15.01.2020
Yanvarın
15-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Almaniya Federativ
Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab
Volfqanq Maniqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya
Məhkəməsinin Sədri qonaqları salamladıqdan sonra, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verdi.
Fərhad
Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifliyi ilə 1995-ci ildə
müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından dərhal
sonra məhkəmə-hüquq sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə
başlanılıb. Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyevin Fərmanına
əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaradılıb və Məhkəmə bu
sahədə mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb.
Sədr
həmçinin qeyd etdi ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən
beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, xarici ölkələrin
konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa Şurası Venesiya Komissiyası,
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və
başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşdur. Sədr bildirdi ki,
Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı (WCCJ), Avropa Konstitusiya Məhkəmələrinin Konfransı (CECC), Asiya
Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutları Assosiasiyası (AACC) və
Avrasiya Konstitusiya Nəzarəti Orqanlarının Assosiasiyası təşkilatlarının
tamhüquqlu üzvüdür. 2018-ci ilin mart ayından etibarən isə Konstitusiya Məhkəməsi
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzdində fəaliyyət göstərən Yüksək Məhkəmələr
Şəbəkəsinə (SCN) daxil olmuşdur. Həmin şəbəkə Strasburq Məhkəməsinin, habelə
Avropa konstitusiya məhkəmələrinin hüquqi materiallarından istifadə etməyə
imkan yaradır.
Qonaqpərvərliyə
və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə
minnətdarlığını ifadə edən səfir Volfqanq Maniq Azərbaycanın sürətli
inkişafından və ölkəmizin gözəlliyindən məmnunluğunu bildirdi.
Səfir
qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
və Almaniya Federativ Respublikası arasında məhkəmə-hüquq
əməkdaşlığına xüsusi önəm verilir.
Səfir
ölkəmizdə fəaliyyət göstərən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihəsinin
başa çatdıqdan sonra da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlığa
hazır olduğunu vurğuladı.
Həmçinin
qeyd edildi ki, GİZ tərəfindən həyata keçirilən layihələr Azərbaycanda yüksək
qiymətləndirilir.
Sonda
səfir qəbula görə və bu günə qədər GİZ-ə yaradılan şəraitə və bütün fəaliyyəti
dövründə bu layihəyə göstərilən diqqətəgörə təşəkkürünü bildirdi.
Sədr Fərhad Abdullayev səfirə fəaliyyətində uğurlar arzuladı.