Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər

2025 Dec

08.12.2025

8 dekabrda Konstitusiya Məhkəməsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində könüllü qanvermə aksiyası keçirilib. 

Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşların həyatının xilas edilməsinə, eləcə də ölkədə qan ehtiyatlarının təhlükəsiz səviyyədə saxlanmasına dəstək verməkdən ibarətdir. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı ölkəmizdə minlərlə insanın həyatına ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir.

Təşkil olunan kütləvi qanvermə aksiyaları cəmiyyət üçün vacib sosial əhəmiyyət daşıyır və insanların həyatının xilas edilməsində mühüm rol oynayır.

Konstitusiya Məhkəməsinin və Səhiyyə Nazirliyi Respublika Qan Bankının donor proqramı ilə əməkdaşlıq şəraitində təşkil olunan qanvermə aksiyasında Məhkəmənin hakimləri və Aparatın əməkdaşları iştirak edərək, qan ehtiyatlarının artırılmasına dəstək olublar. Qanvermə prosesi tibbi standartlara uyğun şəkildə, donorların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi nəzərə alınaraq, peşəkar tibbi personal tərəfindən həyata keçirilib.