14.04.2025
Aprelin
14-də Konstitusiya Məhkəməsində hakim Rafael Qvaladzenin səlahiyyət müddətinin
başa çatması və Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli
Məclisin qərarı ilə məhkəmənin yeni təyin edilmiş hakimi Xanlar Vəliyevin
kollektivə təqdim olunması ilə bağlı tədbir keçirilib. Tədbirdə Konstitusiya Məhkəməsinin
hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə
çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxışında ölkəmizdə
hüquqi dövlət quruculuğunun Ulu Öndər Heydər Əliyevin adı ilə bağlılığını, dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sahəsində həyata keçirilən
mütərəqqi islahatları, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi,
hüququn aliliyinin təmin edilməsi və vətəndaşların hüquq və azadlıqlarının
qorunması sahəsində atılan mühüm addımları xüsusilə qeyd edib.
Fərhad
Abdullayev çıxışında Rafael Qvaladzenin tanınmış hüquqşünas kimi hüquqi dövlət
quruculuğu, ədalət mühakiməsinin səmərəliliyinin
artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurlu fəaliyyətindən, məhkəmə-hüquq
sistemində xidmətlərindən bəhs edərək, onun Konstitusiya Məhkəməsinin hakimi
kimi hər zaman yüksək peşəkarlıqla fərqləndiyini, insan hüquq və azadlıqlarının
müdafiəsi, milli qanunvericiliyin Konstitusiyanın müddəaları nəzərə alınmaqla təkmilləşməsi
və müxtəlif sahələrdə hüququn tətbiqi təcrübəsinin daha da inkişaf etdirilməsi
istiqamətində səylərini vurğuladı.
Sədr
Fərhad Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı
ilə təltif edilən Rafael Qvaladzeyə məhkəmə orqanlarında uzunmüddətli səmərəli
fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə
xidmətə görə” ordenini təqdim etdi.
Rafael
Qvaladze dövlət başçısı İlham Əliyevə onun fəaliyyətini yüksək qiymətləndirdiyinə
görə dərin minnətdarlığını bildirdi.
Daha
sonra sədr yeni təyin olunmuş hakimi kollektivə təqdim edərək bu təyinatın rəhbərlik
etdiyi qurum üçün önəmini vurğulayıb və Xanlar Vəliyevi təbrik edərək ona
gələcək hakim fəaliyyətində uğurlar arzulayıb.
Sədr
Fərhad Abdullayev Xanlar Vəliyevin keçdiyi yola nəzər salaraq qeyd etmişdir ki,
o hüquq-mühafizə orqanlarında müxtəlif məsul vəzifələrdə həyata keçirdiyi fəaliyyəti
ilə daim yüksək peşəkarlıq göstərmiş, milli dövlətçiliyimizə qarşı yönəlmiş qəsdlərin
qarşısının alınmasında, ədalətin bərqərar olunması naminə görülən işlərdə hər
zaman prinsipiallıq nümayiş etdirmişdir. Həmçinin Xanlar Vəliyevin Konstitusiya
Məhkəməsinin hakimi kimi yüksək və məsuliyyətli vəzifədə də öz bilik və
bacarığını dövlətçiliyimizin, konstitusional hüququn və insan hüquq və
azadlıqlarının müdafiəsinə yönəldəcəyinə, Konstitusiya Məhkəməsinin fəaliyyətinə
dəyərli töhfələr verəcəyinə əminliyi ifadə edib.
Sonda
Xanlar Vəliyev ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib, gələcək hakim fəaliyyətində Azərbaycan
Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi istiqamətində səylərini
əsirgəməyəcəyini vurğulayıb.