyevanın “Azərbaycan
Respublikası Konstitusiyasının 25 illiyi ərəfəsində - Konstitusiya Məhkəməsi
tərəfindən sorğu və müraciətlərə baxılması vasitəsilə Konstitusiyanın
aliliyinin təmin edilməsi” sərlövhəli məqaləsində Konstitusiya Məhkəməsinin
tarixinə, keçdiyi yola və fəaliyyət prinsiplərinə nəzər salınır.
Ümummilli
lider Heydər Əliyevin siyasi irsinin ən mühüm nümunələrindən biri Azərbaycan
Respublikasının Konstitusiyasının qəbul edilməsidir. Ulu Öndərin bilavasitə
rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın 1995-ci il noyabrın 12-də qəbul
edilməsi tariximizdə yeni səhifə açdı, dövlətimizin hüquqi, siyasi və iqtisadi
inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirdi. Bu tarixi hadisə humanizm
və demokratiya prinsipləri ilə ölkədə vətəndaşların hüquq və azadlıqlarının
təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi üçün möhkəm zəmin yaratdı. Əsas
Qanunun qəbul edilməsi demokratik dəyişikliklər üçün yeni imkanlar açaraq insan
hüquq və azadlıqlarının həyata keçirilməsinə əlverişli şərait yaratmış, ictimai
həyatın bütün sahələrinin inkişafına təkan vermiş, dövlətçiliyin formalaşmasına
xidmət edən mühüm addım olmuşdur. Konstitusiya dövlətçilik quruculuğuna müasir
cəmiyyət tələblərindən yanaşaraq, dövlətin ali məqsədinin insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Ən geniş fəsli
məhz əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını əks etdirən Azərbaycan
Respublikasının Konstitusiyası vətəndaşların mənafelərinə xidmət etdiyini bəyan
etdi.
Azərbaycan
Respublikasının Konstitusiyası qanunvericilik sisteminin əsasını təşkil edərək,
ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, siyasi sabitliyin və
çoxmillətli ölkəmizdə milli, dini və ya etnik mənsubiyyətindən asılı olmayaraq,
həmrəyliyin təminatı kimi çıxış edir. Bu gün dünyanın əksər dövlətlərinin
dəyərləndirdiyi multikulturalizm ideyası ölkəmizdə məhz Konstitusiyada təsbit
edilmiş fundamental dəyərlərdən qaynaqlanır.
1995-ci
il Konstitusiyasının gətirdiyi mütərəqqi yeniliklərdən biri də konstitusiya
nəzarəti orqanının - Konstitusiya Məhkəməsinin yaradılması oldu. 1997-ci il
oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edildi. 1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli
Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və
həmin il iyulun 18-də ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin
müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə
imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı.
Konstitusiya
ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət
mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin
əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və
azadlıqlarını müdafiə etməkdir. Belə ki, hüquq və azadlıqların pozulması yalnız
dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ilə
deyil, həm də qanunların Konstitusiyaya uyğunsuzluğundan irəli gələ bilər. Bu
səbəbdən dövlət hər kəsin öz hüquq və azadlıqlarını müdafiə etməsi üçün real imkanlar
yaratmalıdır. Bu baxımdan məhkəmə müdafiəsi hüququnun tam şəkildə həyata
keçirilməsinin vacib formalarından biri konstitusiya ədalət mühakiməsi
orqanlarına müraciət etmək imkanıdır.
2002-ci
il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə
Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya
Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman),
məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə
etmişlər.
Qeyd
edilməlidir ki, dövlətin Əsas Qanununun digər hüquqi aktlara nisbətən daha
sabit və statik sənəd olmasına baxmayaraq, bu, heç də onun tamamilə
dəyişilməzliyi demək deyil. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun
tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin
tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə,
eləcə də ictimai münasibətlər müasir tendensiyalara uyğun inkişaf etdikcə konstitusiyaların
da təkmilləşdirilməsi, onlara müəyyən əlavələrin və dəyişikliklərin edilməsi
zərurəti meydana çıxır. Bu baxımdan 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və
2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsvermələri -
referendumlarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması,
eyni zamanda, ölkəmizdə demokratik dəyərlərin gücləndirilməsi zərurətindən
irəli gələrək Konstitusiyaya əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir.
Müasir
dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri məhz
Konstitusiyanın inkişaf etdirilməsi, ona xüsusi dinamizm gətirilməsidir.
