12.11.2025
Noyabrın
12-də “Gülüstan” sarayında Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının dəstəyi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin
30-cu ildönümünə həsr olunan “Konstitusiya və qanunun aliliyi müasir hüquq
sistemlərində” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransdan
öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını
ziyarət ediblər. Daha sonra iştirakçılar Zəfər parkında olub, buradakı abidə
önünə gül dəstələri qoyublar.
Konfransın
açılışında Konstitusiyanın 30 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş
etdirilib.
Tədbirin
açılışında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans
iştirakçılarına müraciətini səsləndirib.
Daha
sonra F.Abdullayev açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarının
adından dövlətimizin başçısı İlham Əliyevə dərin məzmunlu müraciətinə görə minnətdarlığını
bildirib. Sədr xarici ölkələrdən Bakıya gələn qonaqları, eləcə də dövlət
orqanlarının, ictimai təşkilatların rəsmilərini salamlayaraq tədbir
iştirakçılarını 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü,
xüsusilə dövlətimizin Əsas Qanununun 30 illik yubileyi münasibətilə təbrik
edib.
F.Abdullayev
bildirib ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müstəqil
dövlətçiliyimizin əsas sütunu olan Konstitusiyamızın ali dəyərini bir daha
vurğulayır.
Diqqətə
çatdırılıb ki, dövlətin qanunvericilik sisteminin bünövrəsini təşkil edən, ən
yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya ölkədə ictimai-siyasi
sabitliyin, milli birliyin təminatçısı kimi çıxış edir.
F.Abdullayev
qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Ümummilli
Lider Heydər Əliyevin xalqımız qarşısında ən mühüm xidmətlərindən biri ölkənin
Əsas Qanununun qəbulu ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1995-ci ildə müstəqil
Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanaraq noyabrın 12-də keçirilən
ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunub. Bu tarixi hadisə ilə
respublikamızın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun mühüm mərhələsi
başlayıb.
Vurğulanıb
ki, geridə qalan üç onillik ərzində Azərbaycan Respublikasının Konstitusiyası
dövlət hakimiyyəti sistemini müəyyənləşdirən, siyasi strategiyaları və normativ
əsasları tənzimləyən, həmçinin vətəndaşların hüquq və azadlıqlarını təsbit edən
əsas hüquqi sənədə çevrilib. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit
edilmiş prinsiplər keçmişlə gələcəyin harmonik ifadəsidir.
“Yubileyini
qeyd etdiyimiz Konstitusiya hər birimizin sərvətidir. Zaman ötür, nəsillər dəyişir,
Konstitusiya isə alidir, dayanıqlıdır. Zamanla Əsas Qanunda müəyyən dəyişikliklər
edilir, amma Konstitusiya ilə təsbit edilmiş əsas dəyərlər, prinsiplər,
Konstitusiyanın fəlsəfəsi dəyişmir. Bizim vəzifəmiz bu dəyərlərdən ruhlanaraq
qanunvericiliyi yeni çağırışlara cavab verə biləcək şəkildə inkişaf etdirməkdir”
- deyə F.Abdullayev vurğulayıb.
Məlumat
verilib ki, 1995-ci il Konstitusiyası müstəqilliyimizin hüquqi əsasını
qoymuşdursa, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Şanlı Ordumuzun qazandığı Qələbə nəticəsində Konstitusiyamızın ali qüvvəsi
bütün ərazimizdə bərqərar edilub. Bu tarixi Zəfərlə Konstitusiyanın 11-ci maddəsində
təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və
bölünməzdir” prinsipi reallığa çevrilib, beynəlxalq hüquq normaları və təməl
prinsiplərin aliliyi təmin edilib. Eyni zamanda, Konstitusiyanın 30 illiyi və
böyük Qələbəmizin 5 illiyi təkcə bir tarix deyil, həm də məsuliyyət
çağırışıdır. Qarşımızda duran vəzifə -
Əsas Qanunun dəyərlərini qorumaq, həmin dəyərləri gələcək nəsillərə
ötürməkdir.
Sədr
F.Abdullayev qeyd edib ki, bu il “Azərbaycan Respublikası Konstitusiyasının 30
illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bu
medal dövlətimizin konstitusiya dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın
inkişaf yolunda qazandığı nailiyyətlərin rəmzi ifadəsidir.
“Konstitusiya
Məhkəməsi də bu istiqamətdə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirəcək,
qanunvericiliyin müasir sosial-siyasi reallıq baxımından Konstitusiyanın hərfi
mənasına və ruhuna uyğun şəkildə inkişafına töhfəsini verəcək. Əminəm ki, tədbir
zamanı bizi olduqca maraqlı, faydalı çıxış və müzakirələr gözləyir”,-deyə
Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırıb.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpası, demokratik dövlət kimi formalaşması və inkişafı
görkəmli ictimai-siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin uzaqgörən
siyasəti və tarixi xidmətləri ilə bağlı olduğunu deyən Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
bildirib: "Məhz Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında bəyan edilən
niyyətlərdən biri də qanunun aliliyini təmin edən hüquqi və dünyəvi dövlətin
qurulmasıdır.
