Konstitusiya Məhkəməsi tərəfindən sorğu və müraciətlərə baxılması vasitəsilə Konstitusiyanın aliliyinin təmin edilməsi (KM Aparatının şöbə müdiri H.Əfəndiyevanın məqaləsi)

Xəbərlər

2020 Nov

02.11.2020

Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi ərəfəsində


Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi tamam olur. Konstitusiya Məhkəməsi Aparatının Cinayət və inzibati hüquq şöbəsinin müdiri, 3-cü dərəcə Dövlət müşaviri, Hüquq üzrə fəlsəfə doktoru Humay Əfəndiyevanın “Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi ərəfəsində - Konstitusiya Məhkəməsi tərəfindən sorğu və müraciətlərə baxılması vasitəsilə Konstitusiyanın aliliyinin təmin edilməsi” sərlövhəli məqaləsində Konstitusiya Məhkəməsinin tarixinə, keçdiyi yola və fəaliyyət prinsiplərinə nəzər salınır.

 

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin ən mühüm nümunələrindən biri Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsidir. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiyanın 1995-ci il noyabrın 12-də qəbul edilməsi tariximizdə yeni səhifə açdı, dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının hədəf və istiqamətlərini müəyyənləşdirdi. Bu tarixi hadisə humanizm və demokratiya prinsipləri ilə ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi üçün möhkəm zəmin yaratdı. Əsas Qanunun qəbul edilməsi demokratik dəyişikliklər üçün yeni imkanlar açaraq insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əlverişli şərait yaratmış, ictimai həyatın bütün sahələrinin inkişafına təkan vermiş, dövlətçiliyin formalaşmasına xidmət edən mühüm addım olmuşdur. Konstitusiya dövlətçilik quruculuğuna müasir cəmiyyət tələblərindən yanaşaraq, dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Ən geniş fəsli məhz əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların mənafelərinə xidmət etdiyini bəyan etdi.

Azərbaycan Respublikasının Konstitusiyası qanunvericilik sisteminin əsasını təşkil edərək, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, siyasi sabitliyin və çoxmillətli ölkəmizdə milli, dini və ya etnik mənsubiyyətindən asılı olmayaraq, həmrəyliyin təminatı kimi çıxış edir. Bu gün dünyanın əksər dövlətlərinin dəyərləndirdiyi multikulturalizm ideyası ölkəmizdə məhz Konstitusiyada təsbit edilmiş fundamental dəyərlərdən qaynaqlanır.

1995-ci il Konstitusiyasının gətirdiyi mütərəqqi yeniliklərdən biri də konstitusiya nəzarəti orqanının - Konstitusiya Məhkəməsinin yaradılması oldu. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və həmin il iyulun 18-də ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı.

Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin əsas məqsədləri Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Belə ki, hüquq və azadlıqların pozulması yalnız dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ilə deyil, həm də qanunların Konstitusiyaya uyğunsuzluğundan irəli gələ bilər. Bu səbəbdən dövlət hər kəsin öz hüquq və azadlıqlarını müdafiə etməsi üçün real imkanlar yaratmalıdır. Bu baxımdan məhkəmə müdafiəsi hüququnun tam şəkildə həyata keçirilməsinin vacib formalarından biri konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət etmək imkanıdır.

2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmiş, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə etmişlər.

Qeyd edilməlidir ki, dövlətin Əsas Qanununun digər hüquqi aktlara nisbətən daha sabit və statik sənəd olmasına baxmayaraq, bu, heç də onun tamamilə dəyişilməzliyi demək deyil. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, eləcə də ictimai münasibətlər müasir tendensiyalara uyğun inkişaf etdikcə konstitusiyaların da təkmilləşdirilməsi, onlara müəyyən əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Bu baxımdan 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsvermələri - referendumlarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, eyni zamanda, ölkəmizdə demokratik dəyərlərin gücləndirilməsi zərurətindən irəli gələrək Konstitusiyaya əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir.