Konstitusiya
Məhkəməsi bu məqsədinə qanunvericiliyin iyerarxiya üzrə Konstitusiyaya
uyğunluğunun yoxlanılması və Əsas Qanun da daxil olmaqla milli qanunvericiliyə
şərh verilməsi səlahiyyətlərinin həyata keçirilməsi vasitəsilə nail olur.
Konstitusiya
Məhkəməsi özünün əsas səlahiyyətlərindən olan normativ-hüquqi aktların
Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyətinin realizə edilməsi ilə, ilk növbədə,
Konstitusiyanın aliliyini təmin etmiş olur. Konstitusiya Məhkəməsi yoxlanılan
normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün
hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə onu qüvvədən düşmüş
elan edir. Bununla həmin normativ hüquqi aktın müddəası öz hüquqi qüvvəsini
itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Burada
mühüm məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılan
norma məqsədəmüvafiqlik baxımından deyil, Konstitusiyanın ruhu və hərfinə,
fəlsəfəsi və prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir. Beləliklə,
Konstitusiya ilə uyğunsuzluq təşkil edən normativ-hüquqi aktın müddəası milli
qanunvericilik sistemindən kənarlaşdırılır. Belə olan halda, Konstitusiya
Məhkəməsi konstitusiya hüquq nəzəriyyəsində “neqativ qanunverici” adlandırılan
funksiyasını həyata keçirir.
Bununla
belə, yoxlanılan normanın Konstitusiyaya uyğunluğu baxımından
qiymətləndirilməsi ilə Konstitusiya Məhkəməsinin “neqativ qanunverici”
fəaliyyəti məhdudlaşdırıla bilməz. Belə ki, bununla paradoksal vəziyyət yarana
bilər – hüququn konstitusion, aydın və birmənalı olmasını təmin etmək
vəzifəsini icra edən Məhkəmə hər hansı bir hüquq normasını Konstitusiyaya uyğun
olmayan hesab etməklə qanunvericilikdə boşluq yarada bilər. Belə halların
qarşısının alınması məqsədilə Məhkəmənin “Konstitusiyaya uyğunluğun
yoxlanılması” fəaliyyəti daha geniş mənada başa düşülməli, zərurət yarandıqda
Məhkəmə qəbul etdiyi qərarı ilə sonradan görülməli olan tədbirləri ifadə edən
hüquqi mövqelərini bildirir. Buna misal olaraq, Konstitusiya prinsipləri və
dəyərlərinin birmənalı təmin edilməsi üçün səlahiyyətli dövlət orqanlarına
qanunvericilik tənzimlənməsinin parametrlərini müəyyən edən müvafiq ünvanlanmış
tövsiyələr göstərilə bilər. Bu zaman hakimiyyət bölgüsü prinsipinə əməl
edilməsi şərtilə normayaradıcı institutlara Konstitusiya Məhkəməsinin Qərarında
göstərilən hüquqi mövqelərinə uyğun olaraq müəyyən hərəkətləri etmək tövsiyə
olunur və gələcək normayaradıcılığının konturları müəyyənləşdirilir. Təbii ki,
belə olan halda, formalaşmış mexanizmin səmərəliyi dövlət hakimiyyətinin digər
müvafiq orqanlarının fəal və çevik dəstəyindən əhəmiyyətli dərəcədə asılıdır.
Eyni
zamanda, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir hüquq normasının Əsas
Qanuna uyğunsuzluğu müəyyən edildikdə, yuxarıda qeyd edildiyi kimi,
qanunvericilikdə boşluqların yaranması təhlükəsinin aradan qaldırılması və
müvafiq hüquq münasibətlərinin tənzimlənməsinin vacibliyindən irəli gələrək,
Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında qanunverici tərəfindən yeni
hüquq normasının qəbul edilməsinə qədər müvəqqəti qaydalar müəyyən edə bilər.
Konstitusiya prinsiplərinə əsaslanan həmin qaydalar hüquqtətbiqedici orqanların
praktiki fəaliyyətləri üçün böyük əhəmiyyət daşıyır.
Bu gün
Konstitusiya Məhkəməsi daxil olmuş sorğular əsasında Əsas Qanunun aliliyini
təmin etməklə respublikada həyata keçirilən genişmiqyaslı islahatlara da
töhfəsini verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikasının
Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası
Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası
Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasını
məqsədəmüvafiq hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bu sorğuya
dair qəbul etdiyi 2019-cu il 4 dekabr tarixli Qərarında qeyd etmişdir ki,
müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət daşıyır.
Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul olunması ölkədə ictimai
münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir.
Bu baxımdan, qanunvericinin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli
inkişafına cavab verəcək şəkildə həyata keçirilməsi vacibdir.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası
Konstitusiyasının 981–ci maddəsində təsbit edilmiş “vəzifələrini aradan
qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə” müddəası ilə bağlı qeyd
etmişdir ki, aradan qaldırıla bilməyən səbəblər dedikdə, parlamentin mövcud
tərkibdə vəzifələrinin icrasını qeyri-mümkün edən səbəblər başa düşülür. Bu
baxımdan, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyası ilə ona verilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı
fəaliyyətini obyektiv qiymətləndirməklə öz işini davam etdirib-etdirməməsinin mümkünlüyünə
dair qərar qəbul edə bilər.
Konstitusiya
Məhkəməsinin Plenumu Milli Məclisin 2019-cu il 2 dekabr tarixli Qərarının
Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğun
olduğunu qərara almaqla yanaşı, qeyd etmişdir ki, parlament buraxıldıqda
qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi,
növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin
səlahiyyətlərinin müəyyən dərəcədə saxlanılması zəruridir.
Belə ki,
Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti dövlətin, cəmiyyətin və
insanların qorunması üçün Azərbaycan Respublikası Prezidentinin hərbi və
fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması və
digər bu kimi həyati əhəmiyyətli funksiyaların həyata keçirilməsi ilə də
bağlıdır. Buna görə həmin funksiyaların icrası ilə bağlı Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyətlərinin parlamentin yeni tərkibi
formalaşanadək saxlanılması zəruri hesab edilmişdir. Eyni zamanda, Azərbaycan
Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra
beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq
qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan
sonra da həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab olunmuşdur.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin digər mühüm səlahiyyətlərindən biri də
Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya və qanunların şərhi
hüququn realizəsi prosesində xüsusi önəm daşıyır. Bu cür rəsmi şərh
Konstitusiyada əks olunan prinsip və normaların təcrübədə daha düzgün tətbiqinə
imkan yaradır. Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiya və qanunlara
verilən şərhin əsas məqsədi Konstitusiya və digər qanunların müddəalarının başa
düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, hüquqi göstərişlərin
həqiqi məna və məzmununun müəyyən edilməsidir.
Sözsüz
ki, təfsirləndirilən hər bir norma Əsas Qanunun hərfi və ruhu baxımından şərh
edildiyindən, Konstitusiya Məhkəməsinin normaların həm iyerarxiya üzrə
uyğunluğunun yoxlanılması, həm də şərh edilməsi zamanı Konstitusiya normaları
da bilavasitə və ya dolayısı ilə şərh edilir. Lakin bəzi hallarda
Konstitusiyanın özünün doktrinal şərh edilməsi zərurəti yaranır. Belə hallarda
Konstitusiyanın vahidliyi, onda əksini tapmış dəyər və müddəaların vəhdəti,
hüququn ümumi normaları şərhetmənin meyarları kimi çıxış edir.
Məsələn,
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan
Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə
dair 2019-cu il 18 mart tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu
hesab etmişdir ki, “mülki məhkəmə icraatında Azərbaycan Respublikası
Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin
müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin
II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş
ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və
qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına
dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.
Mülki
işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət
mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə,
tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz
qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi
dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə
edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli
gələn həqiqəti müəyyən etməlidir”.
Ümumiyyətlə,
hüquq normalarının şərhini şərtləndirən bir sıra amillər mövcud ola bilər. Belə
ki, hüquq normalarının natamamlığı, onlar arasındakı uyğunsuzluq, istifadə
olunan terminologiyada qeyri-dəqiqlik və sair hallar hüquq tətbiqetmə
təcrübəsində bu normaların qeyri-qanuni realizəsinə gətirə bilər.
Qeyd
olunduğu kimi, Konstitusiya vahid hüquqi aktdır və onun bütün elementləri
daxilən uzlaşdırılmışdır. Buna görə də, istənilən Konstitusiya normasının
ayrılıqda deyil, vahid Konstitusiya müddəaları çərçivəsində şərh edilməsi
məqsədəmüvafiqdir. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərh vasitəsilə
qanunvericilikdə mövcud olan ziddiyyətlərin, eyni zamanda, boşluqların aradan
qaldırılması, qanunvericilik normalarının daxili iyerarxiyasının müəyyən
edilməsi təmin olunur.
