12-11-2019 Konstitusiya Günü münasibətilə hüquq olimpiadası keçirilib

Новости

2019 Nov

Çoxəsrlik dövlətçilik ənənələrini davam etdirən Azərbaycan xalqı 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul edib. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu hüquqi dövlətin qurulmasında ən mühüm dönüş nöqtəsi olub.

Konstitusiyanın aliliyini təmin edən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənclərin hüquqi tərbiyəsinin yüksəldilməsinə, onların hüquqi dövlət quruculuğunda fəal iştiraklarına, konstitusiya – hüquq əsaslarının və prinsiplərinin daha da dərindən öyrənmələrinə daim diqqət yetirir. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzə Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görməkdədir. Bu istiqamətdə digər tədbirlərlə yanaşı, hər il Konstitusiya Məhkəməsi Azərbaycanın müxtəlif bölgələrində Konstitusiya Günü münasibətilə ali və orta təhsil müəssisələrinin tələbələri arasında hüquq olimpiadası keçirir. Əvvəlki illərdə hüquq olimpiadaları Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncə və Sumqayıt şəhərlərində, Lənkəran, Astara, Masallı, Lerik, Quba, Xaçmaz, Şabran, Qusar, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında təşkil olunub.

Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası bu il Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında keçirilib. Olimpiadada 28 məktəb, Bakı Dövlət Universitetinin filialı və 2 kollecdən ümumilikdə 800 gənc iştirak edib və qaliblər müəyyənləşib.

Konstitusiya Günü və olimpiadanın nəticələrinin elan olunması ilə əlaqədar Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə rayonunun rəsmiləri və təhsil müəssisələrinin müəllim və şagird kollektivləri iştirak ediblər.

Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxış edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciətini iştirakçıların diqqətinə çatdırıb və olimpiadanın nəticələrini elan edib.

Olimpiadanın nəticələrinə əsasən, Qazax rayonu birinci, Şəmkir rayonu ikinci, Ağstafa rayonu isə üçüncü yerə layiq görülüb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbirdə çıxış edərək Konstitusiya Günü münasibətilə Azərbaycan vətəndaşlarını şəmkirlilər adından təbrik edib, şagirdlərin hüquq və vəzifələrini dərindən dərk etmələrində mühüm rol oynayan belə bir olimpiadanın təşkilinə görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bu bilik yarışının şagirdlərin həyatında mühüm rol oynadığı deyən icra hakimiyyətinin başçısı olimpiadanın iştirakçıları arasından ölkəmizə və dövlətimizə layiqli kadrlar yetişəcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda olimpiadanın qalibləri və yüksək bal toplayaraq fərqlənmiş şagirdlərə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis etdiyi kubok, diplom və hədiyyələr təqdim olunub.