Müasir dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri məhz Konstitusiyanın inkişaf etdirilməsi, ona xüsusi dinamizm gətirilməsidir.

Konstitusiya Məhkəməsi bu məqsədinə qanunvericiliyin iyerarxiya üzrə Konstitusiyaya uyğunluğunun yoxlanılması və Əsas Qanun da daxil olmaqla milli qanunvericiliyə şərh verilməsi səlahiyyətlərinin həyata keçirilməsi vasitəsilə nail olur.

Konstitusiya Məhkəməsi özünün əsas səlahiyyətlərindən olan normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyətinin realizə edilməsi ilə, ilk növbədə, Konstitusiyanın aliliyini təmin etmiş olur. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə onu qüvvədən düşmüş elan edir. Bununla həmin normativ hüquqi aktın müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Burada mühüm məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılan norma məqsədəmüvafiqlik baxımından deyil, Konstitusiyanın ruhu və hərfinə, fəlsəfəsi və prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir. Beləliklə, Konstitusiya ilə uyğunsuzluq təşkil edən normativ-hüquqi aktın müddəası milli qanunvericilik sistemindən kənarlaşdırılır. Belə olan halda, Konstitusiya Məhkəməsi konstitusiya hüquq nəzəriyyəsində “neqativ qanunverici” adlandırılan funksiyasını həyata keçirir.

Bununla belə, yoxlanılan normanın Konstitusiyaya uyğunluğu baxımından qiymətləndirilməsi ilə Konstitusiya Məhkəməsinin “neqativ qanunverici” fəaliyyəti məhdudlaşdırıla bilməz. Belə ki, bununla paradoksal vəziyyət yarana bilər – hüququn konstitusion, aydın və birmənalı olmasını təmin etmək vəzifəsini icra edən Məhkəmə hər hansı bir hüquq normasını Konstitusiyaya uyğun olmayan hesab etməklə qanunvericilikdə boşluq yarada bilər. Belə halların qarşısının alınması məqsədilə Məhkəmənin “Konstitusiyaya uyğunluğun yoxlanılması” fəaliyyəti daha geniş mənada başa düşülməli, zərurət yarandıqda Məhkəmə qəbul etdiyi qərarı ilə sonradan görülməli olan tədbirləri ifadə edən hüquqi mövqelərini bildirir. Buna misal olaraq, Konstitusiya prinsipləri və dəyərlərinin birmənalı təmin edilməsi üçün səlahiyyətli dövlət orqanlarına qanunvericilik tənzimlənməsinin parametrlərini müəyyən edən müvafiq ünvanlanmış tövsiyələr göstərilə bilər. Bu zaman hakimiyyət bölgüsü prinsipinə əməl edilməsi şərtilə normayaradıcı institutlara Konstitusiya Məhkəməsinin Qərarında göstərilən hüquqi mövqelərinə uyğun olaraq müəyyən hərəkətləri etmək tövsiyə olunur və gələcək normayaradıcılığının konturları müəyyənləşdirilir. Təbii ki, belə olan halda, formalaşmış mexanizmin səmərəliyi dövlət hakimiyyətinin digər müvafiq orqanlarının fəal və çevik dəstəyindən əhəmiyyətli dərəcədə asılıdır.

Eyni zamanda, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir hüquq normasının Əsas Qanuna uyğunsuzluğu müəyyən edildikdə, yuxarıda qeyd edildiyi kimi, qanunvericilikdə boşluqların yaranması təhlükəsinin aradan qaldırılması və müvafiq hüquq münasibətlərinin tənzimlənməsinin vacibliyindən irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında qanunverici tərəfindən yeni hüquq normasının qəbul edilməsinə qədər müvəqqəti qaydalar müəyyən edə bilər. Konstitusiya prinsiplərinə əsaslanan həmin qaydalar hüquqtətbiqedici orqanların praktiki fəaliyyətləri üçün böyük əhəmiyyət daşıyır.