Azərbaycan
Respublikasında Konstitusiya və qanunların şərhi ilə bağlı müraciət edə biləcək
subyektlərin dairəsi Konstitusiyada nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi
bu səlahiyyətini Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin,
Nazirlər Kabinetinin, Ali Məhkəməsinin, Baş Prokurorluğunun, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sorğusu əsasında həyata keçirir.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi qanunvericilik təşəbbüsü hüququna malik
deyil. Lakin bəzi hallarda, xüsusilə Konstitusiya və qanunların uyğunluğu, eyni
zamanda, şərh ilə bağlı baxdığı işlərdə Konstitusiya Məhkəməsi bu və ya digər
məsələnin konkret olaraq digər hakimiyyət qolunun müstəsna səlahiyyəti olması
qənaətinə gələ bilər. Bu zaman da, artıq yuxarıda qeyd edildiyi kimi,
Konstitusiya Məhkəməsi səlahiyyəti həddlərində müvafiq tədbirlərin görülməsi,
bu və ya digər məsələnin qanunvericilik qaydasında nizamlanması ilə bağlı
tövsiyə vermək hüququna malikdir. Sonradan Konstitusiya Məhkəməsinin
tövsiyələri nəzərə alınaraq qanunvericilikdə müvafiq düzəlişlər, əlavələr
edilir. Məsələn, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul
etdiyi 2017-ci il 28 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu
qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin
VI hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci
maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina
hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi
mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinə
tövsiyə edilsin.
Daha
sonra Plenum müvəqqəti norma müəyyənləşdirərək qeyd etmişdir ki, məsələ
qanunvericilik qaydasında həll olunanadək torpaq sahəsi üzərində hüquqların
dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın
kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların
dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının
dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat
haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət
edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən
torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar
olunduqda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq
sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin
baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının
dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda qeydiyyat orqanı müvafiq
qərar qəbul etməkdə haqlıdır.
Son
illərdə məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı
xeyli artmışdır. Həmin müraciətlərdə digər məhkəmələr, hüquq-mühafizə orqanları
və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı
hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu onu göstərir ki, ümumi
məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini
dərindən dərk edirlər və bir çox hallarda baxılan iş üzrə icraatı dayandırmaqla
Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusion prinsiplərə əsaslanan
yüksək konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu isə
son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış
edir. Bu günədək məhkəmələrin müraciətləri əsasında Konstitusiya Məhkəməsinin
Plenumu 49 qərar və 9 qərardad qəbul etmişdir.
Konstitusiya
Məhkəməsinə daxil olmuş şikayətlərin təhlili göstərir ki, bir məsələyə
ayrı-ayrı instansiya məhkəmələrində baxılarkən eyni normanın fərqli tətbiqi
fərqli qərarların qəbul edilməsi ilə nəticələnmişdir. Bu isə öz növbəsində,
subyektlərin öz hüquqlarının məhkəmə qaydasında səmərəli şəkildə müdafiəsini
çətinləşdirmişdir. Bu baxımdan eyni normanın dürüst və düzgün tətbiqi vahid
məhkəmə təcrübəsinin formalaşmasına xidmət etməklə yanaşı, əsaslandırılmış
qərarların qəbul edilməsinə, son nəticədə isə vətəndaşların həmin qərarlara
etimadla yanaşması üçün əsas yaradır.
Ümumiyyətlə,
Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Konstitusiyanın əsasları, onun aliliyi
və birbaşa qüvvəsi, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin müddəaları,
habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə
alınmaqla formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının
yüksək hüquqi qüvvəsi onun hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi
mövqelər müstəqil əhəmiyyət qazanaraq, yalnız konstitusiya işinin predmetini
təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində
rast gəlinən analoji hallara da şamil edilir və bu mənada həmin qərarlar ümumi
məhkəmələr üçün əhəmiyyətli mənbə qismində çıxış edir.
Bütün
bunlar isə ümumilikdə Azərbaycan Respublikasında Konstitusiyanın aliliyinin
təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə yönəlməklə, məhkəmə
orqanlarının nüfuzunun artırılmasına, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının təcrübədə uğurla
realizə edilməsinə öz töhfəsini verə bilər.