Qanunun
aliliyi təkcə cəmiyyətin ədalətli və dayanıqlı inkişafının təməl daşı deyil, həm
də insan hüquq və azadlıqlarının ən mühüm təminatçısıdır. Bu baxımdan,
Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali
məqsədi kimi təsbit olunması insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürüdür.
Təsadüfi deyildir ki, Ölkəmizin Ali Qanununun ən böyük fəsli məhz insan hüquq və
azadlıqlarına həsr olunub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici
siyasət, habelə həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarlar
müstəqil dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoydu. Konstitusion
dəyişikliklər və normativ hüquqi bazanın təkmilləşdirilməsi qanunun aliliyinin
təmin olunmasına, demokratik idarəetmə və hüquqi dövlət prinsiplərinin
inkişafına əlverişli şərait yaratdı.
Xüsusən
də, insan hüquqları sahəsində davam etdirilən islahatlar bu sahəyə verilən yüksək
dəyəri, beynəlxalq öhdəliklərə sadiqliyi nümayiş etdirməklə yanaşı, beynəlxalq
tərəfdaşlıq üçün etibarlı və dayanıqlı mühit formalaşdırdı. Təsadüfi deyildir
ki, ölkəmiz son illər insan hüquqları sahəsində irimiqyaslı və nüfuzlu beynəlxalq
tədbirlərə ev sahibliyi etməkdədir.
Ölkə
başçısının təşəbbüsü ilə həyata keçirilən həmin hüquqi islahatlar nəticəsində
insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata
keçirilməsində xüsusi rolu olan Ombudsmanın mandatının beynəlxalq hüquq
normalarına tam uyğunlaşdırılması ilə bağlı qanunvericiliyə əhəmiyyətli dəyişikliklər
edildi, yeni fəaliyyət istiqamətləri müəyyən olundu”.
Asiya
Ombudsman Assosiasiyasının sədri, Pakistan Federal Ombudsmanı Ejaz Ahmad Qureşi
Pakistanın Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyan ilk dövlətlərdən
biri olduğunu xatırladıb: “1992-ci ildə isə iki ölkə arasında diplomatik
münasibətlər qurulub. Bu gün Azərbaycan və Pakistan arasındakı əlaqələr
qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Bu münasibətlərin
inkişafında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın göstərdiyi
humanitar dəstək, diqqət və qayğı xüsusi qeyd olunmalıdır”.
Pakistan
Federal Ombudsmanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası ölkənin suverenliyini, bərabərliyini
və hüquqi dövlət prinsiplərini özündə ehtiva edir. Bu ali sənəd insan hüquq və
azadlıqlarını təmin edir, qanunun aliliyini əsas tutaraq cəmiyyətin demokratik
inkişafına istiqamət verir.
“İnsan
hüquqlarının müdafiəsi baxımından insan hüquqları müvəkkili (ombudsman)
institutlarının yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu institutlar vətəndaşların
hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır”.
Ejaz
Ahmad Qureşi çıxışının sonunda Vətən müharibəsində qazanılmış Zəfərin beşinci
ildönümü və Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu
ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Avropa
Hüquq İnstitutunun sədri Teresa Rodriguez de las Heras Ballell gələcək üçün öz
hüquqi bazanın hazırlanması zamanı hibrid cəmiyyətlərin gələcəyinin də nəzərə
alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, insan-süni
intellekt-hibrid cəmiyyətləri hazırlanmalıdır: "Biz öz hüquqi bazamızı bu
çağırışlara necə hazır edə bilərik? Burada cəmiyyətlərin və iqtisadiyyatların
hibridləşməsi prosesindən söhbət gedir.
Konstitusiya
təbəqəsində həm dövlət qulluqçuları həm də özəl sektor tərəfindən süni
intellektin daha geniş istifadəsinə yol açmalıyıq. Birincisi, biz tamamilə
insan hüquqları, vətəndaş azadlıqlarının təmin edilməsini davam etdirməliyik.
Lakin süni intellekt bunlara əməl etsə də bu, bəs eləmir. Ola bilər ki, müəyyən
qadağa və məhdudiyyətlər olsun və həm dövlət həm də özəl sektor tərəfindən süni
intellektin istifadəsində tətbiq edilsin. Onlar süni intellektdən istifadə
etdikdə müəyyən qadağa və məhdudlaşmalara yol açmalıdırlar. Bunu biz Avropa
İttifaqında süni intellekt haqqında Aktın qəbul olunması zamanı etdik. Süni
intellektlə bağlı qanuna yenidən baxmalı, hansı model hüquqları yaratmalı
olduğumuz haqda fikirləşməliyik. Süni intellekt yeni risklər yaradır. Ona görə
də bu sahəyə öhdəliklər ilə bağlı olan qaydaların da tətbiqi vacibdir. Birlikdə
işləməli, yeni çağırışları nəzərə alaraq qanunvericilik bazasının yenilənməsi
haqqında düşünməli və gələcəyin hibrid cəmiyyətlərinə hazır olmalıyıq. Gələcək
cəmiyyətlərdə həm süni intellekt, həm də insanlar birlikdə yaşayacaqlar. Ona
görə də elə etməliyik ki, hibrid cəmiyyətlər demokratiya, qanunun aliliyi və
insan hüquqlarına əsaslansın. Əminəm ki, birlikdə buna nail olacağıq".