Bu gün Konstitusiya Məhkəməsi daxil olmuş sorğular əsasında Əsas Qanunun aliliyini təmin etməklə respublikada həyata keçirilən genişmiqyaslı islahatlara da töhfəsini verir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bu sorğuya dair qəbul etdiyi 2019-cu il 4 dekabr tarixli Qərarında qeyd etmişdir ki, müasir demokratik cəmiyyət üçün parlamentin fəallığı böyük əhəmiyyət daşıyır. Qabaqcıl və mütərəqqi hüquqi aktların qəbul olunması ölkədə ictimai münasibətlərin ədalət və hüququn aliliyi əsasında tənzimlənməsini təmin edir. Bu baxımdan, qanunvericinin üzərinə düşən vəzifələrin məhz ölkənin sürətli inkişafına cavab verəcək şəkildə həyata keçirilməsi vacibdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsində təsbit edilmiş “vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə” müddəası ilə bağlı qeyd etmişdir ki, aradan qaldırıla bilməyən səbəblər dedikdə, parlamentin mövcud tərkibdə vəzifələrinin icrasını qeyri-mümkün edən səbəblər başa düşülür. Bu baxımdan, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini obyektiv qiymətləndirməklə öz işini davam etdirib-etdirməməsinin mümkünlüyünə dair qərar qəbul edə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinin I hissəsinə uyğun olduğunu qərara almaqla yanaşı, qeyd etmişdir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcədə saxlanılması zəruridir.

Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün Azərbaycan Respublikası Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması və digər bu kimi həyati əhəmiyyətli funksiyaların həyata keçirilməsi ilə də bağlıdır. Buna görə həmin funksiyaların icrası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra da həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin digər mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya və qanunların şərhi hüququn realizəsi prosesində xüsusi önəm daşıyır. Bu cür rəsmi şərh Konstitusiyada əks olunan prinsip və normaların təcrübədə daha düzgün tətbiqinə imkan yaradır. Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiya və qanunlara verilən şərhin əsas məqsədi Konstitusiya və digər qanunların müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, hüquqi göstərişlərin həqiqi məna və məzmununun müəyyən edilməsidir.

Sözsüz ki, təfsirləndirilən hər bir norma Əsas Qanunun hərfi və ruhu baxımından şərh edildiyindən, Konstitusiya Məhkəməsinin normaların həm iyerarxiya üzrə uyğunluğunun yoxlanılması, həm də şərh edilməsi zamanı Konstitusiya normaları da bilavasitə və ya dolayısı ilə şərh edilir. Lakin bəzi hallarda Konstitusiyanın özünün doktrinal şərh edilməsi zərurəti yaranır. Belə hallarda Konstitusiyanın vahidliyi, onda əksini tapmış dəyər və müddəaların vəhdəti, hüququn ümumi normaları şərhetmənin meyarları kimi çıxış edir.

Məsələn, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 2019-cu il 18 mart tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, “mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”.

Ümumiyyətlə, hüquq normalarının şərhini şərtləndirən bir sıra amillər mövcud ola bilər. Belə ki, hüquq normalarının natamamlığı, onlar arasındakı uyğunsuzluq, istifadə olunan terminologiyada qeyri-dəqiqlik və sair hallar hüquq tətbiqetmə təcrübəsində bu normaların qeyri-qanuni realizəsinə gətirə bilər.

Qeyd olunduğu kimi, Konstitusiya vahid hüquqi aktdır və onun bütün elementləri daxilən uzlaşdırılmışdır. Buna görə də, istənilən Konstitusiya normasının ayrılıqda deyil, vahid Konstitusiya müddəaları çərçivəsində şərh edilməsi məqsədəmüvafiqdir. Konstitusiya Məhkəməsi tərəfindən verilən şərh vasitəsilə qanunvericilikdə mövcud olan ziddiyyətlərin, eyni zamanda, boşluqların aradan qaldırılması, qanunvericilik normalarının daxili iyerarxiyasının müəyyən edilməsi təmin olunur.