Bu gün
konstitusiya nəzarəti vasitəsilə qanunvericilik sistemində mövcud olan
kolliziyalar, qeyri-müəyyənliklər aradan qaldırılır, hüquq tətbiqetmə
təcrübəsində vahidlik təmin olunur, sosial-siyasi subyektlər arasındakı
mübahisələrin qarşısı alınır. Konstitusiya Məhkəməsi hər zaman Azərbaycan
Respublikası Konstitusiyasının və ilk növbədə, orada əks olunan təməl
konstitusion dəyərlərin qoruyucusu qismində çıxış edir. Bu dəyərlərə ilk öncə
insan və vətəndaş hüquq və azadlıqları, dövlət müstəqilliyi, dövlət quruluşu,
dövlətçiliyin sosial və hüquqi xarakteri və sair aiddir.
Müharibə şəraitində
bu dəyərlərin müdafiəsinin təmin edilməsinin vacibliyi və bu sahədə
Konstitusiya Məhkəməsi də daxil olmaqla, bütün dövlət orqanlarının üzərinə
düşən məsuliyyət daha da artır.
Məlum
olduğu kimi, 1988-ci ildən Azərbaycan Ermənistanın xarici ölkələrdən aldıqları
hərbi və siyasi dəstəklə yürütdüyü işğalçı siyasəti, separatizmi, terroru ilə
üz-üzə qalmışdır. Dünya birliyinin, beynəlxalq təşkilatların Qarabağ
münaqişəsinin həll olunması istiqamətində müəyyən səylərinə baxmayaraq,
indiyədək heç bir nəticə əldə edilməmişdir. Belə ki, Ermənistan Azərbaycan
torpaqlarının işğaldan azad olunmasına dair BMT-nin, Avropa Şurasının
tələblərini yerinə yetirməmişdir. Eyni zamanda, ATƏT-in Minsk qrupu münaqişənin
həlli üçün çalışsa da, 20 ildən artıqdır fəaliyyət göstərən bu format hər hansı
müsbət nəticəyə nail olmamışdır.
Bu
şəraitdə münaqişənin dinc yolla həll edilməsi üçün diplomatik səylərin davam
etdirilməsi ilə yanaşı, ölkə rəhbərliyi müasir ordu quruculuğu sahəsində
təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ermənistanın növbəti təxribatına
cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatını həyata keçirməyə
başlamışdır. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində həm canlı
qüvvə, həm də texnika baxımından böyük itkilər verən Ermənistan silahlı qüvvələri
geri çəkilərək döyüş mövqelərini qoyub qaçmaqdadırlar. Bununla yanaşı,
Ermənistan tərəfindən mülki vətəndaşlarımıza atəş açılması, şəhərlərimizin
dağıdılması bu ölkənin faşist rejiminin cinayətkar təbiətini bir daha
təsdiqləyir. Ermənistan silahlı qüvvələri 1949-cu il Cenevrə konvensiyaları da
daxil olmaqla, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq yaşayış
bölgələrində və münaqişə zonası xaricində yerləşən bölgələrdə mülki əhalini,
fərdi evləri və digər mülki infrastrukturu qəsdən hədəfə almaqda davam edir.
Gəncə, Bərdə və digər şəhərlərimizin raket atəşinə tutulması Ermənistanın
törətdiyi müharibə cinayətləri silsiləsinin daha bir təzahürüdür. Belə ki,
Ermənistan münaqişə başlanandan Azərbaycan torpaqlarında Cenevrə Sazişində çox
aydın şəkildə təsbit olunmuş “hüquqazidd sürgün, köçürmə, hüquqazidd saxlama”,
“hərbi ehtiyac olmadan, qanundankənar və özbaşına şəkildə mülkiyyətin kütləvi
formada yox edilməsi və ya mənimsənilməsi” kimi hərəkətləri həyata keçirmişdir.
Bu
təxribatlara baxmayaraq, Azərbaycan beynəlxalq humanitar hüququn prinsiplərinə
riayət etməkdə davam edir və Ali Baş Komandanın sözləri ilə desək, Ermənistanın
“cavabını döyüş meydanında verir”. Bir aydır davam edən müharibə nəticəsində
şanlı Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edir, Azərbaycan
bayrağı hər gün azad edilmiş yeni bir Azərbaycan şəhərində və ya qəsəbəsində
dalğalanır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad
olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman
imzalayıb. Bununla hüququn aliliyi prinsipi azad olunmuş torpaqlarımızda
bərqərar edilir.
Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində işğal olunmuş torpaqların azad olunması uğrunda rəşadətlə döyüşərək tarixi ədaləti bərqərar edir. Əminik ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin bərpasını təmin etdiyi kimi, onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan Respublikasının Konstitusiyasının birbaşa qüvvəsi azad olunmuş torpaqlarımızda təmin ediləcəkdir.