30-10-2019 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib

Xəbərlər

2019 Oct

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.

İclasda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin şərh olunmasına dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Həsənovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin I hissəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, şübhəli və ya təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə ifadə verməmək, yaxud digər şəxslərin hüquqlarını pozmadan qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququna malikdir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9-cu və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünü müdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 204.3-cü maddəsinə uyğun olaraq, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat verən şübhəli və ya təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilir və həmin şəxs bunu öz imzası ilə təsdiq edir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.