Azərbaycan Respublikasında Konstitusiya və qanunların şərhi ilə bağlı müraciət edə biləcək subyektlərin dairəsi Konstitusiyada nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi bu səlahiyyətini Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisinin, Nazirlər Kabinetinin, Ali Məhkəməsinin, Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qanunvericilik təşəbbüsü hüququna malik deyil. Lakin bəzi hallarda, xüsusilə Konstitusiya və qanunların uyğunluğu, eyni zamanda, şərh ilə bağlı baxdığı işlərdə Konstitusiya Məhkəməsi bu və ya digər məsələnin konkret olaraq digər hakimiyyət qolunun müstəsna səlahiyyəti olması qənaətinə gələ bilər. Bu zaman da, artıq yuxarıda qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsi səlahiyyəti həddlərində müvafiq tədbirlərin görülməsi, bu və ya digər məsələnin qanunvericilik qaydasında nizamlanması ilə bağlı tövsiyə vermək hüququna malikdir. Sonradan Konstitusiya Məhkəməsinin tövsiyələri nəzərə alınaraq qanunvericilikdə müvafiq düzəlişlər, əlavələr edilir. Məsələn, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi 2017-ci il 28 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VI hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə edilsin.

Daha sonra Plenum müvəqqəti norma müəyyənləşdirərək qeyd etmişdir ki, məsələ qanunvericilik qaydasında həll olunanadək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.

Son illərdə məhkəmələrdən Konstitusiya Məhkəməsinə daxil olan müraciətlərin sayı xeyli artmışdır. Həmin müraciətlərdə digər məhkəmələr, hüquq-mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər və bir çox hallarda baxılan iş üzrə icraatı dayandırmaqla Konstitusiya Məhkəməsinə müraciət edərək konstitusion prinsiplərə əsaslanan yüksək konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu isə son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir. Bu günədək məhkəmələrin müraciətləri əsasında Konstitusiya Məhkəməsinin Plenumu 49 qərar və 9 qərardad qəbul etmişdir.

Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin təhlili göstərir ki, bir məsələyə ayrı-ayrı instansiya məhkəmələrində baxılarkən eyni normanın fərqli tətbiqi fərqli qərarların qəbul edilməsi ilə nəticələnmişdir. Bu isə öz növbəsində, subyektlərin öz hüquqlarının məhkəmə qaydasında səmərəli şəkildə müdafiəsini çətinləşdirmişdir. Bu baxımdan eyni normanın dürüst və düzgün tətbiqi vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət etməklə yanaşı, əsaslandırılmış qərarların qəbul edilməsinə, son nəticədə isə vətəndaşların həmin qərarlara etimadla yanaşması üçün əsas yaradır.

Ümumiyyətlə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır. Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanaraq, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir və bu mənada həmin qərarlar ümumi məhkəmələr üçün əhəmiyyətli mənbə qismində çıxış edir.

Bütün bunlar isə ümumilikdə Azərbaycan Respublikasında Konstitusiyanın aliliyinin təmin edilməsinə və insan hüquqlarının müdafiəsinə yönəlməklə, məhkəmə orqanlarının nüfuzunun artırılmasına, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının təcrübədə uğurla realizə edilməsinə öz töhfəsini verə bilər.

Bu gün konstitusiya nəzarəti vasitəsilə qanunvericilik sistemində mövcud olan kolliziyalar, qeyri-müəyyənliklər aradan qaldırılır, hüquq tətbiqetmə təcrübəsində vahidlik təmin olunur, sosial-siyasi subyektlər arasındakı mübahisələrin qarşısı alınır. Konstitusiya Məhkəməsi hər zaman Azərbaycan Respublikası Konstitusiyasının və ilk növbədə, orada əks olunan təməl konstitusion dəyərlərin qoruyucusu qismində çıxış edir. Bu dəyərlərə ilk öncə insan və vətəndaş hüquq və azadlıqları, dövlət müstəqilliyi, dövlət quruluşu, dövlətçiliyin sosial və hüquqi xarakteri və sair aiddir.

