Konstitusiya Məhkəməsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Новости

2020 Jan

15.01.2020

Yanvarın 15-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Konstitusiya Məhkəməsinin Sədri qonaqları salamladıqdan sonra, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə ətraflı məlumat verdi.

Fərhad Abdullayev bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifliyi ilə 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından dərhal sonra məhkəmə-hüquq sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsinə başlanılıb. Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yaradılıb və Məhkəmə bu sahədə mütərəqqi beynəlxalq təcrübəni nəzərə almaqla fəaliyyətə başlayıb.

Sədr həmçinin qeyd etdi ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa Şurası Venesiya Komissiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşdur. Sədr bildirdi ki, Konstitusiya Məhkəməsi Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı (WCCJ), Avropa Konstitusiya Məhkəmələrinin Konfransı (CECC), Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutları Assosiasiyası (AACC) və Avrasiya Konstitusiya Nəzarəti Orqanlarının Assosiasiyası təşkilatlarının tamhüquqlu üzvüdür. 2018-ci ilin mart ayından etibarən isə Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzdində fəaliyyət göstərən Yüksək Məhkəmələr Şəbəkəsinə (SCN) daxil olmuşdur. Həmin şəbəkə Strasburq Məhkəməsinin, habelə Avropa konstitusiya məhkəmələrinin hüquqi materiallarından istifadə etməyə imkan yaradır.

Qonaqpərvərliyə və ətraflı məlumata görə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə minnətdarlığını ifadə edən səfir Volfqanq Maniq Azərbaycanın sürətli inkişafından və ölkəmizin gözəlliyindən məmnunluğunu bildirdi.

Səfir qeyd etdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Almaniya Federativ Respublikası arasında məhkəmə-hüquq əməkdaşlığına xüsusi önəm verilir.

Səfir ölkəmizdə fəaliyyət  göstərən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihəsinin başa çatdıqdan sonra da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlığa hazır olduğunu vurğuladı.

Həmçinin qeyd edildi ki, GİZ tərəfindən həyata keçirilən layihələr Azərbaycanda yüksək qiymətləndirilir.

Sonda səfir qəbula görə və bu günə qədər GİZ-ə yaradılan şəraitə və bütün fəaliyyəti dövründə bu layihəyə göstərilən diqqətəgörə təşəkkürünü bildirdi.

Sədr Fərhad Abdullayev səfirə fəaliyyətində uğurlar arzuladı.