Prezident
Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov
isə öz çıxşında Konstitusiyanın hüquqi dövlətdə və müasir cəmiyyətdəki mühüm
rolunu vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan
Respublikasının Konstitusiyası olduqca çətin və məsuliyyətli bir dövrdə qəbul
edilib. Həmin illərdə dövlətimiz öz müstəqilliyi və suverenliyi uğrunda mübarizə
aparırdı.
Bütün
bunlara baxmayaraq Konstitusiyamız milli dəyərləri, prinsipləri və dövlətçiliyin
əsas standartlarını özündə ehtiva edir. Bu ali sənəd həmçinin, ümumbəşəri dəyərlərə
sadiqliyi ifadə edir və dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq istəyini əks etdirir.
Faktiki
olaraq, Qarabağ torpaqları işğal altında olarkən, Konstitusiyanın bəzi müddəalarının
tam şəkildə həyata keçirilməsi müəyyən məhdudiyyətlərlə üzləşmişdi. Lakin
Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində
bu müddəalar tam bərpa olunub. Azərbaycan bayrağı işğaldan azad edilmiş
torpaqlarımızda ucaldılıb, dövlət sərhədlərimiz bərpa edilib. Bu,
Konstitusiyanın müddəalarının real şəkildə həyata keçirilməsi və ona yeni nəfəs
verilməsi deməkdir”,-deyə G.Kərimov bildirib.
O
əlavə edib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş həmvətənlərimiz artıq
öz torpaqlarına qayıdırlar. “Bu, həm Azərbaycan xalqının ləyaqətinin qorunması,
həm də Konstitusiyanın əsas prinsiplərinin gerçək həyatda təsdiqi deməkdir. Məhz
Şanlı Zəfər nəticəsində Konstitusiyamızın bütün müddəaları tam şəkildə bərpa
olunub”.
Tədbir
Türkiyənin ədliyyə nazirinin müşaviri Muharrem Kılıçın moderatorluğu ilə
“Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar”
mövzusunda panel iclası ilə davam edib.
İclasda
Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraia, Ankara
Universitetinin professoru Cavid Abdullazadə, Türkiyənin Konstitusiya Məhkəməsinin
hakimi Yıldız Seferinoğlu, Özbəkistanın Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Feruza Eşmatova, Qazaxıstanın İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Artur Lastayev çıxış ediblər.
Daha sonra tədbir müzakirələrlə davam edib.
Prezident Administrasiyasının Qanunvericiliyin inkişafı
sektorunun müdiri Araz Poladovun moderatorluğu ilə keçən “Konstitusion prinsiplər:
Qanunun aliliyinə aparan yol” mövzusunda ikinci panel iclasda Qırğızıstan
Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev, Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin
(ENOC) sədri, Moldovanın Uşaq Hüquqları üzrə Xalq Vəkili Vasile Koroy, Hüquqi
Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir
Mahmudov, Bəhreyn Krallığının Müstəqil Ombudsmanı Ghada Hameed Habib, Gürcüstan
Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani məruzə ilə çıxış ediblər.
İslam Əməkdaşlıq Təşkilatı Ombudsman Assosiasiyasının Baş
Katibi, Pakistan Vergi Ombudsmanının hüquq müşaviri Almas Ali Jovindahın
moderatorluğu ilə keçən “Qlobal hüquqi transformasiyalar dövründə
konstitusionalizm və dövlət suverenliyi” mövzusunda üçüncü panel iclasda Azərbaycan
Konstitusiya Məhkəməsinin hakimi Fərhad Tutayuk, Türkiyə Prezident
Administrasiyasının Hüquq Siyasəti Şurasının üzvü Vedat Ali Tektaş,
Qırğızıstanın Ombudsmanı Jamilia Jamanbaeva, Taylandın Konstitusiya Məhkəməsinin
hakimi Noppadon Teppitak, Milli Məclis Aparatının rəhbəri, HEQT Mərkəzinin
Müşahidə Şurasının üzvü Fərid Hacıyev məruzələrlə çıxış ediblər.
Çıxışçılar, o cümlədən qonaqlar tədbir iştirakçılarına Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsinin 30-cu yubileyi münasibətilə təbriklərini
çatdırıblar.
Konfransın sonunda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yekun nitqi ilə çıxış edib.