Müharibə şəraitində bu dəyərlərin müdafiəsinin təmin edilməsinin vacibliyi və bu sahədə Konstitusiya Məhkəməsi də daxil olmaqla, bütün dövlət orqanlarının üzərinə düşən məsuliyyət daha da artır.

Məlum olduğu kimi, 1988-ci ildən Azərbaycan Ermənistanın xarici ölkələrdən aldıqları hərbi və siyasi dəstəklə yürütdüyü işğalçı siyasəti, separatizmi, terroru ilə üz-üzə qalmışdır. Dünya birliyinin, beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həll olunması istiqamətində müəyyən səylərinə baxmayaraq, indiyədək heç bir nəticə əldə edilməmişdir. Belə ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair BMT-nin, Avropa Şurasının tələblərini yerinə yetirməmişdir. Eyni zamanda, ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün çalışsa da, 20 ildən artıqdır fəaliyyət göstərən bu format hər hansı müsbət nəticəyə nail olmamışdır.

Bu şəraitdə münaqişənin dinc yolla həll edilməsi üçün diplomatik səylərin davam etdirilməsi ilə yanaşı, ölkə rəhbərliyi müasir ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatını həyata keçirməyə başlamışdır. Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində həm canlı qüvvə, həm də texnika baxımından böyük itkilər verən Ermənistan silahlı qüvvələri geri çəkilərək döyüş mövqelərini qoyub qaçmaqdadırlar. Bununla yanaşı, Ermənistan tərəfindən mülki vətəndaşlarımıza atəş açılması, şəhərlərimizin dağıdılması bu ölkənin faşist rejiminin cinayətkar təbiətini bir daha təsdiqləyir. Ermənistan silahlı qüvvələri 1949-cu il Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq yaşayış bölgələrində və münaqişə zonası xaricində yerləşən bölgələrdə mülki əhalini, fərdi evləri və digər mülki infrastrukturu qəsdən hədəfə almaqda davam edir. Gəncə, Bərdə və digər şəhərlərimizin raket atəşinə tutulması Ermənistanın törətdiyi müharibə cinayətləri silsiləsinin daha bir təzahürüdür. Belə ki, Ermənistan münaqişə başlanandan Azərbaycan torpaqlarında Cenevrə Sazişində çox aydın şəkildə təsbit olunmuş “hüquqazidd sürgün, köçürmə, hüquqazidd saxlama”, “hərbi ehtiyac olmadan, qanundankənar və özbaşına şəkildə mülkiyyətin kütləvi formada yox edilməsi və ya mənimsənilməsi” kimi hərəkətləri həyata keçirmişdir.

Bu təxribatlara baxmayaraq, Azərbaycan beynəlxalq humanitar hüququn prinsiplərinə riayət etməkdə davam edir və Ali Baş Komandanın sözləri ilə desək, Ermənistanın “cavabını döyüş meydanında verir”. Bir aydır davam edən müharibə nəticəsində şanlı Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edir, Azərbaycan bayrağı hər gün azad edilmiş yeni bir Azərbaycan şəhərində və ya qəsəbəsində dalğalanır. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb. Bununla hüququn aliliyi prinsipi azad olunmuş torpaqlarımızda bərqərar edilir.

Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində işğal olunmuş torpaqların azad olunması uğrunda rəşadətlə döyüşərək tarixi ədaləti bərqərar edir. Əminik ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin bərpasını təmin etdiyi kimi, onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan Respublikasının Konstitusiyasının birbaşa qüvvəsi azad olunmuş torpaqlarımızda təmin ediləcəkdir.