Çoxəsrlik dövlətçilik
ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib. Ümummilli lider
Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu hüquqi
dövlətin qurulmasında ən mühüm dönüş nöqtəsi olub.
Konstitusiyanın
aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların hüquqi dövlət
quruculuğunda fəal iştiraklarına, konstitusiya – hüquq əsaslarının və
prinsiplərinin daha da dərindən öyrənmələrinə daim diqqət yetirir. Konstitusiya
Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli
Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər
görməkdədir. Bu istiqamətdə digər tədbirlərlə yanaşı, hər il Konstitusiya
Məhkəməsi Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali
və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası keçirir.
Əvvəlki illərdə hüquq olimpiadaları Bakıda, Naxçıvan Muxtar Respublikasında,
Gəncə və Sumqayıt şəhərlərində, Lənkəran, Astara, Masallı, Lerik, Quba, Xaçmaz,
Şabran, Qusar, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında təşkil olunub.
Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq
olimpiadası bu il Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında keçirilib.
Olimpiadada 28 məktəb, Bakı Dövlət Universitetinin filialı və 2 kollecdən
ümumilikdə 800 gənc iştirak edib və qaliblər müəyyənləşib.
Konstitusiya Günü və
olimpiadanın nəticələrinin elan olunması ilə əlaqədar Şəmkir rayonundakı Heydər
Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə rayonunun
rəsmiləri və təhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak
ediblər.
Konstitusiya Məhkəməsi Aparatının
Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxış edərək Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini
iştirakçıların diqqətinə çatdırıb və olimpiadanın nəticələrini elan edib.
Olimpiadanın
nəticələrinə əsasən, Qazax rayonu birinci, Şəmkir rayonu ikinci, Ağstafa rayonu
isə üçüncü yerə layiq görülüb.
Şəmkir Rayon İcra
Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbirdə çıxış edərək Konstitusiya
Günü münasibətilə Azərbaycan vətəndaşlarını şəmkirlilər adından təbrik edib,
şagirdlərin hüquq və vəzifələrini dərindən dərk etmələrində mühüm rol oynayan
belə bir olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və
əməkdaşlarına minnətdarlığını bildirib. Bu bilik yarışının şagirdlərin
həyatında mühüm rol oynadığı deyən icra hakimiyyətinin başçısı olimpiadanın
iştirakçıları arasından ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyinə
əminliyini ifadə edib.
Tədbirin sonunda olimpiadanın qalibləri və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və hədiyyələr təqdim olunub.