Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Belçika Krallığının Konstitusiya Məhkəməsinin sədri Lük Lavrysen ilə görüş keçirilib.

Xəbərlər

2024 Nov

16.11.2024

Noyabrın 16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən məhkəmə seminarında iştirak etmək üçün Bakı şəhərinə səfər edən Belçika Krallığının Konstitusiya Məhkəməsinin sədri Lük Lavrysen ilə görüş keçirib.

Sədr Fərhad Abdullayev Bakıda keçirilən genişmiqyaslı tədbirin bütün dünya ölkələri üçün əhəmiyyətini qeyd etmişdir. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında məlumat verərək, iki ölkə arasında məhkəmə-hüquq  əməkdaşlığın vacibliyini qeyd etmiş ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, həmçinin  insan hüquqlarının təmin olunması sahəsində məhkəmələrin qarşısında duran vəzifələrin əhəmiyyətini vurğulamışdır. Görüşdə Konstitusiya Məhkəmələrinin məhkəmə təcrübəsində ətraf mühitin qorunması ilə bağlı qərarlar barədə fikir mübadiləsi aparılmışdır.

Lük Lavrysen Azərbaycanın COP-29-a ev sahibliyi etməsini  yüksək qiymətləndirib.

O, gələcəkdə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə əməkdaşlığın faydalı olacağına ümid etdiyini və qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu vurğulamışdır.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar və xatirə şəkilləri çəkdiriblər.